Qadınların işini asanlaşdıran ixtira

33 Baxış

kokreynSenet.az Aytən Nəsibbəylinin təqdimatında “Dünyanı dəyişən qadınlar” layihəsinin beşinci yazısını təqdim edir:

Layihənin birinci yazısı - Çıraqlı mələk

Layihənin ikinci yazısı – Kraliça Boudika

Layihənin üçüncü yazısı – Qadınlara kişilər üzərində deyil, öz üzərlərində hakimiyyət arzulayıram

Layihənin dördüncü yazısı- İstedad əngəl tanımır

1880-ci ildə adi günlərin birində Şelbivildə (Amerika Birləşmiş Ştatlarının İndiana ştatında şəhər) adi bir qadın özüylə bərabər dünyanın hər yerindən olan milyonlarla qadının həyatını dəyişdirəcək bir ixtira etdi və adını tarixə yazdıra bildi. Kim idi bu qadın və nə ixtira etmişdi?

Cozefina Qaris Kokreyn  8 mart 1839-cu ildə Ohayo ştatının Aştabula şəhərində anadan olub. Atası Con Qaris çikaqolu mühəndis idi və bataqlıqların qurudulması üçün hidravlik nasos ixtira etmişdi. Babası Con Fiç isə1791-ci ildə Amerika hökumətindən  müəllifi olduğu  paraxod layihəsinin patentini almışdı.

Təbii ki, belə ailədə böyüyən Cozefina da yaxşı təhsil alır. Atası onu İndianadakı özəl orta məktəblərdən birinə yazdırır, lakin məktəbdə baş verən yanğından sonra Con Qaris qızını Şelbivilə bacısının yanına göndərir və burada Cozefina  orta məktəbi və universiteti bitirir. 1858-ci il oktyabr ayının 13-də isə 19 yaşlı Cozefina özündən səkkiz yaş böyük Vilyam Kokreynlə evlənir. Vilyam Kokreyn bir neçə Demokratik Partiya komitəsinin üzvü olan varlı ticarətçi idi. O, Cozefina ilə evlənənə qədər  müxtəlif işlərlə məşğul olmuş, hətta 1853-1857-ci illərdə varlanmaq həvəsiylə Kaliforniyaya qızıl axtarışına getmiş, heç nə əldə edə bilməyərək Şelbivilə dönmüşdü. Cütlüyün nikahından Hallie adında oğlan uşağı dünyaya gəlir, lakin  təəssüf ki,  balaca Hallie sadəcə iki il yaşayır. 1870-ci ildə isə onların balaca qızları dünyaya gəlir. Ona Katerina adını verirlər. Eyni il Kokreyn ailəsi Şelbivildə daha geniş evə köçür. Elə Cozefina Kokreyn hekayəsinin əsas qismi də bu detalla bağlıdır. Böyük bir evə köçən  xanım Kokreyn burada tez-tez dostlarını ətrafına yığıb dəbdəbəli ziyafətlər verərək əylənməyi sevirdi. Lakin  qulluqçuların bacarıqsızlığı- qabları yuyarkən ailəsindən qalma dəyərli çini qablarını sındırmağı Cozefinanı lap bezdirmişdi. O isə nə əyləncələrindən vaz keçmək, nə də mətbəxə keçib qabları özü yumaq istəyirdi. Bir az bu ehtiyac, bir az da 1883-cü ildə vəfat edərək onu  böyük  borc yığınının altında qoyan Vilyam Kokreynin ölümü Cozefinaya mükəmməl bir ideya verir: qabyuyan maşın düzəltmək. İdeya hazır idi: əvvəlcə qabların ölçüsü götürüləcək, sonra boşqab, fincan və  nəlbəkilərin rahatlıqla yerləşdirilə biləcəyi bölmələr yaradılacaqdı. Bölmələr mis qazan içərisində olacaq, onlar qazanın içərisində təkər vasitəsilə hərəkət etdiriləcəkdi. Motor isti sabunlu suyu qazanın dibindən yuxarı hərəkət etdirərək qabların üzərinə sərpərək eyni zamanda bölməni hərəkət etdirən təkəri də döndürəcəkdi.

Cozefina bu ideyanı həyata keçirməsi  üçün bir neçə nəfərlə görüşür. Nəhayət, İllinoysMərkəzi Dəmiryol vağzalında çalışan Corc Batters adlı mexaniklə razılaşır. Günün yarı hissəsini evin arxa həyətindəki anbarda Kokreynlə işləməklə keçirən mexanik, nəhayət, Cozefinanın planlaşdırdığı dizaynı reallaşdıra bilir. Qabyuyan maşın artıq hazır idi. Onu Kokreynin mətbəxinə yerləşdirirlər. Hər şey planlaşdırıldığı kimi getmişdi və maşın çox yaxşı işləyirdi. Hətta qabyuyan rəfiqələrinin o qədər xoşuna gəlir ki, Cozefina onlar üçün də qabyuyan maşın düzəltməyə söz verir. Lakin maşının şöhrəti o qədər yayılır ki, qısa müddətdə Cozefina otel və restoranlardan da təkliflər almağa başlayır. Beləliklə, Kokreyn 1886-cı il dekabr ayının 28-də qabyuyan maşının patentini alaraq onu istehsal etməyə başlayır. Əslində 1850-ci ildə Coel Hafton tərəfindən də bir qabyuyan maşının patentialınmışdı. Maşın taxtadan düzəldilmiş və sadəcə suyu qabların üzərinə sərpməyə  yarayırdı. 1860-cı ildə isə L.A. Aleksandr Hafton modeli üzərində çalışaraq yeni mexanizmlə işləyən qabyuyan maşın düzətsə də, onların heç biri kifayət qədər maraq doğurmur və tezliklə unudulur.

Kokreyn 1897-ci ildə yaratdığı şirkətə “Qaris-Kokreyn” adını verir və maşınları istehsal etməsi üçün bir şirkətlə müqavilə bağlayır. Lakin iş o qədər böyüyür ki, Cozefina tərkedilmiş bir məktəb binasında özü fabrik açmalı olur. Şirkətin adını isə “Kokreynin böyüyən Qabyuyan Maşın Kompaniyası” olaraq dəyişdirir. 1893-cü ildə isə o, ixtirasını Beynəlxalq Kolumbiya sərgisindənümayiş etdirir və əsas mükafatı qazanır. Bundan sonra Kokreyn şirkəti daha çox  təklif almağa, getdikcə böyüməyə başlayır. Cozefina onu ölümünə- 1913-cü il avqustun 3-ə kimi idarə edir. Ölümündən sonra-1916-cı ildə şirkətin hüquqları Hobart şirkəti  tərəfindən alınır və bir müddət sonra şirkət adını “Whirlpool” olaraq dəyişdirir.

Sonda isə sizə etdiyi ixtira ilə əsasən qadınların işini asanlaşdıran və onların rəğbətini qazanan Kokreynə bir qadının yazdığı təşəkkür dolu sözləri təqdim edirik: “Əziz xanım Kokreyn, “Qabyuyan maşın” adlı bu mükəmməl mexanizm parçasının əldə etdiyi uğura görə təbriklərimi qəbul edin, zəhmət olmasa. Onu işlədəndən sonra indi artıq inamla deyə bilərəm ki, maşın, həqiqətən, reklam olunduğu kimi ondan tələb olunan bütün işi yerinə yetirir və əminəm ki, o, tikiş maşını kimi evimizin vacib əşyalarından biri olacaq. Belə bir maşının vacibliyini hiss edən və onun dəyərini başa düşən onsuz bir iş görmək istəməyəcək.

Hörmətlə, xanım L.S.Baldvin. Vindsor.5 fev.1889”.