Zaman səyyahları

142 Baxış

xülyaXülya

Zaman səyyahları

(hekayə)

Heç olub ki heç vaxt toxunmadığınız əllərin hərarətini uzaqdan duyasınız? Məndə olub. Paslı yelləncəyi hər dəfə eyni ritmlə itələyən o əllər necə də isti idi… Alaqaranlığın gətirdiyi bədbin auranın təsirilə gah qanı qara səmaya baxıb köks ötürür, gah da üzümə çoxbilmiş bir təbəssüm qondurub ona tərəf tuşlanırdım. Amma yox… Yalandan nümayiş etdirdiyim özgəliyə, iynə kimi batan sözlərimə rəğmən onun təbəssümünündəki doğmalığa qarşı biganə qala bilmirdim. Sevgisi gözlərinə yazılmışdı. Atmacalarıma verdiyi qətiyyətli cavablar belə bu baxışlar qədər güclü deyildi. Nəfəsini dərir… Yelləncəyi itələyir… Dodaqlarına təbəssüm qondurur… Gözlərimi ondan qaçırıram. Sanki qorxuram ki baxışları fikrimi yayındıracaq. Özümə qarşı dürüst olmağıma imkan verməyəcək. Amma alınmır. Ona tərəf çevrilirəm. Artıq əzbərlədiyim ritmin müşayiəti ilə gözlərinə qərq oluram və hər şeyi xatırlayıram… İlk görüşümüzdür. Bir neçə ay öncə tanış olmuşuq. Ya da mən belə zənn edirdim. Yalnız indi tanıdım onu. O, Cənab Sevgi imiş! Yaşamadığımız xatirələr canlanır gözlərimin qarşısında. Üşüyən əllərimi ovcunda necə qızdıracağımı xatırlayıram. Soyuğu birlikdə sevəcəyik. Özümüzü «pinqvinlər»ə bənzədəcəyik. Hər fəslin gəlişini bayram edəcəyik. Bu vaxta qədər təsəvvür belə edə bilməyəcəyim bir duyğu seli bürüyəcək ruhumu. Və o selə təslim olacağam. Qarışqaları olduğumuz «top» bizim üçün artıq ağ-qara deyil, rəngarəngolacaq. Bu barədə heç vaxt danışmamışıq, amma onun hansı mahnıları, filmləri sevdiyini artıq bilirəm. Yadımdadır ki, dəfələrlə bir yerdə film seçərkən mübahisə edəcəyik. O, «action» deyəcək, mən isə dram. Axırda ortaq marağımız olan elmi-fantastikada qərar qılacağıq. O mənim «shopping» aludəçiliyimə dözəcək, mən də onun fərqli restoranları sınaqdan keçirmək marağına… Bir-birimizi necə də sevəcəyik… O qədər çox xatirələrimiz olacaq ki, onları bütün ömrümüzə səpələyəcəyik. Hər sözü aforizmə çevriləcək mənim üçün. «Mən»lərin necə sürətlə «biz»ə keçdiyini gördükdə özümüz də təəccüblənəcəyik. Dərdlər, sevinclər, çətinliklər, uğurlar ortaq gələcəyimizin təməlini möhkəmləndirəcək. Bizi daha da doğmalaşdıracaq. Mənim üçün edəcəyi fədakarlıqlar yadımdadır. Ad günümdə hansı hədiyyəni alacağını artıq bilirəm. Bütün jestlərini, mimikalarını əzbərləmişəm. Sözümüz düz gəlməyəndə qaşlarını çatıb səsini necə qalınlaşdıracağını, bircə şirin sözümdən sonra yenidən simasında təbəssümün günəş kimi doğacağını xatırlayıram… Milyardlarla insana qucaq açan bu dünyada necə olur ki insan öz ruh əkizini tapa bilir? Bunu necə anlayır? Əvvəllər bu sual məni çox düşündürərdi. Sevginin izahının mümkün olduğunu zənn edərdim. Lakin bu duyğu o qədər alidir ki, heç bir məntiqi izaha, düstura ehtiyacı yoxdur. Rəngli bir burulğan kimi insanı əhatə edən bir sehrdir. O sehr insanı hazır olmadığı, gözləmədiyi bir anda öz ağuşuna alır… Cənab Sevgi fikrə getdiyimi görüb səssizliyimə şərik olur. Mən onunla keçirəcəyimiz həyatı bütün təfərrüatları ilə xatırlayarkən o, sakitcə dayanıb mənə tamaşa edir. «Nə oldu? Deyəsən nə isə yadına düşdü», – gülümsəyərək deyir. Hmm? Görəsən nə demək istəyir? Təəccübümü gizlədə bilmirəm. O isə təbəssümünü pozmur. «Məndə də belə olmuşdu», – deyir. Nə?! Bu, mümkündür? Yəni o da mənim kimi bütün baş verəcəkləri xatırlayıb? Yenidən gözlərinə zillənirəm. Hər şey aydındır. O, xatırlayır! Bəlkə də ilk görüşdə deyəcəyi komplimentləri, edəcəyi zarafatları gələcəkdən oğurlayıb. Əlbəttə. Yoxsa atdığı addımlar necə bu qədər ideal ola bilərdi ki? «Yaddan çıxarma ki, gələcək bizim seçimlərimizdir», – sağollaşarkən deyir. Cavab verməsəm də, gülümsəyirəm. Həmin an qarışıq duyğulara məskən olan gözlərimin içinə baxır. Gözlərini yumur və bir neçə saniyədən sonra açır. Bu jestlə yerdə qalan şübhələrimi də yox edir. Çünki bu hərəkət də gələcəyimizdəndir. Ürəyimdə «Axı bu, cığallıqdır!», – deyə düşünsəm də eyni jestlə qarşılıq verirəm. «Bir də görüşəcəyik?», – deyə soruşur. «Imm… Bilmirəm…», – deyə cavab verirəm. Lakin aydındır ki, ikimiz də bu sualın cavabını bilirik. Buna baxmayaraq əlavə söz demirik. Çünki anlayırıq ki, nə gələcəyin hələ doğulmayan, nə də keçmişin həyatını başa vuran xatirələri hazırda yaşanan anla müqayisə edilə bilməz. Həyat bizə bəxş edilən xammaldır. Onunla nə edəcəyimizi özümüz seçirik. Və artıq başıma gələn bu «möcüzə»nin izahını sorğulamıram. Sadəcə onu bilirəm ki,gələcəyimdən razıyam…