Şinel

139 Baxış

İsa Muğannaİsa Muğanna 

 Şinel

Başına dolanım, qurbanın olum, ayağıyın altında ölüm, ay İsa müəllim! Acizanə yalvarıram, o hadisəni ki, bu ağbirçək vaxtıma qədər ürəyimdə saxlayıb təkcə sənə etibar eləyib danışmışam, o hadisəni qələmə al! İçərim yanır, köksüm partlayır, tamam sakitcə, heç tələsmədən, ən incə təfsilatı da unutmadan dərs dediyim yerdəcə birdən-birə dəyişir, nəfəs alammıram. Şagirdlərim partalardan taraqqataraq çıxıb yığışırlar başıma, biri su verir, biri nəbzimi tutur, biri əllərimi, ayaqlarımı ovuşdurur, ağlaşa-ağlaşa yalvarışırlar. Yuxarıda sənə yazdığım o kəlmələr onların kəlmələridir: “Başına dolanım, ay müəllimə!” “Qurbanın olum, ay müəllimə!”, “Ayağıyın altında ölüm, ay müəllimə!..” Həkim çağırırlar, – müayinəyə! – çiynini çəkir həkimimiz: “Tamam sağlamdı müəlliməniz, ay uşaqlar. Qorxmayın, insanda belə hallar olur. Keçəcək yenə”. “Keçmir, ay əzizim! Keçmir! Əksinə… Gedirəm evə tək-tənha! Divarlar məngənəyə dönür, sıxır məni. Neyləyim? Açıram televizoru: bir kanal, iki kanal, üç, beş, on kanal! Hamısında çılpaq insan! Dəhşət çılpaqlıq! İkrah çılpaqlıq! Hara gedir bu millət, ay əzizim! Məncə, daha heç bir müqəddəslik yoxdur! Etiraz eləmə, yoxdur!.. Söndürürəm televizoru, qulaqlarım cingildəyir. Açıram Tolstoyu, Dostoyevskini, Balzakı! Nə qədər oxumaq olar?! Yenə də gəlir güdür məni o danışdığım hadisə. Udur ey! Tamam yoxa çıxır sənin bu ağsaçlı müəllimən, dönür olur qırx ikinci ildə iyirmi iki yaşlı bədbəxt qız! Aradan gör nə qədər keçib: yarım əsrdən də çox! Düz əlli səkkiz il! Əmbə unudammıram o gecəni, o kişini! Kim idi? Haralı idi? Nə imiş adı? Sir-sifəti necə idi?.. Yadındadırmı sənə danışdığım? Mənə elə gəlir unutmusan. Əlli səkkiz il! Sən daha o şagirdim deyilsən, tay-tuşlarından kim qalıb? Heç kəs! İndi bir tək mən bilirəm o hadisəni, bir də unutmamısansa – sən. Yaz! Yaz ki, elektrik, işıq deyilən şey idi, təkcə Bakı-Tiflis dəmiryolu xətti boyunda gah qırmızı, gah da sarı, yaşıl, söngün işıqlar vardı. Dünya isə büsbütün zülmət içində idi. Yaz ki, o zülmət dünyanın günəşi batandan sonra evlərdə adi neft lampaları da yanmırdı. Həyətdə ocaq qalamağa da icazə verilmirdi. Çünki o zülmət dünyanın göylərində bomba ilə dolu təyyarələr uçuşurdu. O cümlədən, dünyanın günəşli saatlarında hamının “dünya gözəli” dediyi bir Əzizə müəllimə vardı. Lap nağıllardakı kimi, günəşə deyirdi sən doğma, mən doğum, Aya deyirdi sən doğma, mən doğum, yəni mənim üzümün işığı bəsdi dünyaya. Gəzdiyim-dolandığım yerlərdə – məktəbdə, qəsəbədə maarif işçiləri arasında heç kəs “Əzizə” deməzdi, hamı “dünya gözəli” deyirdi və inan, inan ki, “başıpapaqlı” deyilənlərdən bir nəfər də pis nəzərlə baxmırdı mənə; açıqca səcdə eləyirdilər, ay İsa müəllim! Və mən gözəlliyə səcdə edən oğullarımızla fəxr edirdim. Millətimlə fəxr edirdim! Əmbə ürəyimdə qorxuya, xofa oxşayan nigarançılıq vardı. Çünki bilirsən, könlümə yatan bir Allah bəndəsinə rast gəlməmişdim hələ. Yaşıdlarım – cavanlar, əlli yaşına qədər kişilər – hamısı cəbhələrdə! Uşaqlar qalmışdılar, bir də qocalar. Gecələr divarlar arasında tək-tənha qalanda Allaha yalvarırdım: “Ey mənim gözəl anamı, gözəl atamı əlimdən alan, Tanrım! Sevmək, sevilmək, tənhalığın daşını atmaq istəyirəm, ey Tanrım! Könlümə yatan bir insan yetir mənə, ey Tanrım!..”

Günlərin birində bədbəxtlik basdı məni, maarif şöbəsindən müəllimlərin maaşını almağa adam tapılmadı. Niyə, bilmirəm. Hərə bir tərəfə dağılmışdı. Direktorumuz da ki, yadında olar, çox qocalmışdı, üstəlik malyariyası vardı. Dedi: “Zəhmət çək, bu dəfə sən get, ay dünya gözəli. Pulu növbəsiz verərlər sənə, işıq gözünə minik taparsan, gələrsən”. Dilim tutulaydı “baş üstə” deyəndəcə. Qıçlarım sınaydı stansiyaya gedəndəcə… Qışın sazağında nazik trikotaj pencəyimin yaxasını kip düymələyib, şalımın uclarını boğazıma bərk-bərk dolayıb, necə deyərlər, Allahı çağırıb düşdüm yola ki, səhər saat yeddidə gəlib keçən “Tiflis-Bakı” qatarına çatım, saat on ikiyə, birə qədər pulu alım doldurum qoyun-qoltuğuma, işıqkən qayıdım. Bədbəxtlik ondan başlandı ki, “Tiflis-Bakı” qatarının əvəzində yaralı əsgərlər dolu bir sanitarnı poyezd gəldi, o da bizim stansiyada dayanmışdı. Sonra bir “tavarnı” gəldi dayandı. Amma o da yaralılarla dolu idi. Qısası, gün günortadan keçəndən sonra bir maşinistə pul verdim paravozla getdim, maarif şöbəsinin kassası bağlanhabağlanda aldım pulu, kassirlə köməkləşib pencəyimin astarına, koftamın altına bağladıq ki, “dünya gözəli”nə baxanların gözlərinə dəyməsin o qədər, Allah eləməmiş tamah salan olar.

Rayonun vağzalına gedəndə sevinirdim. Birinci ona görə ki, “paçka-paçka palazqulaq yüzlüklər” canımı elə qızdırmışdı ki, soyuq nədi hiss eləmirdim. İkincisi, “Bakı-Tiflis” qatarı gəlib dayanmışdı. Əmbə elə ki, stansiyamıza çatdım, birdən-birə qanım qaraldı. Fevralın axırı ola, sulu qar şarappaşarap döyə vaqonun pəncərəsinə, üstəlik külək vıyhavıy, necə deyərlər, dirigözlü oldum. Kimsəsiz adamın bəxti qaradır, dara düşən Allaha yalvarmaqdan başqa neyləyə bilər? “Qəsəbədən mənə bir adam yetir, ey Tanrım!” Adam nə gəzir? Vağzalın bapbalaca gözləmə otağında ikicə skamya vardı. Gördüm skamyanın birində əyni-başı mazutlu, tozlu-torpaqlı papaq, üstündə şinel bir əsgər uzanıb. Sinəsi, kürəyi, boğazı, sifəti qalın sarınmış tənzif içində bircə “kurnos” burnu, sarı bığı, bir də gömgöy gözləri görünür. Fikirləşdim ki, bəlkə bizim qəsəbədəndir, soruşum, görüm kimdir. Yazığın səsi çıxmadı. Çünki, deyəsən, çənəsi pis yaralı idi, pıçıltı ilə dedi:

– Ömrümdə belə gözəl görməmişəm! Mələksən, nəsən, ay qız!

“Yazıq” deyirəm. Yazıq nədi?! Gözləri heyrətdən böyüyüb alışıb yanırdı. İstər-istəməz dönüb geri baxdım. O mazutlu adamdan başqa bir nəfər də yoxdur. Külək qapını dala-qabağa çırpırdı. Qatar getmişdi. Stansiyadan, qırmızı svetofordan başqa heç nə yoxdu. İçərimə də zülmət çökdü: “Evin yıxıldı, ay Əzizə! Səninki də burayacanmış”.

Titrətmə aldı canımı. Yaltaqlanıb dedim:

– Nə yaman yaralanmısan, ay vətən oğlu! Hardansan? Niyə burdasan?

Dedi:

– Tiflisdə sanitarnı poyezdə min nəfər əlavə yaralı doldu. Mən təkilərinə, ayağı yer tutanlara pul payladılar, dedilər özünüz gedin Bakıya, qospitala. “Tiflis-Bakı”ya mindim, yatmağa yer olmadı. Bir həftəydi yuxusuzdum, lap ölürdüm. Düşdüm bu vağzalda yuxumu aldım. İndi gözləyirəm görüm nəynən gedirəm…

Baxdı, baxdı, dedi:

– Qorxma məndən. Göydən düşmüşəm, nədi. Bu cür gözəl zənən, belə kimsəsiz yerdə. Tək-tənha neyləyirsən bu gecə vaxtı bu xarabada?!

Allahımı çağırdım, danışdım başıma gələni. Dedim:

– Üstüm dolu puldu. Müəllimlərin məvacibi. Heç bilmirəm neyləyim? Dəmir yolunun üstüynən birtəhər gedərəm. Əmbə pul islanacaq, zay olacaq, belə aclıqda-giclikdə ac qalacaqlar müəllimlərin ailələri! Sabahacan gözləyəmmərəm. Oğru-əyri doludu hər yerdə! Aclıqdı…

Gözlərinə baxammıram. Çünki indi daha açıq yanırdı gözləri. Başladı tək qolundan şinelini çıxartmağa, kəmərini açmağa.

Ayaq üstəcə çıxmışdı canım: neyləyim?! Hara qaçım?! Tir-tir əsirdim. Başım dumanlanmışdı. Bir də vaxt o vaxt ayıldım ki, şinelini geyindirib mənə, kəmərini də üstəlik belimə bağlayıb!..

– Qalındı şinel, içinə su keçən deyil, – dedi. – Pulu qup-quru aparacaqsan. Əmbə… Deyirsən oğru-əyri doludu hər yer, aclıqdı… Özun də bir mələk… Qorxmursanmı gecənin bu vaxtı yola çıxmağa?!

Qəribə idi ki, yenə heç nə gizlətmədim bu yad adamdan.

– Qorxmaq nədi, titrəyirəm, – dedim.

Duruxdu bir az. Sinəsinə baxdı, qoluna baxdı, tək əlini asta-asta çənəsinin üstündə gəzdirdi:

– Canım qəlpəynən doludu. Minamyot mərmisi lap böyrümdəcə partladı. Dörd gün bundan qabaq. Sarğı quruyub yapışıb canıma. Bu zəhrimar yağış, qar olmasaydı, atardım, lap evinizə qədər ötürərdim.

– Yox, yox! – dedim. – Nə danışırsınız?! Bu cür dəhşətli yaraynan yağışın altına çıxmaqmı olar?!

Əynimə baxdım.

– Şineli də nahaq geyindirdiniz, – dedim. – Soyuqlayar yaralarınız, hov çəkər. Allah göstərməsin!

Kəməri açdım, şineli soyundum, çiyninə saldım.

– Əyləşin. Ayaq üstə durmaq da olmaz heç sizə. Oturun! – dedim.

O yanar gözlərə necə kədər gəldi, ay İsa müəllim! Elə kədər ki, ürəyim parçalandı. Ömrümdə görməmişdim elə vurğun baxışı.

– Yalvarıram, – dedi. – İstəyirsən yıxılım ayaqlarını öpüm, ey mələk! Al şineli geyin… özün geyin… Ağrım artdı. Tərpənəmmirəm.

Geyinmədim. Biləyimdən yapışdı, ağrıdan inildəyə-inildəyə zorla geyindirdi şineli. Kəməri də zorla bağladı.

– Get! – dedi. – Gəl, bir az ötürüm, – dedi.

Neyləyə bilərdim? Ağlayırdım: “İlahi, bu insandı!”

– Çıxmayın! – dedim. – Sarğınız islanar! – dedim. Mümkün olmadı. Çıxdıq. Tərs kimi külək elə vururdu, yağış, qar, şaxta elə çırpırdı ki, gözümü açammırdım. Zülmət elə qatılaşmışdı ki, heç iki addımlığı da görmürdüm. Dəmir yolu boyunca beş-on addım atmışdım ki, tuflimin dabanı şpala ilişdi, yıxıldım.

Yazıq necə inildədi, ilahi! Qolumdan yapışıb qaldıranda necə inildədi.

– Görmürəm! Heç nə görmürəm! Gedəmmirəm! – dedim.

Əli biləyimdə idi.

– Gəl! – dedi. – Mən görürəm. Aparacam, – dedi.

Əli biləyimi isindirdi. Bunu o da hiss etdi. Tezcə əlini çəkdi.

– Köynəyimin ətəyindən tut, – dedi. – Bərk tut, yavaş-yavaş gəl dalımca. Yolu özün göstərərsən. Gəl!

Tabe oldum, necə dedi o cür, köynəyinin dal ətəyindən tutub yavaş-yavaş getdim. Sonra… dəhşət oldu, əzizim. Birdən-birə əlimin isindiyini, qaynar su tək qanın barmaqlarımdan necə axdığını hiss etdim.

– Bəsdi! Getməyin! Yaranızdan qan axar! Bəsdi!..

Ağrısı çoxmu oldu, nə oldu, bilmirəm, əyilib ikiqat oldu.

– Yaxşı… özün get, gedə bilərsənsə, – dedi. – İşıqlaşanda şineli gətirərsən, ya da yaxşı olar ki, bir adamnan göndərərsən, – dedi.

Dəmiryoldan çıxandan sonra qəsəbəmizin yolunu necə tapdım, neçə yerdə yıxıldım, necə getdim, bu heç. Evə çatıb qapını açar-açmaz əlimi pəncərənin qabağında çırağa atdım. Peçi-sobanı odunla doldurdum, çırağın neftinin yarısını odunun üstünə töküb alışdırdım. Stulu sobanın böyrünə çəkdim, şineli soyunub stulun başına sərdim, səhərə qədər qurudub, qoltuğuma vurub evdən çıxdım.

Qar, yağış kəsmişdi. Yer donmuşdu, gölməçələr buz bağlamışdı. Daha palçığa-filana batmadan yüyürdüm, yüyürüb yeridim. O vaxt yetişdim ki, gözləmə otağında beş-altı adam hərəkətsiz, sükut içində dayanıb, gah mənə, gah da skamya tərəfə baxırdı. Onu arxası üstə skamyaya uzatmışdılar. Sinəsində, qolunda, çənəsində ağ tənzif əvəzinə qara qan donmuşdu.

Şinel qoltuğumdan düşdü. Dizlərim büküldü. Yaş gözlərimi tutsa da, başının üstündə tənzifin ilgəkli düyününü gördüm: İlgəyi çəkdim, tənzifi qurumuş yaralardan qoparda-qoparda üzünü açdım. Nə isə dumanlı hisslə göz qapaqlarını inadla geri sığayıb gözlərini açdım. “Ey Tanrım! Ey Tanrım! – deyirdim. – İllərlə gözlədiyimi niyə verdin, niyə aldın, ey Tanrım!” – deyirdim.

“Sanitarnı poyezddən üç-dörd adam düşüb gəldi. Xərəyə qoydular, şinelini üzünə çəkib apardılar…

“Heç olmasa, adını deyəydin mənə, ey vətən oğlu. Adın olsun vətən oğlu, ey səcdəgahım!..” – Belə yaz, ey Əzizənin əziz şagirdi. Çılpaq dünyamıza şinel geyindir.