Oxucu rəyi

41 Baxış

Ümidlərin izi ilə-kitabSenet.az Şəmil Sadiqin və Müşfiq XANın həmmüəllifi olduğu “Ümidlərin izi ilə” romanı haqqında oxucu rəyini təqdim edir.

Murad Həsənov

“Salam. Bu yazdıqlarım “Ümidlərin izi ilə” adlı kitabın oxucusunun fikirləridir.

Bu, Qarabağ adlı sağalmaz yaramdan sızan bircə damladır. Hörmətli yazıçı, “Ümidlərin izi ilə” əsəriniz mənə elə təsir bağışlayıb ki, neçə aydır sözümü toplayıb düşündüklərimin bir qismini Sizə yazmaq istəsəm də hislərimi cilovlaya bilmirəm. Yəqin ki, nə vaxt Aytəkin adını, Xocalı adını eşitsəm bu kitabınızı oxuyarkən keçirdiym ağrı-acını, kədər və qəzəbi, təəssüf və intiqam almaq arzusunu yenidən yaşayacağam. Doğrusu bu hisləri hər gün, hər dəfə bəxtı qara Qarabağın, onun rayon-kəndlərinin, şəhid oğullarımızın adını eşidəndə keçirirəm, demək olar hər gün, gündə neçə dəfələrlə… Hər bahar gəldikdə, torpaq yaşıllaşdıqda elsiz-obasız qalan yurdlarımızı, barı dibinə tökülən ağaclarımızın barını baha qiymətə alanda, hər payız çəni şəhərin üstünə çökəndə, durna qatarını görəndə, hər yağış damlası gözlərimdən axan yaş kimi pəncərədən süzüləndə başı dumanlı, əsir düşən, gözü yolda kimsəsiz qalan dağlarımızı, izlərimizə həsrət qalan uşaqlığımız keçən cığırlarımızı düşünürəm… Düşünürəm və çarəsiz olduğuma yanıram… yanıram.

İndi hər yerə yaz gəlir. Qarabağa isə bahar gəlmir. Qarabağın bəxtinə doğan günəşi görmək bizə qismət olacaqmı?  Ya da o günlər olacaqmı? Bilmirəm, daha doğrusu inanmıram.

Bizim ailədə iki əsgər böyüyür. Onlar həftəlik pullarından toplayıb özlərinə bədii kitablar alırlar. Əvvəlcə kitabları kitabxanadan sənəd qoymaqla götürürdük, daha sonra gənclərin axtardığı kitabları orda tapmadıqda “Kitabevim.az”la tanış olduqdan sonra, pulları olduqca kitab almağa başladılar. Sizin kitabınızı (başqa kitablarınızı da alır) alıb gətirdikdə 14 yaşlı oğluma hirsləndim ki, “Bu sənin yaşına uyğun deyil”. İlk səhifəsindəki çılpaq uşağı görəndə daha da əsəbiləşdim. Çünki belə şeyləri heç sevmirəm.  “Ana o zaman götür özün oxu dedi” və təsadüfən açdığım səhifədəki başlığı gördükdə bədənim sarsıldı, “Girov qadının xatirələri…” – əvvəl elə bildimki, girovluqdan azad olunduqdan sonra yazıb, yenədə bu kitabda nələrin ola biləcəyini, vəhşilərin əlinə düşmüş əsirlərə nə əzablar veriləcəyini təsəvvür edə bilməzdim.Kitab isə mən təsəvvür edə bilmədiyimdən də dəhşətli yazılmışdı.

Xülasə, başladım kitabı oxumağa. Elə fevral ayında da başladım. Mən elə hər fevral gələndə Xocalı oluram. Ayın əvvəlindən sonunadək gülən, əylənən, oynayanlara “Bu ay Xocalı faciəsinin ayıdır. Görəsən heç xatırlayırlarmı, görən utanırlarmı?” deyə düşünürəm. Mənə görə fevral ayı Xocalı ayıdır. Kitabın başlanğıcından sonunadək evdə güldüyümü xatırlamıram. Və hər səhifəni göz yaşımla islatmışam. Çox zaman ağlamaq yox, səsim çıxdıqca bağırmaq, yeri-göyü lərzəyə salan səslə “Allahım sən Aytəkinə niyə kömək durmadın? Niyə o gecə Xocalıya daş yağdırıb, düşməni külli-küfani eləmədin? Yoxsa mələklərmi səni dinləmədi, İlahi…” deyə hayqırmaq istəmişəm. Fikirləşdikcə ki, Aytəkin və onun kimiləri əsirlikdə kömək gözləyəndə bizim yuxarıdakılar vəzifə bölür, aşağıdakılar isə toy-bayram edir, təzə geyinib ətir vurur, saç saraldıb kiprik qoyur, bütün hamıya nifrət etmişəm.Axı niyə televiziya, radio gecə-gündüz bu qədər əsir olduğunu deyib camaatı ayağa qaldırmadı? O vaxt hamının evində şəhid vardı, yaralarımız təzəydi. Beyinlərimizdə qisas almaq hissi istiydi. Evsiz-eşiksiz idik. İnanıram ki, milləti xaricdən gələn düyü və qarabaşaqla, geyilmiş paltarlarla sakitləşdirməyib, ayağa qaldırsaydılar, “namusun əsir düşməyi alçaqlıqdır, daha nə kişilik qalıb…” desəydilər bütün xalq, millət ayaqlanıb torpaqlarımızı qanımızla isladıb geri alardıq. O vaxt bütün gizli yolları kənd adamları bilirdi. Heç bu qədər minada yox idi. Elə partizan dəstəsilə geri ala bilərdik. Ama xalqı yatırtdılar. Qeyrətləri toz, kişiliyi də pas basdı. Çünki qadınlarımız əsir idi. Odur ki, indi qadınların əzalarını tək öz kişisi yox, bütün yoldakılar görür. O kişi, ya o kişinin oğlu torpaq uğrunda döyüşə gedərmi? Yox getməz… Daha rahat evlərdə oturub xarici maşınlarda gəzən qarabağlıların çoxu da ora qayıtmağı düşünmür. Tək-tək içindən qovrulan, yananlar qalıb ki, bizim də səsimizi ancaq iç orqanlarımız eşidir. Bir də gücümüz vətənpərvər, igid (pulu yaxşı şəraitə, bahalı geyimə almağa çatmasa da) oğullar yetişdirməyə çatır. Xocalı deyəndə rəhmətlik Z. Yaqubun bu şeiri həmişə beynimdə səslənir:

Səni qaldırammasam başım üstə tac kimi,
Tarixin yaddaşında çətin qalxım, ucalım,
Xocalım, ay Xocalım!

Sən ayaqlar altındasan, Xocalım. Şubalar, brilyantlar, xaricə biletlər isə evin baş köşəsindədir. Ədalət gələnə qədər, qələbə çalınana qədər külün qalacaq, Xocalım. Yenə o küllərindən doğmaq üçün …qeyrətli oğullar namuslu qızlar lazımdır. Amma o oğul və qızların ya kitabı almağa pulu, ya da aldığı kitabı qoymağa yeri yoxdur.

Ümidsizlik yox… olmasın. Kür Şadın törəmələri nə vaxt DİRİLİŞ üçün qalxacaq, parça-parça vətəni birləşdirəcək? Doğrusu, buna ümidim yoxdur. Uşaqlıqlarından əsl əsgər, vətənpərvər kimi böyütdüyüm iki oğlum (15-16 yaş) Gülüstanı, Türkmənçayı eşidəndə babaları qınayırlar. Coşub daşırlar. Bəs indi? …. Demək, biz də qınanılanlardan olacağıq. Çünki Təbrizdən, Zəngəzurdan,Göyçədən…sonra Qarabağı da pay etdik. Bəli, pay etdik. Vətən bizdən küsüb…bizi bağışlamayacaq.

Hörmətlə, Qarabağdan ötrü yanıb yaxılan, ağlayıb sızlayan oxucunuz.

Bu fikirlər mənim valideynimin fikirləridir.

Sizə yazıçılıq həyatınızda uğurlar diləyirəm. Sağ olun”.