“145-ci iclas”- Əliağa Əzimzadənin hekayəsi

44 Baxış

cum-1003

 

Senet.az oxucularına “Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət – 100” hekayə müsabiqəsində yüksək xalla qiymətləndirilmiş Əliağa Əzimzadənin “145-ci iclas”  hekayəsini təqdim edir.

İki gündür ki, temperaturum aşağı düşmür. Artıq dərman da kömək etmir. Qızdırma məni lap taqətdən salıb. Yaş da öz sözünü deyir artıq: yetmişi çoxdan haqlamışam. Bu qədər bəla ilə bu yaşa çatmağın özü böyük nemətdir. Bütün bədənimdə ağrılar var. Sanki ovulub tökülür bədənim. Əsas da ciyərlərim. Maqadanın rütubətli və şaxtalı havasının yadigarıdır bu ciyərlər mənə. Hər nəfəs aldıqca ağrı daha da şiddətlənir. Sanki hər nəfəs ölümə bir az da yaxınlaşdırır məni.

Hərdən gözümü açıb pəncərədən baxıram. Aprel ayı olsa da, çöldə sanki qışdır. Külək səngimək bilmir, amma yağış artıq kəsib. Yenidən gözlərimi yumuram. Qızdırmanın təsirindən heç xatırlamadığım hadisələri xatırlıyıram. Hələ orta yaşlarımda yaşadıqlarım, keçirdiyim qorxular üzündən məndə erkən yaddaşsızlıq əmələ gəlmişdi. Sibirdə olduğum illərdə də, bəzən hətta ən yaxın qohumlarımın adını belə unudurdum. İndisə qocalıq da buna öz töhvəsini verir.

Növbəti dəfə nəvəmin səsinə oyanıram. Qonşu otaqda nəsə danışır. Qulaq kəsilib diqqətlə dinləyirəm: “Ölkəmiz Sovet hakimiyyəti dövründə böyük uğurlara, qələbələrə imza atmış, fəhlə və kəndlilərimizin Lenin ideyaları yolunda, partiyamızın rəhbərliyi altında gərgin əməyi nəticəsində bu gün də çiçəklənir, inkişaf edir.”

Hə, xatırladım. Sabahki iclasa hazırlaşır. Nəvəm rayon komsomol təşkilatında təlimatçıdır. Savadlı gəncdir, institutu qırmızı diplomla bitirib. Mən sürgündən qayıdanda o artıq var idi.

“Əlli il bundan əvvəl Azərbaycan proletariatı Qızıl Ordunun yardımı ilə öz sovet hökümətini yaratmış, o zamankı müsavatçıları, millətçiləri, islamçıların qondarma hökümətini devirmiş, xalqı onların zülmündən xilas etmişdi. Ona görə bu gün – 28 aprel bütün ölkə proletarıatı üçün əlamətdar bir gündür.”

Son eşitdiklərim mənim halımı tamam dəyişdi. Qəhər gəlib boğazımda ilişdi. Gözyaşımın yanağımı islatdığını hiss elədim. Bu illər ərzində unutmadığım, unuda bilmədiyim, hətta yaddaşsızlığın da mənə unutdura bilmədiyi hadisəyə, o günə qaytardı bu sözlər məni. O gün sarsıldım mən. Çünki o gün bu xalqın başına gələcək olan bəlaların xəbərçisi di. O gün istiqlalımızı itirdik. O gün hər kəsə cəsarəti, təmkini ilə örnək olan Rəsulzadənin gözlərindəki təəssüfü, qəmi gördüm. O gözlərdəki mərhəmət və ümid öz yerini acıya, hüznə vermişdi.

Mən onda gənc idim. Bakıda rus-tatar məktəbini bitirdikdən sonra İstanbul Darülfununda təhsil almaq niyyətindəydim. Amma maddi sıxıntılar ucbatından bir müddət Bakıda qalmağa və işləməyə qərar verdim. Elə o zaman bir yaxın dostumdan Məclisi-məbusədə işləmək üçün qeydiyyatçı axtarıldığını eşitdim. O zaman məclisin dəftərxana rəisi Məhəmməd ağa Vəkilov idi. Dostum məni onunla tanış etdi və məclis dəftərxanasında qeydiyyatçı kimi işləməyə davam etdim. Qırmızı ordunun cümhuriyyət sərhədlərini keçib Bakıya doğru irəlilədiyi gün çağırılan fövqəladə iclasında qeydiyyatını mən aparırdım. 145-ci iclas. Məclisi-məbusənin sədri Əlimərdan bəy Parisdə olduğu üçün iclasa sədrliyi onun müavini Məmməd Yusif Cəfərov edirdi. İclas axşam saatlarında başladı. Həmin gün günorta saatlarında qırmızı ordu artıq sərhədi keçib paytaxta doğru irəliləyirdi. Demək olar ki, məclis üzvlərinin çoxu iclasda iştirak edirdi. İçəridə işıq zəif olsa da, başda müsavat fraksiyasının sədri Məhəmmədin bəy olmaqla cümhuriyyətçilərin gözlərindəki nigarançılıq və qəm, sosialist və daşnakların isə gözlərindəki sevinc işartıları aydın sezilirdi.

Sədr öncə iclasın açıq, ya qapalı olması barədə məclis üzvlərinin fikrini soruşdu. Yerdən səslər ucalmağa başladı.

– Açıq olsun, qapalı olsun, açıq olsun…

Sədr masaya əli ilə döyəcləyib soruşdu:

– Bəlkə, bir şəxs bu haqda danışmaq istəyir?

Sözü Məhəmməd Əmin Rəsulzadə aldı:

– Cənablar! Bu tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək.

Rəsulzadənin səsindəki həyacanı hiss etməmək mümkün deyildi. Elə bu zaman Şəfi Bəy Rüstəmbəyovun başını aşağı salıb ağladığını gördüm. İxtiyarsız mənim də gözlərim yaşardı. Başımı aşağı saldım.

Qərar səsə qoyuldu və qəbul edildi. İclas açıq keçiriləcəkdi. Daha sonra müzakirələr başlandı. Məhəmməd Həsən Hacınski çıxışında bildirdi ki, kommunist firqəsi məclisə göndərdiyi ultimatiumda deyir: “Əgər şərtlərimizə əməl olunsa və sabah səhər yeddiyə kimi hökümət kommunistlərə təhvil verilsə, Qırmızı ordu Bakıya girməyəcək və heç bir ixtişaş, həbs baş verməyəcək. Əks halda, məsuliyyəti məclis üzvləri və hökümət daşıyacaq”.

Sədr on dəqiqəlik tənəffüs elan etdi. Elə bu zaman bayaqdan xısın-xısın gülümsəyən kommunistlər yerdən söz atmağa başladılar. Əliheydər Qarayev ayağa qalxıb qışqırmağa başladı.

– Höküməti təhvil verməsəniz hamınızı bir-bir güllələyəcəm. Qəbul etməyənin gözlərini çıxardaram.

Elə bu zaman Rəsulzadə təəssüf dolu nəzərlərlə ona baxaraq:

– Əliheydər, sən bu gün burda millətin gözünü çıxartdın. Tovarişlər sənin özünü güllələyəndə mənim sözlərimi yada salarsan.

Əliheydər Qarayev qışqırmağa başladı. Sədr tənəffüsün bitdiyini elan edib məclis üzvlərini sakit olmağa, iclasa davam etməyə çağırdı.

Rəsulzadə yenidən söz istəyib danışmağa başladı.

– Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə, camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə olaraq bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq.

Daha bir neçə üzvün çıxışından sonra məsələ səsə qoyuldu. Səs çoxluğu ilə qərar qəbul edildi. Təkcə Ağa Aşurov qərarın əleyhinə səs verdi. Onun kommunist üzvlərə tərəf necə nifrətlə baxdığı hələ də gözümün önündən getmir. Məclisin yeddi maddəlik qərarı sədr tərəfindən yüksək səslə bir daha oxundu:

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;

2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;

4. Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;

5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

6. Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;

7. Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır.

Amma bu maddələrə əməl olunmayacağına bir çoxları kimi mən də inanmırdım. Kommunistlər özləri də həmçinin…

İclas gecə yarısına az qalmış yekunlaşdı. Məclis üzvləri yerlərində qalxıb iclas zalını tərk etməyə başladılar. Bu zaman sevincli gözlərində sanki ildırımlar çaxan Əliheydər Qarayevin səsi eşidildi.

– Bu da sizin son iclasınız. Bir də həbsxanalarda toplantı keçirərsiz…

Bu adamın simasında və qara gözlərində dərin nifrət görünürdü. Sanki o gözlərdəki nifrət kommunistlərin məramnaməsi olub, gələcək bəlalardan xəbər verirdi. Zalda bəzi sapı özümüzdən olanların istehza dolu gülüşləri eşidildi. Rəsulzadə yenə də tövrünü pozmayaraq bu istiqlal düşmənini yerində oturtdu.

– Son deyil, Əliheydər, hələ heç nəyin sonu deyil. Bu isə son yox, 145-ci iclasdı. Bu millət yenə öz cümhuriyyətini, öz məclisini quracaq, hələ çox iclaslar keçirəcək. İstiqlalı bir dəfə dadan xalq onu yenə də bərpa edəcək. Bu məclisin ilk iclasında dediyim kimi, bir dəfə yüksələn bayraq bir daha enməz!

Bəli, çox şeyləri unutsam da, nə o iclası, nə də orda baş verənləri unuda bilmərəm. İllərdir ki, həqiqətlər sinəmdə ağır bir daş kimi asılıb qalıb. Heç kimə, hətta öz yaxınlarıma da danışa bilmirəm. Axı mən necə deyə bilərəm ki, o ordu xilaskar yox, işğalçı idi, o yoldaşlar düşmən, “xalq düşmənləri” isə xalqın dostu idi? Axı mən 37-də sürgünə göndərilən ailələri, düşərgələrdə tələf olan körpələri görmüşəm. Artıq mən yaşadığımı yaşamışam. Özüm üçün yox, balalarım üçün qorxuram. Onsuz mənə görə çox əziyyətlər çəkiblər. Bəzən düşünürəm ki, desəm, birdən inanmazlar. Çünki bu ideologiya əlli ilə yaxındır, bizi zəhərləyir. Amma inanıram ki, bir gün o balalar həqiqəti aşkar edəcək, cümhuriyyət bərpa olunacaq, o məclis bir də toplanacaq. O iclas da bizim son yox, məhz 145-ci iclasımız olacaq. Qürbət ellərə mühacirət edənlərimiz qayıdar, yad məmləkətlərdə vəfat edənlərimiz də doğma torpağa qovuşar. Bəlkə, o zaman cümhuriyyət yolunda canını fəda edənlərin də, mənim də narahat ruhum rahatlıq tapar.