Yazıçı Şəmil Sadiq Ağsu ziyalıları ilə görüşüb

39 Baxış

Ağsu 8Martın 23-də Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində yazıçı Şəmil Sadiqlə Ağsu rayonu ziyalılarının görüşü keçirilib. Yazıçı əvvəlcə Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar, konservasiya və bərpa işləri ilə tanış olub. Daha sonra kompleksin konfrans zalında Ağsu şəhəri, eləcə də Ağsu rayonunun Gəgəli və Bico kəndlərinin məktəb direktorları, tarix və ədəbiyyat müəllimləri, Ağsu Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları ilə görüş baş tutub. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli yazıçının tərcümeyi-halı haqqında məlumat verib, Hədəf kursları və “Kitabevim.az” kitab marketi istiqamətində gördüyü işlərdən, yazdığı roman, povest və şeirlərdən danışıb. Yazıçı Şəmil Sadiq həm elmi, həm pedaqoji, həm də ədəbi fəaliyyətindən bəhs edib, kitablarını iştirakçılara hədiyyə edib. Bico kənd məktəbinin direktoru Yaşar Qarayev, Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev, Ağsu Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova, tarix müəllimi Musa Musayev, ədəbiyyat müəllimi Taqət Kərimov və digər ziyalılar rayonda ədəbi və pedaqoji mühit haqqında danışıblar. Belə görüşlərin tez-tez keçirilməsini arzulayıblar. Qeyd edək ki, Arxeoloji Kompleksdə “Qala görüşləri” adı altında Azərbaycanın tanınmış insanları ilə rayon sakinlərinin görüşlərinin keçirilməsi planlaşdırılır. Yazıçı Şəmil Sadiqlə görüş bu qəbildən ilk görüşdür. Sonda isə yazıçı kitablarını ziyalılara imzalı şəkildə hədiyyə etmişdir.