69-cu Beynəlxalq Kann Film Festivalına start verilib

16 Baxış

qızıl palma

69-cu Beynəlxalq Kann Film Festivalına start verilib. Bu il festivalın açılış filmi Vudi Allenin “Gözəl insanlar” (“Café Society”) filmidir. Kino 30-cu illərdə Hollivudu fəth etməyə yola düşmüş cavan insandan danışır. Filmdə Cessi Ayzenberq, Kirsten Styuart, Stiv Karrel və başqaları çəkiliblər. Bu artıq Kann festivalını açan V.Allenın üçüncü filmidir.

Festivalın müsabiqə hissəsində 20 film yarışacaq. Onların arasında Pedro Almodovar, Olivier Assayas, Dardenne qardaşları, Xavier Dolan, Jim Jarmusch, Ken Loach, Brilliante Mendoza, Cristian Munjiu, Sean Penn,Paul Verhoeven, Nicolas Winding Refn’in filmləri də var.

Müsabiqədən kənar isə Shane Black, Jodie Foster, Na Hong Jin, Steven Spielberg və başqalarının yeni filmləri nümayiş etdiriləcək.

“Xüsusi baxış” bölməsində Rusiya, Argentina, Misir, Niderland, İsrail, İran, İtaliya, Rumıniya, Sinqapur, ABŞ, Finlandiya, Fransa, Yaponiya filmləri nəzərdən keçiriləcək.

Festivalın “Qızıl palma budağı” və başqa mükafatlarını avstraliyalı rejissor George Miller başda olmaqla beynəlxalq münsiflər heyəti təqdim edəcək.

Macar rejissor Laszlo Nemes, fransız rejissor Arnaud Desplechin, italyan rejissor Valeria Golino, amerikalı aktrisa Kirsten Dunst, danimarkalı aktyor Mads Mikkelsen, kanadalı aktyor Donald Sutherland, fransız aktrisa Vanessa Paradis və iranlı prodüser Katayoon Shahabi jüri üzvləri arasındadır.

Qeyd edək ki, festival ənənəvi olaraq hər il Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalından biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışır. Bu filmlər münsiflər tərəfindən mükafatlandırılır. Kann Film Festivalında verilən mükafatlar Qızıl Palma Budağı, Qran-pri, Qızıl Kamera, Jüri mükafatıdır.

Festival 22 maya qədər davam edəcək.