Yunanıstanın Pieria bölgəsində “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri keçirilir.
Senet.az saytının APA-dan əldə etdiyi xəbərə əsasən tədbirdə Yunanıstan, Rusiya, Serbiya, Polşa, Türkiyə, İran və Azərbaycanın gənclərdən ibarət teatr truppaları iştirak edir.
16 nəfərdən ibarət nümayəndə heyətinin tədbirdə iştirakı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.
Şagird, tələbə və böyük hissəsi Gənc Tamaşaçılar Teatrının aktyorlarından ibarət heyət Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşası ilə çıxış ediblər.
Tamaşanın rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur. Hər gün iki ölkənin müxtəlif tamaşalar təqdim etdiyi beynəlxalq tədbir bu gün yekunlaşacaq.