18 may – beynəlxalq muzeylər günüdür

8 Baxış

muzeyHər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər günü kimi qeyd edir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində Beynəlxalq muzeylər günü kimi qəbul edilib.

1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün muzeylərdə”Açıq qapı” elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər. “Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır. Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılmışdır. Burada 40.000-dən artıq eksponatlar – sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və birbirindən gözəl təsviri sənət nümunələri toplanmışdır. Bu eksponatlar qədim misirlilərin həyatı, məişəti, mədəniyyəti, eləcə də yunan-roma mədəniyyətləri haqqında zəngin məlumatlar verir.

Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir. Milli Azərbaycan Tarixi Muzeyində də bu gün “Açıq qapı” günüdür. Muzey bütün ziyarətçilərini ödənişsiz qəbul edir və bələdçi qonaqlara ekskursiya  aparır.

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Muzey 1920-ci il iyunun 15-də “Doğma diyarın tədris muzeyi” adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının məkdəbdənkənar işlər şöbəsində təzəcə təşkil olunmuş “Muzekskurs” yarımşöbəsinin nəzdində yaradılmışdır. Əsas bazasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də açılmış “İstiqlal” muzeyinin materialları təşkil edirdi. 1920-ci ilin iyulundan həmin muzeyin şərəfinə “Doğma diyarın tədris muzeyi – İstiqlal”, 1920-ci ilin oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi adlandırılmışdır. Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilmiş və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul etmişdir.
Yarandığı ilk illərdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyəti və komissiyanı özündə birləşdirdi. Sonrakı illərdə dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. Muzeydə aparılan elmi-tədqiqat işləri Azərbaycanda tarix elmini inkişaf etdirməklə yanaşı özünün başlıca vəzifəsini yerinə yetirir: muzeyin simasını-onun ekspozisiyasını formalaşdırır. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyayi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şəhadətlik edir.

2005-ci ildən Azərbaycan Tarixi Muzeyində əsaslı bərpa və yenidənqurma işləri başlanmışdır. İki il ərzində aparılan işlər nəticəsində Tağıyev sarayının bənzərsiz xarici və daxili görünüşü yenidən özünə qaytarıldı. 2005-ci ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə muzeyə milli statusu verildi.

 

2007-ci il dekabrın 28-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin açılışını etdilər. Muzeydə aparılan yenidənqurma işləri ilə tanış olan dövlət başçısı yeni ekspozisiyanın bir hissəsini, həmçinin H.Z.A.Tağıyevin xatirə muzeyini gəzdi və əldə olunan nailiyyətlərdən razılığını bildirdi. 

Bölmə : Sənət xəbər