Sərgi salonunun bir küncü… yerə qoyulmuş çap maşını…ətrafında qana bulaşan, divarda güllələnən kağızlar… Hətta maşın da qan içində … 1937-ci il repressiyası…
Çap maşınının ətrafına səpələnmiş kağızların üzərinə, maşının düymələrinə dolaşan, divardakı kağızlara tuşlanan qırmızı saplar qanı əks etdirir. Güllələnmiş kağızlar sanki qan ağlayır. Divarı bütünlüklə örtən bu kağızlar 1937-ci il qurbanlarının ölüm fərmanlarıdır. Maşından divardakı kağızlara bağlanmış bu sapların bəzisi qısa, bəzisi isə uzun… Sanki bu qısa və uzun saplar qurbanların həm də represiyyaya qədərki ömür yoludur… bu yol fərmanın imzalanıb yerinə yetirilməsinə qədər davam edir və sonda bitir..
Çap maşınından çıxan hər bir ölüm fərmanı kimini cavan yaşında , kimini də ahıl vaxtında yaxaladı… Mikayıl Müşfiq kimi gənc yaşda və ya Ömər Faiq Nemanzadə kimi ahıl yaşında “qanlı maşının” qurbanına çevrilən insanlar minlərlədir.
Stalin represiyyasının dalğası Qazaxıstandan da yan ötməyib. Repressiya qurbanlarına həsr olunmuş sərgi “1937: Yaddaşın ərazisi- Ağı” adlanır.“Maşın” adlanan bu installyasiya Qazaxıstan Respublikası Abılxan Kasteyev adına İncəsənət Muzeyində nümayiş etdirilib. Müəllifi gənc rəssam Asel Qədirxanovadır. Kompozisiyanın ölçüsü 4*3*3,5 metrdir.
Çap maşının üzərində “Janalif” yazısı var. Bu ilk sovet çap maşınıdır. 1928-ci ildə Kazanda- çap maşınlarını istehsal edən zavodda hazırlanıb. Zavodun rəhbəri Əsgər Şeyx-Əli adlı mühəndis olub.
Əsgər Şeyx-Əli çap maşınlarının hazırlanması üçün Moskvadan dəvət edilib. O, həmin vaxtlarda ərəb qrafikasının müasirləşdirilməsi, qəzet və jurnalların çapında ərəb şriftlərinin yığılması ilə məşğul olurdu. Ərəb əlifbasının tərəfdarı kimi o, 1927-ci ildə İosif Stalinəvə III Sov.İKP Tatar Regional Komitəsinə (b) 82 tatar intelligenti ilə birlikdə imzalanmış məktub göndərmişdi. Məktubda müsəlman regionlarının yeni əlifbaya (latın dilinə) keçilməsinə etiraz bildirilmişdi. Lakin, dövlət rəhbərliyi öz qərarında qəti idi. Onlara görə “Janalif” ( яналиф) – yeni əlifba xalqların mədəniyyətinin əsas inkişaf istiqamətlərindən biri idi. SSRİ-yə görə ərəb əlifbası inqilabi inkişafın qarşısında duran maneə idi. Əsgər Şeyx-Əlinin bu imzası 1931-ci ilin 6 mayında onun həbs olunması ilə nəticələndi. QULAQ düşərgələrinə göndərildi və Kazana daha qayıtmadı.
Əsgər Şeyx-Əlinin yığdığı “Janalif” adlı çap maşını XX əsrin ölüm və cəza maşınını xatırl
adır…
“Ölüm və cəza maşını” demişkən Ziya Bünyadovun “Qırmızı terror” kitabından bir parçanı xatırlatmaq yerinə düşər:
“Ölüm və cəza maşını dayanacaqsız və fasiləsiz işləyirdi. Hər bir “xalq düşməni”nə “məhkəmə” zamanı ancaq 15 dəqiqə vaxt ayrılırdı. (Tək-tək hallarda 20 dəqiqə). İndi qoy oxucu özü 1936-1937-ci illərdə bir saatda nə qədər adamın güllələnməyə məhkum edildiyini, nə qədər zəka sahiblərinin –azərbaycanlıların güllələndiyini özü hesablasın. Bir gündə 24 saat (96 nəfər),ayda 30 gün (2880 nəfər), 2 il yarımda isə 80 mindən çox.”…
Səma Fuadqızı