20 yanvar

26 Baxış

ƏhmƏhməd Qəşəmoğluəd Qəşəmoğlu

 

“Cavanşir” poemasından parça

 

20 yanvar

 

…1990- cı il, 19 yanvar, axşamçağı,

Biləcər yolunun üstü,

camaat ocaq qalayıb, üzlərində bir qürur,

qalxır tüstü…

Cavanşirlə Humay da qarışıbdı onlara,

müzakirə edirlər…

-         qoşun yeritməzlər Bakıya… qorxudurlar, dedi bir cavan,

-         vallah, hər şey gözləyirəm bunlardan, dedi başqa birisi…

-         bir azdan silah paylayacaq Xalq Cəbhəsi, dedi bir qız,

gəlsələr bizdə qabaqlarına çıxarıq,

qumbara, yanar butılka atarıq…

ürəyi ağrıdı Cavanşirin, dedi:

- bacım! əvvala o silah hardadı?

vədə verən aldadır!

həm də o silah olsa belə, tanklara neynəyəcək?

indi dağılmaq lazım,

məkrli bir oyun var, məncə qoşun gələcək…

bu zaman, gözlərindən od yağan,

üz-gözü nur içində Allahyar[1]

od götürdü tonqaldan,

qədim türk əsgəri tək, atdı onu ağzına,

səsləndi:

- kim gedir getsin! tək də qalsam, qalacağam!

gəlsin qoşun! güllələrin hədəfində,

tırtılların altında qalacağam!

əlimizdən nə gəlir, bu vətənin yolunda,

heç nəyə imkan yoxdu.

deməsinlər qaçdılar,

mən şəhid olacağam, buna gümanım çoxdu!

 

Allahyarın bu sözünə, dindi cəsur insanlar-

gənclər, qocalar

dedilər getmərik biz!

ağır günündə vətən,  təəsübsüz qalar.

 

Cavanşir qürurla baxdı insanlara,

onları yetirən xalq basılmaz!

şəhid olsalar belə, ruhlarından nur axar vətənə,

arzular yerdə qalmaz!

sonra gördü ki,  Humay üşüyür,

həmdə bilirdi ki, çox acdı

dedi: – gedək Humay, paltar götürək,

bir az yemək ye… gecdi.

sonra baş çəkərik Qurd qapısında[2],

mənim iş yoldaşlarıma,

onlara da çox dedim,

amma qulaq asmadılar mənim israrlarıma…

 

Humaygilə çatanda, qızlar süfrə açanda,

qəfil söndü televizor…

ekran sanki, bir tüstüyə büründü…

dəqiqələr keçdi, düzəlmədi

həyacan aldı Cavanşiri, şübhələndi,

heç xoşuna gəlmədi…

bir azca yeyib, tez:

- mən çıxım dedi, görüm nələr baş verir?

qızlar: – biz də səninlə çıxaq dedilər.

Cavanşir: – yox, yox!

xəbər gətirərəm, eşikdə aləm qarışıq,

darıxmayın siz də çox…

atıldı eşiyə, bir xəbər öyrənməkçün,

yol aldı AXC – yə.

bir az getmişdi, Humay, arxadan ona çatdı,

qorxdu Cavanşir:

-         nədən baxmadın sözümə?  qorxuludur. dedim axı gəirəm…

-         təhlükələr içində tək qalsan, mən dözmərəm, ölərəm!

sonra zarafat etdi:

- həm də bir yerdə olsaq, mələklər qoruyar bizi,

gülüb davam elədi:

-axı özün demişdin, mələklər görüşdürüb bizi…

 

AXC- nin, Mərkəzi Komitəyə yaxın

Oktyabr  rayonu bölməsində

beş-üç nəfər adam vardı,

üzləri həyacanlı, gözləri intizardı…

nə baş verir şəhərdə, soruşdu Cavanşir…

- televizyanı partladıbdılar, dedi, ağladı bir xanım…

karıxdı Cavanşir, sifəti oldu ağappaq, qar.

Humay itirdi özünü, qorxdu, soruşdu:

- partlayıbsa, burda nə var?

Cavanşir inlədi: – deməli başlayıblar…

sən tez evə get dedi,

-         səni tək qoyammaram,  bir yerdə olacağıq!

qərarı qəti idi….

 

taksi saxladı Cavanşir:

- gedək xəbərdar edək, təcili dağılsınlar…

qəhrəmandır hər biri,

böyük mübarizələrçün, sağ-salamat qalsınlar…

 

çatanda onlar növbəti tonqalın başına,

ucadan xəbər etdi Cavanşir,

dedilər: – bilirik!

əziyyət çəkmə boş-boşuna,

dağılan deyilik!

hara getdilər, bu qərarı eşitdilər…

insanlar ölümün üstünə gedirdi.

bezmişdilər

iki illik əzab dolu oyunlardan,

qəzəb qəlbi didrdi…

 

 

…axşam saat onbirdə, birdən, gizlindən,

Bakının kəndlərindən çıxdı tanklar…

tarix belə dövrana

ağlayıb qara bağlar…

gurladıqca tankların səsi…

iblis qol-qanad açırdı,

mələklərin kəsilirdi səsi….

tanklar, bu  qəvi tanklar irəlilədikcə

qanrıldı sanki, gecənin qolu sındı…

tanklar cumdular Azərbaycanın üstünə.

sanki torpaq yol vermək istəmirdi, qışqırırdı:

- dayanın cəlladlar!

nəşəli-nəşəli əzib keçdilər….

ağaclar kəsmişdi yolu qışqırırdılar:

- dayanın cəlladlar! əzib keçdilər.

toyları çalınmamış,

hələ bir-birindən ömür şirinlikli

“hə” ləri alınmamış

oğlanların, qızların arzuları

karıxmış bulud kimi, bağırdılar:

-         dayanın cəlladlar! əzib keçdilər…

körpə uşaqların ömür sevinci çıxdı,

bir əllərində gəlincikləri, bir əlində daraqları,

oyuncaq avtomatları,

qışqırtıydı onların

ən iti yaraqları,

əzib keçdilər…

 

şəhidlər ağlar kimi?

qan axdı çaylar kimi.

baş itirdi bu yer, göy

dəli haraylar kimi…

 

bu da Bakı….

hər tərəfdən, qaranlıqdan qatar-qatar,

gözləri alov dolu, quduz tək cumdu tanklar

tonqal ətrafında oturmuşdu

qocalalar, cavanlar, uşaqlar.

qadınlar qışqırdı: – aman tanklar! kişilər təmkinlə:

-         görmürlər əliyalınıq? bizə neynəyər onlar?

gələrlər başa salarıq, deyərik sizi aldadırlar!

deyərik, şəhər sakitlikdir,

bura qoşun soxmaq nakişilikdir!

 

tanklar, ölüm dolu o tanklar

tonqal başına çatar-çatmaz

əli avtomatlı, saqqallı neçə nataraz,

gülləni dolu tək yağdırdı camaatın üstünə -

hara gəldi qaçan kim,

öz canından keçən kim!

yaralananalar, qan içində

tırtılların altından çıxarırdı

daha ağır yaralıları…

asimana qalxırdı qışqırtıları.

yazıqlar qan – tər içində xilas etdikcə ətrafdakıları,

qan aparırdı özlərini, yıxılırdılar…

sual dolu gözləri…

 

neçə igid bir anda

göllənən qana düşdü,

yüz-yüz meyid, yaralı düşdü,

yan-yana düşdü…

 

qulaqları qanatdı qadın fəryadları,

qudurğan əsgərlər:

-“turki”, “turki!” bağırıb boşaltdılar neçə dəfə

modern avtomatları…

tanklar, tankdakılar

fərəh, sevinc içində

elə bil hardansa

onlara baxan rəhbərin önündən

paraddan keçirdilər…

qabaqlarına nə keçsə, əzirdilər, biçirdilər.

 

neçə yük maşını əzildi, yerlə yeksan oldu

neçə dirək yan-yana düşdü,

üstü tamam qan oldu…

tankdakılar xumar gözlərlə,

ən müdhiş üzlərlə, vəhşi baxışlarla

göz vurdular bir-birlərinə,

yerlə yeksan elədilər, nə kecsə əllərinə…

 

yeridi tanklar düşüb qalmış meyitlər üstündən,

yaralı, can verən şəhidlər üstündən,

əzib torpağa, daşa suvadılar…

tankdakılar, qəh-qəhlə:

- “ubey turka!” deyib, iblis tək uladılar.

sonra cıxıb tankdan

bir andaca yığdılar meyitləri,

aparıb gizlində yox elədilər…

 

bir vaxt Hitleri, faşistləri söyənlər

elə oyun çıxardı ki!

görsəydi  faşistlər, dəhşətdən

hədəqədən çıxardı gözləri…

sonra,

ovdan sonra nəşələnən ovçular tək, soldatlar

artırmaq istəyərək quduz sevinclərini,

atəşə tutdular

Bakının dəhşətə gəlmiş evlərini…

bir anda evlərdə, eyvanlarda,

küçədə, dalanlarda neçə meyid

tanrıya dikdi gözlərini…

yenə ov iti kimi cumdu soldatlar

meyit toplamağa –

gizlinclərə atmağa…

 

Cavanşirlə Humay o anda küçələrdə

insanları

tanklardan uzaq olmağa səsləyirdi,

qalxmışdı harayları.

 

şəhərin üst tərəfindən

nəriltiylə tanklar gəlirdi…

onların tırıltısı, səsiylə,

nalələr yüksəlirdi…

 

Bakı qan içindəydi, Bakı güllələnirdi…

şəhərdə təlatüm,

fələk diksinib, göydə çaşıb ay

küçədən-küçəyə qaçır Cavanşir, yanında Humay.

 

“Olimp” mağazasının arxasına çatanda, qəfil

tankdan atəş açıldı, qarşıda üç nəfəri yıxıldı,

tutub əlindən yerə çəkdi Cavanşiri Humay,

başlarının üstündən dalbadal keçdi  güllələr.

hər yanda qışqırıq, bağırtı, inilti, nalələr…

bir az susdular, dəhşətlə, səksəkəylə gözlədilər…

keçib getdi tanklar, nalələr bürüdü hər yanı

cabalayan insanların axırdı, fışqırırdı qanı…

hönkürürdü Humay, hönkürürdü Cavanşir,

yaralılara kömək edirdilər, dindirirdilər bir-bir.

 

bir azdan gəldi “təcili yardım” maşınları

qoşulub camaata  Cavanşirlə Humay

maşına yığdılar yaralıları…

üst-başları, əlləri, üz-gözləri, beyinləri

qan içində hövlank, dəli kimi qaçdılar

o küçəyə, bu küçəyə, günəş çıxana qədər.

göydən yağış kimi yağırdı dərd, kədər…

 

əzilmiş avtomobillər, gülləbaran divarlar,

daşlara səpələnmiş nə qədər nahaq qanlar.

Bakı həmin vədə böyük xarabazar oldu

küçələr, binalar sovet soldatıyla doldu…

qan ilə dolmuşdu hər birinin gözləri

gülləyə tuturdular eyvanları, evləri…

qorxutmaqçün tankla hərdən əzirdilər

insanla dolu olan avtomobilləri.

 

yanvarın iyirmisində, gecə saat  ikidə işğal oldu Bakı.

raport verdi Kremlə qoşunbaşı:

- Bakı bizimdir!

oğlumuzun, qızımıznn, nəvəmizindir!

 

dərhal sərt komendat saatı qurdular,

hamını zorla evilərinə qovdular…

zırıldadı Moskva televizorları:

- Bakıda bir dəstə

narkoman, avara insanlar

rusları, erməniləri qırmaq istərkən

qarşısını aldı rəşadətli sovet əsgəri…

 

…şəhidlər!!!  nurlu insanlar…

körpə uşaqlar, cavanlar, ahıllar

onları tanıdıqca hər kəs hönkürər, ağlar…

gözlərindən ilahi aləmlər boylanan

nurlu, gənc şair,

qucaqı gəlincikli körpə qız uşağı…

ağbirçək ana,

ömrü vətən eşqiylə şölə verən gənclər…

gül kimi qalxan bir ailənin əlvan,

çiçəkli budağı İlham,

onun adını dünyaya yayan,

dözməyib şəhid olan Fərizə…

 

Cavanşir şəhidlərin adları içində

Allahyarın adını görcək,

bir jurnalist dostundan, Allahyarın

tanklar  ölüm saçanda

möhtəşəm ölüm rəqsi içində

yaralıları necə xilas etdiyini,

ölümün üzərinə qururla getdiyini dinnləyib,

tonqal başında  necə şölə verdiyini xatırlayıb,

onun hüzrünə getdi….

Allah! nələr eşitdi!

 

demə, həmin gün evdən çıxmazdan əvvəl,

əməllicə yuyunub, püsllənib, tərtəmiz,

təzə paltarlarını geyinib,deyib:

- qədim el adətincə, bir evdə yeddi oğul varsa,

biri

yurda yağı gələndə şəhidlik, qurbanlıqdır.

eşidənlər ağlayıb, deyiblər:

-getmə! gör necə yaraşıqlı,

boylu buxunlu cavansan!

zaravat eləyib:

- qurban yaraşıqlı qoçdan olar!

sağollaşıb hər kəslə

dövrana gücü çatmayan Allahyarın,

gücü özünə, sözünə çatıb…

üz-gözü nurdan xınalı qurbanlıq qoç kimi

ölümün üstə gedib…

şəhidlərin içində

özünü qurban deyən allahyarlar çox idi…

qurbanlıq olaraq da

mübarizə aparır, vuruşur, bu vətənin igidi!…

 

…Şəhidlər xiyabanı oldu Dağüstü park,

o vaxt belə işlədi fələyin əlində çarx…

 

[1]Olmuş hadisə. Allahyar Nəsibov indi Şəhidlər xiyabanında uyuyur.

[2]Yer adıdır. Bakının başqa bir girəcəyi