2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçildi

3 Baxış

Qusar folklor loqoAzərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq olunmuşdur. 2010-cu ildən tətbiq edilən bu Proqram nəticəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafı vüsət almış və regionların sosial-mədəni həyatında müsbət dəyişikliklər baş vermişdir. Proqrama əsasən “əfsanələr”, “folklor”, “sənətkarlıq” və bu kimi nominasiyalar üzrə “paytaxt” seçilmiş şəhərlərdə milli folklor ustaları və kollektivləri, xalq sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə etmiş, xalqın tarixi yaşam tərzinin, milli bayram və adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülmüşdür. Bu illər ərzində Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən “Azərbaycanın Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, habelə Şamaxı “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunmuşdur.

Proqramla əlaqədar 2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilmişdir.

Bu münasibətlə 11 mart 2016-cı il tarixində saat 12.00-da Bakı şəhərində yerləşən Muzey Mərkəzində 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı”nın Təqdimat mərasimi keçiriləcəkdir.

Məsələ ilə əlaqədar Qusar rayonunda il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

Bölmə : Sənət xəbər