2016-cı ildə yazarlarımız hansı əsərlərdən təsirləndi?- SORĞU

116 Baxış

 

15785642_614949578691867_810566585_o

Senet.az  yazarlara 2016-cı ildə hansı yazarların əsərlərindən təsirləndiniz? 2017-ci ildə yazarlardan hansı mövzularda əsərlər oxumaq istərdiniz?

sorğus ilə müraciət etdi. Verilən cavabları oxuculara təqdim edirik.

1437027508_vaqif-yusifli

Vaqif Yusifli: 2016-cı ildə daha çox Musa Yaqubun şeirlərini və Zahid Sarıtorpağın romanlarını oxumuşam . 2017-ci ildə vətənpərvərlik mövzusunda əsərlər oxumaq istərdim.

ilqar-fehmi-1

İlqar Fəhmi: Son illərin daha çox fəlsəfi əsərlərin mütaliəsində keçib. Ümumiyyətlə, məncə bizdə axır vaxtlar ədəbiyyatla bərabər fəlsəfi məsələləri də aktuallaşdırmağa çalışmaq lazımdı. Çünki ədəbiyyatımızın zənnimcə ən başlıca problemi fəlsəfəsizlikdi. Yazarlara gəlincə, mən heç vaxt müəlliflərdən qabaqcadan nəsə gözləmirəm çünki yalnız yazılan əsər realdı, əgər yazılmayanı düşünsək abstraksiyalar aləminə baş vuracağıq ki, bunun da ziyani xeyrindən çoxdu.

tamerlan

Şəmil Sadiq: Təsirlənmək gənclərə məxsusdur, bu yaşda kimdənsə təsirlənmək, ədəbiyyata yeni qədəm qoymaq deməkdir. Təəccübləndirən desəydiniz daha yerinə düşərdi mənim üçün. Çünki mən hələ də Nəsimi, Cavid və Muğanna təsirindəyəm və bu təsirdən də zövq alıram. Lakin Joze Saramaqonun “İsanın incili” əsəri yadımda qaldı 2016 da. Düşüncəmə çox yaxın bir əsər oldu. İkinci suala gəldikdə isə Anardan xatirələrini, Müşfiq Xandan elmi fantastik romanı, İlqar Fəhmidən tarixi roman, Dilqəm Əhməddən cümhuriyyətlə bağlı tarixi roman olsaydı sevə sevə oxuyardım.

 

kenan-haci

Kənan Hacı: Heç bir yazıçıdan təsirlənməmişəm. Gələn il yeni nəsr kitabımı çıxartmaq haqqında düşünürəm. Povest və hekayələr olacaq.

celil-1

Cəlil Cavanşir: Bu il demək olar məni təsirləndirən kitab olmayıb. 2017-ci ildə özəl bir gözləntim yoxdur.

DyL7sh62f43P

Aqşin Yenisey: Yaradıcı adam təsirləndiyini hiss eləmir, boynuna alır. Əgər təsirləndiyini hiss eləsə oğurlamış, üzünü köçürmüş sayılar. Təsirlənmə çox dərində gedən prosesdir. Ona görə təsirlənmişəmsə belə, bunu indi hiss edə bilmirəm, belə bir təsir olubsa, nə vaxtsa boynuma alacağam, məsələn, Dikkensdən təsirlənən rus realistləri kimi. Belə bir arzu növü tanımıram ki, yazıçıdan hansısa mövzuda əsər yolu gözləyəsən. Ədəbiyyatın, istedadın yeganə üstünlüyü gözlənilməz olmasıdır, arzulanmadığı halda ortaya çıxmasıdır. Yazıçılarımızdan gözləmədiyim əsərləri gözləyirəm.

qismet

Qismət: 2016-cı ildən Vladimir Nabokovun demək olar ki, bütün külliyatını oxuyub bitirdim və böyük zövq aldım. Bundan başqa Mario Varqas Lyosanın təxminən 5-6 romanını oxudum, bunlardan ən çox “Culiya xala və cızmaqaraçı”, “And dağlarında terror” və “Don Riqabertonun qeyd dəftərçələri” romanları məndə iz buraxdı. 2017-ci Orxan Pamukun “Vəba gecələri” adlı romanı çap olunmalıdı, onu gözləyirəm, bundan əlavə isə XX əsr modernistlərindən bəzilərini kitablarını oxumağı planlaşdırıram.

906319_664372790298033_6159718172615427240_o

Günel Eyvazlı:  Əsl yazı, dəqiq və yerində deyilmiş söz, möhtəşəm fikir insanı sarsıdır. Sözün yaxşı mənasında. Sanki birdən birə yüksək gərginlikli enerji səni vurur və yerə yıxılırsan. Doğrudur, belə bir xoşbəxtlik insana tez-tez nəsib olmur. Amma ağıllı fikirlər sərgiləyən söz adamları az da olsa, var.

Yazarlar vardır ki, məsələn, sosial şəbəkələrdən olduqca idrakla yüklənmiş fikirlər paylaşırlar. Fikirlərə vurulursan poeziyasına, yazılarına yaxınlaşdıqda əksini görürsən. Yəni istədiyin və ya gözlədiyin effektlə rastlaşmırsan.

Bu yaxınlarda bir sorğuda iştirak etdim. 2016-cı il olsa belə durum klassik durumdur. Hamı ətrafında olan, amma beş  kəlməlik canı olmayan dırnaqarası yazarların adlarını əzbərləmiş kimi sıralayırlar. Filənkəs, filənkəs… Vəssalam. Belə şeylər insanı, üzr istəyirəm ifadəmə görə, iyrəndirir.  Görünən kəndə bələdçi lazım deyil. Bir-birini tərifləməkdə davam etsinlər.

Mənim izlədiyim qələm adamları var. Yəni zövqlə, ləzzətlə onların yazdıqlarını oxuyuram. Belələri məni düşündürür, yazmağa vadar edir, yeni kitablar oxumağa sövq edir. Mətləb Ağa, Ziyad, Dalğa Xatınoğlu belə imzalardandır. “Ədəbiyyat qəzeti”ndə maraqlı və intellektual çevrə formalaşıb. Bir çox dəyərli qələm sahiblərinin yazıları ilə orada tanış olmaq mümkündür.

2017-ci ildə yazarlardan hansı mövzularda əsərlər oxumaq istəyirsiz sualına bəlkə də cavab verməyim doğru alınmaz. Çünki mövzuları zaman, durum, vəziyyət, düşüncə özü diktə edir. Hər halda, dəyərli qələm sahibi olmaq üçün dərin olmağı bacarmalısan. Dərinlik isə geniş mütaliədən qaynaqlanır. Yazar düşüncə dərinliyində boğmağı bacarmalıdı. Yalnız və yalnız düşüncələri didib-parçalayan, alt qatında dərin məna yatan yazılar oxumaq istəyirəm. Səthi mövzulara köklənmiş əsərlər bezdirir insanı, usandırır. Hörmət edib bir dəfə kitabını alıb vərəqləyirsən, sonra daha açmaq istəmirsən və o müəllif elə həmin gündən səninçün ölür.

KÖŞƏ YAZARLARI
TOP 10