2017-ci ildə ekranlaşdırılmış məşhur əsərlər

90 Baxış

o-o1

Senet.az oxucularına “Ustad” jurnalının 17-ci sayından Xavər Zahirin araşdırmalarında “2017-ci ildə ekranlaşdırılmış məşhur əsərlər” yazısını təqdim edir. 

Ötən il böyük və kiçik ekranlar üçün nəzərdə tutulan antiutopiya, detektiv, memuar, fentezi də daxil olmaqla müxtəlif janrlarda tədim olunan film və seriallar arasında tamaşaçıların böyük rəğbətlə qarşıladıqları da oldu, uğursuz tale yaşayanları da.

“Amerika tanrıları”, “Böyük-kiçik yalanlar”, “O”, “Qar adamı”, “İtmiş şəhər – Z” kimi bir çox məşhur əsərlərin ekran versiyasını gözdən keçirərək, orijinal mətnlə film arasındakı fərqlərə nəzər salaq.

 

“Amerika tanrıları” (“American Gods”) – 2017

Qısa məzmunu.

Tündməcaz, az danışan, boy-buxunlu Şadou Mun (Shadow Moon) kazinodan oğurluq etdiyinə görə həbsxanaya düşür. Cəza müddətinin bitməsinə az qalmış onu azad edirlər. Məlum olur ki, həyat yoldaşı Lora təyyarə qəzasında dünyasını dəyişib. Təyyarədə olarkən Mun qəribə görkəmli, yaşlı cənab Uenzdi (MrWednesday) ilə tanış olur və bu qoca ona cangüdəni olmağı təklif edir. Ancaq tezliklə məlum olur ki, heç də hər şey göründüyü kimi sadə deyilmiş. Əslində, Uenzdi – tanrı Odindir. O, yeni, daha müasir tanrılarla döyüşə hazırlaşır və Lora da deyəsən, heç ölməyib…

 

Orijinal mətndən nə qalıb.

Nil Qeymanın bu məşhur romanı on ildən artıqdır ki, tamaşaçılara tanışdır. Əvvəlcə HBO vasitəsilə yayımlanan serialın bir neçə mövsümü nəzərdə tutulmuşdu, sonra kitabın müəllif hüquqlarını Starz kanalı aldı və elə eyni planla seriala davam etdi. Layihənin icraçı prodüserləri Maykl Qrin (“Loqan”, “Yad”, “Ülgüc üzərində qaçan 2049” və “Şərq ekspressində qətl” filmlərinin ssenari müəllifi) və “Hannibal” üzərində işləyən Brayan Füller oldu. Onlar ilkin versiyanı qoruyub-saxlamaq şərtilə kitabın üçdə birini səkkiz saatlıq seriyalara uyğunlaşdıra biliblər. İkinci plan obrazların dəqiqləşdirilməsi, yeni tanrıların (Vulkan, İsus) əlavə edilməsi kimi düzəlişlər isə icraçı prodüser vəzifəsini tutan yazıçının özü tərəfindən təsdiq olunub.

 

Nəticə.

Füllerin yaradıcılıq metodundan xəbərdar olanlar, yəqin ki, məmnun qalıblar. “Amerika tanrıları” diqqətçəkən görüntü metaforaları, olduqca parlaq rəngləri (yaxud “qışqıran” rəngləri) və qeyri-ənənəvi zövqün digər göstəricilərilə vizual olaraq “Hannibal”ı xatırladır. İen Makşeynin cənab Uenzdi roluna seçilməsi isə yaradıcı kollektivin işinə necə diqqətlə yanaşdığını bildirir. Onun iştirakı ekranda baş verənləri daha da canlandırır. Qeymanın özü də nəticədən razıdır. Onun sözlərinə görə, belə bir serial “bəşər tarixinin istənilən anında ekranlara çıxa bilməzdi”. Bu həqiqətdir, doğrudan da, məhəbbət ilahəsi Bilkislə bağlı olan bəzi səhnələri 2001-ci ilin ekranında təsəvvür etmək çətindir. “Amerika tanrıları” telemövsümün ən aktual iki şousundan biridir. Müəlliflərin pro-immiqrant mövqeyi (vətənində immiqrantlarla ədalətli davranılmasına, hüquqi bərabərliyə nəzarət) ölkədəki siyasyi vəziyyətlə, yəni ABŞ-ın hazırkı prezidentinin qəbul etdiyi qərarlarla açıq-aydın uzlaşmır. Serialın davamı 2018-ci il üçün nəzərdə tutulub, ancaq kanalla büdcə məsələsində razılığa gəlmədikləri üçün yeni mövsümdə Qrin və Füller layihədə işləməyəcək.

 

Daha bir fentezi.

“Netflix”dən “Lemoni Sniket: 33 bədbəxtlik” serialı üç yetim uşaq və onların varidatını ələ keçirməyə çalışan hamiləri qraf Olaf haqqında hekayənin yeni versiyasıdır. Bu dəfə 2004-cü ildəki ekranizasiyasından daha uğurlu alındığı bildirilir və istedadlı aktyor Nil Patrik Harrisin rolunu özünəməxsus ifa etməsi ayrıca qeyd olunur.

“Böyük-kiçik yalanlar” (“Big Little Lies”) – 2017

Qısa məzmun.

Kaliforniyanın zəngin şəhərətrafı məkanlarından birində təhsil ili yeni başlayıb. Madlen qızını, Selesta iki oğlunu, buraya yenicə köçən Ceyn isə onu zorlayan adamdan olan oğlunu – kədərli Ziqqini birinci sinfə aparır. Şəxsi travmanın aradan qaldırılma müddəti yerli sakinlərin arasındakı intriqaralarla və evli (bu və ya digər dərəcədə bədbəxt olan) cütlüklərin həyatından səhnələrlə paralel olaraq çatdırılır. Süjet elə qurulub ki, baş verən hadisələr final bölümündə polis araşdırmasının predmetinə çevrilsin.

 

Orijinal mətndən nə qalıb.

Demək olar ki, əsər dəyişdirilmədən bütövlükdə tətbiq olunub. Gözəçarpan bəzi dəyişikliklər sırasında hadisələrin Avstraliyadan ABŞ-a köçürülməsini, əsərdə daha monoton təsir bağışlayan ikincidərəcəli xanım qəhrəman Renata obrazının mürəkkəbləşdirilməsini, Madlenin kukla tamaşasının rejissoru ilə olan macərasını göstərmək olar. Bu rolu ifa edən Riz Uizerspun etiraf edib ki, tamamilə qüsursuz birini oynamaq darıxdırıcı olduğundan obrazın sonluğunu özü fikirləşib. Lian Moriartinin romanının ekranlaşdırılmış versiyasında bəzi kənaraçıxmaları isə Buzzfeed media-şirkətində hərtərəfli şəkildə işləyib-hazırlayıblar. Hətta kitabı oxumayanlar belə, Madlenin əri Edin əslində hansı peşənin sahibi olduğunu və bunun kimi bir çox vacib detalları da öyrənə bilərlər.

 

Nəticə.

Hələ fevralda erkən təqdim edilən relizə baxmayaraq, “Böyük kiçik yalanlar” 2017-ci ilin ən çox müzakirə olunan seriallarından birinə çevrildi və siyahılarda öz yerini tutmağa başladı (hətta bəzi siyahlara başçılıq etdi). Uizerspundan başqa, Nikol Kidman, Lora Dern, Şeylin Vudli, Aleksandr Skarsqard, Zoi Kraviç, Adam Skott kimi aktyor ansanblı, montaj fokusları, əhvali-ruhiyyə qatan pafos, bir sözlə, “Gələcək – qadındır” şüarına uyğunlaşan hər şey tamaşaçıların yaddaşında uzunmüddətli təsir qoya bildi. Serialın ilk sezonunu nəzərdən keçirəndə əksər məqamlara – təkrarlara, fon musiqisinə göz yummaq olar, amma ikinci sezonu bu material üzərində təsəvvür etmək çətindir. HBO isə başqa fikirdədir: yeni seriyaların tamamlanmış ssenarisi istisna olmaqla, onlar artıq rejissor dəyişimini elan ediblər. Jan-Mark Vallenin (“Alıcıların Dallas klubu”, “Vəhşi”, 2018-ci ilə planlaşdırılmış Emi Adamsın iştirakıyla “İti əşyalar” filmi) yerini Kanndan üç dəfə münsiflər heyətinin mükafatını qazanmış Andrea Arnoldu tutacaq.

 

Digər feminist detektiv.

“Alias Qreys” – Marqaret Etvudun digər əsəri (“Damazlıq qızın hekayəti”) kimi çox müzakirə olunmasa da, bu, öz sahibini öldürmüş (bu hələ tam məlum deyil) qulluqçu qız haqqında olan mini-serialı arxa plana atmaq üçün səbəb deyil. Həm də Devid Kronenberqi başqa harada rahib obrazında görmək şansımız var?

“İtmiş şəhər Z” (“The Lost City of Z”) – 2016

Qısa məzmun.

Britaniyalı zabit, səyahətçi və mistik Persi Fosetta haqqında olan bioqrafik filmdir. 1906-cı ildə Kral Coğrafiya Cəmiyyətinin tapşırığı il o, mübahisəli əraziləri müəyyən etmək üçün Braziliya və Boliviyanın sərhədinə yollanır, çox keçmədən bir vaxtlar bu ərazidə mövcud olmuş sivilizasiyanın izinə düşür. Dəfələrlə cəngəlliyə geri qayıdan Fosset, 1925-ci ildə oğlu Cek və dostu Rali Rimmellə birlikdə həmişəlik itkin düşür. Ondan yalnız kompas və haqqında maraqlı əfsanələr qalır. Sonralar bu əfsanələr əsasında Artur Konan Doylun “İtmiş dünya” əsərindən Stiven Spilberq və Corc Lukasın “İndiana Cons”una qədər XX əsr pop-mədəniyyətinin ən məşhur əsərləri yaranır.

 

Orijinal mətndən nə qalıb.

Fossetin həyatını və sonuncu ekspedisiyası da daxil olmaqla bütün fəaliyyətini amerikalı jurnalsit Devid Qrann ətraflı araşdıraraq qələmə alıb. O, şəxsən səhayətçinin izilə yola düşüb, hindularla görüşüb, Fossetin və yoldaşlarının başına həqiqətən nəyin gələ biləcəyini təxmin etməyə çalışıb. Karyerasının ən sanballı işini həyata keçirən Ceyms Qrey Qrann tərəfindən toplanmış məlumatlardan istifadə edib. Ancaq təbii ki, bəzi xırdalıqları və təəccüblü də olsa, ikinci plan qəhrəmanı Rimmeli ssenaridən çıxarıb, hətta filmdə onun adı da xatırlanmır. Bunu təsirli xronometrajla izah etmək olar. 140 dəqiqə ərzində Qrey Fossetin özü, ailəsi və dövrün tarixi konteksti haqqında məlumat verməyə çalışıb. Onun işində hinduların hüquq müdafiəçisi kimi çıxış edən səyahətçi obrazı olduqca şişirdilmiş görünür.

 

Nəticə.

Müasir kinematoqarfiya sanki böyük macəra səhnələrinə marağı itirib (əlbəttə, əgər onlar kosmosda baş vermirsə), lakin odissey Fossetin fonunda belə bir film əsl anaxronizm təsiri bağışlayır. İddialı olsa da, çoxlu gəlir hədəflənməyən filmə görə maliyyə dəstəyini baş rol üçün nəzərdə tutulan Bred Pitt təşkil edib. Ancaq nəticə etibarilə, baş rol Çarli Hannemə çatıb. Filmdə onu Robert Pattinson, Sienna Miller və Tom Holland müşayiət edir. Aid olduğu dövrü gözəl şəkildə çatdıran film müasir vədişlərdən uzaqdır və əgər 30 ildən sonra kinoteatrlar qalsa, “İtmiş şəhər Z”, bəlkə də, Devid Linin “Ərəbistanlı Lourens”i ilə eyni retrospektivdə nümayiş olunacaq.

 

Digər “non-fikşn” da ekranlaşdırılır.

Devid Finçerin ləng, nisbətən ağır, eyni zamanda da üzün müddət təsir altında saxlayan “Ağıl ovçusu” filmi də real hadisələrə əsaslanır. Seriya qətllər törədən cinayətkarların işlərini öyrənən Federal Təhqiqatlar Bürosunun əməkdaşları haqqında olan kitabın müəllifləri Con Duqlas və Mark Olşakerdir. Yeri gəlmişkən, “Quzuların səssizliyi” filmində Klaris Starlinqi öyrədən xüsusi agent Cek Krouford Duqlasın prototipidir.

“Məni öz adınla çağır” (“Call Me by Your Name”) – 2017

Qısa məzmun.

Hər şey Elio və Oliverin görüşündən sonra başlayır. Yayda villada dincələn arxeologiya professorunun 17 yaşlı oğlu Elionun həyatı atasının assisteni Oliverin (Armi Hammerin ifasında) onlara qonaq gəlməsilə dəyişir. Altı aylıq velosiped gəzintiləri, dəniz macəraları, hər şeydən, həm də heç nədən bəhs edən söhbətlər, uzun baxışmalar və nəvazişlər – İtaliyanın Liquriyasında ilk məhəbbətin başlanğıcını qoyur. “Məni öz adınla çağır” 2017-ci ilin ən yaxşı filmlərindən biridir.

 

Orijinal mətndən nə qalıb.

Rejissor Luka Quadanino və ssenari müəllifi Ceyms Ayvori Andre Asimanın romanını ekranlaşdırarkən kiçik əlavələrdən başqa prinsipial dəyişikliklərə də yol veriblər, xüsusən də final hissəsi olduqca təsirli çəkilib. Bu adaptasiyanın özəlliklərini təhlil edərkən, ağla ilk gələn söz “ustalıq”dır. Filmdə Elionun perspektivi saxlanılıb, onun kino dilinə köçürülmüş alovlu monoloqu kitabdakı kimi böyük təsir gücünə malikdir, eyni zamanda quruluşçu rejissorun ümumi seçimi filmə yüngüllük və axıcılıq verir. Romanın heyranları da Oliver və Elionun münasibətlərindəki vacib məqamı təsvir edən “şaftalı səhnəsindən” yan keçə bilməyəcəklər. Bəziləri, yəqin ki, bu səhnəni qeyri-etik hesab edəcək, digərlərisə bunu film boyu absurddan qaçmağa çalışan Quadaninonun “səliqəli qərarı”adlandıracaq.

 

Nəticə.

“Böyük sıçrayış” adlı dahiyanə film müəllifinin yeni ekran işi haqqında yanvarda baş tutmuş “Sundance” (“Sandens”) kinofestivalındakı premyerasından bəri danışılır. Əksəriyyətin fikrinə əsasən, “Məni öz adınla çağır” bu il “Oskar” tənqidçilərinin də rəğbətini qazanacaq. Öz ifasıyla filmə xüsusi rəng qatan gənc Timoti Şalamenin də aktyorluğu yüksək qiymətləndirilir. Şübhə yoxdur ki, “İnterstellar”dakı Kuperin oğlundan əsl artist yetişir. “Məni öz adınla çağır” filmini “Kerol”, yaxud “Adelin həyatı” kimi müasir kvir-klassika nümunələri ilə müqayisə edirlər. Quadanino isə fərqli paralellər görür: O, “Sübhdən əvvəl”, “Qürubdan əvvəl” və “Gecəyarıdan əvvəl” seriya filmlərindəki Cessi və Selini müntəzəm olaraq ziyarət edən Riçard Linkleyterin tarixçəsinə bənzər hekayələrə müraciət edə bilər. Hər şey qaydasında getsə, ekran işinin davamı artıq 2020-ci ildə hazır olacaq. Şübhə yoxdur ki, əsas aktyorlar yenidən öz obrazlarına qayıtmağa etirazları olmayacaq və günəşli, məhəbbətlə yoğrulmuş dünyalarında yaşamağa davam edəcəklər.

 

Növbəti yeniyetməlik dramı.

Tamaşaçıları göz yaşına boğacaq qədər emosional süjetə malik olmasa da, Stiven Çboskinin “Möcüzə” adlı üçüncü filmi (R.C.Palasionun eyniadlı romanı əsasında) genetik xəstəliyinə görə üzündə 20-dən çox estetik əməliyyat keçirən 5-ci sinif şagirdinin əhvalatından bəhs edir. “Möcüzə” Ceykob Tremble (“Otaq”) üçün darıxanlara ən yaxşı tövsiyədir.

“Şir” (“Lion”) – 2016

Qısa məzmun.

Yoxsul ailədə yaşayan beş yaşlı Saru Kəlküttədə azır, bir neçə ay şəhər küçələrində dəhşətli həyat keçirsə də, taleyi elə gətirir ki, yeni bir ailəyə düşür və Avstraliyada yaşamağa başlayır. İyirmi ildən sonra hind şirniyyatı calebinin dadı onda uşaqlıq xatirələrini oyadır və əsas qəhrəman “Google Earth” proqramının köməyilə əsil ailəsini axtarmağa başlayır. Filmin sonluğu hər kəsi ağladır.

 

Orijinal mətndən nə qalıb.

“Şir” filmi bu keşməkeşli həyatı şəxsən yaşayan Saru Brayerlinin “Evə uzun yol” memuarının əsasında çəkilib. Ekranizasiya, əsasən, ayrı-ayrı mövzu və motivlərin dinamik yerdəyişməsi ilə ədəbi kontekstə uyğunlaşdırılıb. Böyümüş Saru (Dev Patel) və onun sevgilisi amerikalı Lüsi (Runi Mara) barədə səhnələrə kitabla müqayisədə daha çox yer verilib. Lakin Sarunun yoxa çıxmasından sonra onun ailəsinin islam dinini qəbul etməsi faktına isə heç toxunulmayıb. Sanki, rejissor tamaşaçının diqqətini mərkəzi süjetdən yayındıracaq, hisləri başqa istiqamətə yönəldəcək istənilən nüanslardan qaçmağa çalışıb.

 

Nəticə.

“Oskar”a altı kateqoriyada namizədlik, Avstraliya kinematoqrafiyası üçün ağlagəlməz büdcə və Dev Patelin “Xarabalıqdan çıxmış milyonçu”dakı rolundan sonra fərqli ifası çoxlarına görə böyük uğur vəd etsə də, belə olmadı. Ümumilikdə, film ənənəvi xarakter daşıyır və sırf mükafatlara görə çəkilib. Bir tərəfdən tamaşaçını üçüncü dünya ölkələrinin problemləri ilə yormamaq üçün eqzotiklik var, digər tərəfdən də Kino Akademiyasınının rəğbətini qazanmaq üçün həddindən artıq sentimentaldır. Qeyd olunanlar ən çox rejissor Qart Devisin xeyrinə işləyib. Apreldə onun “Mariya Maqdalena” filmi işıq üzü görəcək ki, burada da İsa rolunu Jakin Feniks ifa edir.

 

Qəlbə toxunan növbəti ekranizasiya.

İkinci Dünya Müharibəsi dövründə Polşa yəhudilərinin xilas edilməsindən söhbət açan “Heyvanxana nəzarətçisinin arvadı” filminin relizi prodüserlər tərəfindən düzgün vaxtda verilsəydi, bir çox nüfuzlu mükafatlara namizəd olacaqdı. Nəticədə filmin nümayişinə şəxsən Cessika Çesteynin və onun eyniadlı kitabının heyranları tamaşa etdilər.

“Ledi Maqbet” (“Lady Macbeth”) – 2016

Qısa məzmunu

Böyük Britaniyanın şimalı, XIX əsr. Dvoryan Aleksandr atasına yarımaq üçün torpaq alır və gənc Ketrinlə evlənir. İmpotensiyadan əziyyət çəkən despot Aleksandr Ketrinə əzab verir və onu bezdirir. Bir müddət sonra yaşadığı yeri tərk edəndə arvadına o qayıdana qədər evdən çıxmamağı əmr edir. İşlər elə gətir ki, gənc qadın və evin işçisi Sebastyan arasında sevgi alovlanır və onlar hətta ən ağır şərtlər altında belə olsa bir-birni sevəcəklərinə, məhəbbətləri naminə hər çətinliklə mübarizə aparacaqlarına and içirlər.

 

Orijinal məzmundan nə qalıb.

Yeni “Ledi Maqbet”in qərb tamaşaçısı üçün qeyri-müəyyən qalan mətninin Nikolay Leskovun əsərindən daha çox, Şastakoviçin opresı kimi tanınması rus klassikasının yad torpaqlarda nə qədər fərdi qarşılandığını göstərir. Məkanı, qulluqçuların adlarını və dəri rəngini dəyişərək debüt edən iki yaradıcı insan – rejissor Uilyam Oldroyd və ssenari müəllifi Elin Birç ingilis və rus melodramlarının ortaq nöqtələrini vəhdət şəklində göstərərək qaranlıq məqamlara işıq salmağa çalışıblar. İstənilən halda süjetdəki hadisələrin qanlı hal alması qaçılmazdır. Başqa bir element isə əsərin finalıdır – qəhrəmanı suda boğaraq öldürən Leskov həqiqi radikal kimi çıxış edir, filmdəsə qəhrəman bütün günahı qulluqçunun və sevgilisinin üstünə ataraq cəzasız qalmağı bacarır.

 

Nəticə.

Ən azından bu il tamaşaçıların diqqətini qazanan bu kəskin, dinamik, nadir təhkiyə quruluşuna malik filmin mücəvhəri 21 yaşlı aktrisa Florens Pyudur. Bu, onun ilk tammetrajlı filmi olmasına baxmayaraq, maraqlı müqayisələri və parlaq pespektivləri ilə seçilir. Florens artıq Con Le Karrın “Balaca barabançı” əsəri əsasında Aleksandr Skarsqadın çəkdiyi filmə qoşulub. Qeyd olunmalıdır ki, film “Yüngül əxlaqlı qız” adlı ekran işinin müəllifi Eri Veqnerin soyuqqanlı kamerası olmadan çox şey itirərdi. Olduqca formal və intim süjet xətti üçün ən uyğun soyuq həndəsi rakursları “Ledi Maqbet”də də görə bilərik.

 

Rus klassikasının növbəti ekran versiyası.

“Anna Karenina”nı diqqətli şəkildə oxuyandan sonra Karen Şahnazarovun və Aleksey Buzin, Vikenti Veresayevi Tolstoyla qarşılaşdırır. Onların “Anna Karenina” serialında Seryoja Karenin artıq böyüyüb. O, həkimdir. Rus-yapon müharibəsində Aleksey Vronskini əməliyyat etməyi öhdəsinə götürür və onun dilindən anası ilə olan sevgi macərasını ətraflı öyrənir. Demək olar ki, hər cəhətdən bu serialın alternativi kimi çıxış edən, bütün mənalarda, tamam başqa Tolstoyun (Aleksey Tolstoy) “Əzablı yollarla” əsərinin ekranizasiyasında baş rolları Anna Çipovskaya və Yuliya Sniqir ifa edirlər. Tamaşaçılar NTV (НТВ) kanalının təqdim etdiyi bu serialla Rusiya inqilabı haqqında çox şey öyrənəcəklər.

“O” (“It”) – 2017

Qısa məzmun.

Men ştatının Derri şəhərciyini 27 ildə bir mənbəyi bilinməyən qəribə hal bürüyür. Bu dəfə həmin qəribə güc – O, boşboğaz kloun cildində peyda olur və kanalizasiyaya yaxın yerlərdə gəzişən uşaqları oğurlamağa başlayır. Qorxunc hadisələr məktəbdə friklərlə qiklərin qarşıdurması və ailədaxili münasibətlərinin kəskinləşməsi fonunda baş verir.

 

Orijinal məzmundan nə qalıb.

Stiven Kinqin 1000 səhifəlik kitabının yeni ekranizasiyası planlaşdırılmış şəkildə ilk məşhur mini-serial versiyasından 27 il sonra çıxıb. Bu adaptasiyaya quruluşçu rejissorun seçimi daha çox təsir edib. Keri Fukunaqa filmlərindəki açıq-saçıq səhnələr görə NC-17 reytinqində ilk pillənin sahibidir. Andres Musketti (“Ana”) R kateqoriyasına (16 +) və daha az vəhşilik olan versiyaya üstünlük verdi. Ayrı-ayrı personajların hekayəsi nisbətən dəyişdirilib. Romanda Maykın valideynləri yanğında ölməyiblər. Filmə kitabın ancaq yarı hissəsinin tətbiq olunduğunu da qeyd etmək yerinə düşər. 2019-cu ildə nümayiş olunacaq ikinci hissədə qəhrəmanların artıq 40-a yaxın yaşları olacaq və onlar son “döyüş” üçün yenə də “O”nunla görüşəcəklər.

 

Nəticə.

“O” horror tarixində ən uğurlu ekran işi hesab olunur. Layihə öz janrına görə ağlağəlməz məbləğ – 700 milyon dollar qazanıb və bu da deməyə əsas verir ki, kassa cavanlıq nostalgiyasına qapılan tamaşaçılar sayəsində dolub. Belə bir halı “Qəribə hadisələr” serialının ikinci mövsümündə də müşahidə etmək olardı. Ancaq Mett və Ross Dafferlərin serialından fərqli olaraq, “O” məktəblilərin həyatı fonundakı fentezi və dram arasında qalır, burada xarici mistik güclər daxili mübahisələri, çəkişmələri qanlı səhnələrin gərginliyilə təsvir edir. Dəhşətli dərəcədə qorxulu səhnələr nisbətən azdır, filmin çox hissəsində hadisələr gündüz vaxtı baş verir və belə işıqlandırma nədənsə çox qorxmaq ehtimalını aşağı salır.

 

Daha beş ekranizasiya.

Ötən il “dəhşətlər kralı” Stiven Kinqin 70 illik yubileyi olduğundan adı, demək olar ki, 2017-ci ilin əksər titrlərindı yer almışdı. “O” filmindən başqa “Qaranlıq qala” (müəllifin “Atıcı” və “Qara geyimli adam” əsərlərinə proloq kimi), “Sis”, Brendan Qlisonun ifasıyla “Cənab Mersedes” (aktyor üçün artıq ikinci və üçüncü mövsümlər də sifariş olunub) və əlavə olaraq iki az tanınan, ancaq son ilər Kinq ekranizasiyalarının ən uğurlu nümunələri – “1922” (Tomas Ceynin iştirakıyla) və “Ceraldın oyunu” (Karla Qucinonun əri onu qandallayıb çarpayıya bağlayandan sonra ürəktutmasından ölüb. İndi qadın qandallardan azad olmağa çalışır) ekranlara və monitorlara çıxdı.

“Aqibət duyğusu” (“The Sense of an Ending”) – 2017

 

Qısa məzmun.

Vintaj fotoaparatlar mağazasının sahibi qaraqabaq təqaüdçü Toni Uebster öyrənir ki, keçmiş sevgilisi Veronikanın anası ona 500 funt və oğlu Adrianın gündəliyini miras qoyub. Kollec vaxtı intihar edən dostunun qeydlərini əldə etmək istəyərkən Tonidən əvvəl Adrianla görüşmüş Veronika onun yolunu kəsir. O qədər də yaxşı alınmayan həyat hekayəsinin nəticələrini izləmək, öz yaddaşının hüdüdlarını müəyyənləşdirmək və Toni üçün ən vacib insanlarla – keçmiş arvadı Marqaret və qızı Syuzanla münasibətləri qaydasına salmaq qarşıda onu gözləyən əsas məqamlardır.

 

Orijinal məzmundan nə qalıb.

Bütövlükdə Culian Barnsın “Buker” mükafatı qazanmış romanının ekranizasiyası kitabın sərhədlərini daha da genişləndrib. Başı müntəzəm məşğuliyyətlərə və körpəyə qarışan yaşlı Toni (Cim Brodbent) hamilələr üçün kurslara gedir. Ümumilikdə, roman monoloqları mühitində minimuma endirilmiş gündəlik həyat səhnələrinin şahidi oluruq. Veronika sanki daha da qapanır və xaraktercə qaranlıqlaşır. Acımasız tale tərəfindən əzablara düçar olmuş bu obrazı istedadlı aktrisa Şarlotta Remplinq canlandırır. Təbii ki, optimist (ssenari müəllifi Nik Peyn “kommersiya təzyiqindən” danışırdı) finalı görürük. Müəllif Cuilan Barnsın itirilmiş zaman axtarışı Puşkinin balıqçısı kimi boş qalmış torla sona çatır.

 

Nəticə.

Hislərin epitetlərdən daha çox, sintaksislərdə ifadə olunduğu Barns nəsrinin sərtliyi öz ideal formasına Endryu Heyin (Şarlotta Remplinqin iştirakıyla “45 yaş” filmi) ekran adaptasiyasında da qovuşa bilərdi, lakin Riteş Bartda da bu olduqca sanballı alınıb. “Aqibət duyğusu” hərtərəfli dəqiq işlənib, iki fərqli zaman müstəvisinin təhkiyəsi – Toninin indisi və 50 il əvvəlki hadisələrin gedişatı bir-birini tamamlayır. Burada çatışmayan yeganə cəhət, kitabdakı kimi hadisələrin oxucunu çaşqınlıq içində saxlaması və oxucunu dəfələrlə əsərin əvvəlinə qaytararaq olanları bir daha gözdən keçirməyə vadar etməsidir. Bartın filminə isə yuxusuzluqdan qurtulmaq üçün baxmaq olar.

 

Britaniya ədəbiyyatından növbəti ekranizasiya.

“Aqibət duyğusu”ndan fərqli olaraq, Stiven Freyin “Hippopotam” əsəri yay kinoprokatlarını nisbətən canlandırırb. Əslində, bu filmdə də elə bir dahiyanə heç nə yoxdur – inspektor rolunda əyyaş-şairin göstərildiyi növbəti detektivdir. Aydın görünür ki, müasir Britaniya komediyası bu cür bünövrənin üzərində dayanır.

“Damazlıq qızın hekayəti” (“The Handmaid’s Tale”) -2017

 

Qısa məzmun.

İndiki dövr. ABŞ-da hakimiyyəti yeni qanunlar tətbiq edən, xristian fundamentalistlər ələ keçirib. Yeni qanunlara görə, qadınlar adlarından, hüquqlarından və azadlıqlarından məhrum edilir. Uşaq dünyaya gətirmə qabiliyyəti olanların hamısı komandorların evlərinə göndərilir. Qaçmaq, yeni sahiblərin qarşısında bioloji borcu yerinə yetirməkdən boyun qaçırmaq olmaz. Baş qəhrəman Cun komandor Frederik Uoterfordun evində xidmət göstərir və qəlbində nifrətlə yaşayır – axı balaca qızını necə əlindən aldıqlarını unutmayıb…

Orijinal mətndən nə qalıb.

Marqaret Etvudun antiutopiyasını qadın marşlarına bənzədənlər də var, hətta siyasi kontekst olmasa belə, əsər tamlığını itirmir. Hər şeydən əvvəl üslubi baxımdan güclü tərəf filmdə də özünü göstərir. “Hulu” tərəfindən təqdim edilən ekran versiyasına Bryus Miller nəzarət edir. O, kanadalı yazıçı ilə danışıqlar apararaq bütün mümkün dəyişiklikləri edib və 30 il əvvəl yazılmış əsəri daha real vaxta – 2010-cu ilə köçürüb. Təkcə texnoloji yeniliklərlə iş bitməyib. Qəhrəmanların əksəriyyətinin əvvəlki həyatı haqqında ətraflı məlumat verilib, əsas fərqlərdən biri də təhkiyəçi qəhrəmanın tamam fərqli temperamentdə çıxış etməsidir. Televersiyadakı Cun heç də kitabdakı kimi tabe olan, şəraitə boyun əyən, baş verənləri sakitcə qəbul edən biri deyil.

 

Nəticə.

“Damazlıq qızın hekayəti” 2017-ci ildə səkkiz kateqoriya üzrə “Emmi Mükafatı”nı alıb. 2017-ci ilin dram janrında ən yaxşı serialı seçilən ekran işi, 2018-ci ildə “Qızıl qlobus” almaqla bərabər, tənqidçilər tərfindən də bir çox nüfuzlu mükafata layiq görülüb. Aydındır ki, bu düzxətli əsərin ictimai-siyasi məzmunu başqa cür qurulsaydı, bəlkə də belə maraqla qarşılanmazdı. Məsələn, 1989-cu ildəki ilk ekranizasiyasına baxaq. Şübhəsiz ki, bu, birbaşa fəaliyyət publisistikasıdır, şoudur, amma son dövrlərin təcrübələrinə əsasən deyə bilərik ki, yüksək televiziya prizmasından vacib nəyisə çatdırmaq lazım olanda, birbaşa insanların əsəb sistemnə təsir etməyə ehtiyac yoxdur. Təbii ki, bu deyilənlərin hamısı ilk versiyaya aid etmək olmaz. Etvud, həqiqətən də, incə modernist ənənələri ilə işləyən nəsr ustasıdır. Onun çoxbucaqlı, gözlənilməz yanaşmalarla zəngin nəsri bəzi xüsusiyyətlərilə Zamyatin yaradıcılığını xatırladır. “Hekayət”in növbəti mövsümünə gəldikdə isə 10 seriyalıq ilk mövsüm bütövlükdə kitabı əhatə edir və əsərdə yeni serialar üçün heç nə yoxdur. Bəzən belə də olur: Deymon Lindelofun “Atılmışlar”ı kimi ədəbi əsasdan çıxmaqla da TV-də ən yaxşı seriallardan biri kimi qalmaq mümkündür.

Daha bir təkrar ekran işi.

Sofiya Koppolanın son filmi “Ölümcül cazibə” rəsmi olaraq Tomas Kallinenin romanı əsasında çəkilib, əslində isə, yeni fikirlər və hazırlıqlar Don Siqelin həmin əsər üzrə ekran adaptasiyası “Aldanmış”dan götürülüb. İlin sonuna yaxın bu fakt, sanki unuduldu: mayda Koppola Kann kinofestivalında ən yaxşı rejissor mükafatını aldı. Rejissorun orijinal işin koveri, bir növ başqa bir tonallıqdakı ifası olan bu ekranizasiyası 2017-ci ilin ən yaxşıları siyahısına düşə bildimi?

“Qar adam” (“The Snowman”) – 2017

Qısa məzmun.

Oslo, qış. Çox içən detektiv Harri Hole açıqca alır: o qədər də mühüm görünməyən təhdid şəxsən detektivin özünə ünvanlanıb və çap hərflərilə yazılıb, yazının sonunda isə qollarını açan qar adamı təsvir olunub. Elə həmin vaxtlarda şəhərdə və kənar ərazilərdə uşağı öz ərindən olmayan qadınlar yoxa çıxmağa başlayır. Qurbanların həyətlərindəki (gözləri əvəzinə kofe dənələri qoyulmuş) qar adamları qatilin eyni adam olmasına dəlalət edir. Berqendə oxşar işi araşdıran detektiv isə bir gün öz komasında başından vurulmuş şəkildə tapılır – polis ekspertizasına əsasən, o silahla özünü vurub.

Orijinal mətndən nə qalıb.

“Qar adamı” uzun zaman diqqət çəkən layihə kimi görünmürdü. Əvvəlcə Yu Nesbonun romanına Martin Skorseze, sonra “Məni azad et” və “Casuslara yer yoxdur” kimi yaddaqalan ekran əsərləri yaradan işveçli Tomas Alfredson rejissorluq etməli idi. Lakin təcrübəli quruluşçu rejissor və üç ssenari müəllifi romanın əsas mətnini ekrana köçürməyi bacarmadılar. Onlar orijinalda sona qədər sağ qalan qəhrəmanı öldürdülər, baş qəhrəman Harri Hole (yalnız bilinir ki, o dahi və əyyaşdır) də daxil olmaqla, obrazların xarakterini gözə çarpacaq dərəcədə sadələşdirdilər. Nəticədə “Qar adamı”nı oxumayan tamaşaçılar üçün süjet qaranlıq qala bilər: burada kadrların bir-birini izləməsi prinsipini anlamaq çətindir.

Nəticə.

Noyabrda ekranlara çıxan versiyanı yekdilliklə ilin ən bərbad filmi adlandırırlar, ancaq dekabrın sonu Devid Eyrin “Netflix”də yayımlanan “Parlaqlıq” filminin, ilk rəylərə əsasən, hələ bu səviyyəyə qalxmasına çox var. “Qar adam” bir növ istedadlı aktyorların “israfıdır”: tanınmış aktrisalar sanki öz replikalarından utanır, gözoxşayan mənzərə çəkilişləri bir-birini izləyir; rejissor özü də etiraf edib ki, ssenarinin 15%-ni çəkə bilməyib – bu isə ciddi ekran işinə yaraşmayan situasiyadır. Digər tərəfdən baxanda isə, Kennet Branın “Şərq Ekspressində qətl” rimeykindən daha yaxşı təsir bağışlayır. Harri Hole obrazını ifa edən Maykl Fassbender də rolunda sünilikdən uzaqdır, ən azından təzəyi iki ayağı ilə birdən tapdalmadığı üçün diqqətəlayiqdir.

Xarakterilə seçilən növbəti detektiv.

Robert Qelbreytin (özünü yeni janrda sınayan yazıçı Coan Roulinq) “Qu quşunun çağırışı” debüt romanının BBC tərəfində ekranizasiyası – “Strayk” seriyalı detektiv Kormoran Strayk və onun köməkçisi Robin Ellakot haqqındadır. Kriminal süjetlərdənsə, qəhrəmanların münasibətlərini izləmək daha maraqlıdır. Ancaq aydın olur ki, bu yaradıcı kollektiv tərəfindən elə bu cür də düşünülüb.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10