2050-ci ildə çap edilməli olan hekayə: Paula

16 Baxış

Devid Cerom SelincerSenet.az “Ustad” jurnalının ikinci sayında dərc edilən “Maraqlı fakt” rubrikasındakı yazını təqdim edir.

2050-Cİ İLDƏ ÇAP EDİLMƏLİ OLAN HEKAYƏNİ “USTAD” ÖZ OXUCULARI ÜÇÜN  TƏRCÜMƏ EDİB

Azərbaycan oxucusunun daha çox “Çovdarlıqda uçurumdan qoruyan” romanı ilə tanıdığı Devid Cerom Selincerin heç vaxt yayımlanmayan üç hekayəsi internetdə icazəsiz paylaşılıb. Yazıçı  “Boulinq topları ilə dolu okean”, “Ad günü” və “Paula” adlı  hekayələrinin 2050-ci ilə qədər yayınlanmasını qadağan etmişdi. Səbəbi də bu idi ki, o, bu hekayələri 1945-ci ildə dərc etdirmək istəsə də,  əsərlər bədbin ruhda olduğundan nəşriyyat bundan imtina etmişdi.

Selincerin 1941-ci ildə yazdığı “Paula” hekayəsi onun yaradıcılığında olan ilk və yeganə qorxulu hekayədir. O, əsərin adını əvvəlcə “Xanım Hinçer” qoysa da, sonra onu “Paula”ya dəyişdirib. “Stag” dərgisi bu hekayəni yazıçıdan alıb, yayımlamaq üçün  uzun müddət arxivdə saxlayıb. 1961-ci ildə isə jurnalın rəhbərliyi hekayənin itdiyini bildirib. Xeyli sonra hekayə tapılaraq Selincerin arxivinə qaytarılıb. Biz o hekayəni tərcümə edərək diqqətinizə çatdırırıq.

PAULA

1941-ci il, mayın dördündə, saat 6:30-da Hinçer işdən evə qayıdanda gördü ki, arvadı çarpayıda uzanıb kitab oxuyur. Narahatlıqla soruşdu:

– Nəsə olub? Özünü yaxşı hiss etmirsən?

Kitabı kənara qoyaraq, – “Elə də yaxşı deyiləm”, –  dedi Xanım Hinçer.

– Ah! Heç olmasa axşam yeməyi üçün qalxacaqsanmı?

– Əzizim, çətin ki, qalxa bilim. Əlbəttəki, sənin üçün problem deyilsə.

– Yox, yox. Təbii ki, problem olmaz. Neyləyirsən? Kitab oxuyursan?

– Ahaa, – deyə təsdiqlədi xanım Hinçer.

Səhəri günün axşamı Xanım Hinçer yenə də çarpayıda idi.

– Bəlkə həkim Boxleri çağırım? – Hinçer qayğıkeşliklə soruşdu.

Xanım Hinçer isə xoş bir təbəssümlə:

– Lazım deyil, əzizim, – dedi. – Onsuz da düşünmürəm ki, mənə kömək edə bilsin!..

– Necə yəni? Başa düşmədim. – Hinçer arvadının çarpayısının kənarında əyləşdi.

– Ehh, dilbilməz! – Xanım Hinçer zarafatyana dedi, – kömək edə bilməz, çünki hamiləyəm.

Nə baş verdiyini anlamayan Hinçerin üzündə əvvəlcə axmaq bir təbəssüm, sonra isə böyük sevinc hissi göründü. Cəld əyilərək arvadını sevgi və həyəcan dolu öpüşlərə qərq etdi və tələsə-tələsə danışaraq gələcəklə bağlı planlar qurmağa, ona müxtəlif vədlər verməyə başladı. Danışdığı yerdə birdən-birə sözünü kəsərək, – “Onsuz da bilirdim ki, o başıboş, sarsaq səhv edir, – deyə sevinclə qışqırdı, – Sənə nə dedi ki?”

– Kim, nə dedi əzizim?

– Həkim Boxler.

– Həkim Boxlermi? – Xanım Hinçer təkəbbürlə cavab verdi. – Əzizim, bir qadın hamilə olub-olmadığını mütləq hiss edər. Ən azından mən hiss edirəm.

– Mən fikirləşdim ki….

– Əzizim, dəqiq bilirəm. Ancaq nə Həkim Boxlerə, nə də başqa bir həkimə getməyəcəyəm. Əminəm. Həmişə bilirdim ki, belə bir şey olsa, hiss edəcəyəm.

– Mən elə bilirdim ki… – Hinçer dedi, – elə bilirdim ki, həkim Boxler sənə  uşağının olmayacağını deyib. Hə, məgər elə deməmişdi?

Xanım Hinçer bərkdən qəhqəhə çəkdi. Əlini uzadaraq ərinin təlaşlı üzünü yumşaqca oxşamağa başladı.

– Həyatım, narahat olma, – sonra da xəfifcə gülərək əlavə etdi, – Uşağımız olacaq.

Nəhayət, axşam yeməyi üçün otaqdan əllərini yumağa çıxan Hinçer ona səsləndi:

– Həyatım, axşam yeməyinə qalxacaqsanmı?

– Yox, əzizim. Ürəyim istəmir.

***

Həftələr, aylar keçir, Xanım Hinçer isə çarpayıdan qalxmırdı, təkcə arabir məlum məsələlərə görə hamama gedir, paltar dolabına, siyirməyə, makiyaj alətlərinin olduğu kamoda tərəf əyilirdi.

Günlərin bir günü nahardan sonra qulluqçu Sofiya ondan diş həkiminə getmək üçün icazə aldı, o zaman Xanım Hinçer tünd qırmızı rəngli, tüklü tərliklərini geyinərək “Saturday Evening Post” jurnalının gəlib-gəlmədiyini öyrənmək üçün nərdivanlarla aşağı düşməyə vadar oldu. Bu kiçik səfərləri nəzərə almasaq, Xanım Hinçer, günün təxminən 23, həftənin 165, ayın isə 644 saatını yorğanın altında keçirirdi. O, səhər, günorta və axşam yeməklərini çarpayıda yeyirdi. Kitabını yatağında oxuyur, hörgüsünü də elə buradaca hörürdü. Bütün gündəlik qəzet və jurnallar, yun yumaqları və nömrəli hörgü milləri əlinin çatdığı yaxınlıqda idi. Tumbanın üstündə gümüşü zınqırov vardı. İki dəfə onu silkələyəndə xidmətçi Sofiya gah tezbazar əlini qurulayır, gah tozsoranı söndürür, gah da siqaretini qayçı ilə kəsib sözün əsl mənasında qaça-qaça yanına gəlirdi. Sofiya göstərişləri Hinçerdən alırdı və onu da demək lazımdır ki, hamiləlik məsələsi ortaya çıxandan bəri maaşı xeyli artırılmışdı.

***

– Əzizim, bir dəqiqəlik bura gələ bilərsən?

Hinçer yataq otağına qayıtdı.

– Səndən qəribə bir xahişim olacaq. Çox güman ki mənim dəli olduğumu düşünəcəksən.

Hinçer gülümsədi:

– Nə olub, balaca qızcığaz?

– Çarpayıda qalmaq istəyirəm, şirinim. Uşağı doğana qədər yataqdan qalxmaq istəmirəm.

– Düz doqquz ay? – qulaqlarına inanmayan Hinçer soruşdu.

– Ahaa. Düz eşitdin. Mənə hirslənmədin ki? Hirsləndin. Hiss edirəm. Üzündən hiss olunur, – xanım Hinçer başını qaldıraraq ərinə gülümsədi, azcana dodağını büzdü və başını yırğaladı.

– Yox, – deyə əri tez inkar etdi. – Təbii ki, hirslənmədim. Amma niyə çarpayıda qalmaq istəyirsən ki? Sadəcə, yataqdan çıxmamağının səbəbini başa düşə bilmirəm.

Hinçer sözünü bitirib bir müddət susdu, gözlədi.

– Mənə güləcəksən, – deyə Xanım Hinçer, nəhayət, dilləndi.

– Gülməyəcəyəm.

– Dəqiq bilirəm… güləcəksən.

– Əzizim, – Hinçer çarpayının kənarında oturaraq dedi, – Gör bir nə fikirləşirsən.

Xanım Hinçer ərinin əlindən tutub bərk-bərk sıxdı, elə bil, deyəcəyi sözlər üçün ondan güc alırdı.  Sonra asta səslə danışmağa başladı, səsi sakit və tox idi, bununla belə, Hinçer onda az, lap az olsa da – qorxu hiss edirdi.

– Uşağımızı sağ-salamat doğmaq istəyirəm, əzizim. Yıxılmaqdan və buna bənzər minlərlə şeydən qorxuram. – Xanım Hinçer birdən sözünə ara verdi, ərinin əlini sıxmağa başladı, elə bil, gözünün qabağında ürküdücü, qorxunc nəsə peyda olmuşdu. Sonra yenə də sözünə davam etdi. – Maşınlar, kamazlar… Çox qorxuram. Əgər çarpayıda qalsam, səninlə və uşağımızla bağlı düşünməklə özümü təhlükəsizlikdə hiss edəcəyəm.

O uşaq sözünü elə tələffüz etdi ki, Hinçerin qol-qanadı qırıldı və ürəyinə şübhə toxumu səpildi. Arvadına çox xırıltılı, amma heç də əmr tonunda olmayan bir tərzdə cavab verdi.

– Yataqda qal. İstədiyin qədər qala bilərsən.

Hinçerin cavabı qısa olsa da, xanım Hinçer onun üstünlüyünü qəbul edirdi. Buna görə də höccələyə-höccələyə, – canım, – dedi. Hinçer isə arvadının əlini sığallayaraq yenidən təkrarladı:

– İstədiyin qədər çarpayıda qala bilərsən.

Sonra araya bir anlıq sükut çökdü. Xanım Hinçer güclə də olsa sükutu pozmağa çalışdı.

– Əzizim, bir şey də xahiş edəcəyəm. Heç kimə demə. Heç kimə yataqda olduğumu söyləmə. Mən belə istəyirəm. Onlara bacımla qalmaq üçün Nyu-Yorka qayıtdığımı deyərsən. Bacımın xəstə olduğunu deyərsən.

– Axı niyə? – Hinçer asta səslə soruşdu.

– Mənə güləcəklər, – Xanım Hinçer dilləndi, – Bilirəm, hamı mənə güləcək.

– Yox, gülməyəcəklər, – o, döyüşürcəsinə etiraz etdi.

– Güləcəklər. Dəqiq bilirəm, güləcəklər, – arvadı fikirli-fikirli dedi. – Ruz Simpkins güləcək. Hətta indidən mənə güldüyünü belə eşidə bilirəm.

– Kimi deyirsən, o axmaq arvaddan danışırsan? – Hinçer hirsləndi.

– Düzdü, əzizim, axmaqdır, amma güləcək. Hamısı güləcək. Mən bilirəm. Əzizim, söz ver ki, onlara bacımın yanına Nyu-Yorka getdiyimi deyəcəksən. Onda evdə olduğumu bilməzlər. Hər kəsi şənbə-bazar günləri məni görməyə gəldiyinə inandıra bilərsən. Maşınla Kapeyə balıq tutmağa gedərsən. Bazarlığı Sofiya edər. O…

Xanım Hinçer diksindi. Onun sakit, sevimli səsi birdən həyəcanla titrədi. Vəziyyəti gərginləşirdi. Xanım Hinçer əlini qəfildən ərinin əllərindən dartıb çıxardı.

– Bir dəqiqə…

Hinçer əlini yol polisi kimi yuxarıya qaldırdı.

– Sakitləş! Ey, Nelli !

– Sən də mənə gülürsən, – xanım Hinçer boğuq səslə dedi.

Hinçer qorxmuşdu:

– Vallah yox, şirinim! – deyə and içdi. – Yox, gülmürəm. Dediyin hər şeyə əməl edəcəyəm, balaca qızcığaz.

Hinçer sakitcə arvadının əlini yenidən tutdu:

– Yox, yox, yox, balaca qızcığaz…

Sonra o, üzünü yana çevirmiş Xanım Hinçerə söz verdi. Arvadı astaca ona tərəf çevrildi. Hinçer sanki bağışlandığını bilmək, heç olmasa bir xoş baxış görmək, bir xoş kəlmə eşitmək istəyirdi. Ancaq Xanım Hinçerin üzündə mənasız bir ifadə var idi. O, ərinə, daha doğrusu ərinin arxasındakı boşluğa baxırdı.

– Sən necə istəyirsənsə, elə də olacaq, – Hinçer dedi, – Sənin istədiyin kimi edəcəyik.

Xanım Hinçerin baxışları nəhayət ki, boşluqdan qopub ona tərəf çevrildi:          – Başa düşəcəyindən əmin idim.

 ***

Hinçer demək olar ki, hər həftəsonu Kape Koda balıq tutmağa gedirdi. Adətən balıqdan qayıdanda arvadı həddindən artıq sevincli görünürdü. Hələ bazar axşamları yataq otağına dəyib, yaş qəzetə bükdüyü balıqları arvadına göstərəndə onun üzü yatağın kənarındakı lampanın zəif işığında daha xoşbəxt təsir bağışlayırdı. Amma həftəsonuna gəlib-çıxmaq üçün beş günü birtəhər keçirmək lazım idi.

Hinçer çox pis yalançı idi. Hərçənd ki, bu sahədə az da olsa qabiliyyət kifayət edərdi. Otisvilledə heç kim Xanım Hinçerin Akrona xəstə bacısının yanına getmədiyindən şübhələnmirdi. Hinçer  baldızının vəziyyətini soruşanlara, – “Əvvəlkinə nisbətən daha yaxşıdır”, “Hələ vəziyyət elə də yaxşı deyil” , “Dəqiq nə vaxt sağalacağı barəsində heç kim, heç nə demir”, – cavablarını verirdi. Qarşılığında da, – “Səbirli ol, zaman hər şeyi öz axarına salacaq”, “Paulaya bizdən salam deyərsən”, – cavabını eşidirdi. Vaxt keçdikcə Hinçer yalan danışmaqda ustalaşırdı. O bir müddət sonra hiss etdi ki, əvvəllər ilişə-ilişə danışdığı yalanları, indi daha inamla deyə bilir.

Bir gün Hinçer heç özünün də gözləmədiyi halda irişə-irişə, – “Deyəsən, təzə bir arvad alacağam”, – dedi.

– Niyə yeni modellərin çıxmasını gözləmirsən? – Bad Montrouz məsləhət verdi.

Hinçer Bad Montrouzun cavabını həmin dəqiqə oğurladı. Bu söhbətdən sonra onun bu yalanı özünün son versiyasına düşdü. İrişərək, – “Deyəsən, özümə təzə bir arvad alacağam, – dedi, sonrasında isə irişə-irişə, – təzə modellərin çıxmasını gözləyirəm”, – deyə əlavə etdi.

… Ancaq heç vaxt kiçik məclislərdə, çox adam qarşısında yalan danışarkən özünəinamlı olmağı öyrənə bilmədi.

***

Hər axşam, Hinçer yemək otağında yeməyini tək yeyəndən sonra, arvadının yanına qayıdır, onunla kart oynayırdı. O, Xanım Hinçerin çarpayısının kənarında oturur və kiçik, ağappaq mizi onun ayaqlarının üstünə qoyurdu. Adətən saat 9:30, ya da 9:45-ə – ta ki Xanım Hinçer, – “Bir az da kitab oxuyaqmı, əzizim?” – deyənə qədər oynamağa davam edirdilər. Həmişə də Hinçer, – “baş üstə”, –  deyir və otağın o biri başına gedərək, arvadının seçdiyi bir kitabı gətirirdi.

“Devid Kopperfild” əsəri haqqında o, Hinçerə bunları demişdi:

– Çox xoşuma gəlir, həmişə də xoşuma gəlib. Əzizim, sən nə əcəb onu heç oxumamısan?

– Bilmirəm, – dedi Hinçer. – Heç vaxtım olmayıb.

– Amma mən çox bəyənirəm, – dedi Xanım Hinçer. Təkcə Mördstonları sevmirəm. Onlarla bağlı bütün fəsilləri oxumamış vərəqləyirəm.

– Onlar kimdi ki?

– Devinin ögey atası və onun bacısıdır. Çox pisdilər, səbr elə, özün görəcəksən. Ya da yox, Mördstonların olduğu bölümləri yenə oxumayacağam. –

Xanım Hinçer gülümsədi.

Hinçer, arvadının çarpayısının yanındakı ən rahat yerdə – stolda oturdu və Xanım Hinçer Mördstonlarla bağlı bütün hissələri vərəqləyərəq “Devid Kopperfild”i oxudu. O, ahəstə-ahəstə oxuyur, səsini Den Peqqotiyə oxşatmaq üçün qalınlaşdırır, Stirfortsu yada salmaq üçün şirinlik edir, Uriya Hipin xatirinə pıçıldayır, Dora obrazını canlandırmaq üçün isə sözləri sürətlə oxuyurdu.

Gecəyarı Xanım Hinçer oxumağı dayandırır, kitabı bağlayıb, Hinçerə gülümsəyirdi.

– Yoruldun? – deyə Hinçer soruşurdu.

– Az-maz, əzizim.

– Onda yaxşısı budur, yat. Bugünlük bu qədər oxumaq kifayətdir.

– Bəyəndinmi?

– Çox gözəl kitabdı. İndi də yorğanın altına gir. Mən də üstünü örtüm.

Hinçer arvadının hamiləliyi dövründə qonaq otağında yatırdı.

***

Ruz və Karl Perkins, Emili və Bad Edmundsongildəydilər. Bad danışan vaxtı Perkins hər dəfə  çərəz dolu kasanı eşələyir, içindən püstələri seçib yeyirdi. Birdən o, yeməyi qəflətən dayandırdı.

– Keçən şənbə günü bizə gəldi. Emili ilə kinodan çıxıb evə qayıdırdıq. Gördüm ki, Frank maşınını evlə küçə arasındakı yolda saxlayıb. Düz arxasında dayandıq, uzaq vuran işıqları yandırdım, nə baş verdiyini görmək üçün çölə çıxdım. Frank maşınında otururdu. “Frank, – dedim. – Burada neynirsən?”     O, məni görmək üçün gəldiyini bildirdi. Mən də içəri dəvət etdim. Evə  keçdik. Paltosunu asmağıma icazə vermədi. Mənimlə təklikdə danışmaq istədiyini dedi, buna görə də Emili yuxarıya qalxdı. Frankla birlikdə qonaq otağında səssizcə otururduq. Hələ də paltosunu əynindən çıxarmamışdı. “İkinci gün maşınla sizin evinizə gəlmişdim, – dedim. – Telefonunuz işləmir, deyəsən. Xidmətçiniz məni niyə evə girməyə qoymadı? Ümumiyyətlə, nə baş verir?”

Cəhənnəm olsun hər şey. Mən onun şərikiyəm. Bütün həftəni niyə işə gəlmədiyini bilməyə haqqım vardı. Başa düşürsənmi?

Frank isə sualıma baxmayaraq, sakitcə otururdu, elə bil mənimlə danışmaq istəyən heç özü deyildi. Görən də elə bilər ki, pianinoya gözünü zilləmək üçün gəlib. Çox yorğun görünürdü. Deyəsən, paltosunu çıxartmamasının səbəbi də altından köynək geyinməməsi idi. Bir ara gözüm sataşdı, qalstuk da taxmamışdı.

– Paulaya heç nə olmayıb ki? – soruşdu. – Bacısı ilə bağlı pis xəbər almısan?

– Onun bacısı yoxdur, – Frank dedi.

– Nəə, necə yəni yoxdu? – soruşdum. – Məgər onun yanına getməyibdir? Bacısı ölüm döşəyində deyildi ki? Axı bildiyim qədərilə, ağır xəstə idi.

Frank başını yellədi:

– Yox, Paula uzun müddətdir ki, evdən çölə çıxmır. Evdə, çarpayısında uşağının doğulmasını gözləyir. Uşaq olana qədər getdiyi yerdə maşının altında qalıb ölməkdən qorxurdu. Buna görə də evdə qalır, çarpayıdan çıxmırdı.

– Neçə gündür çarpayıdan çıxmır? – deyə soruşdum.

– Bilmirəm, – dedi Frank, – Deyəsən, on aydır.

– Axı o bir ildən artıqdır ki, burada yox idi, – dedim.

– Sənə dedim axı, heç yerə getməyib. İki aydır ki, çarpayıdan çıxıb. Amma otağından çıxmır. Qapını da arxadan bağlayıb.

– Qapını bağlayıb? Uşaq doğulub ki?

– Elə deyir. Doğduğunu deyir. Amma bilmirəm.

Frankın səsini gərək özünüz eşidəydiniz. O güc-bəla ilə danışırdı.

– Bu necə olur ki?  – soruşdu, – uşağı olduğunu deyir, amma sən olub-olmadığını bilmirsən?

– O doğduğunu deyir. Amma bilmirəm. İki ay əvvəl axşam evə gələndə qapı bağlı idi. Döyəclədim, vəziyyətinin necə olduğunu soruşdum. Uşağı doğmağa başladığını dedi.

Frankın sözlərinə görə, o, “Həkim Boxleri çağırımmı”, – deyə soruşub. Paula isə istəməyib, həkimə-zada ehtiyac olmadığını deyib. “Frank ağrın varmı”, – deyə maraqlananda isə Paula özünü çox yaxşı hiss etdiyini söyləyib. Ondan təkcə bir xahişi varmış. Frank xahişinin nə olduğu ilə maraqlanıb. Səncə Paula ondan nə istəyib? İnanmazsan. Deyib ki, bağa düş və iki qızılgülü bir-birinə sürt. Paulanın məhz buna ehtiyacı var imiş.

“Allahım! – dedim Franka. – Yəqin ki, sən onun dediyini eləmədin, hə? Həkim Boxleri çağırmadın bəs?”

“Həkim Boxleri çağırmağımı istəmədi, – Frank ağır-ağır dilləndi, – Ona ehtiyacı yox imiş”.

Təsəvvür edirsiniz? “Yaxşı, bağa düşüb iki gülü bir-birinə sürtmədin, hə?” – soruşdum. Dediyinə görə eləyibmiş…  “Niyə belə bir gic hərəkəti elədin ki?” – deyə soruşdum. “Çünki o, belə istəyirdi axı” – deyə Frank cavab verdi. Bir sözlə, eləyibmiş. Bağa düşüb, iki qızılgülü bir-birinə sürtüb. Sonra da qaçaraq yuxarıya, yataq otağına qalxıb. Qapı isə hələ də bağlı imiş. Paula uşaqlarının doğulduğunu deyib. Amma Franka içəri girib uşağı görməyə icazə verməyib. Onun sözlərinə görə, bir müddət körpəsi ilə tək qalsaymış, özünü daha yaxşı hiss edəcəkmiş. Frank, – “Qız, yoxsa oğlandır”, – deyə soruşub. Paula qızları olduğunu deyib. Onun sözlərinə görə, sarı saçları və göy gözləri olan gözəl bir qızları olubmuş. Frank, – “Nəyəsə ehtiyacın varmı”, – deyə yavaşca səslənib. Paula isə heç nə lazım olmadığını deyib. Frank arvadından qapını açmağı xahiş edib. Ancaq o açmayıb. Franka dedim ki, “Allaha and olsun, mən olsaydım, o zibilə qalmış qapını qırardım”. O isə heç nə demədən başını yellədi. Mənə Paulanı yaxşı tanımadığımı dedi. Paula çox həssas biri imiş. Beləcə, düz iki ay Paula ona içəri girməyə və uşağı görməyə  icazə verməyib. Hətta xidmətçini də otağa buraxmırmış. Yemək fasilələrindən başqa qapını açmırmış. Həmin vaxt da xidmətçi məcməyini qapının ağzından içəri itələyirmiş.

Otaqda bütün günü uşaqla birlikdə vaxt keçirirmiş. Frank da işdən qayıdanda qapının arxasında oturaraq onunla söhbət edirmiş. Paula bütün günü körpənin nə etdiyini danışırmış. Məsələn, ayağını ağzına soxduğunu deyir, uşaq haqqında başqa bu cür şeylər söyləyirmiş. Frank hər dəfə nəyəsə ehtiyacı olduğunu soruşurmuş. Əlbəttə, hərdən nəsə lazım olurmuş: beşik, ya da əmzik… Yəni, başa düşdüyünüz kimi, uşaqlara lazım olan şeylər. Frank onun istədiklərini maşına yığıb evə gətirirmiş, ancaq Paula qapını təkcə əşyaları içəri keçirməyinə bəs edəcək qədər aralayırmış. Yenə də uşağı görməyə icazə vermirmiş.

Bir gün Paula ona uşağın oynamaq üçün dosta ehtiyacı olduğunu söyləyib. Sırf oynamaq üçün də yox, sadəcə yanında olması üçün bir uşaq… Paula uşağın əsas formalaşdığı dövrün körpə yaşları olduğunu deyib. Franka, – “Mərcə girirəm ki, mənim dəli olduğumu fikirləşirsən”, – deyib. Frank ona belə düşünmədiyini söyləsə də, uşağını görməyə icazə verməməsindən bezdiyini də əlavə edib. Paula gülümsəyərək ondan bir az da səbir etməyi xahiş edib.

Sonra Frank xidmətçiyə qardaşı qızını gətirməyi tapşırıb. Üç yaşlı balaca qızı. Təkcə onun körpəni görməyə icazəsi varmış. Uşaq otaqdan çıxanda Frank ondan, – “Uşağı gördünmü?” – soruşub.  Qız da əminliklə “hə” deyib. “Danış görək, nəyə oxşayır? Kiçik bir qızdır, hə?” – deyəndə isə uşaq ona, – “Çox balacadır, hələ danışa bilmir”, – cavabını verib. Qız ona balaca uşaq olduğunu və danışa bilmədiyini, beşikdə yatdığını da deyib. Uşaqların necə danışdığını bilirsiniz. Bu hadisənin üstündən bir neçə həftə keçəndən sonra Frank dözməyib qapını qırıb. Əminəm ki, deyəcəklərimə inanmayacaqsınız. Paula beşikdə uzanıbmış. Frankın dediyinə görə, ayaqlarını beşiyin üstünə qoyubmuş, dizləri də çənəsinə dəyirmiş. Başına yeni doğulan körpələr kimi  qırmızı lent bağlayıbmış. Lentdən başqa da əynində heç nə yox imiş. Tamamilə heç nə. Sizcə Franka nə deyib? Adyalı üstünə çəkib və “məncə sən pis adamsan”, – söyləyib.

Qadın onu otaqdan çıxardıb. Frank isə nə edəcəyini bilmədən bizim evə gəlib. Otaqda eləcə hərəkətsiz oturmuşdu. Ona bir müddət buradan uzaqlara getməyi məsləhət gördüm. Paula ilə birlikdə uzunmüddətli istirahətə ehtiyacları olduğunu dedim. Bu gün poçtalyon onlardan bir açıqca gətirdi. Emili, sən onu hara qoymusan?

***

Hinçerlər Floridaya getdilər.  Hinçer, “Plaza Otel”in vestibülündə birdən-birə dəhşətli şəkildə əsəbləşdi. Müdir müavini və iri zənci liftçi onu gücbəla ilə tutaraq “Leykvud Ruhi Dispanseri”nə göndərdilər.

Paula isə Otisvilleyə qayıtdı və bir neçə aydan sonra yenə də kitabxanada işləməyə başladı. İndiyə qədər də o, həmin işdə çalışır və çox bacarıqlı işçi kimi tanınır.