2137-ci il

432 Baxış

3mushfiqxan3

 

Müşfiq XAN

 

Salam, əzgin oxucu!

Nəhayət iyirmi iki il sonra ilk dəfə yamyamların gözünü oğurlayıb bu məktubu yazmaq fürsəti tapıram. Gərək bağışlayasan. Sənə göndərmək üçün özümdə heç bir şəklim qalmayıb, bu dəfəlik bunu da birtəhər üzrlü say, yola ver getsin. Axırıncı şəklimi Veneradan on-on beş illik yanıma qonaq gələn sevgilim gedəndə özüylə apardı. Təxminən əlli ilin söhbətidi. Amma sənə şəklimi göndərə bilsəydim əmin ol ki, arxasına bu sözləri yazardım:

Baxıb xatırlama, xatırlayıb bax.

Şəklimi neynirsən e, baxsan onsuz da tanımayacaqdın. Zarafat deyil, üstünnən yetmiş il keçib. Bunu sözgəlişi yazdım. Çox da fikir vermə. Başımı itirmişəm, hardan başlayacağımı bilmirəm. Sən bilməzsən bu dəqiqə çox gərgin vəziyyətdəyəm – özümü aşağı atmamağımçün belimnən kəndirlə dəmir sütuna bağlayıblar. Hazırda binanın axırıncı – həşdat səkkizinci mərtəbəsində oturub ayaqlarımı da aşağı sallamışam. Bakı – bütüb şəhər ayağımın altındadı. Hər tərəf belə göydələnlər olduğuna görə hava alaqaranlıq kimidi. Amma bilirəm ki, indilərdə uzaqbaşı günorta olar və mən iyirmi birinci əsrin otuzuncu illərində yerlə-yeksan edilmiş yazıçılar birliyinin yerində inşa edilmiş həmin bu göydələndəyəm. Yəni zaman və koordinatlarım mənimçün də elə bu qədər bəllidi.

Bilirəm, ötən yetmiş ildə baş verənlərin hamısını yazmağa aman verməyəcəklər, nəzarətçilərim Merkuriyə xınayaxdıya gediblər. Axşama qayıdacaqlar…

İndi 155 yaşım var. İyirmi iki ildi ki, məni öz vətənimə repressiya edib burda dustaq saxlayırlar. Yamyamlar bu yerlərin adamı olduğumu bilmirlər. Xəbərləri olsaydı, Allah bilir hara sürgün eləmişdilər. Mənnən həmyaşıd olan qələm dostlarımnan axırıncısı da dünyasını dəyişənnən sonra Azərbaycanda yaşaya bilmədim. Yaşaya bilmədim deyəndə ki, əslində ölə bilmədim. Hələ də ölə bilmirəm. Nənəm rəhmətlik mən uşaq olanda həmişə deyərdi ki, üzün şümşad qaşığına oxşayır. Sən hamının başını yeməsən, ölən deyilsən. Yazıq arvad necə dəqiq proqnoz qoyduğunu bilsəydi sevindiyinnən çox yəqin ürəyi partlayardı. Hə, onu deyirdim, 2067-ci ildə başımı götürüb məmləkətdən getdim. O gedən, bu gedən, bir də iyirmi iki il sonra – 2115-ci ildə zorla qulağımnan tutub təzədən bura gətirdilər. Qulaq deyəndə ki, qulaq da qalmayıb, qaysı qurusuna oxşar bir şeydi.

Sizə repressiya səbəbimnən danışım…

Axırıncı dəfə Neptunda olanda çox darıxırdım. Qərara gəldim ki, ölə bilməməyimnən yararlanıb, yəni fürsət düşmüşkən oturub XXI əsrdə yaşamış Azərbaycan yazıçı-şairləri haqqında xatirələrimi yazım. Bir il olardı ki, başlamışdım da. Təəssüflər olsun ki, yamyamlar tez xəbər tutub qarşısını aldılar. Kağız olmadığıyçün 100 min dollarlıq əskinazların üstünə yazdığım əlyazmalarımın hamısını cırıq-cırıq edib, özümü də bu cəhənnəmə yolladılar. Dəhşətli dərəcədə sarsıldım! Ədəbiyyat üzrə ilk azərbaycanlı nobelçi Cəlil Cavanşirin təbirincə desəm, mən “İtirilmiş əlyazma”larımnan sonra düz iyirmi iki il özümə gələ bilmədim…

Ərincək oxucu, bilirəm, rəhmətliklər haqqında yadımda qalan xatirələri danışmağımı gözləyirsən. Başlayaq, amma sona çatdıra bilməsəm bil ki, bizimkilər xınayaxdıdan qayıdıblar. Ya da ki, mən artıq yoxam…

Bizlərdən dünyasını ilk dəyişən Azərbaycanın xalq yazıçısı Müşfiq XAN oldu. 2031-ci il idi, indiyə kimi yadımdadı, kişi həyatla vidalaşanda saqqalının dizinə çatmasına az qalırdı. Rəhmətlik bircə addımlığında tamarzı getdi əlliyə. Axırıncı kitabı – “O 32” həşdat səkkizinci nəşrinə hazırlanırdı. “O 2” kitabı muzeydə saxlanılırdı. Yazıçının “O 27” , “O 28”, “O 29” və “O 30” kitabları New York Times Bestsellers siyahısından düşmürdü.

Yazıçılar birliyinin sədri Cəlil Cavanşir artıq doxsan üç ildir ki, aramızda yoxdur. Rəhmətlik həmin gün darıxdığınnan indi mən oturduğum bu binanın damınnan atmışdı özünü. Bir həftə reanimasiyada qaldı. Axırıncı şeirini – “həşdat səkkiz mərtəbəli evin həşdat doqquzuncu mərtəbəsi”ni də ömrünün son saatlarında yazmışdı. Onu hər xatırlayanda nobel aldığı gün yadıma düşür. Xırdalan bazarında balıqsatan Qələndərin yerində pivə içirdik. Zəng elədilər ki, bəs “Qadın maskaları” romanınız 2029-cu ilin ədəbiyyat üzrə nobelini götürüb, nə vaxt gəlib aparırsınız? Biz sevincək qalxmaq istəyəndə yoldaş sədr çiynimizdən aşağı basıb dedi ki, oturun pivələrimizi içək, nobel-zad qaçmır ki, gedib götürərik də! Ehh…

Azərbaycanın xalq şairi Kənan Hacı çox yaxşı xatirimdədi. Ürəyiyuxa insan idi. Borclarım çox olan ili Şair nuh əyyamınnan qalan “nolaltısı”nı aftogennən böldürüb iki dənə “nolüç” elədi. Birini özü sürdü, birini də mənə bağışladı ki, satıb borclarımı verim.

Türk dünyasının böyük şairi Xanəmir Telmanoğlunun axırıncı kitabınnan aldığı qonorar heç yadımnan çıxmaz. Adının məğzi üçhərfliydi – “MAQ”. Kitab böyük olduğuna görə ağıl dəryası naşir məsləhət görmüşdü ki, bölüb üç ayrı kitab kimi çap edək – “M”, “A” və “Q”. Tələbat o qədər çox oldu ki, son nəşrlərini ədədlə deyil, tonla satmağa başladıq. Şəxsən mən təkcə Yupiterdən gələn kitab klubunun üzvlərinə 513 ton “M”, 719 ton “A” və 982 ton “Q” kitabı satdım. Əvəzində bizim “kruqa” həşdat səkkiz dənə “salafan tarelka” hədiyyə elədilər. Yeri gəlmişkən mən elə Veneraya-zada həmin tarelkalarnan ayaq açdım. Ayaq açdım deyəndə ki, Şair hərdən bizi yığıb Aya pivə içməyə aparırdı, dadı o vaxtdan damağımızda qalmışdı. Kasıb vaxtlarıydı, noolsun tarelkaynan fırlanırdıq, pulumuz çox çıxmasın deyə, pivələri Novxanıdakı sexdən götürüb özümüzlə burdan ora – Aya aparırdıq. Şüşəsi o vaxtkı pulnan altmış qəpiyə idi. Hüseyn demişkən, indiki pulnan havayı…

Əzdirən oxucu, cıqqanca tabaxıl elə, deyəsən gələn var…

 

 

 

 

Bölmə : Müşfiq XAN
KÖŞƏ YAZARLARI
TOP 10