23 yaşlı cani…  

26 Baxış

2067226 fevral 1992-ci il…

Kiminin bu tarixdə doğum günü oldu , kiminin isə ölüm. Məndən bir  yaş böyük olan bu faciənin doğulmamasını istərdim. Doğularkən müəyyən və ya qeyri-müəyyən səbəbdən ölümlə üz-üzə olan körpələr kimi. Bu caninin artıq 23 yaşı var. O da hamı kimi ildən ilə böyüyür. Hər il “doğum günü”ndə yada salınır. 23 yaşlı cani ilə eyni gün və ildə doğulmuş ,onunla həmyaşıd olan gənclər minlərlədir və onlar bir gün ondan intiqam alacaqları günü gözləyir.

 

Ad günlərində adətən insanlar sevinir,səbəbkarı təbrik edir,ona uzun ömür arzulayır. Amma bu faciədir. Onun doğum gününə sevinən düşmənlər, lənət yağdıranlar isə bu faciənin doğulmasından əziyyət çəkənlərdir. 23 yaşlı bu caninin  uzunömürlülüyündənsə, ölümünü arzulayanlar milyonlarcadır.  Belə faciəvi günlərin doğum günlərində insanların əlində qərənfilləri görmək adi haldır. Bəlkədə gün var idi ki, qərənfil yalnız ad günlərinə, bayramlara təbrik üçün aparılardı. Amma indi qərənfil dirilərin yox, ölülərin gülünə çevrilib.

 

26 fevral  Xocalı faciəsi bəşəriyyətə gəldi, doğuldu,əvəzində isə minlərlə əliyalın , qoca, uşaq, qadın faciəli şəkildə həyatlarını dəyişdi.  Xocalını lap kiçik yaşlarımdan Çingiz Mustafayevin hıçqırtılı səsilə tanıdım və yaddaşımda Xocalı o səslə qaldı. Bütün dünya Xocalını onun səsi ilə tanıdı. Kiçik yaşlarımda təbii ki,  bu cür dəhşətli hadisəyə baxmağa icazə yox idi. Ona görə yox ki,  onlar öldürülmüşdü.  Onlar sadəcə bir güllə ilə öldürülsəydi buna öldürmək demək olardı . Öldürmək var birdə “öldürmək ” var. Bu əsl qətliam , vəhşilik, vandalizm idi. İndinin özündə də Çingizin hıçıqırtı ilə dolu kadrlarına sakit, heç bir emosiyasız baxa bilmirsən. Çingizin “Bunu çək …bunu çək ” deyərək qucağında tutduğu uşağın, əliyalın insanların axı hansı günahı var idi. Onlar bəşəriyyətə acgözlüklə gəlmiş “insanların” “Ac oyun”larının qurbanı oldular.

 

Əvvəl-axır o torpaq altında yatacaq olan “insanlar”,” insana əməlindən başqa heç bir şey qalmır  ” fəlsəfəsini anlamadılar. Torpaqlarımız balaca , tərs uşaqlar kimi “bu mənimdi,o da mənimdi,bu da mənim olsun,bu da ,bu da ….hamısı mənim olsun” deyərək hələdə böyüməyən o ” uşaqların ” əllərindədir. Dünyaya gələn bu faciə isə ilbəil böyüyür. Ölüm təkcə qocalığa çatmışları aparmır ki. Gənc ikən dünyadan nakam köçənlər kifayət qədərdir. 23 yaşlı bu cani minlərlə insanın vəhşicəsinə ölümündə günahkardır və bu günah cəzasız qalmamalıdır ! Şəhidlərin məkanı Cənnətdir deyirlər. Amma nə qədər ki,  onların ruhu narahatdır Cənnət də onlara Cəhənnəm kimi görünür !

 

Səma Fuadqızı

Bölmə : Manşet, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10