“İlahi ədalət” – Sona Teymurbəyli-Rəhimli

129 Baxış

22551491_750064088513748_1282609650_n

Senet.az oxucularına yazıçı Sona Teymurbəyli-Rəhimlinin “İlahi ədalət” hekayəsini təqdim edir.

Hekayə                                                                                                                                

Yaz təzəcə girmişdi. Çəmənkənd orta məktəbinin doqquzuncu sinfində oxuyan Sevingül səhərlər məktəbə gedir, günortadan sonra anası Həcər ananın adına olan pambıq sahəsində çalışırdı.

Axı Nəcər ana beşinci uşağa hamilə idi. Onun hamiləliyi çox ağır keçdiyi üçün tez-tez həkim nəzarətində olurdu.

Ailənin üçüncü övladı olan Sevingülün hələ on beş yaşı tamam olmamışdı. Özündən əvvəl dünyaya gələn qardaşları bir-birindən yaş yarım fərqli olduğu üçün artıq ailənin ilk övladının əsgəri xidməti yerinə yetirmək vaxtı çatmışdı. O, payızda hərbi xidmətə çağrılacaqdı.

Həcər ana hamiləliyinin son günlərini yaşayırdı. Sevingül anasının başına pərvanə kimi fırlanır, onun istirahət etməsi üçün əlindən gələni edirdi. Qızcığaz atasına, qardaş və bacılarına qulluq edir, ev-eşiyi silib-süpürür, qab-qacağı, pal-paltarı yuyub yığışdırırdı. O istəmirdi, işlərin tökülüb qaldığını görən anası narahat olsun…

Ailəyə beşinci övladın gəlişi ailə üzvlərini çox sevindirsə də, Həcər ananın birdən-birə ağırlaşması onların həyatlarını alt-üst etdi.

Ömrünün uşaqlıq dövrünü yeni-yeni başa vuran Sevingül ailəyə arxa-kömək olmalıydı. O, yenicə dünyaya gəlmiş bacısını açıb-bələyir, iflic vəziyyətində elə arxası üstə yatan anasına kömək edirdi ki, körpəni əmizdirə bilsin. Sonra yemək hazırlayır, ailə üzvlərini yedirib-içirir, ev-eşiyi səliqə-sahmana salandan sonra pambıq sahəsində çalışırdı. Düzdür, anaları iflic olub yatağa düşəndən sonra qardaşları insafa gəlib çöl işlərində qızcığaza yadım edirdilər. Amma…

Sevingül dərslərinə əvvəlkilər kimi hazırlaşa bilmirdi; tez-tez dərs buraxır, dərslərinə hazırlıqsız getməl olurdu. Onun başqa çarəsi yox idi; daha təhsilini davam etdirmək istəmirdi.

Sevingülün niyyətini başa düşən atası nə qədər israr etsə də, o, fikrindən dönmədi ki, dönmədi. Axı qızcığaz məktəbə getsəydi, anasına kim qulluq edərdi? Körpə bacısını kim açıb-bələyər, yedirib-rahatlayardı? Atasına, qardaşlarına və üç yaşlı digər bacısına kim yemək-içmək hazırlayardı?

Sinif yoldaşlarından Sevingülü qınayanlar da oldu:

- “Ay qız, ağlını itirmişsən? Məktəbi yarımçıq qoymaq nə deməkdir?”

- “Sən ki hamımızdan yaxşı oxuyursan?”

- “Bəs sən istəmirdin, oxuyub tibb bacısı olasan?”

- “Sən təhsilini yarımçıq qoysan, arzularına çata bilərsənmi?”

Bəlkə də, Sevingülün bir xalası, bibisi, yaxud da özündən böyük bacısı olsaydı, qızcığaz heç məktəbi yarımçıq buraxardımı? O, məktəbdə olanda anasına kimsə baxar, bacı-qardaşlarından muğayat olardı.

Sevingül artıq öz taleyi ilə barışmışdı. O, bütün arzu-istəklərinin puç olmasına razı idi. Təki ailəsi heç nədən korluq çəkməsin…

Həcər ana sağalmaq bilmir, körpə qızcığaz – Mələk gündən-günə böyüyür, ailə üzvləri yaman-yaxşı gün-güzəranlarını başa vururdular.

İllər keçir, artıq yaş öz işini görürdü. Sevingülün tay-tuşları pərvazlanıb ata ocağından uçur, ev-eşik, oğul-uşaq sahibi olurdu. Amma Sevingül özünü düşünmür, ailə qurmaq, oğul-uşaq sahibi olmaq barədə fikirləşmirdi. Onun indi başqa qayğıları var idi. O, bir-birinin ardınca əsgəri xidmətlərini başa vurub qayıdan qardaşlarını evləndirir, kəndin say-seçmə qızlarını evlərinə gəlin gətirirdi. Fikirləşirdi ki, gəlinlərin köməyi ilə onun çiynində olan ağır yük bir az yüngülləşər. Amma…

Təzəcə ailə qurmuş qardaşlar Sevingülün dərdinə-sərinə şərik olub, onun vəziyyətini yüngülləşdirmək əvəzinə, kolxozun idarə heyəti tərəfindən verilmiş torpaq sahəsində tələm-tələsik yüngülvari bir ev tikdirib, ata ocağından köçüb gedirdilər…

Sevingülün bacıları artıq böyümüşdü. İndi onlar da ev işlərində böyük bacılarına kömək etməyə can atır, ev-eşiyi silib-süpürür, qab-qacağı, par-paltarı yuyub-yığışdırırdılar. Sevingül bacılarının bu qayğıkeşliyindən çox təsirlənir, bəzən də özünü saxlaya bilməyib, onları bağrına basıb ucadan hönkürüb ağlayırdı.

Həcər ana tamam sağalmasa da, yatağından qalxmış, qızlarının və ərinin köməyi ilə evin içində, həyət-bacada gəzə, özü yeyib-içə bilirdi. Onun bu halı azacıq da olsa, ərini və qızlarını çox sevindirirdi…

Sevingül artıq iyirmi beş yaşı tamam olurdu. Sevib-sevilmək hisslərindən məhrum olan qızcığaz ailə qurub, oğul-uşaq sahibi olmaqdan tamam ümidini üzmüşdü. Axı kənd yerlərində bu yaşda qızlara vaxtı ötmüş qız kimi baxır, elələrinə sahib çıxan olmurdu…

                                                *  *  *

Sevingülə öz rayonlarından – tanımadığı bir dul kişidən elçi düşmüşdü. Qızcığaz çaş-baş qalmışdı, nə cavab verəcəyini bilmirdi. Yaman qorxurdu…

Axı Əlinin arvadı uşaq üstündə vəfat etmişdi. Doğum zamanı həkimlərin ciddi səyinə baxmayaraq, nə ananı, nə də uşağı qurtarmaq mümkün olmuşdu.

Sevingülü qorxudan isə Əlinin ilk arvadının vəfat etməsi  deyildi. İki bacının bir evdə gəlin olması, indi o bacılardan birinin vəfat etməsi Sevingül kimi, Əlinin ata-anasını da çox narahat edirdi. Oğullarının ilk oxunun daşa dəyməsi, onun pərişan gəzib-dolaşması onları yaman düşündürürdü:

- “Əlinin taleyi ürəyimi dağlayır. İndi onu evləndirib gəlini bu evə necə gətirə bilərik? Səbahət bacısının yerinə gələn o gəlini yola verərmi? Axı doğma bacısının yerinə gəlin gələni kim qəbul edər ki, o da etsin? Bəs indi biz nə edə bilərik? Gəlinimiz vəfat edib, deyə övladımızı ömürlük bədbəxt etməliyik? Nə olur-olsun Əlini evləndirməliyik! Amma necə?”

Xədicə xala ilə Əsəd əmi əlaltından ailələrinə uyğun, ağıllı-kamallı, sərli-səliqəli, bir sözlə, görüb-götürmüş bir gəlin axtarırdılar. Elə bir gəlin ki, Əli ilə əl-ələ verib özlərinə gün-güzəran qura bilsinlər…

                                                *  *  *

Xədicə xalanın Çəmənkənddən evlərinə qonaq gələn bacısı qızı Zərif  axır ki, ata-ananın istədikləri xəbəri verə bildi. Onların qəlbində oğullarının gələcəyi ilə bağlı bir ümid işığı yandırdı…

Zərif eşidəndə ki, xalası oğlu üçün ağıllı-kamallı, sərli-səliqəli bir qız axtarır, özünü saxlaya bilməyib dedi:

- Xala, mən sənin ürəyincə olan bir qız tanıyıram. Yəqin ki, ata-anasını siz də tanımış olarsınız. Seyidlərdən Camal var, arvadı da uzun illərdi ki, iflic olub, evdən eşiyə çıxa bilmir. Adı Həcərdir. Onların iyirmi yeddi-iyirmi səkkiz yaşlarında gözəl bir qızları var. Sevingül. Ağıllı-kamallı, sərli-səliqəli, qoçaq… Məncə, Əli üçün bu qızdan yaxşı gəlin tapa bilməzsiniz!

Xədicə xala Camalın ailəsini çox yaxşı tanıyırdı. Cavan vaxtlarında Həcərlə dostluq da etmişdi. Bu təklif lap ürəyincə oldu. O, bacısı qızına necə minnətdarlıq edəcəyini bilmədi, sevinclə dedi:

- Zərif, Sevingülü görməsəm də, ata-anasını çox yaxşı tanıyıram. Lap ürəyimcə oldu. Belə bir ailənin qızı, görəsən, indiyədək niyə ailə qura bilməyib?

- Ay xala, Sevingül, bədbəxt necə ailə qura bilərdi axı? O, doqquzuncu sinifdə oxuyanda anası iflic olub, yatağa düşdü.Bütün ailəyə qulluq etmək yazıq qızcığazın öhdəsinə düşmüşdür. Yataq xəstəsi anaya, yenicə doğulmuş körpəyə xidmət etməkdən başqa, atası, bacısı və iki qardaş da ondan qulluq gözləyirdi. Bir də gözünü açıb baxdı ki, onun tay-tuşları az qalır, qızlarını ərə versin, oğlanlarını evləndirsinlər, o isə hələ də ata ocağında oturub elçi yolu gözləyir. Xala, onu da deyim ki, elçisi də az olmayıb, amma Sevingül ata-anasını, bacı-qardaşlarını ortada qoyub, ailə qurmaq istəməyib.

- Ay Zərif, bəs indi? Birdən Sevingül yenə də ərə getmək istəmədi? Sən bir Sevingülün ağzını arayıb bizə xəbər verə bilməzsənmi?

- Əlbəttə. Xala, mən sizə tezliklə xəbər verərəm. Mən də istəyirəm ki, Əli xoşbəxt olsun. Amma bu işdə mənim vasitəçilik etdiyimi, gərək, Səbahət bilməsin. İstəmirəm ki, bacısının yerinə mənim qız axtardığımı eşidib, məndən incisin.

- Sən lap arxayın ol, qızım. Mən bir tanışın adını verərəm. Ya da Əliyə tapşıraram, deyər ki, o kənddən olan dostlarından biri məsləhət bilib. Səbahət heç zaman səndən şübhələnməyəcəkdir.

Zərif xalası ilə razılaşıb, kəndə qayıdan kimi Sevingüllə danışmağı qarşısına məqsəd qoydu…

                                                *  *  *

Zərifin bir vasitəçi kimi xalasıoğlu Əlidən Sevingülə elçi düşməsi Həcər ananı da, Camal atanı da çox sevindirdi. Amma onlar eşidəndə ki, Əlinin arvadı doğum zamanı həm özü, həm də yeni doğulacaq övladı dünyasını dəyişib, həm də ki, evin böyük gəlini Əlinin baldızıdır, çox narahat oldular.

Yəqin ki, Əlinin dul olması deyil, onun baldızının evin böyük gəlini olması Sevingülünün dünyasını alt-üst edirdi. Qızcığaz çox düşündü-daşındı, amma çıxış yolu tapa bilmədi. O, ürəyində öz-özünə pıçıldadı:

- Bəlkə, elçi gələndə utanıb-eləmədən özüm qabaqlarına çıxım, Əlinin ata-anası ilə açıq söhbət edim? Evlənəndən sonra Əli ilə Çəmənkənddə qalıb yaşamağımıza onları razı salım? Görəsən, Əlinin ata-anası məni pis başa düşməzlər ki? Deməzlər ki, bu necə yüngül qızdır, utanmır, bizimlə qarşı-qarşıya gəlib təkliflərini verir? Yox, inanmıram! Bəlkə, hələ onlar da bu təklifimə sevinərlər!

Sevingül ağlına gələn fikirdən çox sevindi, amma açıb kimsəyə söyləmədi. Amma ümidini də üzmədi. İnandı ki, Əli də, elə ata-anası da onların Səbahətin gözü qabağında səksəkəli yaşamasındansa, evlənib Çəmənkənddə yaşamasını məsləhət biləcəklər…

                                                *  *  *

Əlinin elçilərini hörmətlə qarşılayıb, ağırlayıb-əzizləyən ata-ana Xədicə xala ilə Əsəd əminin istəyinə qarşı etiraz etmədilər, dedilər:

- Biz Sevingülün ata-anası kimi qızımızın Əli ilə evlənib ailə qurmasına ürəkdən razıyıq. Amma qızımızın “hə”sini verməmişdən əvvəl Sevingülün sizə deyəcək sözü var. Onun təklifi ilə razılaşa bilsəniz, biz də ürəkdən razı olub, “hə”sini verərik.

Əsəd əmi arvadının üzünə baxıb təəccüblə soruşdu:

- Sevingülmü? O, bizə nə təklif edəcək ki? Özü haradadır? Çağırın, gəlsin, görək, istəyi nədir?

Sevingülün böyük qardaşı gedib bacısını elçilərin yanına gətirdi. Sevingül utanıb-çəkinmədən irəli yeriyib qonaqlarla bir-bir görüşdü və bir tərəfdə ayaq üstə dayanıb, asta səslə dedi:

- Xədicə xala, Əsəd əmi, mən Əli ilə evlənməyə etiraz etmirəm. Amma sizə bir təklifim var.

Sevingül atanın da, ananın da ürəyinə yatmışdı. Onlar qızın “hə”sini almamış gemək niyyətində deyildi. Ona görə də, Xədicə xala səbirsizliklə soruşdu:

- Qızım, bizi intizarda saxlama ki. Təklifin nədir?

- Əgər siz razı olsanız, Əli ilə ailə qurandan sonra köçüb bu kənddə yaşamaq istəyirəm. Bu kənddə həyətyanı torpaq sahəsi alb, özümüzə kiçik bir ev də tikdirərik. Siz nə deyirsiniz? Mənim istəyimlə razılaşa bilərsinizmi?

Xədicə xala ilə Əsəd əmi xeyli baxışdılar. Əsəd əmi ayağa qalxıb Sevingülə yaxınlaşdı, onu bağrına basıb, alnından öpdü və sevinclə dedi:

- Qızım, Allah səni oğlumla bərabər xoşbəxt eləsin. Sanki bizi kor bir quyunun tərkindən çəkib çıxardın.Bizim də qəlbimizi qara qorxu almışdı. Fikirləşirdi ki, Səbahətlə eyni həyətdə necə yola gedəcəksiniz? Mən də, Xədicə xalan da sənin təklifinlə ikiəlli razıyıq.

- Şükür Xudaya! Axır ki, oğluma ürəyim istədiyi kimi bir gəlin axtarıb tapdım. Sən onların ulduzunu barışdır, İlahi!

Camal ata ilə Həcər ana Sevingülün “hə”sini verəndən sonra “şirin çay” içildi. Xədicə xala gəlininin barmağına üzük taxdı. Təzə qohumlar toyun vaxtını müəyyənləşdirib ayrıldılar.

                                                *  *  *

Allahdan gizli olmayanı bəndədən nə gizlədək. Camal atanın da, Həcər ananın da ürəyini çulğayan qorxu elə bu idi. Sevingülün qayınata-qayınanasının qarşısında qoyduğu təklif sanki onların yanar qəlbinə sərin su səpdi. Sevindilər.

Camal ata qızını ağıllı niyyətini dəstəkləmək məqsədi ilə vaxtilə kolxoz idarə heyəti tərəfindən onun üçün ayrılmış, amma kasıbçılıq ucbatından hələ də ev tikdirə bilmədiyi həyətyanı torpaq sahəsini qızına hədiyyə etdi ki, Sevingülgil orada ev tikdirsinlər. Əgər kolxoz idarə heyətinə ərizə verib torpaq sahəsi istəsəydilər, çox gec ola bilərdi.

Əlinin ata-anası, qardaşı, Camal ata və oğlanları səylə çalışaraq bir-iki ayın içində kiçik bir ev tikib başa çatdırdılar. Sevingül də, Əli də öz evlərində yaşayacaqları üçün çox sevinirdilər.

Sevingüllə Əlinin toyu olanda Səbahət ürəyinə daş bağlayıb, qayınatası ilə qayınanasının ürəyindən su içməyə çalışırdı. O, üzdə özünü elə göstərirdi ki, Əlinin evlənib evə gəlin gətirməyinə çox sevinir, əslində isə ürəyi qan ağlayırdı.

Əsəd əmi ilə Xədicə xala toy günü Sevingülü birbaşa öz evlərinə apardılar. Onlar istəyirdilər ki, gəlinləri bir neçə həftə ata ocağında yaşasın. Sevingül də, ata-anası da etiraz etmədi. Qızcığazın ürəyi səksəkəli olsa da, Əlinin ata ocağına gəlin köçdü…

                                                *  *  *

Ardı var…

KÖŞƏ YAZARLARI
TOP 10