“3 Divar”ın naməlum qapısı – Ceylan Mumoğlu yazır

104 Baxış

 

ceyla

“Film – çəkmənin içindəki daş kimi tamaşaçını narahat emtəlidir”.

Lars von Trier (Danimarkalı rejissor və ssenarist)

 

 

Yazıçı, şair, tərcüməçi, rejissor, ssenarist Səbuhi Şahmursoy yaradıcılığıyla “Sükutun səsi” hekayələr toplusu ilə tanışam.

 

Həyata, hadisələrə özünəməxsus yanaşmasıyla fərqlənən, ruhu daim axtarışda, həqiqəti sanki daxilindən qaynayan bütün gücüylə tapmağa yönəlmiş, suallara cavab axtaran yaradıcı insandır. “3 Divar” qısameterajlı filmini izlədikdən sonra bir müddət düşüncələrə daldım. Xatırladım ki, müəllifin bayaq adını qeyd etdiyim hekayələr toplusunda kiçik, yarımsəhifəlik “Divar” adında hekayəsini oxumuşdum.

 

“Yaşlı kişi səbrlə fasadda olan ucuz sayt reklamı­nı qəpiklə pozaraq yerinə tüpürüb getdi. Bir azdan qayıdıb həmin yerə bu kagızı yapışdırdı.

 

“Kirayə ev var”

 

Gənc oğlan həmin divara sevgilisinin adını yazmış­dı. Ara küçənin səmtini göstərən yazı lap küncdə köhnəlmişdi. Xeyriyyə uman xəstənin “Allah köməyi­niz olsun” başlıqlı çağırış elanı da öz yerində idi.

 

Axşam ev yananda həmin divar salamat qalmışdı. Bu barədə qəzetlər də yazdı:

“Möcüzə! Üstündə “ALLAH” sözü olan divar yan­madı!”

 

Balaca bir hekayədə o qədər mətləb çatdırılıb ki, hər biri haqqında ayrıca yazmağa çalışsaq böyük əsər alınar. “Divar” hekayəsi haqqında düşüncələrimdən oyananda nədənsə mənə elə gəldi ki, “3 Divar” qısameterajlı filmi elə həmin hekayənin davamıdır, bir qədər genişləndirilmiş və artıq film versiyasında, daha təsirli şəkildə tamaşaçıya təqdim olunmuş variantıdır. Hekayə “Divar”da çatdırılanlar fasadın üstündəki yazıdan məlum olur, film “3 Divar”da olanlarsa bir otaqda baş verir.

 

Absurd-qurğu janrında çəkilən “3 Divar” filmi bir-birini tanımayan üç şəxsin bir otaqdakı münasibətlərindən bəhs edir. Film dahi rejissor Andrey Tarkovskinin “Stalker” filmindəki kimi qara rəngdə ekranla başlayır. Kadr asta-asta açılır. Tamaşaçının qarşısına üstündə açarı olan bağlı qapı çıxır. Qapıdan içəri girildikdə tör-töküntü, çəkiliş meydançasını xatırladan, yarıqaranlıq otaq görürük. Maraqlıdır ki, filmin başlaması, hətta musiqisi belə “Stalker” filmiylə eyni olsa da, hadisələrin cərəyan etdiyi məkan məsələsinə görə gözlərim önünə “Solyaris” filmi gəldi. Bu da təsadüfi deyil. Düşünürəm ki, rejissor Səbuhi Şahmursoy ilk film işində A.Tarkovskinin yaxın mövzulu hər iki filmindən faydalanıb, onları bir növ sintez etməyə çalışıb. Axı bilirik ki, həm “Solyaris”, həm də “Stalker”in qəhrəmanları, demək olar, eyni sualların axtarışındadırlar, onlara naməlum olan dünyaların öz daxili dünyalarına təsirindən özlərini dərketmə yolu keçirlər. Onları silkəyən dialoqlar və müzakirələrin köməyilə mənəvi böhranı hiss edirlər və hər biri özlüyündə bir çıxış nöqtəsi axtarır.

 

Beləliklə, əgər biz “Stalker” filmində bələdçi, professor və yazıçı obrazları timsalında A.Tarkovskinin “insanda məhkum olmuş kainat”ın sirlərinin öyrənilməsi cəhdinə şahid oluruqsa, eyni məsələyə Səbuhi Şahmursoyun “3 Divar”ında ssenarist, prodüser və  aktrisa obrazlarının timsalında baxırıq. Bütün xarakterlərin etdikləri şeylər təxminən eynidir. “Bura haradır? Biz əslində kimik? Öləndən sonra hara gedəcəyik? Tanrıya inanırsınızmı?” kimi suallar daim o qəhrəmanları narahat edir. “Stalker” filmində professor Kris öz məsləyi gərəyi gedəcəyi yer və bələdçi haqqında kifayət qədər məlumat toplasa da, yenə də özünə sual verməkdən qaça bilmir: “Nədir o yerin sonu? Demək ki, heç nə bilmirmişəm. Həm də mən bura niyə gəldim?” Eyni şeylə “3 Divar” filmində ssenaristin dialoqunda qarşılaşırıq: “Amma bu otağın məqsədini hələ də tuta bilmirəm”. Deməli, həqiqət axtarışında olan qəhrəmanlar nə qədər modern dünyagörüşünə malik olsalar da, elmi qanunların yerlə-yeksan edildiyi bölgədə, yaxud yarıqaranlıq otaqda suallara cavab tapmaqda aciz qalıblar.

 

Prodüser obrazı isə ssenaristdən fərqli olaraq heç də həqiqət izində deyil. Onun narahatlığı daha bəsit görünür: “Ümumiyyətlə, bu, nə lənətəgəlmiş otaqdır belə? Leş iyi verir! Ömrümdə belə kor-koranə vəziyyətə düşməmişdim. Menecer, prodüser olanda, noolar? Adama bu haqsızlığı etməzlər”. Dialoqlarında aktrisa və ssenaristlə kobud danışır, onlara istehza edir. Bu halıyla “Stalker”dəki yazıçı obrazını xatırladır.

 

 

 

Aktrisa obrazısa həm ssenarist, həm də prodüser obrazlarından kəskin fərqlənir. Ən birinci inanclı olmasına görə. Bunu dialqolarda ssenaristin fikirlərinə qarşı sərt çıxışında görürük:

 

“Bayaqdan soruşmaq istəyirəm, amma bir az çəkinirəm. Burda nəsə həqiqətən, bilmirəm, elə bil, nəsə fiziki fərqlər var. Özümü çox qəribə hiss edirəm. Sanki hansısa fiziki dəyişikliyə uğramışam, təbii qanun pozulub. Siz Tanrıya inanırsınız? Bəlkə, bəlkə biz…

<… >

ftr

– Keçən əsrin sonları daha maraqlıydı. Hər evdə qaraçuxa, hər məsciddə Tanrı yaşayırdı. Adamlar da cavan idilər. İndisə hər dörd nəfərdən biri qocadır. Ah, mələyim, necə də darıxıdırıcıdır!

 

Qız ədayla üzünü ssenaristdən yana çevirir: – Kafir!”

 

Burda aktrisa tamaşaçıya “Stalker”in mərkəzi obrazı – bələdçini xatırladır. Hər şeyin bir səbəb və mənası olduğunu düşünür. Tamaşaçı bunu aktrisanın qapını kəşf etməsi səhnəsində görür.

 

“– Hə də, qapı, – oğlanın qolundan tutub, azacıq silkələyir, – Qapı. Hər bir otağın qapısı olmalıdır. Ya giriş, ya da çıxış üçün. Ən azından bir qapı. Cəmi bir.

 

Bunu deyib qız divarlarda əlini gəzdirir, qapı axtarır. Təkrarlayır: – Bu otağın da qapısı olmalıdır. Olmaması mümkün deyil. Yoxsa heç nəyin mənası olmaz. Qapı mütləq var”.

 

Deməli, aktrisa da bələdçi kimi mənzilə yetişməkdənsə, “yolda olmaq”ı üstün tutur, maddi dünyada iman atəşinin sönməsini istəmir. Çünki ümidlidir, “Qapı mütləq var”, deyir və onu tapıb açır. Amma həmin “çıxış qapısı”, “xilas qapısı” doğrudan da mənzilə, “həqiqətə” çatdırırmı? Bax, burası müəmma qalır. Bu yerdə “Həvva” hekayəmin Həvvasının da göyün yeddinci qatında görünməz divarla savaşıb kor-peşman geri qayıtmasını xatırladım. Hardasa mahiyyətcə eyni şeylərdir. İnsan şüuru mütləq həqiqəti dərk etməkdə məhduddur. Tanrıya inananlar bu gerçəyi (məsələn, Bəqərə, 2/156) qəbul edib inanmağa davam edirlər, inanmayanlarsa hələ də axtarırlar.

 

Filmin sonunda yenə də qapıyla rastlaşırıq. Qapının üzərində yazı var: Çıxış deyil! (No exit!) Müəllif sanki tamaşaçılar qarşısında sual qoyur, bəs çıxış hardadır? Necədir? Bəlkə deyir, qoy hər kəs özü tapsın?

 

Ceylan Mumoğlu

 

 

DIVAR

 

Bölmə : Kino
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10