30 iyun – Azərbaycanda milli Sevgililər Günü

35 Baxış

173758

30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.

Senet.az-ın məlumatına görə, bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurulub.

Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

Bətnindəki körpəni də özü ilə məzara aparır…

…Yar yarını tənha qoymayıb. Bir yerə birlikdə, bir yerdə getmək üçün Fərizə tariximizin ən möhtəşəm abidəsini yaradıb. Bilirmiş ki, İlhamı “Dağüstü park”da dəfn edəcəklər və nə qərib bir taledir ki, bu park İlhamla Fərizənin ən çox sevdiyi və gəzintiyə çıxdığı park olub. Bir dəfə “Dağüstü park”a gəzməyə gedəndə Fərizə “nə gözəl yerdir, kaş ki, burada adamın bir evi ola” deyib.

 …Beləcə, bir zamanlar ev tikmək və yaşamaq istədiyi parkda Fərizə İlhamla ev tikdi. Millətimi­zin ən müqəddəs və əzəmətli evini. İlk ev onlarındır. Artıq tariximizin ən şanlı və möhtəşəm bi­nasıdır burası. Evlənənlər Onları ziyarət edir, xeyir-dua alır, əhd-peyman bağlayırlar burada. Bura sevgililərin ziyarətgahı və hesabat yeridir.

 …Bu gün millətimizin o günlərindəndir ki, Tanrı heç bir millətə verməyib. Biz sevə bilirik. Kişi kimi, qadın kimi sevə bilirik. Biz sevgimiz uğrunda dünya boyda imperiyalara, onlardan dünya boyda böyük ölümə meydan oxuya bilirik. Qadınlarımızın kişiləri kişi etdiyi millətik biz. Sevə bi­lirik. Onun yolunda ölə bilirik. Nəhəng və dəyərliyik biz. Sevgimizə və sevgilimizə sadiq qala bi­lirik biz.

Biz İlham və Fərizə kimi yaşamalı və ölməyi bacaran nəsil yetişdirməliyik. Bunun yolu SEVGİ­dən keçir. Sevməyən ölə bilməz.

O qədər sevmək lazımdır ki, uğrunda ölmək mümkün olsun – Fərizə kimi!

Elə sevmək lazımdır ki, uğrunda ölünsün – İlham kimi!

KÖŞƏ YAZARLARI
TOP 10