“310-cu otaq”dakı Yarımçıq adam

105 Baxış

kebizade

Elnur Kəlbizadə 

 

Elşad Baratı Naxçıvanda magistratura təhsili aldığım illərdə tanımışam. Onda Naxçıvan Yazıçılar Birliyində Gənclər Təşkilatının sədri idim. O da məndən bir il sonra bizim universitetin magistraturasına daxil olmuş və artıq ilk dövrlərdə ətrafdakıların diqqətini cəlb edə bilmişdi. Bəzən bir az həssas, bəzən bir az sərt, hərdəm lap uşaq kimi küsə bilən bu adam söz adamı idi, sözlü adam idi və həmişə nəyi isə axtarırdı, yarımçıq olan nəyi isə tamamlamağa çalışırdı.

Onunla bir dialoqumuzda belə demişdi: Bilirsən nə qədər ideyalarım var? Amma onları reallaşdırmağa imkanım yoxdur.  Mənim də cavabım təqribən belə olmuşdu: O zaman ideyalarını imkanların ilə uyğunlaşdır.

Bu günlərdə məni yeni çap olunmuş kitabının təqdimatına çağıranda, getmək istəmiş, amma gedə bilməmişdim. Sonradan kitabını istəməyə də, düzünü desəm, utanmışdım. Ortaq dostlarımızdan birində Elşadın yeni kitabını görəndə səssizcə almış, ondan sonra isə evimizə qədər necə gəldiyimin fərqində olmamışdım. “310-cu otaq” adlı kitab maraqlıdır ya yox, bunu deyə bilmərəm. Deyə biləcəyim odur ki, Elşad burda özünü yazıb, öz sözünü yazıb. Tanıdığım gündən bəri həmişə nəyisə axtaran, yarısını axtaran bu adam yazır ki,

 

Yarımçıq yaranır həyatda hər şey,

Vəhdət yaratmağa çalışır insan.

Sonunda özü də yarımçıq olur,

Yarımçıq olmağa alışır insan.

 

Bu dünyadakı yarımçıq dərdlərdən, yarımçıq sevinclərdən, yarımçıq gülüşlərdən,  yarımçıq öpüşlərdən , hətta Tanrının yarımçıqlığından danışan yarımçıq Elşada görə bu yarımçıqlıq dünyanın yaranışındandır. Yarımçıqları tamlaşdırmaq isə əslində günahdır:

 

Yarımçıq yaranır həyatda hər şey,

Bəlkə bu dünyanın sağırlığıdır?!

Bütün yarımçıqlar yığılsa əgər,

Yenə də nəyinsə yarımçığıdır.

Kitabın adı ilə eyni olan şeiri axtardım. “Elşad burada lap uşaqlıq edib ki” – düşündüm. Axı “310-cu otaq” da şeir adına heç nə yoxdur. Kitabdakı ən zəif şeir ilə kitabı adlandırmaq?! Yox, bu priyom deyil. Bu sadəcə alnının qırışı böyüyən uşağın özünə doğma olanı ən yaxşı hesab etməsindən başqa bir şey deyil. Axı “Mənim uşaqlığım” şeirində o özü də bunu etiraf edib:

 

Böyüdü dərdimin koğuşu, Allah!

Böyüdü  yolumun yoxuşu, Allah!

Böyüdü alnımın qırışı, Allah!

Mənim uşaqlığım böyümədi ki! – deyib.

Hər şeyi Allahı ilə paylaşmağı sevən Elşadın romantikasının içində bir etiraz, bir üsyan var. Bu üsyanın içində də Allahın özünü qurtarmaq istəyi. Yəqin ki, Allaha:

 

Gəl dəyişək yerimizi,

Sən bəndə ol, mən Yaradan!

Bu kafir insanlar səni,

Öldürməmiş çıx aradan.  – demək cəsarəti, bu istəkdən irəli gəlir.

Və Elşadın bu “üsyan”ı təkcə başqalarına deyil¸ həm də özünədir. O başqalarını düşündürmək üçün özünü ittiham edir:

Mən nə itirmişəm ki?

Yolun kənarında

Boynu bükük ağlayan,

Sızlayan

Ac körpənin diləndiyini görəndə

Vicdanımdan başqa…

Mən nə itirmişəm ki? – deməklə.

Doğrusu qrammatik səhvləri, bəzən “uşaqlıq edən” şeriləri ilə  bu kitabı bəyəndim deməyə qorxuram. Yoxsa Elşad yenə də “Elə gözəldir ki, dərdim, Yazıram hamı bəyənir”.- deyər.

 

 

Bölmə : Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10