Kənardan sən elə gözəlsən, həyat! – Xasiyyət Rüstəmin şeirləri

72 Baxış

103955382_10220007105582228_1328476695902202857_o

Senet.az saytı özbək şairəsi Xasiyyət Rüstəmovanın şeirlərini təqdim edir:

  Xasiyyət Rüstəmova İslaməli qızı 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan vilayəti Çüst bölgəsi Almaz kəndində dünyaya gəlmişdir.
  Ali təhsilini Özbəkistan Milli Universitetinin jurnalistika fakültəsində, daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır.
  Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışmışdır.
  2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.
  ***
Duyuram qəlbimin döyüntüsünü –
Demək ki, qanım da qaynardır hələ.
Dostlar, təəssüf ki, hər doğum günü
Ölüm cəzasıdır çiçəyə-gülə.
Nə ad vermək olar bu işgəncəyə?
Necə tab gətirib susur çiçəklər? –
Axı öləndə də, adətdir deyə,
Torpağımız üstə döşənəcəklər!
  ***
Qorxulu bir yuxumuydu həyatın –
Bunca illər harda idin söylə sən?
Bircə dəfə döymək üçün qapımı
Çətinmiydi bu yerlərdən keçəsən?
Yaşam ağır, dünya əzab yeriydi…
Qapı açıq, düşsəm artıq son yola.
Sən ömrümün ev sahibi kimiydin,
Nə durmusan, getmək üçün uğurla!..
  ***
Külək yıxa bilməz bu kainatı,
Tufan dənizləri qaçıra bilməz.
Gücünü bilirəm mən bu həyatın,
O, könül mülkümü uçura bilməz.
İldırım səmanı bölməz ikiyə,
Payız sökə bilməz ağacı yerdən.
Nə vaxtdır bu başı qoyub kötüyə
Ölümlə üz-üzə dayanmışam mən.
Kənardan sən elə gözəlsən, həyat!
Amma aramızda məsafələr var!
Məni boğmağa da cəhd etsən, heyhat
Səncə boğularmı suda balıqlar?
  ***
Başımın üstündə acı bir külək
Yağışla rəqs edir yorulmuş kimi.
Görən nə soruşur, nə deyir külək,
Yağış cavab verir, ram olmuş kimi.
Mənim çətirsiz də islaqdı üzüm,
Küləyə nə olmuş, qışqırır hələ.
Yağış da çox bədbin, cansızdır bu gün,
Mənsə onun kimi olmaram belə.
Həyat, elə bumu vəd etdiklərin?
Bu necə yaşamdır, nə gələcəkdir?!
Səhəri – mənasız, günəşi sərin –
Məni bu günlərmi gözləyəcəkdi?..
  ***
Bu günü də vurdum başa,
Oyalandım, bitdi keçdi…
Öz adımı yazdım daşa,
Əcəl gəldi, ötdü keçdi…
Ayağım torpağa batdı,
Torpaq başa necə yaxın!
İşim də qalmamış, baxın,
Həyat məni atdı, keçdi…
Günahkar dedilər, yenə
Uymadım nifrətə, kinə.
Kimlərsə yazdı könlünə,
Kimlərsə unutdu keçdi…
  ***
Tale mənə qarşı lütfkar olmuş,
Səssiz nəğmələrlə könlümə dolmuş.
O, səni bəxş etmiş – eşqi bir dəniz,
Hər kəsdən doğmasan, hər kəsdən əziz.
O, gözəl dostlar da vermişdir mənə,
Şan-şöhrət, məhəbbət, sonsuz ehtiram…
Üzülmərəm ömrün dönüklüyünə,
Zamanım azsa da, hələ ki, varam.
Nə bir təlaşım var, nə də gileyim,
Ruhum Yaradana məxsusdur ancaq!
Alnıma yazılan bu xoş taleyim
Bilirəm, ölümlə qurtarmayacaq!
  ***
Mən anamı yerə gömdüm,
Qorxu sarmış bədənimi…
Mən atamı yerə gömdüm, –
Torpaq, sən qaldır tənini!
Mətin durdum, ağlamayıb,
Ah! Yüksəldi getdi bu qəm.
Ayağımı sarıb, sarıb
Məni qoyub getdi ağam.
Hey dolaşdım bu yollarda,
Ha gözlə ki, yol bitəcək!..
Məni bir gün sizin evə
Böyük dərdlər götürəcək.
Mən anamı yerə gömdüm,
Qorxu, burax bədənimi!
Mən atamı yerə gömdüm, –
Torpaq, sən qaldır tənini!
  ***
Yolamı salırsan…
Ağırdır yüküm,
Canım boğazımda, tükənir taqət.
Görürsən, bu dəfə ağlamıram ki!
Ancaq… xahişim var…
Nə olar tez get!
Könlümdə duyğular çəkərsə nalə,
Titrəməyə başlar dodağım o an.
Günah özündədir – durmusan hələ,
Elə bil, son dəfə yola salırsan.
  ***
Ay baxdı məlul-məlul, –
Bir it qovdu arxadan.
İlk dəfə həyatımda
Ürəyim oldu viran.
Dalmışdım mən yuxuya
Çiçək açmışdı ürək,
Bilmirdim ki, dünyada
Bu qədər çoxmuş köpək.
İtdən qorxdum!
Yox, it – mərd,
Bu başqadır hər nəsə.
Ürəyini sarar dərd –
Bildiyini etməsə…
… Arxamca bu gün yenə
İtlər hürüşdü, aman!
Bu ağıllı itlərdən,
Ana, qorxuram yaman!
  ***
Məgər az idimi çəkdiyim çilə,
Siyah saçlarım da indi bəyaz – qar…
Səni yuxularda görməyim belə
Yəqin ki, aləmə aşikar olar.
Qərib bir həyəcan könlümü sarmış,
Xoşbəxt olduğuma inanmaram mən.
Bilmirəm nə edim… Sabah olmamış
Bütün yuxuları silimmi görən?
  K.N.-ə
(1)
Bəlkə, bir oturaq, səfər qabağı?
Sənsiz mənim günüm necə keçəcək?
Elə bir nöqtəyə baxırsan, gülüm,
Bu az zamanımız heçə keçəcək.
İncimə, görürəm gözündə qəmi,
Gözlərin yol çəkir, dalıb gedirsən.
Özümü tutsam da, üzülmə deyə,
Artıq için-için ağlayıram mən.
  K.N.-ə
(2)
Xəstəliyə bənzəmir,
                narahatsan deyəsən?
Dilin susub, söz demir,
                neçə gündür beləsən…
Selə dönən duyğular,
Süzülüb daşa düşür…
Səndən bir xahişim var:
Mənə kömək elə ki,
               mən səni başa düşüm.
  K.N.-ə
(3)
Ürəyində bir sözün var:
Dönüb baxdın, getdin nagah.
Yada düşdü xatirələr,
Yoxsa nəsə oldu agah?..
Arxanca baxdı gözlərim,
Yağış damdı otağına.
O an, mənə demədiyin
                    sözlər, yəqin
Ağır gəldi dodağına?
  K.N.-ə
(4)
Belə görməmişdim səni heç zaman –
Üzündə bu kədər naxışlarını.
Necə də mən sənə rast gəldim, aman,
Son bahar vaxtında baxışlarının…
Kimə danışasan yozula yuxun,
Sənə ayılmaqmı xoş olar, bəyəm?
İndi özün söylə, hara üz tutub
Sevgi sözlərini söyləyəcəyəm?..
  ***
Gedəcəksən indi…
Getməyəsən bəlkə?
Getsən, dünyaya sığmaz dərdim.
Bir dəli fırtına qoparıb rüzgar…
Getmə, nə olar!
Axşam olub.
Buluddur göyüzü,
Yağış isladacaq eşiyi…
Dayan!
Unutdum düzü:
Mən də səninlə gəlimmi
Buraxıb hər şeyi?
  ***
Ah, mən göydə uçaydım kaş!
Göylə birgə uçaydım kaş!
Ey asiman, qaçır məni!
Öz bağrında
                 bircə dəfə uçur məni!
Yaşaram addım atmadan,
Uçmamağım məni sıxmış…
Vəfasız qanadım məni,
                   eh bir zaman,
Torpağın təkinə çaxmış.
  ***
Yeksənəklik…
Həyətimdə rüzgar əsir…
Pəncərəmi döyür qarlar…
İçimdən qopan yellərdən
Güclümü ki, bu rüzgarlar?
Pəncərəmin qarşısında
Yağış yağır – leysan yağış…
İçimdən daşan sellərə
Bu damlalar bir yalvarış!..
  ***
Baxıram…
Dinmirsən, əhvalın sərin.
Fikrində nə var ki, ruhunu sarmış?
Gözünə görünmür bişirdiklərim,
Bütün yeməklərim qazanda qalmış.
İşə gedərkən də gəlməm ağlına,
Amma mən evimdə tək deyiləm, bax –
Gözləyir otaqda məni Marina,
Gözləyir otaqda məni Pasternak!..
***
İndi bütün günü düşünəcəyəm,
Ağrıyan başıma dərd oldun bir az…
Məndə olmayanı istəmə məndən
Utandırma belə, körpə quşcuğaz!
Maraqla baxarsan qəfəsi açsam, –
Çörək gətirirəm, bir ovuc da dən.
Hər şey verəcəyəm susasan, acsan,
Azadlıqdan başqa… hər nə istəsən.
***
Gedək, daha kəsmiş külək,
Göyüzündə qara bulud.
Danışmırsan, yenə nə var?
Bağırmaqmı belə sükut?
Əzizim, çıx yol üstünə,
Addım atım sənə sarı.
Əyilirəm ağac kimi…
Ağlasam da gözüm quru.
Qaçsam yarpaqlar tökülər,
Bu halıma alışmışam.
Külək məndən qorxub durub,
Mən ondan qorxub qalmışam…
***
Həsrətəm xoş günlərimin
Gündüzünə, gecəsinə.
Neyləyim, az zaman qalmış
Daha ömrün bitməsinə.
Sıxır ovcumu cizgilər,
Belə yazılmış taleyim.
Mən ölüb getdiyim yerdə
Həyat olmasa, neyləyim!
Göstər gözəl günlərimi,
Yaman günə əl eyləyim…
***
Buza dönübdür sular,
Ağlamağa yoxdur yer.
Səhər, xoruz banında
Kimsə… bir səs… inləyir.
Dərindən nəfəs çəkib
Torpaq isinmək dilər.
Gün doğacaq… Amma ki,
Fevral ayıdır hələ…
***
Masa. Kətil. Kitab rəfləri.
Qoltuq. Piano. Yataq.
Hər kəsi almırıq içəri:
Mən, Marina, Katso[1],
Pasternak.
Pəncərələr bir-bir qapanır.
Telefon da,
Yoxdur səs.
Qapı da bağlanır, –
Öz yerinə oturur hər kəs.
Siqaret. Kibrit. Şəkil.
Ocaqda işarır közlər.
Kitab. Yaşıl süfrə. Gül.
Oxunmağa başlanır sözlər…
Sırayla düzülmüş dörd kətil,
Bir küncdən baxır Atso[2]…
Şeir söyləyirik səhərə kimi:
Mən,
Pasternak, Marina, Katso.
***
Elə bil oturub həyat dərsində.
Nədir, küləklərin çıxmır heç səsi?..
Təbiət dəyişib halbahal olur
Pəncərəm önündə gecəyarısı…
…Vida edib getdin, sökülmədən dan,
Gecənin atına mindin elə bil.
Quşlar gizləndilər yuvalarında, –
Ürküb tənhalıqdan… qorxudan deyil!..
***
Hələ isinməmiş torpaq,
Başıboş gəzərkən rüzgar,
Kimsələr yoxkən yollarda
Sirrini açır ağaclar.
Buzlar ərir budaqlarda,
Yaşıllaşır boz ucları,
Utanır qönçələrindən
Gənc gilənar ağacları…
***
Ağlamaq istərəm, amma ki çox gec,
Sənə dərdlərimdən vermərəm xərac.
Gözünə görünmək istəmirəm heç,
Köksünə quş belə sığmayan ağac!
Səndən ümidimi üzmüşəm artıq, –
Ruhum sənə gələn yolu unudub.
Elə həyatdan da küsmüşəm artıq,
Yaşaram, əlimlə köksümü tutub…
AXMATOVAYA
Vücudumu atəş sarar,
Əriyər qar kimi göylər.
Qismət nəsə o da olar;
“Xoşbəxt olmaq istəmirəm!” –
                           qəlbim söylər.
Başım üstən bulud axar…
Yer qaçar ayağım altdan.
Gözlərinə baxa-baxa
Şeir demək necə asan!..
Bu şeirlər ikimizin…
Kitabda da yoxdur hələ.
Razısanmı, ey əzizim,
Düşsün onlar dildən-dilə.
Bir nöqtədə dursa zaman
Divarlardan küsər saat.
Bəxtin verməz sənə aman,
Xoşbəxtliyi başından at!
ANAM
Gah xoşbəxt olmağa qalmadı vaxtı,
Gah kəsdi yolunu qayğı ilə qəm.
Bəlkə də, yuxudan durmadı bəxti,
Ya bəxti yox idi, –
                      bilmədi anam.
DİRİLİŞƏ MƏKTUB
Gözlərim xəstəxananın soyuq pəncərələrinə dikilib qalarkən, eşikdə sahibindən təpik yemiş bir köpəyin ulayıb qaçdığını gördüm… Və mən o köpəyə qibtə etdim…
Ümid bu otağa dikmiş gözünü…
Qəribə otaqdır – hər şey bəmbəyaz.
Həyətdə bir köpək “boğur özünü”.
O, məndən hardasa xoşbəxtdir bir az:
O sərbəstdir, hey dolaşır…
Öz ayaqlarıyla qaçır…
Kaş ki, mən də dayaq yesəm,
Amma sağlam durub gəzsəm!
Bu toz yollar necə şirin…
İt, nə xoşdur gördüklərin!
Yatarkən, çox nifrət etdim
            söykəndiyim dayaqlara,
İt olsaydım –
            qaçmaq üçün –
                          yalvarardım
Məni vuran ayaqlara.
***
Sevincə
Demişdim “evdə qal”, amma
                   mən evdə qaldım.
Eşikdə gəzmədim heç bircə addım.
Gözümün yaşı da sellərə döndü,
Dərdimi səninlə paylaşammadım.
Söylə, hər nə desən edərəm, sözsüz.
Öl desən ölərəm-gedərəm, sözsüz.
Uzaqda olsan da, “yanındayam” de,
Sənlə mən uşaqdan betərəm, sözsüz.
Öyrət, nə dualar edim Allaha?
Rüzgarlara qaldı ümidim daha.
Həyata nə qədər bahadır dedim,
Sənin ayrılığın oldu çox baha!
***
Çox qovruldum atəşdə mən…
Durdum, dözdüm, tələsmədən.
Kəsib atdım bədənimdən
Ruhumun yanmış yerini.
Gün gəlincə xatırlasan,
Əfv et, məni tanımasan.
Allah, ölüb gəlsəm – asan,
Saxla oyanmış birini!..
***
Yavaş-yavaş ağarmaqda dan yeri.
Yavaş-yavaş qurumaqda qan yeri.
Tək bir ağac ağlamaqda, yıxılı,
Onun daha açmayacaq səhəri.
Beton üstdə zaman durub, beləcə,
Fidanlar da donub qalıb bu gecə.
Ağarmaqda yavaş-yavaş dan yeri.
Amma hələ silinməmiş qan yeri.
***
Nə anlamı hönkürtünün,
Qayğılarçün çoxdur zaman.
Gəl, gücümü alma bütün,
Doymamışam asimandan.
Xəyalımdan uç quş təki,
Gecə demə, gündüz demə!
Sənsən – keçən ömrümdəki,
Toxunma qalan ömrümə!
***
Səni ömrüm boyu üzmərəm, canım!
Qaranlıq olsa da, çıxaram yola.
Bütün ulduzları yığıb gələrəm,
İstər boran ola, istər qar ola.
Görən, acmamısan? Kefin necədir?
Söylə, bu gün işin gecmi bitəcək?
İtlərə baş qoşma, hürərlər onlar…
Allahın izniylə hər şey keçəcək!
***
Mənsiz ev-eşiyim neylər,
O kitablar, o dəftərlər?
Sözlər səfil-səfil gəzər
Məni tapa bilməsələr.
Mənsiz solar ağaclarım,
Yellə oynardı saçlarım.
Ölər mənsiz gecələrdə
Ay işıqlı hecalar da.
***
Deyirəm, yaxşı ki,
Şeirlərim var!
Hər kəsə hədiyyə –
Məndən yadigar!..
Getmərəm dünyadan
                 gözləri açıq,
Qaçhaqaç dünyada
                 yazılan qalar!..
  Tərcümə etdi: şair-tərcüməçi Afaq Şıxlı
[1] Aleksandr Katso – rus mühacir şairi, yazıçısı…
[2] Atso Karamanov – makedoniyalı şair, nasir, tərcüməçi