37-ci ilin kökəsi

34 Baxış

45

Fazil İskəndər

Ana on iki dənə kökə bişirdi, onları boşqaba yığdı və dolabın üzərinə qoydu. Indi ailədə üç nəfərdilər – ana,   qızı və oğlu. Ata işdən gec qayıdırdı. Qızı məktəbə ikinci növbə gedirdi və o dərsdən qayıdandan sonra onlar   nahar eləmək üçün süfrəyə oturdular. Bu zaman boşqabda on iki yox, on bir kökə olduğu məlum oldu.

- Sən nəyə görə soruşmadan kökə götürübsən? – ana oğlundan soruşdu.
- Mən götürməmişəm, – oğlan cavab verdi. O əslində də kökəni götürməmişdi.
- Bəs kim götürüb? – ana heyrətləndi. – Əyər bizim pişiyimiz olsaydı, mən kökəni pişiyin yediyini düşünərdim.
- Mən götürməmişəm, – oğlan təkrar elədi.

- Bəs onda kim götürə bilər? – ana dedi. – Bizim evdə ki, heç kim olmayıb. Sən neylədiyini başa düşürsənmi? Kökəni soruşmadan götürməyin azlıq eləyirmiş, hələ bir aldadırsan da ki, sən götürməyibsən.
- Mən götürməmişəm, mən düzünü deyirəm, – oğlan cavab verdi.
- Demək, səncə mən ağlımı itirmişəm? – ana hirsləndi. – Mən on iki kökə qızartmışdım. Hər birimizə üç  kökə. Indisə on bir kökə qalıb. Sən bir kökəni yeyibsən və buna görə də yalnız iki kökə alacaqsan.

- Yaxşı, – oğlan razılaşdı. Onun asanlıqla razılaşması ananı daha da hirsləndirdi.
- Axı sən nəyə görə kökəni götürdüyünü boynuna almırsan? Mən ki səni döyməyə hazırlaşmıram. Sənin bir kökə götürdlüyün aydın olduğu halda, bunu etiraf eləməkdən boyun qaçırtmağın qorxaqlıqdır.
- Mən götürməmişəm, – oğlan təkrar elədi.
O əslində də kökəni götürməmişdi.
Ananın sifəti qırmızı ləkələrlə örtüldü.
-  Sən məni öldürürsən, – o dedi. – Mən on iki kökə qızartmışdım. Mən onları qızardıb boşqaba yığanda təzədən saydım. On iki dənə idi. Bir kökə nec olub?
- Mən bilmirəm, – oğlan cavab verdi.
- Bəs kim bilir? – ana soruşdu. – Evdə cəmisi iki nəfər olub – sən və mən.  Belə çıxır sənin anan qəddardır, bir kökəni özü yeyib, indisə oğlunun üstünə yıxır. Cavab ver: demək, sənin anan qəddardır?
- Yox, – oğlan cavab verdi, – mən belə düşünmürəm.
- Onda kökə nec olub?
- Bilmirəm, – oğlan cavab verdi, – mən götürməmişəm.

- Kim götürdü, mələklərmi? – ana qışqırdı. – Sən öz inadkarlığınla məni qəbrə qoyursan. Sən ki, mənim ürəyimin xəstə olduğunu bilirsən.
Qadın stolun arxasından ayavğa qalxdı, qədəhə pişikotu cövhəri damcıladıb içdi.
Oğlanın anasına hədsiz dərcədə yazığı gəldi. Anasının ondan əl çəkməyəcəyini bilirdi.
- Kökə nec olub? – öz yerinəəyləşərək və sanki pişikotu cövhərinin hesabına dirçələrək, anası yenidən soruşdu.
- Di, mən onu yedim, – oğlan dedi, çünki onun anasına yazığı gəlirdi.
Ona elə gəlirdi belə etirafdan sonra anası ondan əl çəkəcək.

- Sən bunu dərhal desəydin, – anası barışdırıcı tərzdə dedi, – demək, bu doğrudu ki, sən kökəni götürübsən?
- Yox, doğru deyil, – oğlan cavab verdi. O düşünürdü ki, kökəni yediyini deyərsə bununla da anasını sakitləşdirər və bu söhbətə son qoyular. Amma indi öz etirafı ilə anasına yeni güc verdiyini hiss elədi.
- O məni dəli eləyəcək, – ana dedi vəəllərini arxaya qanırdı, – o kökəni yeyib, amma onu götürməyib. Necə yəni, kökə özümü uçub sənin ağzına girdi? Sən axmaqsan, ya da əclafsan! Hər iki halda indi mənə pis olacaq.
Onun yenə də anasına yazığı gəldi.

- Di, mən yedim, yedim kökəni! – o təkrar elədi.
- Demək bu doğrudu ki, sən kökəni götürdün? – ana təntənə ilə soruşdu.
- Yox, doğru deyil, – oğlan cavab verdi. Bu əslində də doğru deyildi və oğlan yalanla heç cür razılaşmaq istəmirdi. Sadəcə anasına yazığı gəldiyi üçün kökəni yediyini demişdi. Ana əllərini bir-birinə vurdu.

- Sən əsl trotskiçisən! – anası qışqırdı. – Indi trotskiçiləri mühakimə eləyirlər və onlar da cavablarını qarışdırırlar. Prokuror onlardan soruşur: «Siz casuslarla və diversantlarla görüşürdünüzmü?» Onlar cavab verirlər: «Bəli, görüşürdük».  – «Onda siz özünüzün antisovet fəaliyyətinizi boynunuza alırsınızmı?» Onlar cavab verirlər: «Yox, boyun almırıq». «Bəs vicdan harda qaldı, məntiq harda qaldı?» Sən əsl trotskiçisən. Demək, sən kökəni yedin, amma onu götürmədin?

- Bəli, – oğlan razılaşdı, hər halda anasının sakitləşəcəyinə ümid eləyirdi.
- Əyər sən onu götürməyibsənsə, onu necə yeyə bilərdin? – qəzəbdən ana donub qaldı, sonra isə sanki tapıntısından  sifəti işıqlandı, əlavə elədi: – Bəlkə sən onu əlinlə yox, dişlərinlə götürübsən? İt kimi yaxınlaşdın və dişlərinlə kökəni tutdun?
- Bəli, – oğlan başqa çıxış yolu tapa bilmədiyindən təsdiq elədi, – kökəni dişimlə götürdüm.
- Və yedin? – anası sərt səslə dəqiqləşdirdi.
- Və yedim, – oğlan razılaşdı.
- Demək, əlinlə toxunmadan? – anası qıcıqlandırıcı maraqla soruşdu.
- Demək, toxunmadan, – oğlan razılaşdı.

- Axı kökəni əlinlə tutmasan yemək mümkün deyil, – anası dedi, – kökə dərhal   bütünlüklə sənin ağzına yerləşə bilməzdi, hərçənd sənin ağzın böyükdür. Demək, sən hər halda əlinlə saxladın? Demək, götürdün? Nəhayət, mən səni yaxaladım!
Oğlan indicə ifşa olunacağını başa düşdü və ani olaraq cavab tapdı.
- Mən kökəni birbaşa boşqabdan yeyirdim, dolabın üzərinəəyilərək.

- Necə də qəddarsan, necə də qəddarsan, – ana başını yırğaladı, – kökəni götürmədiyi doğru çıxsın deyə, kökəni dişiylə götürür. Bunu ki fikirləşmək lazımdır! Amma sən indi görürsən də, hər halda həqiqəti demədin?
- Mən həqiqəti dedim, – oğlan cavab verdi, – mən kökəni götürməmişəm.
- Götürübsən, dişinlə götürübsən! – anası  hirslə qışqırdı. – Sən hər halda kökəni yedin, ya yox?
Anasına yazığı gələn oğlanın ürəyi sıxıldı.

- Yedim, yedim! – anasını sakitləşdirmək üçün tələsik təsdiq elədi.
Indi onun düşüncəsində şeylərin həqiqi vəziyyəti ikiləşirdi. Bir tərəfdən düşünürdü, kökəni yediyini desin, hətta onu yemədiyi halda belə. Digər tərəfdən, yalan danışdığını boynuna almağı da  bacarmırdı.Həqiqət və yalan onun üçün hər hansı bir kökədən daha əhəmiyyətli olmuşdu.
- Lənətə gəlmiş trotskiçi! – anası qışqırdı. – Rədd ol evdən, qoy axşama kimi səni gözüm görməsin!

Oğlan küçəyə çıxdı, çox kədərlənmişdi. O bilirdi ki, anası hər gün hirslənir, atasının işdən evi dönməyəcəyindən, onu həbs eləyəcəklərindən qorxurdu. Anası tez-tez atasına deyirdi, səndə aşkarlıq və qətiyyət çatışmır, və bundan ötrü həbsxanaya düşə bilərsən. Oğlan anasının aşkarlıq və qətiyyət deməklə nəyi nəzərdə tutduğunu tam başa düşmürdü. Amma anası aşkarlığın və qətiyyətin onların ailəsini xilas edəcəyini düşünürdü. Oğlan ölkədə nəsə dolaşıq və qorxulu hadisələr baş verdiyini hiss eləyirdi, amma bunu necə başa düşməyi bilmirdi və bu haqda düşünməyi sevmirdi.
Hər yerdə ziyankarlar üzərində məhkəmə prosesləri gedirdi. Yaşlılar həvəslə bu prosesləri verən radioların ətrafına yığışırdılar. Oğlan onların həyəcanlandıqlarını və eyni zamanda da bəla onlardan yan keçdiyinə görə astaca sevindiklərini hiss eləyirdi. Amma o bu haqda düşünməyi sevmirdi.
Tezliklə qonşu oğlanlar futbol oynamaq üçün yığışdılar və onu da çağırdılar. O da uşaqlarla birlikdə top qovmağa başladı. Oyunun həyacanına sarılaraq    hər şeyi unutdu: haqqında düşünməyi sevmədiyi kökələri də, o dolaşıq və qorxulu prosesləri də,  – amma onlar özləri onun ağlına gəlirdilər.
Amma birdən bacısı qaçıb küçəyə çıxaraq ona qışqırdı:
- Anam səni çağırır, dərhal evə gəl!
- Nə olub? – oğlan soruşdu.

- Dolabın arxasında siçovul xışıltı salmışdı, – bacısı tez-tez danışırdı, – anam ora baxdı və kökələrdən birinin dolabın arxasına düşdüyünü gördü. Tez evə! Anam səni çağırır!
Oğlan sevindi, itən kökə ilə bağlı məsələ özü-özünə həll olmuşdu və evə qaçdı. Düşünürdü ki, anası itən kökəyə görə onu günahlandırdığı üçün peşman olduğunu etiraf eləyəcək.
Amma anası mətbəxdə oturmuşdu, kədərli halda üzünü əllərinin arasına almışdı. Onun görkəmi oğlana yaxşı heç nə vəd eləmirdi. Yenidən oğlanın ovqatı korlandı.

- Nəyə görə sən kökəylə bağlı məni aldatdın? – anası iztirablı gözlərini ondan çəkmədən  acı- acı soruşdu.
- Axı mən yalan danışmadım, – oğlan dedi, – kökə ki, dolabın arxasından tapılıb.
- Amma sən onu yediyini boynuna aldın, – anası xatırlatdı. – Nəyə görə sən onu yediyini dedin?
Oğlan başını yırğalayaraq susdu. Anasına yazığı gəldiyini    və ona görə də belə dediyini deməyə utanırdı.

- Mən səndən əl çəkməyəcəyəm, – anası dedi, – sən nəyə görə mənə, xəstə ürəyi olan qadına əzab verdiyini dərk eləyənəcən. Sən nəyə görə kökəni yediyini deyərək məni aldatdın? Həm də belə bir iyrənc üsulla aldatdın: dişimlə götürdüm kökəni. Sən riyakarsan! Cavab ver, nəyə görə yalandan kökəni yediyini dedin?

- Di, sən məndən əl çəkmədin və mən də səni sakitləşdirməyi qərara aldım, – oğlan dedi, – sənə yazığım gəldi.
- Onun mənə yazığı gəlib! – anası ucadan səsləndi. – Necə də rəhmdildir! Bir halda   kökəni götürməmişdinsə, sən yalnız həqiqəti deməliydin, yalnız həqiqəti! Istənilən işkəncə altında yalnız həqiqəti demək lazımdır! Sənsə, çürümüş intilligent kimi özünü buruşdurmağa başladın: yedim, amma götürmədim. Mən az qala ağlımı itrəcəkdim. Insan həmişə həqiqəti deməlidir!

Bu lazımdımı, siçovulun sayəsində mən əsl həqiqəti öyrəndim, səndən ala bilmədiyim həqiqəti. Sən bizim hansı dövrdə yaşadığımızı başa düşmürsən! Partiya və şəxsən yoldaş Stalin bizdən düzlük  və qətiyyət tələb eləyir! Sənsə nə ona, nə də buna layiq olmadığını sübut elədin. Get, üzünü və ayaqlarını yu. Sonra da tələni qaydaya sal. Bizdə nəyə görəsə yenidən siçanlar çoxalıb. Yeri gəlmişkən onlar evdə nə vaxt düzlük və qətiyyət olmadığını hiss eləyirlər.

Oğlan qaşqabaqlı halda əl-üz yuyana doğru getdi. Siçanlarla bağlı onun özünün də çətinlikləri vardı. Tələyə düşən siçanları öldürsün deyə anası ona köhnə çəngəli verirdi. Amma siçanı çəngəllə deşməyə  ürəyi bulanırdı. Əyər tələyə siçan düşürdüsə,   tələni küçəyə aparır,   arxın üstündə açırdı və diri  siçan şütüyüb ora düşürdü. Siçan yenidən onların evinə qayıda bilərdimi, orasını bilmirdi. Siçanlarla bağlı məsələdə onun da düzlüyü və qətiyyəti çatışmırdı.

Bölmə : Nəsr, Ədəbiyyat