“5.45″ hekayə – Müşfiq XAN

43 Baxış

musfiq-xan-275x300

Senet.az oxucularına tanınmış dedektiv yazar Müşfiq XANın “5.45” hekayələr kitabından eyniadlı hekayəni təqdim edir.

Bəzən iki, üç, dörd, on, yüz tənha insanın cəmi

elə iki, üç, dörd, on, yüz tənha insan olur.

Toplanırlar. Toparlana bilmirlər, sadəcə

Gedənlər qayıtmadıqca, dünyanın, əslində heç bir qucağa sığmayacaq qədər böyük olduğunun fərqinə vardıq. Gecikmişdik. Təknəfərlik qucaqlar ikinəfərlik boşal-mışdı onda. Həm də həmişəlik…

“Dağ dağa rast gəlməsə də, insan insana rast gələr”,  deyirlər ha… Bu təsəlli uşaqlıqdan bəri beynimin köşələrində ilişib qalan ən toxunulmaz, tutunacaq yeganə ümid yerimdi bəlkə də.

Danışacağım bu hekayənin qəhrəmanı bir zamanlar ən yaxın dostum olan Camaldır. İndi həyatda olmayan uşaqlıq dostumun başına gəlmiş bu qəzavü-qədəri əvvəllər də, elə bu gün – yaşımın gec çağında  hər dəfə xatırlayanda, dünyadan əlimi üzürəm…

Camalın gündəliyindən qeydlərim…

Yaşadığım ev şəhərin mərkəzindən xeyli aralıda, insanların sıx, qaynar həyatının yeniliklərindən gec xəbər tutan, islahatları həzm edə bilməyən qəsəbə əhalisi ilə eyni əraziyə düşürdü. Daha dəqiqi, mən onlarla eyni qəsəbədə yaşayırdım. Qəsəbə deyəndə, buralar bildiyimiz kənddi. Təsərrüfatı daşdan çıxan, malı-heyvanı, uzunqulağı, atı, özünəməxsus kənd avtobusu və yerli əhalisi ilə fərqlənməyi bacaran, bir az da aydınlaşdırıb desəm, fərqləndiyini zənn edən insanların yaşadığı kənd. Hələ bir kənddə “çujoy” adam olduğunu hiss elədilərsə, “qıraq-yerrisən?” deyə soruşmalarını demirəm. Yaşadığım məmləkətdə “haralısan?” sualınnan sonra elə ən çox eşitdiyim bölgəbaz sual da buydu. Sözümün canı bu deyil…

Onu deyirdim, kənddəki evimin yolu düz qəbiristan-lığın üstündəydi. İstəsəm də, istəməsəm də hər gün ən azı iki dəfə gözümə girən baş daşlarını görmək məcburiyyətindəydim – işə gedəndə və işdən qayıdanda. Hekayəmin bu hissəsinə qədər hiss edirəm ki, “daha doğrusu” ifadəsini yerli-yersiz tez-tez işlədirəm. Daha doğrusu, mən yox, mənim hekayəmi danışan dostum. Amma mənim yatdığım yerdən xortdayıb gələrək sizə başıma gələn bu hadisəni rəvayət edə bilməyəcəyimi nəzərə alsaq, dostumun da görəvi bizim düşündüyümüz qədər asan deyil.

Bəhs etdiyim kənd qəbiristanlığındakı qədər məzarı ömrümdə heç yerdə görməmişdim. Ətəyinnən sonuna qədər üç dəfə salavat, bir dəfə fatihə, bir ağız da ixlas surəsini rahat zikr etməkçün geninə-boluna vaxtın olurdu. Hər gün maşınla yanınnan keçib işə gedəndə bunu yoxlamışdım. Ümumiyyətlə, uşaqlıqdan bəri davam edən ibadətlər təhtəlşüurumda uzun müddət iz buraxan refleks yaratmışdı. Səhv etmirəmsə, buna şərti refleks deyirlər. Qəbiristanlığın yanınnan keçəndə musiqinin səsini kəsmək, salavat zikr etmək və başqa rituallar…. Günlərin bir günü orda – qəbirdə yatanların mənim bu mənasız vərdişimnən bezdiklərini hiss eləməyə başladım. Bu o vaxt idi ki, artıq yolumun üstündəki bütün qəbirləri yerinə, rənginə, görünüşünə görə əzbər tanıyırdım. Daha əvvəlki qədər sürətlə də keçmirdim yanlarınnan. Piyada qaçsa, ötə bilərdi sanasan… yəni hər dəfə gecənin yorğun saatlarında işdən evə qayıdanda maşını olduqca  aşağı sürətlə sürürdüm. Musiqinin səsini də bir az artırırdım: eşidə bilsinlər. Üstəlik onlardan müqəddəs ruhlara sahiblik edənlərin şərəfinə yolboyu içirdim də. Müqəddəs ruhlarına içiləcəklər mütləq vardı – ən azı səhərlər oranı keçəndə üçrəngli bayraqları bağrına basıb məni yolçu edən baş daşlarını tanıyırdım. Bəlkə, uşaq vaxtı ilaxır çərşənbələrdə pay apardığımız xonçadolu bayram şirniyyatlarını yanlarına çəkənlər də onlarıydı. Bizi görüb utanacaqlarından necə ehtiyat edirdiksə, sovqatımızı sinə daşının üstünə qoyan kimi qaçıb gedirdik…

İçki düşkünü olmasam da, hər gün onların şərəfinə içdiklərim və yaranan aludəçilik şüurum özümdə olma-yanda məni narahat edirdi. Ən çox da gecələr az yatıb, uzun-uzadı gördüyüm qarışıq yuxularda. Səhərlər ayılanda hiss edirdim ki, uşaq vaxtı bəlkə də hər gün yuxularımda uçmağımdan əsər-əlamət qalmayıb. Sanki qanadla-rımı sındırıb hansısa uçurumun ətəyinnən üzüaşağı – qaranlıq bir dərəyə yuvarlamışdılar ki, hər gün bir az da dərinə batam. Yaxşı ki günəş var idi. Bax bunu sözgəlişi demirəm: son aylar gecədən səhərə qədər oyaq qalıb sübhdən günəşi görüb sonra yatırdım. Daha doğrusu, görməmiş yata bilmirdim, gözlərimə yuxu getmirdi. Elə bilirdim bu, sonuncu yuxu olacaq. Qəribə bir qorxu idi, canıma keçmişdi. Ta ki axırıncı dəfə atamın qəbrinə baş çəkənə qədər. Siqaretsiz, içkisiz – əliboş getdiyimə görə pis də danlandım. “Özümə gəldim” desəm, fikrimi tam izah edə bilmiş olaram. Doğrusu, məzəmmət anlarında özümü olmazın dərəcədə – saçıma, yaşıma, başıma uyğun olmayacaq tərzdə itirdim, amma ordan ayrılannan sonra aylardır gördüyüm yozulmaz yuxuların sirrini bircə anda çözüb xeyli rahatladım.

İş elə gətirmişdi ki, iş yerimə gedən yol düz qəbiris-tanlığın beşcə addımlığınnan keçirdi. Rahat təsəvvür edə bilməyiniz üçün dəqiq deyim: evim və iş yerimi, yəni hər ikisini dilsiz-ağızsız insanların dincəldiyi daş otaqlardan vur-tut iyirmi-otuz addım ayırırdı. Beləcə mən hər gün ölümnən qayıdırdım. Mənimçün dəyişən təkcə qəbirlərin yeri, rəngi və görünüşü idi. Ucuz pilətə daşlarınnan yonulmuşlardan başlamış, ağ, qara, hərdən də qırmızı mər-mərli baş daşlarına qədər hamısı tanışlar idi. Yəni mən onları əzbərdən tanıyırdım. Onlarınsa heç biri məni tanımazdı. Tanıyardı bəlkə? – deyə hərdən sual verirəm öz-özümə. Amma yox əşi, tanımazdı, tanımazdı…

Şöhrətpərəst olmamağıma rəğmən qəbiristanlığa kö-çənnən sonra mənim daşımın məhz qırmızı mərmərdən olmasını çox istəyirdim. Lap elə olmayan kimi… Yanında balaca bir skamya da olsaydı, lap yerinə düşərdi. Mən kim idim: adi bir kənd müəllimi. Bulunduğum bütün ortamlarda insanlar məni əllərinin içi kimi tanıyırdılar. Bacardığımnan hamıya kömək etməyə çalışırdım. Bilirəm, indi bunu demək heç yerinə düşmür. Hərçənd ki, içimdə qırmızı mərmərli qəbir daşına qarşı yaranan olmazın vazkeçilməz eşqin də hardan qaynaqlandığını sizə ərz eləmək məcburiyyətində hiss edirəm özümü. Hə, xeyli vaxt əvvəl, oturdum, düşünüb-daşındım ki, ölüb gedənnən sonra, lap elə hamı kimi özümü təsəlli edib desəm – dünyamı dəyişənnən sonra mənnən də nişanə olaraq heç olmasa bir baş daşım qalsın. Bəlkə də o vaxtçün axmaq ideyaydı. Amma mən bunu qafama qoyannan sonra cidd-cəhdlə əlləşib-vuruşub aldığım cüzi maaşı tədarük eləməyə başladım. Hesabladım ki, pulu düzəltmək üçün cəmi-cümlətanı 28 il işləməliyəm. Əgər dözüb bunnan əlavə daha bircə il də işləyə bilsəydim, öz qəbrimin teritoriyasında altı-yeddi şam ağacı, bir neçə kvadrat metr döşənmiş yer və bir də dediyim kimi – balaca bir skamyanın da pulunu düzəldə bilərdim.

Qurduğum plan üzrə işə başlayanda otuz yaşım təzə tamam olmuşdu. Qırmızı mərmərdən büstümün, heç ol-masa qəbrimin olmasıyçün daha bu qədər yaşamalıydım. Bu, hardasa altmışa yaxın yaşamaq deməkdi. Mənimçün möcüzə kimi bir şey idi. Çünki buna qədər artıq üç dəfə real ölümnən salamat qurtulmuşdum. Birincisində yüksəklikdən dərəyə düşmüşdüm. Doqquz yaşım vardı. Ölməsəm də, hər yerim sınıq-sınıq olmuşdu. İkincisində dənizdə boğulmuşdum. On iki-on üç yaşım olardı. Sudan çıxanda və ayılanda məlum oldu ki, ciddi zədə almamışam. Ayılannan sonra məni ölümcül döydülər. Yenə ölmədim. Doqquzuncu sinifdə oxuyanda baş verən sonuncu hadisə isə yadıma düşəndə hələ indi də bədənimi əsməcə tutur. Huşsuz halımla qulaqlarımda o vaxtdan bəri uzaq küy kimi qalan “beş qırx beş olub” sözlərini heç vaxt unuda bilmirəm. Bir də əməliyyat otağına atamın qollarında aparıldığımı hiss elədiyimi inanmadığım yuxu kimi xatırlayıram…

Dediyim kimi, doqquzuncu sinifdə oxuyurduq. Bu həmin orta məktəb idi ki, nənəm həmişə buranın Böyük Vətən müharibəsində hospital kimi istifadə edildiyinnən danışardı. Novruz bayramı qabağıydı. Daha doğrusu, biz həmişəki kimi hazırlıqlara bir az tez başlamışdıq. Qış aylarında sinif otaqlarına çevrilmiş palataların hər köşəsinə sobaya atıb qızınmaqçün qalaq-qalaq şam qozaları yığardıq.

Coğrafiya müəllimimiz üzüyola adamıydı. Əsəbiləş-dirəndə yanağımızdan tutub ayağımızı yerdən üzməyini nəzərə almasam, rəhmətliyin yuxa kimi ürəyi vardı.

Həmin gün əmək təlimi məşğələsində itilədiyimiz, adına hərə dediyimiz uzun odun mişarının narın yonqar-larını kağızın arasına yığıb sinfə gətirdik. Coğu (coğrafiya müəllimimizi oğlanlar öz aramızda belə çağırırdıq) sinfə girər-girməz spiçkanı çəkib dəmir yonqarlarını masasının üstündə yandırıb tələsik yerimizə qaçdıq. Cəm halında danışsam da, indiyə kimi yadımdadı, o yonqarları sinfə gətirən də, yandıran da mən olmuşdum. Təbii, Coğu əsəbiləşib elə həmin dərsdə valideynlərimizi məktəbə çağırdı. Evimiz yaxınlıqda olduğundan mənim atam dərs bitməmiş özünü yetirdi. O gələnə qədər tədbirimi görmüşdüm. Çantamdakı “bayram hazırlıqlarımızı” valideynləri məktəbə çağrılan digər iki sinif yoldaşımnan da alıb otaqdakı sobada gizlətmişdim. Aşkara çıxsaydı, evdə vəziyyətimiz acınacaqlı olacaqdı. Xüsusilə də mənim. Həm də bayrama “əliboş” qalacaqdıq. “Bayram hazırlıqlarımız” dediyim əməlli-başlı silah-sursat idi: nazik polad borudan hazırlanmış 3 “part-part”, daha 2 dənəsi misdən hazırlanmışı da var idi. Bunnan başqa, 2 naqan və mənim mövsümçün “yeni ixtiram” hesab olunan xüsusi “tapança” idi. Tapança formasında yonduğumuz taxtanın üstünü qara zolentlə elə qəşəng sarıyıb bağlamışdıq ki!.. Əsgərlikdən yanvarda qayıdan qonşumuzun mənimçün gətirdiyi avtomat gülləsini ucu itilənmiş və “juqut” rezinlə çəkilib tarımlanmış qapı cəftəsinin qarşısındakı oyuğa yerləşdirmişdim. İşləmə mexanizmi belə olacaqdı: tətiyi əvəz edən mismar çəkiləndə cəftəni saxlayan rezin boşalacaq və cəftənin iti ucu mərminin arxasındakı nöqtəyə dəyərək “atəş” açacaq. Uşaqlıq həvəsi, nə deyəsən… Axmaqlıq etdiyimin fərqində deyildim ki! Axmaq olduğumuzu yalnız evdə döyüləndə hiss edirdik.

Atamın gəlişi, Coğunun hiddətdolu şikayəti, 3-4 də-qiqə sonra dərs hissə müdirinin gəlməsi dəqiq yadımdadı. Hətta zavuçun “sobanı az da olsa qalayın, bu gün otağınız çox soyuqdu” deməsi də. Mən onda özümü itirib nə edəcəyimi bilmədən sobaya tərəf cumdum ki, sinif növbətçisi artıq sobaya dörd-beş dənə şam qozası atıb alışdırmışdı. Mənsə çox gözləmişdim. Səsimi çıxarmağa da qorxmuşdum. Ən son anda beynimə gələn fikir isə sobanı söndürmək olmuşdu. Və bir də xatırladığım sobanın qapağını açmağım oldu…

Qızışıb alışan barıtın təsirinnən açılan mərmi sobanın qabağında əyildiyimçün sağ tərəfdən sinəmnən bir az aşağı hissəni tutmuşdu. Bunu mənə bir neçə ay sonra danışdılar. Onda ancaq özümə gəlib əsl ölümnən qurtulmuşdum. Möcüzə kimi bir şey idi. Həm də rayon xəstəxanasında. Hə, bir də demişdilər ki, həmin güllənin adı “beş qırx beş” imiş…

Və bir də heç vaxt həmin “beş qırx beş”i görmək mənə nəsib olmadı. Hərbi xidmət vaxtım çatanda birinci dəfə yüksəklikdən düşəndə aldığım zədənin fəsadlarınnan daha birini öyrəndim – görmə qabiliyyətim çox zəifləmişdi. Əsgərliyə aparmadılar…

Başıma gələn bu qədər şanssız və ölümcül hadisələrdən sonra bütün gərəksiz işlərdən uzaqlaşmışdım. “Anası namaz üstündəymiş”, – deyirlər belə olanda səhv etmirəmsə. Bir də ki, uşaq vaxtı “atalar üçdən deyib, analarsa dörddən”, – deyirdik. Bu ifadəni sonralar heç bir yerdə eşitmədim, oxumadım. Çünki özümüzdən uydurmuşduq, atalar deməmişdi. Amma görünür, mənimki dördüncü dəfəyə qalmışdı. “Görünür” deyəndə, son illər elə bil bunu dərk edib, qəbullanmışdım. Buna görə çox ehtiyatlı davranırdım.

Unudulmaq bəzən insanın ağlına gələn ən axırıncı fikirdi. Amma bəzən ilk başına gələn hadisə elə bu olur. Nə baş verdiyini isti-isti hiss etmir hərdən. Unudulduğunu unutmağa çalışır. Amma heç nə alınmır– tərkedilmənin ikicə addımlığında…

Əslində məni qorxudan bu idi. Yayın cırhacırında belə, rütubət qoxusundan zorla dayandığım sinif otaqların-da saatlarla keçdiyim dərslərin müqabilində aldığım qəpik-quruşları toplamağa başladığımın artıq iki ili olmuşdu. Yaman həvəslə çalışırdım. Bu günə qədər məni qorxudan çox şeyləri sözün əsl mənasında dəf edə bilmişdim. Bircə unudulmaqla bağlı qorxum tərsə-məssəb idi. Gün keçdikcə məni daha artıq çulğayırdı bu fikir. Gözümün qabağında hər kəs tərk edilirdi, unudulurdu, müşkül məsələ olmadığını da hiss edirdim. Amma çifayda – hələ də qorxurdum. Əslində cəhd etsəydim, çox çətin olmayacaqdı bəlkə də. Bir addım mən atacaqdım, bir addım yola salanlar. Olmadısa, tərk edəcəkdilər. Tərk etmək daha gözəl idi, bu arada. Amma daha dəhşətlisi baş verə bilərdi – unudardılar. Sadəcə unudardılar…

Hekayənin davamı “Ustad” jurnalının 15-ci sayında.

KÖŞƏ YAZARLARI
TOP 10