“5.45”

384 Baxış

hekaye

Müşfiq XAN

 

 

Bəzən iki, üç, dörd, on, yüz tənha insanın cəmi

elə iki, üç, dörd, on, yüz tənha insan olur.

Toplanırlar. Toparlana bilmirlər, sadəcə…

 

Gedənlər qayıtmadıqca, dünyanın, əslində, bütün qucaqları qucaqlaya biləcək qədər böyük olduğunun fərqinə vardıq. Gecikmişdik. Təknəfərlik qucaqlar ikinəfərlik boşalmışdı, onda. Və həm də həmişəlik…

Dağ dağa rast gəlməsə də, insan insana rast gələr deyirlər ha, bu təsəlli uşaqlıqdan bəri beynimin köşələrində ilişib qalan ən toxunulmaz, tutacaq yeganə ümid yerimdi bəlkə də. Danışacağım bu hekayənin qəhrəmanı bir zamanlar ən yaxın dostum olan Camaldır. İndi həyatda olmayan uşaqlıq dostumun başına gəlmiş bu qəzavü-qədəri əvvəllər də, elə bu gün – yaşımın gec çağında da hər dəfə xatırlayanda dünyadan əlimi üzürəm…

 

Camalın gündəliyindən qeydlərim…

 

İndi yaşadığım ev şəhərin mərkəzindən xeyli aralıda, insanların sıx və qaynar həyatının yeniliklərindən gec xəbər tutan, islahatları həzm edə bilməyən qəsəbə əhalisi ilə eyni əraziyə düşürdü. Daha dəqiqi mən onlarla eyni qəsəbədə yaşayırdım. Qəsəbə deyən də ki, bildiyimiz kənddi buralar. Təsərrüfatı daşdan çıxan, malı-heyvanı, uzunqulağı, atı, özünəməxsus kənd avtobusu və yerli əhalisi ilə fərqlənməyi bacaran, bir az da aydınlaşdırıb desəm, fərqləndiyini zənn edən insanların yaşadığı kənd. Hələ bir kənddə “çujoy” adam olduğunu hiss elədilərsə, “qıraqyerrisən?” deyə soruşmalarını demirəm. Yaşadığım məmləkətdə “hardansan?” sualınnan sonra elə ən çox eşitdiyim bölgəbaz sual da buydu. Sözümün canı bu deyil…

Onu deyirdim, kənddəki evimin yolu düz qəbiristanlığın üstündəydi. İstəsəm də, istəməsəm də hər gün ən azı iki dəfə ordan boylanan, daha doğrusu gözümə girən baş daşlarını görmək məcburiyyətindəydim – işə gedəndə və işdən qayıdanda. Hekayəmin bu hissəsinə qədər hiss edirəm ki, “daha doğrusu” ifadəsini yerli-yersiz tez-tez istifadə edirəm. Daha doğrusu,mən yox, mənim hekayəmi danışan dostum. Amma mənim yatdığım yerdən xortdayıb gəlib sizə başıma gələn bu hadisəni rəvayət edə bilməyəciyimi nəzərə alsaq, dostumun da görəvi bizim düşündüyümüz qədər asan deyil.

Bəhs etdiyim kənd qəbiristanlığındakı qədər məzarı ömrümdə heç yerdə görməmişdim. Ətəyinnən sonuna qədər üç dəfə salavat, bir dəfə fatihə, bir ağız da ixlas surəsini rahat zikr etməkçün geninə-boluna vaxtın olurdu. Hər gün maşınla yanınnan keçib işə gedəndə bunu yoxlamışdım. Ümumiyyətlə, uşaqlıqdan bəri davam edən ibadətlər təhtəlşüurumda uzun müddət iz buraxan refleks yaratmışdı. Səhv etmirəmsə, buna şərti refleks deyirlər. Qəbiristanlığın yanınnan keçəndə musiqinin səsini kəsmək, salavat zikr etmək və başqa rituallar. Günlərin bir günü orda – qəbirdə yatanların mənim bu mənasız vərdişimnən bezdiklərini hiss eləməyə başladım. Bu o vaxt idi ki, artıq yolumun üstündəki bütün qəbirləri yerinə, rənginə, görünüşünə görə əzbər tanıyırdım. Daha əvvəlki qədər sürətlə də keçmirdim yanlarınnan. Piyada qaçsa, ötə bilərdi sanasan, yəni hər dəfə gecənin yorğun saatlarında işdən evə qayıdanda o qədər aşağı sürətlə sürürdüm maşını. Musiqinin səsini də bir az artırırdım ki, eşidə bilsinlər. Üstəlik onlardan müqəddəs ruhlara sahiblik edənlərin şərəfinə yolboyu içirdim də. Müqəddəs ruhlarına içiləcəklər mütləq vardı – ən azı səhərlər oranı keçəndə üçrəngli bayraqları bağrına basıb məni yolçu edən baş daşlarını tanıyırdım. Bəlkə, uşaq vaxtı ilaxır çərşənbələrdə pay apardığımız xonçadolu bayram şirniyyatlarını yanlarına çəkənlər də onlarıydı. Bizi görüb utanacaqlarından necə ehtiyat edirdiksə, sovqatımızı sinə daşının üstünə qoyan kimi qaçıb gedirdik…

İçki düşkünü olmasam da, hər gün onların şərəfinə içdiklərim və yaranan aludəçilik şüurum özümdə olmayanda məni narahat edirdi. Ən çox da gecələr az yatıb uzun-uzadı gördüyüm qarışıq yuxularda. Səhərlər ayılanda hiss edirdim ki, uşaq vaxtı bəlkə də hər gün yuxularımda uçmağımdan əsər-əlamət qalmayıb. Sanki qanadlarımı sındırıb hansısa uçurumun ətəyinnən üzü aşağı – qaranlıq bir dərəyə yuvarlamışdılar ki, hər gün bir az da dərinə batam. Yaxşı ki, günəş var idi. Bax bunu, sözgəlişi demirəm, son aylar gecədən səhərə qədər oyaq qalıb sübhdən günəşi görüb sonra yatırdım. Daha doğrusu görməmiş yata bilmirdim, gözlərimə yuxu getmirdi. Elə bilirdim bu sonuncu yuxu olacaq. Qəribə bir qorxu idi, canıma keçmişdi. Ta ki, axırıncı dəfə atamın qəbrinə baş çəkənə qədər. Siqaretsiz, içkisiz – əliboş getdiyimə görə pis də danlandım. Özümə gəldim desəm, fikrimi tam izah edə bilmiş olaram. Doğrusu, məzəmmət anlarında özümü olmaz dərəcədə – saçıma, yaşıma, başıma uyğun olmayacaq tərzdə itirdim, amma ordan ayrılannan sonra aylardır gördüyüm yozulmaz yuxuların sirrini bircə anda çözüb xeyli rahatladım.

İş elə gətirmişdi ki, iş yerimə gedən yol da düz qəbiristanlığın beşcə addımlığınnan keçirdi. Rahat təsəvvür edə bilməyiniz üçün dəqiq deyim – evim və iş yerimin, yəni hər ikisini dilsiz-ağızsıs insanların dincəldiyi daş otaqlardan vur-tut iyirmi-otuz addım ayırırdı. Və beləcə mən hər gün ölüb ölümnən qayıdırdım. Mənimçün dəyişən təkcə qəbirlərin yeri, rəngi və görünüşü idi. Ucuz pilətə daşlarınnan yonulmuşlardan başlamış, ağ, qara, hərdən də qırmızı mərmərli baş daşlarına qədər hamısı tanışlar idi. Yəni mən onları əzbərimdən tanıyırdım. Onlarınsa heç biri məni tanımazdı. Tanıyardı bəlkə? – deyə hərdən sual da verirəm öz-özümə. Amma yox əşi, tanımazdı, tanımazdı…

Şöhrətpərəst olmamağıma rəğmən qəbiristanlığa köçənnən sonra mənim də daşımın məhz qırmızı mərmərdən olmasını çox istəyirdim. Lap elə olmayan kimi. Yanında balaca bir skamya olsaydı, lap yerinə düşərdi. Mən kim idim ki, adi bir kənd müəllimi. Amma bulunduğum bütün ortamlarda insanlar məni əllərinin içi kimi tanıyırdılar. Bacardığımnan hamıya kömək etməyə çalışırdım. Bilirəm, indi bunu demək heç yerinə düşmür. Hərçənd ki, içimdə qırmızı mərmərli qəbir daşına qarşı yaranan olmazın vazkeçilməz eşqinin də hardan qaynaqlandığını sizə ərz eləmək məcburiyyətində hiss edirəm özümü. Hə, bir xeyli vaxt əvvəl, oturdum, bir düşündüm, bir daşındım ki, ölüb gedənnən sonra, lap elə hamı kimi özümü təsəlli edib desəm – dünyamı dəyişənnən sonra, mənnən də bir nişanə olaraq baş daşım qalsın. Bəlkə də o vaxtçün axmaq ideyaydı. Amma mən bunu qafama qoyannan sonra ciddi cəhdlə əlləşib-vuruşub aldığım cüzi maaşı tədarük eləməyə başladım. Və hesabladım ki, pulu düzətmək üçün cəmi-cümlətani 28 il işləməliyəm. Əgər dözüb bunnan əlavə daha bircə il də işləyə bilsəydim, öz qəbrimin teritoriyasında altı-yeddi şam ağacı, bir neçə kvadrat metr döşənmiş yer və bir də dediyim kimi – balaca bir skamyanın da pulunu düzəldə bilərdim.

Qurduğum plan üzrə işə başlayanda otuz yaşım təzə tamam olmuşdu. Qırmızı mərmərdən büstümün, heç olmasa qəbrimin olmasıyçın daha bu qədər yaşamalıydım. Hardasa altmışa yaxın yaşamaq deməkdi bu. Mənimçün möcüzə kimi bir şey idi. Çünki buna qədər artıq üç dəfə real ölümnən salamat qurtulmuşdum. Birincisində yüksəklikdən dərəyə düşmüşdüm. Doqquz yaşım vardı. Ölməsəm də, hər yerim sınıq-sınıq olmuşdu. İkincisində dənizdə boğulmuşdum. On iki-on üç yaşım olardı. Sudan çıxannan və ayılannan sonra, ciddi zədə almamışdım. Ayılannan sonra məni ölümcül döydülər. Yenə ölmədim. Doqquzuncu sinifdə oxuyanda baş verən sonuncu hadisə isə yadıma düşəndə hələ indi də əsməcə tutur. Huşsuz halımla qulaqlarımda o vaxtdan bəri uzaq küy kimi qalan “beş qırx beş olub” sözlərini heç vaxt unuda bilmirəm. Bir də əməliyyat otağına atamın qollarında aparıldığımı hiss elədiyimi inanmadığım yuxu kimi xatırlayıram…

Dediyim kimi, doqquzuncu sinifdə oxuyurduq. Bu həmin orta məktəb idi ki, nənəm həmişə buranın böyük vətən müharibəsində hospital kimi istifadə edildiyinnən danışardı. Novruz bayramı qabağıydı. Daha doğrusu biz həmişəki kimi hazırlıqlara bir az tez başlamışdıq. Qış aylarında sinif otaqlarına çevrilmiş palataların hər köşəsinə sobaya atıb qızınmaqçün qalaq-qalaq şam qozaları yığardıq.

Coğrafiya müəllimimiz üzüyola adamıydı. Əsəbiləşdirəndə yanağımızdan tutub ayağımızı yerdən üzməyini nəzərə almasam, rəhmətliyin yuxa kimi ürəyi vardı.

Həmin gün əmək təlimi məşğələsində itilədiyimiz adına hərə dediyimiz uzun odun mişarının narın yonqarlarını kağızın arasına yığıb sinfə gətirdik. Coğu (coğrafiya müəllimimizi oğlanlar öz aramızda belə çağırırdıq) sinfə girər-girməz spiçkanı çəkib dəmir yonqarlarını masasının üstündə yandırıb tələsik yerimizə qaçdıq. Cəm halında danışsam da, indiyə kimi yadımdadı, o yonqarları sinfə gətirən də, yandıran da mən olmuşdum. Təbii ki, Coğu əsəbiləşib elə həmin dərs valideynlərimizi məktəbə çağırdı. Evimiz yaxınlıqda olduğuyçün mənim atam dərs bitməmiş özünü yetirdi. O gələnə qədər tədbirimi görmüşdüm. Çantamdakı “bayram hazırlıqlarımızı” valideynləri məktəbə çağrılan digər iki sinif yoldaşımnan da alıb otaqdakı sobada gizlətmişdim. Aşkara çıxsaydı evdə vəziyyətimiz acınacaqlı olacaqdı. Xüsusilə də mənim. Və həm də bayrama “əliboş” qalacaqdıq. “Bayram hazırlıqlarımız” dediyim əməlli-başlı silah-sursat idi: nazik polad borudan hazırlanmış 3 “part-part”, daha 2 dənəsi misdən hazırlanmışı da var idi. Bunnan başqa 2 naqan və mənim mövsümçün “yeni ixtiram” hesab olunan xüsusi “tapança” idi. Tapança formasında yonduğumuz taxtanın üstünü qara izolentlə elə qəşəng sarıyıb bağlamışdıq ki. Əsgərlikdən yanvarda qayıdan qonşumuzun mənimçün gətirdiyi avtomat gülləsini ucu itilənmiş və “juqut” rezinlə çəkilib tarımlanmış qapı cəftəsinin qarşısındakı oyuğa yerləşdirilmişdim. İşləmə mexanizmi belə olacaqdı: tətiyi əvəz edən mismar çəkiləndə cəftəni saxlayan rezin boşalacaq və cəftənin iti ucu mərminin arxasındakı nöqtəyə dəyərək “atəş” açacaq. Uşaqlıq həvəsi, nə deyəsən… Axmaqlıq etdiyimin fərqində deyildim ki! Axmaq olduğumuzu yalnız evdə döyüləndə hiss edirdik.

Atamın gəlişi, Coğunun hiddətdolu şikayəti, 3-4 dəqiqə sonra zavuçun gəlməsi dəqiq yadımdadı. Hətta zavuçun “peçi az da olsa qalayın, bu gün otağınız çox soyuqdu” deməsi də. Mən onda özümü itirib nə edəcəyimi bilmədən sobaya tərəf cumdum ki, sinif növbətçisi artıq sobaya dörd-beş dənə şam qozası atıb alışdırmışdı. Mənsə çox gözləmişdim. Səsimi çıxarmağa da qorxmuşdum. Ən son anda beynimə gələn fikir isə sobanı söndürmək olmuşdu. Və bir də xatırladığım sobanın qapağını açmağım oldu…

Qızışıb alışan barıtın təsirinnən açılan mərmi sobanın qabağında əyildiyimçün sağ tərəfdən sinəmnən bir az aşağı hissəni tutmuşdu. Bunu mənə bir neçə ay sonra danışdılar. Onda ancaq özümə gəlib əsil ölümnən qurtulmuşdum. Möcüzə kimi bir şey idi. Həm də rayon xəstəxanasında. Hə, bir də demişdilər ki, həmin güllənin adı “beş qırx beş” imiş…

Və bir də heç vaxt həmin “beş qırx beş”i görmək mənə nəsib olmadı. Hərbi xidmət vaxtım çatanda birinci dəfə yüksəklikdən düşəndə aldığım zədənin fəsadlarınnan daha birini öyrəndim – görmə qabiliyyətim çox zəifləmişdi. Əsgərliyə aparmadılar…

Başıma gələn bu qədər şanssız və ölümcül hadisələrdən sonra bütün gərəksiz işlərdən uzaqlaşmışdım. “Anası namaz üstündəymiş”, – deyirlər belə olanda səhv etmirəmsə. Bir də ki, uşaq vaxtı “atalar üçdən deyib, analarsa dörddən”, – deyirdik. Bu ifadəni sonralar heç bir yerdə eşitmədim, oxumadım. Çünki özümüzdən uydurmuşduq, atalar deməmişdi. Amma, görünür, mənimki dördüncü dəfəyə qalmışdı. Görünür deyəndə ki, son illər elə bil bunu dərk edib, qəbullanmışdım. Buna görə də çox ehtiyatlı davranırdım.

 

Unudulmaq bəzən insanın ağlına gələn ən axırıncı fikirdi. Amma bəzən də ilk başına gələn hadisə də elə bu olur. Nə baş verdiyini isti-isti hiss etmir hərdən. Unudulduğunu unutmağa çalışır. Heç nə alınmır amma – tərkedilmənin ikicə addımlığında…

Əslində məni də qorxudan bu idi. Yayın cırhacırında belə rütubət qoxusundan zorla dayandığım sinif otaqlarında saatlarla keçdiyim dərslərin müqabilində aldığım qəpik-quruşları toplamağa başladığımın artıq iki il olmuşdu. Yaman həvəslə çalışırdım. Bu günə qədər məni qorxudan çox şeyləri sözün əsil mənasında dəf edə bilmişdim. Bircə unudulmaqla bağlı qorxum tərsə-məssəb idi. Gün keçdikcə daha artıq çulğalayırdı məni. Gözümün qabağında hər kəs tərk edilirdi, unudulurdu, müşkül məsələ olmadığını da hiss edirdim. Amma ki, çifayda – hələ də qorxurdum. Əslində cəhd etsəydim çox çətin olmayacaqdı, bəlkə də. Bir addım mən atacaqdım, bir addım yola salanlar. Olmadısa, tərk edəcəkdilər. Tərk etmək daha gözəl idi, bu arada. Amma daha dəhşətlisi baş verə bilərdi – unudardılar. Sadəcə unudardılar…

Gərək və mütləqdi ki, insan getdiyi yerdə olsun. Yəni bu vacibdir. Getmisənsə getməyini biləcəksən, onca dəqiqəlik yox, ürəklə gedəcəksən. Ümumiyyətlə getməyin sadə fəlsəfəsi var – getmək fikir kimidi. Və bu da gərəkdir ki, adamın fikri aranda-turanda olmasın. Özündə olsun, sadəcə özündə. Amma mən işə gedəndə fikrim evimin yanındakı qəbiristanlıqda, evə qayıdandasa iş yerimin yanındakı baş daşlarının yanında qalırdı. Gecə göz-gözü görməyəndə evə qayıdırdım işdən evə. Qəbiristanlıqdakı baş daşlarını seçə bilməsəm də, səhərə qədər işləyən başdaşı sexinin parlaq işığında bərq vuran təzə mərmərləri hər gün görə bilirdim. Yonulmamış daş, yonulmuş daş, kimsəsiz daş, kiminsə şəklini daşıyan daş və sonra da onun sexdən yox oluşu, qəfildən qəbiristanlıqda peyda olmasını izləmək təkrar-təkrar baxıb hər kadrını əzbərlədiyim qısa film kimiydi. Mənə elə gəlirdi ki, bu kənddə insanlar hər gün ancaq ölməklə məşğuldu. Heç kim, heç bir canlı doğulmur bu kənddə. Sanasan əzrayil növbəyə düzüb sırası gəldikcə bu adamları yanına çağırırdı. Tanımadığım tanışları sexdəki rəssamlar elə həvəslə, elə canlı çəkirdilər ki, cansız daşlara, ölməyim gəlirdi. Bircə unudulmaq xofunu ata bilməməkdən qorxurdum. Və bir də hələ cəmi iki ili yola sala bilmişdim. Bu müddətə tədarük elədiyim pulla adımın ikicə hərfini yazdıra bilərdim daşa. Zəhrimar da elə uzunuydu ki! Adımı deyirəm. İki dəfə gedib pasportdakı adımı dəyişdirmək fikrinə də düşdüm. Çünki hesablamışdım. Üç-dörd hərfli ad seçsəm ən azı beş il qabağa düşə bilərdim. Amma idarələr get-gələ salannan sonra bu lüzümsuz fikrimnən vaz keçdim. Gərginlik yaratmağa ehtiyac yoxuydu, canım çıxacaqdı bir az çox yaşayacaqdım. Vəssalam…

… Adətən “zaman unutdurur” deyirik. Bəzən fərqinə varırıq ki, əslində zaman unutdurmur, sadəcə daha yaxşı xatırladır. Mənimçün də son iyirmi səkkiz il beləcə ötüb keçmişdi. Artıq əlli səkkiz yaşım vardı. Həyatda özümə görə ən böyük planımı reallaşdırmağın bir-iki addımlığındaydım. Pulumu da artıqlaması ilə toplaya bilmişdim. Hətta keçən həftə vaxt tapıb, gedib qəbir yerimin də behini vermişdim. Sağ olsunlar, hissə-hissə ödəyə bilməyimçün bir il vaxt da vermişdilər. Şəkil məsələsində hələ də qərara gələ bilməmişdim. Gündə bir fikrə düşürdüm. Rəssama gah at belində, gah sinif otağında, gah da əlimdə avtomat, yaxud bayraq olan bir şəklimi çəkməsini tələb edirdim. O da başlamırdı ki, başlamırdı. “Məllim, qəti qərara gəlin, sonra başlayaq”, – deyib hər dəfə yola salırdı. Tərs kimi adımı da daşın üstünə yazmırdı ki, şəkil böyük olsa yerləşməz. İndi başa düşürəm ki, məni hərifləyirmiş, ütük oğlu ütük…

Bu dəfə zaman şeirlərdə deyildiyi kimi su kimi axıb getmişdi. Hesablamama görə sonuncu il idi. Bu ili də sağ-salamat işləyib başa vura bilsəydim, hər şey hazır idi. Kiməsə borcum da qalmayacaqdı. Rahat, adam balası kimi ölə biləcəkdim…

Çox yerində deyiblər – sən saydığını say, gör fələk nə sayır. Hələ də qarışdırıram, qulağımdakı bu şiddətli küy sinif otağımızdakı sobada qoyub gəldiyim “beş qırx beş”dən qalmadı, yoxsa başdaşı mərmərlərini yonan ustanın dəzgahının səsi. İndi fərqinə varıram, inanmağım gəlməsə də, bu küy sübh çağı eşitdiyim qorxunc ana bağırtısınnan qalıb qulaqlarımda…

 

***

 

Bir həftə əvvəl gecə cəbhədə şəhid olan əsgərə dərs demişdim. Həm də qonşumuydu. Anasının o səsi hələ də qulaqlarımda cingildəyir. Elə bil qadın üç il əvvəl vəfat etmiş ərinin əvəzinə də bağırmışdı tifaqının dağılmasına. Qonşuların pıç-pıç edib danışdıqları kimi, dünyanın düz vaxtında avtomat gülləsinə tuş gəlmişdi oğlu. “Bizimkələr öldürüblər”, “ehtiyatsızlıqdan olub”, “erməni vurub”, – bilən-bilməyən hərə bir şey danışırdı.

Anaya – başsız qalan təknəfərlik bu ailəyə bütün qonşular başsağlığı verirdi. Mənsə iyirmi doqquz il işləyib yığdığım halal zəhmətimlə yondurduğum qırmızı mərmərdən olan qəbir daşlarımı şəhid şagirdimə bəxşiş elədim. Halal xoşu olsun!

Həmin gün eşidəndə ki, onu “beş qırx beş” ilə vurublar özümü zorla saxladım. Qayıdıb keçən il özümçün aldığım qəbir yerinə gəldim. Burda hönkürtü ilə ağlasaydım da kimsə görməzdi. Təzəcə qazılmış xəndəyə baxanda gözlərimə işıq gəldi. Qəbrimin içində it balalamışdı. Onu tanıdım, buranın gözətçisinin iti idi – Bobik. Altmış illik həyatımda ilk dəfəydi ki, bu qəbiristanlıqda kimsə ölmürdü, əksinə, tanıdığım birinin balaları dünyaya göz açırdı. Sevincimnən özümü itirmişdim. Aşağı əyilib Bobikin boynunu qucaqlayıb üzünnən öpməyə çalışdım. Amma ha əyilsəm də boyum çatmadı…

 

p.s. Və bir də qismətdə boyum çatmadığı yerdə ölmək var idi…

 

 

 

 

 

 

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10