“525-ci qəzet”in 25 illik yubileyi qeyd edildi

8 Baxış
qaqa
Dünən Bakı Dövlət Universitetində (BDU) “525-ci qəzet”in 25 illik yubileyi və BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin müəllifi olduğu “525” – Zamanın sınağında” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qəzetin kollektivini yubiley münasibətilə təbrik edərək, bu mərasimin rəhbərlik etdiyi ali təhsil ocağında keçirilməsindən məmnunluq hissi duyduğunu bildirib: “Bəlkə kimdəsə sual yarana bilər ki, bu yubiley mərasimi niyə məhz Bakı Dövlət Universitetində qeyd olunur? Çünki “525-ci qəzet”in rəhbərliyi, əksər əməkdaşları bu ali məktəbin məzunlarıdır. Eyni zamanda, Bakı Dövlət Universitetinin “525-ci qəzet”ə xüsusi simpatiyası, böyük məhəbbəti var. Bu qəzet BDU-nun fəaliyyəti ilə bağlı məlumat və materialları həmişə akademik düşüncə və milli təəssübkeşlik hissi ilə, dolğun şəkildə işıqlandırıb. Ona görə də əgər “525-ci qəzet”in rəhbərliyi bu əlamətdar tədbiri başqa bir yerdə keçirməyi qərara alsaydı, biz buna rəğbət, sevgidən irəli gələn qısqanclıqla yanaşacaqdıq”.
Rektor bildirib ki, əslində, hər bir kütləvi informasiya vasitəsinin yubileyi milli yubiley olmalıdır: “525-ci qəzet” lokomotiv kimi milli mənəvi dəyərlərin, ədəbi-bədii fikrin, mentalitetin formalaşmasında müstəsna xidmətlər göstərib. Bu mənada deyə bilərik ki, “525-ci qəzet” ümummilli, bütün millətin qayğısını çəkən qəzetdir”.
Sözügedən qəzetin müstəqilliyimizlə az qala yaşıd olduğunu deyən A.Məhərrəmov qeyd edib ki, Azərbaycan yenidən azadlığa qovuşduqdan sonra keçdiyimiz keşməkeşli, qarışıq dövrlərdə bəzi qəzetlər milliliyi, demokratik düşüncəni gözləyə bilməyib və sıradan çıxıb: “525-ci qəzet” bu missiyanı üzərinə götürərək, fəaliyətində heç bir büdrəmə, axsama olmadan dinamik inkişaf edib. Bu da bizə stimul verib ki, Azərbaycan mətbuatının aparıcı qəzetlərindən olan “525-ci qəzet”in yubiley mərasimini yüksək səviyyədə keçirək”.
Rektor universitetin kafedra müdiri, professor Cahangir Məmmədlinin müəllifi olduğu “525” – Zamanın sınağında” adlı kitabın əhəmiyyətini qeyd edərək, topluda qəzetin yaranma tarixi, onun fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi, mədəni həyatımız, ədəbiyyat və incəsənətimiz, elmi düşüncəmizlə bağlı mövzuların işıqlandırılmasında göstərdiyi yaradıcılıq peşəkarlığının əks olunduğunu vurğulayıb.
BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli çıxışında “525-ci qəzet”in Azərbaycan mətbuatının inkişafında oynadığı mühüm rol, müəllifi olduğu “525” – Zamanın sınağında” adlı kitabın yaranma ideyasından danışaraq, bildirib ki, bu mətbu orqan həm də gənc jurnalistlərin peşəkarlığının artırılmasında müstəsna xidmətlər göstərib: “525-ci qəzet” Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin peşəkarlıq laboratoriyasıdır”.
Professorun sözlərinə görə, qəzet Azərbaycanda ədəbi mühitin formalaşdırılmasında da xüsusi işlər görüb. Rektor A.Məhərrəmovun “525-ci qəzet”i “ümummilli qəzet” adlandırmasına toxunan C.Məmmədlinin sözlərinə görə, Azərbaycanda elə bir oxucu zümrəsi yoxdur ki, bu qəzeti özününkü hesab etməsin.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov isə qeyd edib ki, sözügedən media orqanı özündə Azərbaycan mətbuatının simasını əks etdirir: “525-ci qəzet”in tarixi bizim müstəqilliyimizin tarixidir. Bu qəzetdə dövlətçiliyimizə aid yazılar, iqtisadi xəbərlər, tanınmış ədiblərimizin, eləcə də gənc yazarların yaradıcılıq nümunələri təqdim olunur. Bu rəngarənglik həm də qəzetin baş redaktoru Rəşad Məcidin təbiətindən irəli gəlir. Onun xarakteri necədirsə, qəzet də o şəkildə çıxır. Vaxtilə Rəşad müəllim şair kimi öz imzasını tanıdıb. Sonra biz onu publisist, yazıçı, ictimai xadim kimi gördük”.
Akademik İsa Həbibbəylinin Rəşad Məcid haqqında “Bütün yönləri ilə yaradıcı” adlı monoqrafiya yazdığını xatırladan N.Cəfərov bundan ilhamlanaraq, özünün də məqalə yazdığını deyib: “Axtarışlardan, düşüncələrdən sonra qərara gəldim ki, yazını “Ürəyin dünya qədər genişliyinin metafizikası” adlandırım”.
Akademikin sözlərinə görə, “525-ci qəzet”in əsas məziyyətlərindən biri də odur ki, burada əsasən gənclər çap olunur: “Rəşad müəllim həm də Yazıçılar Birliyində Gənclərlə iş üzrə katibdir. O, gənclərlə işləməyi çox gözəl bacarır. Ədəbiyyat elə bir sahədir ki, onun yaşlı, orta nəsil yazarı ilə yola getmək çətindir, o ki qala gənclərlə. Rəşad Məcid bu çətinliyin öhdəsindən ustalıqla gəlir. Çünki o, yaradıcı insana, yazıçıya inanır. Gərək hər şeydə inam olsun. Rəşad müəllim qəzetinə də inanıb ki, bu gün 25 illik yolu arxada qoyub. Mən inanıram ki, bu qəzetin əməkdaşları öz işlərini gələcəkdə də sevgi və bacarıqla, layiqincə davam etdirəcəklər”.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə 25 yaşlı qəzetin tarixi missiyasından, mətbuatın inkişafındakı xidmətlərindən danışıb. “525-ci qəzet”in ziyalıların qəzeti olduğunu deyən V.Səfərli çıxışında qeyd edib ki, sözügedən mətbu orqan respublikamızın ən çətin dövründə fəaliyyətə başlayıb: “Həmin dövrdə siyasi böhran, maliyyə problemləri ilə yanaşı, ölkədə senzura var idi. Ancaq Rəşad müəllimin rəhbərliyi ilə bu qəzet bütün maneələri qətiyyətlə dəf edərək bugünkü günümüzə gəlib çıxıb. “525” qəzetin qeydiyyat nömrəsi olub. Deməli, buna qədər 524 qəzet mövcud olub. Bəs həmin qəzetlər indi haradadır? Onların böyük əksəriyyəti bu günümüzə gəlib çıxa bilməyib. “525” isə indi də sevilən, seçilən qəzetdir. Bu, gənclərin, ziyalıların qəzetidir. Onun öz oxucu auditoriyası var”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov isə bildirib ki, sözügedən qəzet ölkədə gedən proseslərə obyektiv, ədalətli şəkildə qiymət verməsilə seçilir: “525-ci qəzet” Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasətin cəmiyyətə çatdırılmasında, ictimai fikrin formalaşmasında göstərdiyi xidmətlərlə daim diqqəti cəlb edən öncül mətbuat orqanlarındandır. İnanıram ki, qəzet Azərbaycan mətbuat tarixinin ənənələrini bundan sonra da layiqli şəkildə davam etdirəcək”.
Türkiyənın Azərbaycandakı Səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi çıxış edərək bildirib ki, “525-ci qəzet” plüralist, gənc, müasir baxışa sahib, yaradıcı insanları dəstəkləyən mətbu orqandır: “Bu qəzet 100-dən çox yazıçı, jurnalist yetişdirib. Onların arasında kifayət qədər tanınan imzalar var”. İ.Çiftçi vurğulayıb ki, “525-ci qəzet” mətbuat ənənələrinə daim sadiqlik nümayiş etdirib, xarakterik keyfiyyətlərini hər zaman qoruyub.
BDU-nun professoru, görkəmli tədqiqatçı Şirməmməd Hüseynov çıxışında “525-ci qəzet”lə 1996-cı ildən başlayaraq fasiləsiz əməkdaşlıq etdiyini bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı “525-ci qəzet”də hər həftə iki səhifə yazısının dərc olunduğunu deyən Ş.Hüseynov bu əməkdaşlığı cümhuriyyət dövrünə aid Azərbaycan tarixinin dərindən öyrənilməsi, ictimaiyyətə düzgün şəkildə çatdırılması baxımından yüksək qiymətləndirib.
Görkəmli tədqiqatçı 1919-cu ildə Cümhuriyyətin 1 illiyi münasibətilə Bakıda təşkil olunan hərbi paradla bağlı maraqlı məqamları bölüşüb: “O zaman parada hazırlıq getdiyi günlərdə Məhəmməd Əmin Rəsulzadəyə xəbər çatdırılır ki, təxminən 800 nəfərə yaxın məktəbli, taxtadan silah və at düzəldərək, dəniz qırağında parada hazırlaşırlar. Onlar da bu əlamətdar hadisəni öz uşaq dünyalarına uyğun tərzdə qeyd etmək istəyirlər. Məhəmməd Əmin Rəsulzadə xəbəri eşidəndə həmin məktəblilərin də rəsmi paradda iştirakına şərait yaradılması barədə tapşırıq verir. Nəticədə o paradda Azərbaycan Silahlı Qüvvələrinin ardınca məktəblilərin taxta at-silahla keçidi də baş tutur. Məhəmməd Əmin Rəsulzadə bununla bağlı deyir ki, o uşaqlarda olan milli ruh cümhuriyyətin gələcəyidir. İndi mən də deyirəm ki, əksəriyyəti BDU-nun yetirməsi olan “525-ci qəzet”in kollektivi də məhz belə bir milli ruhun daşıyıcısıdır”.
Çıxışlardan sonra təbriklərə yer verilib.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxməmmədov nazir Əbülfəs Qarayevin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elman Babayev nazir Səlim Müslümovun, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov nazir Mikayıl Cabbarovun təbriklərini “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə təqdim ediblər.
Sonra söz alan “525-ci qəzet”in keçmiş əməkdaşı, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin sədr müavini Gündüz İsmayılov özünün bu qəzetdə fəaliyyət göstərdiyi illəri xatırlayıb: “Mən 1999-cu ildən 2006-cı ilə qədər “525-ci qəzet”də çalışmışam. Filosoflar deyirlər ki, insanların tərcümeyi-halı təsadüflərin məcmusudur. Müdriklər deyirlər ki, tərcümeyi-hal istedad və zəhmətin nəticəsidir. Din isə deyir ki, tərcümeyi-hal insanların alın yazısıdır. Mənim taleyimdə, tərcümeyi-halımda həmişə qürurla ifadə etdiyim iki məqam var. Birincisi, Bakı Dövlət Universitetinin, ikincisi isə “525” adlı məktəbin məzunu olmağımdır. Həyatımda əldə etdiyim bütün uğurlarıma görə bu iki ocağa minnətdaram. Bu işdə mən tək deyiləm. Hazırda daha yüksək vəzifələrdə, beynəlxalq təşkilatlarda çalışanlar arasında yolu bir zamanlar “525-ci qəzet”dən keçənlər az deyil. Belə bir fikir var ki, mətbuat keçmişi gələcəyə daşımaqla məşğuldur. Ancaq mən bu fikrə əlavə olaraq deyirəm ki, bəzi mətbu orqanlar gələcəyə işıq daşıyırlar. “525-ci qəzet” gələcəyə işıq daşıyan qəzetdir. Bu, həm də Rəşad müəllimin özünün işığıdır. İşıq daşımaq missiyadır, vəzifə deyil. Mən bu müqəddəs yolun yolçularına daim işıq arzulayıram”.
Sonda çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan mediasında özünməxsus yeri olan “525-ci qəzet”in 25 il ərzində keçdiyi inkişaf yolundan danışıb. Baş redaktor bildirib ki, Azərbaycan mediasının inkişafında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub: “O, mətbuatımızı məhv olmaqdan xilas edən şəxsiyyətdir”. R.Məcid qeyd edib ki, “525-ci qəzet” hər zaman Azərbaycan dövlətçiliyinə bağlı olub. Hələ 1998-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan İlham Əliyevin “Neft bizim üçün məqsəd yox, vasitə olmalıdır” sərlövhəli müsahibəsinin “525-ci qəzet”də dərc edildiyini xatırladan baş redaktor bildirib ki, 2003-ci ildə prezident seçkiləri ərəfəsində  İlham Əliyevin fəaliyyətindən bəhs edən, “525-ci qəzet”də işıq üzü görmüş məqalələrin, analitik materialların, şərhlərin toplandığı “Siyasi olimpə doğru” kitabı çap olunub.
Baş redaktorun sözlərinə görə, Azərbaycanın əksər dəyərli ziyalılarının “525-ci qəzet”lə bağlı fikirləri birmənalıdır: “Onlar bu qəzeti “ümummilli qəzet”, “ziyalıların qəzeti” adlandırırlar. Bu yüksək dəyər bizə həmişə qürur verir”.
Baş redaktor daha sonra professor C.Məmmədlinin müəllifliyi ilə hazırlanan “525” – Zamanın sınağında” kitabından söz açıb: “Qəzetin 25 illik yubileyi ərəfəsində Cahangir müəllimin xüsusi nəşr hazırlamaq təklifi bizim üçün çox xoş və qeyri-adi oldu. Bakı Dövlət Universitetinin rəhbərliyinin, Jurnalistika fakültəsinin Elmi Şurasının bu təşəbbüsə dəstəyi bizi olduqca sevindirdi”.
Baş redaktor tədbirin BDU-da keçirilməsinin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “İnsan yaşa dolduqca ona doğma olan, xoş xatirələrinin yer aldığı məkanlara can atır. Mən və ətrafımda olan bir çox dostlarım, çox təəssüf ki, doğulduğumuz, uşaqlıq xatirələrimizin iz saldığı o yerlərə gedə, ilk dəfə qədəm qoyduğumuz məktəbi görə bilmirik ki, yaddaşımız təzələnsin. Bizim xatirələrimizdə özünə yer edən doğma məkanlardan biri də Bakı Dövlət Universitetidir. Bu universitetin divarları arasında gəncliyim, tələbəliyim keçib. Mən və bir çox həmkarımın keçmişə aid xoş xatirələrinin qaldığı yeganə real məkan Bakı Dövlət Universitetidir. Bu ali məktəbin 2008-ci ildə mənə verdiyi “Universitetin dostu” adı ilə həmişə fəxr etmişəm. Arzu edirəm ki, hər kəs onun üçün önəmli olan tədbirlərini, günlərini ona doğma məkanlarda keçirsin”.
Rəşad Məcid göstərilən diqqətə görə hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, professor C.Məmmədlinin müəllifli olduğu “525” – Zamanın sınağında” kitabı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Elmi Şurasının qərarı ilə çap olunub. Nəşrdə mətbu orqanın tarixi və keçdiyi yol barədə müəllifin qələmə aldığı monoqrafiya, qəzetin əməkdaşlarının xatirə yazıları, tanınmış şəxsiyyətlərin yubiley münasibətilə göndərdiyi təbrik məktubları, həmçinin, qəzetdə dərc olunan məqalələrdən nümunələr yer alıb.
 
Şahanə MÜŞFİQ
KÖŞƏ YAZARLARI
TOP 10