60-cılar hərəkatını sol ədəbiyyatına aid etməliyikmi?

45 Baxış

555555

Tənqidçi Tehran Əlişanoğlu Senet.az-a müsahibəsində 60-cılar hərəkatını sol ədəbiyyatına aid etməli olduğumuzu deyib: “Təsəvvür edin, ədəbiyyat sosializm dəyərlərini, sosializm cəmiyyətinin üstünlüklərini, kollektivizmin alternativsizliyini təbliğ etdiyi bir vaxtda Y.Səmədoğlunun, Anarın, Ə.Əylislinin, S.Əhmədlinin, Elçinin, M.İbrahimbəyovun, İ.Məlikzadənin həmin cəmiyyətdə darıxan, kollektiv dəyərlərlə barışmayıb öz fərdi dünyasına çəkilən qəhrəmanları meydana gəlməyə başladı. Kapitalizm dünyası ilə kəskin ideoloji mübarizə getdiyi bir zamanda 60-cılar sosrealizmə arxa çevirib, Qərb ədəbiyyatından, ekzistensializmdən, neorealizmdən, magik realizmdən bəhrələnməyə üstünlük verdilər. Təbii ki, 1930-1950-ci illərin qatı ideoloji mühitindən fərqli olaraq, bunun üçün ictimai-siyasi şərait də yaranmışdı. Stalinin ölümündən sonra yuxarıdan aparılan islahatlar cəmiyyətdə bir sollaşma meyli yaratmışdı. Tarixə sovet dövlətinin rəhbəri Xruşşovun adı ilə düşmüş təxminən 1950-ci illərin ortalarından 1960-cı illərin ortalarınacan siyasətdə müəyyən yumşalma, mülayimləşmə dövrünün olması, sənətdə, ədəbiyyatda da demokratikləmə, sərbəst yaradıcılıq mühiti yaratmışdı. Ortada mənim “ərəfə ədəbiyyatı” adlandırdığım 1950-ci illər ədəbiyyatı vardı.  Mahiyyəti onda idi ki, heç də sosrealizm çərçivələrindən çıxmırdı, amma yeni abhavanı, gerçəklərdəki ziddiyyətləri əks etdirirdi, stalinizm epoxasının tənqidini verirdi. Yəni əslində, “ərəfə ədəbiyyatı” inqilabi sosrealizm ədəbiyyatının yeni şəraitdə davamı idi, amma həm də iflasını xəbər verirdi. Bu zaman sosrealizmin içindən çıxmış qabaqcıl ədiblər yenilənmə zərurətinin yaranmasını öz əsərlərində əks etdirirdilər. Bu, İsa Hüseynovun, İsmayıl Şıxlının, İlyas Əfəndiyevin, hətta qatı sosrealistlər Mehdi Hüseynin, Mirzə İbrahimovun nəsrində özünü göstərirdi. Poeziyada Rəsul Rza bu işin öncüllərindən idi… 1950-ci illərin sonu, 1960-cı illərdə poeziyada çevriliş – B.Vahabzadə, Əli Kərim, X.Rza, M.Araz, F.Qoca, İ.İsmayılzadə, Ə.Salahzadə, V.Səmədoğlu və b. olduqca rəngarəng üslublar məhz belə bir “ərəfə” anının zəminində mümkün olmuşdu. Məsələ də bunda idi ki, ideallara söykənən sosrealizm ədəbiyyatı gerçəklərdən çox uzaqlaşmış və getdikcə şablonlaşmışdı. Dəyişməyə o qədər ehtiyac var idi ki, buna əslində, yuxarıdan təkan verilmişdi. İslahatlara Kommunist partiyasının özü təşəbbüs göstərirdi ki, bu islahatlar aşağıdan başlamasın. Belə ki, 60-cılar hərəkatı lokal milli hadisə olmayıb, bütünlükdə SSRİ məkanını bürümüşdü…”

Tehran Əlişanoğlunun fikirləri birmənalı qarşılanmayıb. Onun iddialarına münasibət öyrənmək üçün yazıçılara və tənqidçilərə müraciət etdik.

 

 Xalq yazıçısı, 60-cılar hərəkatının üzvü Anar:

“Tehran Əlişanoğlunun müsahibəsini oxumamışam. Ona görə də, bu barədə geniş fikir bildirə bilməyəcəyəm. Bir tək onu deyə bilərəm ki, mən 60-cılar ədəbiyyatı barəsində bir neçə yazı yazmışam. Bu ədəbiyyatın hara, necə aid olduğunu bilmək istəyənlər bu yazıları oxusunlar”.

 

Tənqidçi Əsəd Cahangir:

  “60-cılar ədəbiyyatına yalnız bir baxış bucağından yanaşmaq doğru deyil. Müəyyən qədər solçuluq da , modernist də , sağ görüşlü, ənənəyə çağıran təmayüllü nümayəndələri də var. Ona görə bu fikri 60-cılar hərəkatının hamısına aid etmək olmaz. Ancaq müəyyən bir qisminə aid edə bilərik”.

 

Tənqidçi Rüstəm Kamal:

“Mən yazını tam oxumamışam. Ona görə də Tehran Əlişanoğlunun bu termini hansı mənada işlətdiyini bilmirəm. Sovet sistemində solçuluq düşüncəsi nə dərəcədə mümkündür və bu düşüncə ədəbiyyata necə təsir edə bilər? Burada söhbət mənim anlamımdakı mənasından gedir.  Mən siyasi, ideoloji mənada anlayıram. Bəlkə solçuluğu Tehran müəllim estetik mənada deyir. Əgər siyasi mənada deyirsə, bu fikirlə razılaşa bilmirəm. Çünki 60-cı illərdə Sovet sisteminin içində sola əyilmə çətin idi. Sadəcə olaraq ədəbiyyatın içində bəzi dəyərlərin dəyişməsi prosesi getdi. Ədəbiyyatda bir qədər ideoloji basqılardan azad olma şansı yarandı. Bunu total səviyyədə solçuluq adlandırmaq olmaz. Amma estetik mənada anlayırsa, bu artıq başqa söhbətin mövzusudur. Ümumiyyətlə o dövrdə Bulqakovun “Master Marqareta” sı, Pasternak, Plotonov, Şoloxovun “Sakit Don”u, İsa Hüseynovun “Yanan ürək” əsəri, İsmayıl Şıxlının “Dəli Kür”ü  var idi. 60-cılar adını ilk dəfə rus ədəbiyyatşünası Stanislav Rastatin işlədib. Ondan sonra bu ifadə hamının ağzına düşüb. Əlbəttə 60-cılar Azərbaycan ədəbiyyatının yeni mərhələdir, yeni sözdür, şərəf duyulacaq bir nəsildir. Amma belə sərt demək olmazdı deyə düşünürəm”.

 

Tənqidçi Cavanşir Yusifli:
“Tehran Əlişanoğlunun bu ideyası çox maraqlıdır. Ancaq bu fikir mübahisələr doğurur. Tənqidçilərin və araşdırmaçıların müdaxiləsini şərtləndirir. Yəni burada bəzi məqamlarla razılaşmasam da, cəhdin özü yetərincə uğurludur. Məncə bu Tehran müəllimin yaradıcılığında yeni mərhələdir. Məsələyə yeni baxış bucağından baxmaqdır. Bu mənada bu mülahizələri alqışlamaq olar. Ancaq yenə deyirəm razılaşmadığım məqamlar var”.

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10