“65 yaşdan yuxarı insanlar öldürülür ki, başqa insanlar xilas olsun” – MÜSAHİBƏ

15 Baxış

2a

Həmsöhbətimiz gənc yazıçı Rövşən Danyeridir.

- “Xural”, “Teleqraf” və.s kimi media qurumlarında işlədin. Sonra mediadan tam uzaq düşdün.

– Bizdə jurnalistikanın ayağını aparıb İP-ə, reytinqə bağlayıblar. Artıq heç kimi yaradıcı iş maraqlandırmır. Məsələn, uzun müddətdir ki, hansı reportajı oxuyub, zövq almısan? İndi daha çox fəst-fud xəbərlərdir. Yəni hər hansı bir sarı xəbər qoydun, aypini yığdın, pul verən şəxsə, sponsora göstərdin, kifayətdir. Yəni heç kim saytın prestijini falan düşünmür. Bu mənada artıq jurnalistikada işləmək maraqlı gəlmir. Bilirsən ki, bu gördüyün iş, yazdığın xəbər nəinki bir günlük, hətta bir neçə saatlıqdır. Buna görə də daha yaradıcı bir sahəyə – reklam sahəsinə keçmişəm. Burada özünü ifadə etmək üçün geniş alanlar çoxdur.

Təəssüfki, bizdə hazırda köşə yazıları, müxtəlif mövzularda araşdırma yazıları verə biləcəyimiz saytlar da qalmayıb ki, heç olmasa gözünün qurdunu belə öldürəsən.

Ümumiyyətlə, bizdə əvvəlcə yazıçılıq institutunu dağıtdılar. Onda da yazıçılar, belə demək mümkündürsə, həyatda qalmaq üçün jurnalistikaya sığındılar. Sonra media sahəsini də yazıçıların əlindən aldılar. Onlar da hərəsi bir sahəyə – kimisi reklama, kimisi dövlət qurumuna yönəldilər. Mən də Azərbaycan yazıçısı olduğum üçün, məcbur özümə yeni bir yaşam formu tapmışam, reklamçılıq sahəsinə sığınmışam.

 

Yazıçı kimi təsdiqlənməyin üçün mütləq kitabın olmalıdır

 

- Səni yazıçı deyil, jurnalist kimi qəbul edirlər. Bu səni narahat etmir?

-Əslində, bayaq dediyim kimi mən jurnalistikaya yazıçı olduğum üçün gəlmişəm. Düşünürəmki, bu sahədə məsuliyyətli olmağım, imza kimi təsdiqlənməyimə səbəb olub. Yazıçı kimi çox da məhsuldar deyiləm deyə jurnalistika sahəsində tanınmağım da normaldır. Çünki oxucu daha çox orada görür imzamı. Bir də bizdə 90-ların sonu, 2000-lərin əvvəlləri belə bir tendesiya var idi ki, albomu çıxmayan müğənnini ciddi müğənni kimi qəbul etmirdilər. Ona görə də hərə bir yolla kasetini çıxardırdı. Son illər yazıçılıqla bağlı da belə bir məsələ var. Yazıçı kimi təsdiqlənməyin üçün mütləq kitabın olmalıdır. Düzü mənim belə bir etiketə – yazıçı adına ehtiyacım yoxdur. Yazmaqdan zövq aldığım füçün yazıram. Yəni bundan könüllü şəkildə imtina etmişəm desəm, daha doğru olar.

– Kitab çıxartmamağının bəlkə özünə inamsızlıqdır?

-Bizdə kitab bazarı yox kimi bir şeydi. Kitab çıxartmaq özünü hansısa bir kütlənin gözündə yazıçı kimi təsdiqləməkdən başqa bir işə yaramır. Hansı ki, bu pasportu bir dəftər səviyyəsində bəsit mətnlər yazaraq da almaq mümkündür. Bilirsən, kitab bazarı pul qazanmaqdan daha çox bir peşəkar kimi formalaşmağına kömək edir. Yəni sən bir roman yazırsan, bu roman rəfdə hansı kitablarla yanaşı qoyulursa, o rəfdəki kitablara nəzərən sənin əsərinin səviyyəsi bilinir. Tutaqki, ciddi bir əsər yazmısansa, sənin kitabını bu qəbildən olan kitablarla eyni cərgəyə qoyurlar və bunun oxucusu kitabına qiymət verir. Kitabın digər kitablara nəzərən az satılırsa, digər kitabları analiz edib, səhvlərini, çatışmazlıqlarını görürsən. Və bu səhvlərini düzəldərək peşəkarlaşırsan. Düzdü istisnalar da olur, amma qaydanı pozmur.

Bizdə belə bir sistem olmadığı üçün kitab çıxartmaq maraqsızdır. Özünə inamsızlıq deyəndə onsuz da bizdəki, kitab tirajları elədirki, 300-500 kitabı hamı satır. Düzü dostlar kitab çıxartmağımla bağlı təkid edirlər. Hətta çap etdirmək istəyənlər də olur. Ancaq razılaşmıram. Fikirləşirəmki, iki halda kitab çıxardaram. Ya çox cüzi tirajla kataloq formasında, hekayələrim axtaranda əlimin altında olsun deyə. Ya da peşəkar marketoloqlar, pr-çılarla məsləhətləşərək, işləyərək reklamını, satışını təşkil edərək. Ən azından hazırki tirajlardan 3-4 dəfə çox sata bilim. Bəlkə, beləliklə kitab bazarının formalaşmağına da bir kömək etmiş folarıq.

– “U döngəsi” hekayən koronalı günlərlə ayaqlaşır deyəsən.

– Əslində, ssenari baxımından müəyyən oxşarlıqlar var. Əsasən insanların psixoloji durumu baxımından çox oxşarlıq var. Hekayədə də dövlət və insanlar aclığın qarşısını almaq üçün birləşirlər. Ancaq heç cür öhdəsindən gələ bilmirlər. Hekayədə 65 yaşdan yuxarı insanlar öldürülür ki, digər insanları xilas etsinlər. Realda isə 65 yaşdan yuxarı insanları, qorumaq üçün qərar çıxarılır. Bayaq dediyim kimi, kitab bazarı olsaydı, hazırda bu hekayə yenidən gündəmə gələrdi. Çünki insanlar hazırki ruh hallarını, keçirdikləri hisslərinə, depressiyalarına “U döngəsində” öz adekvat həllərini tapa bilər.

 

Bizdə tənqidçilər belə hekayələrə şərh verərkən, tələyə düşürlər

 

– Elə bil hekayələrində sentimentallığa meyillisən?

-Əslində, niyə belə qərara gəlmisən çox maraqlıdır. Hekayələrim absurd janrdadır. Bu janrda bir çox janrlara parodiya etmək imkanı var. Məsələn, “Ayin” hekayəsində bildiyimiz ənənəvi hekayəçiliklə başlayır, sonra detektiv janra keçid edir, sonra mistizmə. Əslində, bu bir növ o janrlara parodiya və ironiya kimi qurulur. Ancaq bir çox hallarda yanlış anlaşıla bilir. Sentimentallıqla da məsələ eyni cürdür. Təəssüf ki, bizdə tənqidçilər belə hekayələrə şərh verərkən, o tələyə düşürlər. Yeni hekayəni ənənəvi meyarlarla ölçəndə bir az düzgün olmayan nəticələr çıxa bilir.

-AYB-yə üzv olmaq fikrin hələ də yoxdu? Halbuki etiraz edənlərin bir çoxunun sonradan gizlicə, bağlı qapılar ardından üzvlük, təqaüd üçün müraciət etdiyini görürük.

– AYB-yə üzv olmamaq prinsip məsələsidir. Bu quruma üzv olan, hətta təqaüd alan adamların hamısı yaltaqlıq edib, demək ədalətsiz olar. Ancaq insan gərək inandığı prinsiplər üçün imtina etməyi bacarsın. Təssəvvür elə ki, Sokrat inandığı həqiqət üçün verilən vəzifələrdən, pullardan imtina edib. Hətta sonda ölümdən qaçmaq üçün edilən təklifləri belə rədd edib, bilə-bilə ölüb. Dünya bu gün həmin dövrdən fərqli, daha yaxşı bir yerə gəlibsə, bunu sokrat kimilərin prinsipallığı sayəsində gəlib. Buna görə yazıçı dostlarımıza da öz həqiqət qalalarını sona qədər müdafiə etməklərini istərdim. Düzdü bəzən bunun əksi olur, təqaüdə-falana görə bir çox hallarda oynayırlar. AYB-də sağ olsun, buna tam şərait yaradır. Bu günlərdə oxudum, yeni təqaüdçülər siyahısı hazırlayıblar. Düzdü bu siyahını ictimaiyyətə açıqlamırlar. Çünki siyahıda çox müzakirə olunası adlar var. Amma həmin xəbərdə belə bir cümlə var idi. “Biz əvvəlki illərdə təqaüd alanlara da təqaüd verə bilərik”. Yəni deyirlər, Anar müəllimin tövbə qapısı hələ də açıqdır. Etiraz falan edəndə nəzərinizdə olsun, dozanı çox etməyin.

Ümumilikdə isə AYB haqqında çox danışmağa dəyməz. Bu qurum haqqında istər mən, istərsə də, yazıçı, jurnalist dostlar yetərincə yazmışıq, demişik. Dövlətin və cəmiyyətin bu qurumdan üz çevirməkləri üçün ortada yetərincə səbəb var. Tutaq ki, AYB sabah Natəvan klubunu gecə klubuna çevirsə də, nəsə deməyə dəyməz. Çünki AYB-nin bundan artıq qınanılası səhvləri var. Bizim işimiz bunları insanlara çatdırmaq idi ki, çatdırmışıq. Day AYB-yə bundan artıq enerji sərf etməyinə dəymir.

-”Ustad” jurnalını dərc edirsiniz. Bunun bu və ya digər şəkildə ədəbiyyata hansı xidməti var?

– Əslində, “Ustad” jurnalı Hədəf Nəşrlərinin brendidir. Sadəcə bu jurnalın yaranma prosesində mən də iştirak etmişəm. Öhdəmə düşən işləri görmüşəm. İndi də mütəmadi olaraq bu jurnal üçün tərcümələr edir, kənardan əməkdaşlıq edirəm. “Ustad” jurnalı Azərbaycan ədəbiyyatı üçün önəmlidir düşünürəm. Əvvəla ona görə ki, heç bir dəstək almadan bir dərginin uzun müddət ayaqda qalmağı özü böyük işdir. Dərgidə istər dünya, istər yerli ədəbiyyata, incəsənətə dair məqalələr yer alır. Yeri gəlmişkən sənət üzərinə çox maraqlı akademik yazılara yer verilir ki, məncə hər bir ədəbiyyat insanı üçün bu jurnal göydəndüşmədir.

- Qonorar verilir?

-Əlbəttə, qonorar verilir. Sadəcə öz hesabına maliyyələşən bir dərgi olduğu üçün yalnız müəyyən yazılara qonorar fondu ayrıla bilir. Ədəbiyyat, sənət aşiqi dostlar sağ olsun, jurnalın ayaq üstə qalmağı üçün bir çox hallarda yazılarını təmənnasız da göndərirlər. “Ustad” jurnalı da öz növbəsində yeni istedadların özünü tanıtması üçün bir platforma yaradır.

– Bir də Senet.az saytı var. Amma mədəniyyət saytları arasında kölgədə qaldı. Səbəbi nədir?

-Senet.az da Hədəf Nəşrlərinin brendidir. Düşünürəm ki, Senet.az digər saytların yox, “Ustad” jurnalının kölgəsində qalıb. Çünki yaradıcı heyət enerjilərini daha çox jurnala xərcləyirlər. Ancaq Senet.az Azərbaycanda ən uzunmüddətli və kəsintisiz fəaliyyət göstərən sənət platformasıdır. Düzdür, şouya qaçmadığı üçün bəzən ümumi mənzərədə kənarda qalmış kimi görünə bilər. Ancaq əsl ədəbiyyat, sənət aşiqləri üçün Senet.az çox istifadəli platformadır. Yəni ciddi məqalələr oxumaq istəyən şəxslər özləri Senet.az-ı axtarıb tapırlar.

“Ədalət” qəzeti

Söhbətləşdi: Emin Piri

Bölmə : Müsahibə