66-cı beynəlxalq Berlin kinofestivalı başlayır

10 Baxış

Qızıl ayıBu gün Almaniyanın paytaxtında 66-cı beynəlxalq Berlin kinofestivalı başlayır. Festivalda nümayiş etdirilən bütün filmlər geniş kütləyə açıqdır. Cari Berlinalenin proqramında və bölmələrində 77 ölkədən 434 film göstəriləcək. Filmlərdən 23-ü əsas müsabiqədə nümayiş etdiriləcək ki, onlardan 18-i dünya primyeralarına daxildir. Festivalın əsas mükafatı “Qızıl ayı” üçün yarışacaq həmin 18 film arasında Almaniya, Fransa, ABŞ, Tunis, Danimarka və İngiltərə istehsalları var.

“Qızıl ayı”nın ovlanması mövsümünü Vensan Peres, Ceff Nikols, Tomas Vinterberq və digər məşhur rejissorlar açacaq. Açılışda Joel və Ethan Coen qardaşlarının “Hail, Caesar” filmi nümayiş olunacaq.

“Qızıl ayı” və “Gümüş ayı” mükafatlarının sahiblərini müəyyən edəcək bu ilki jüriyə əfsanəvi Hollivud aktrisası Meril Strip rəhbərlik edir.

Berlinale festivalı həmişə öz ciddiliyi ilə diqqət çəkib. Onu Kann və Venesiya festivallarından fərqləndirən əsas cəhəti burada siyasi filmlərə üstünlük verilməsidir. Festivalın bu il də siyasi baxış sərgiləyəcəyini açıqlayan Berlinalenin rəhbəri Dieter Kosslick filmlərdə “qaçqın böhranı və insanların xoşbəxtlik axtarışları” mövzularının önə çıxarıldığını vurğulayıb.