725-ci marş və ya… Sonuncu marşa ehtiyacımız var! – Şəmil Sadiq

68 Baxış

sadiq

Senet.az oxucularına “Ustad” jurnalından Şəmil Sadiqin 725-ci marş və ya… Sonuncu marşa ehtiyacımız var! yazsını təqdim edir.

“Allah bu millətə bir daha İstiqlal marşı yazdırmasın”, – demişdir böyük türk şairi Mehmet Akif Ərsoy. Bu cümləni niyə dediyini və nə zaman dediyini yazmazdan əvvəl Türkiyənin “İstiqlal” marşının necə və hansı şərtlərlə yazıldığını deyim, sonra mətləbə keçək.

Türkiyə 1920-ci ilin sonlarında yunan ordusu ilə ağır bir döyüşün astanasında idi. Tarixçilər deyirlər ki, o dövrdə ölkənin sadəcə silaha deyil, millətin ümidlərini yaşadacaq mənəvi dəstəyə də böyük ehtiyac var idi. Hər bir millət kimi…

Bunun üçün isə Qərb cəbhəsinin quzey bölgəsinin komandanı miralay İsmət paşa Maarif vəkili doktor Rza Nuru bəyi ziyarət edir. Bu ziyarətdən qısa bir zaman sonra “Hakimiyyəti milliyə” qəzetində “Türk şairlərinin nəzərinə! Maarif Vəkalətindən” başlıqlı bir şeir yarışmasının elanı verilir.  Müsabiqənin tələbi milli marşın yazılması idi və qalib 500 lirə qazanacaqdı. Ancaq bir şərtlə: şeirlər milli mücadilə ruhunu ifadə etməli idi. Sonra isə şeirə musiqi bəstələnməsi üçün növbəti bir yarışma elan ediləcəkdi.

Ümumi elandan başqa, Maarif vəkili adından o zamanın tanınmış yazıçılarına xüsusi məktub da göndərilmişdi. Maarif vəkili Həmdullah Sübhinin sözlərinə görə, qısa bir zamanda 724 şeir qəbul edildi. Lakin Həmdullah Sübhi bəy onların arasında milli mucadiləni əks etdirən, ruhları ümidləndirən heç bir nümunə tapa bilmədi. Yazılanlar nə onun, nə də münsiflərin ürəyincə idi. Bu qupquru şeirlərin heç birindən milli marş ola bilməzdi.

Amma Sübhi bəyə ümid verən tək bir amil var idi. O da Mehmet Akif bəyin imzası ilə qəbul edilən heç bir şeirin olmaması…

Onun düşüncəsinə görə, milli marşı yalnız bir nəfər yaza bilərdi. O da Mehmet Akif Ərsoy! Çünki istər Balkan müharibəsində, istər Birinci Dünya Müharibəsində yaşananların ən güclü və heyrət doğuran ifadəsini onun misralarında görmüşdü:

Azacıq kurcala toprakları, seyr et ne çıkar;

Dipçik altında ezilmiş, parçalanmış kafalar!

Bereden reng-i hüviyetleri uçmuş yüzler.

Kim bilir hangi şenaatle oyulmuş gözler.

Medeniyet denilen vahşete lanetler eder,

Niçe yekpare kesilmiş de sırıtmış dişler.

Süngülenmiş, kanı donmuş niçe binlerle beden

Niçe başlar, niçe kollar ki, cüda cisminden!

Bir gün Türkiyə Böyük Millət Məclisind Mehmet Akifin yaxın dostlarından Balıkesir millət vəkili Həsən bəylə qarşılaşan Sübhi bey xoş-beşdən sonra müsabiqəyə gələn şeirlərin heç birindən razı qalmadığını deyir. Sonra Mehmet Akifi bu marşı yazmağa razı salmasını ondan xahiş edir. Həsən Basri də Mehmet Akifin bu cür bir vəzifə üçün mükafat  qoyulmasının əleyhinə olduğunu, bundan yaman narahatlıq keçirdiyini bildirir. Əminliklə deyir ki, mükafat olduğu üçün o buna razı olmayacaq. Subhi bəy də şairə başqa bir məktub yazaraq onun son çarə olduğunu bildirir. Narahatllığını başa düşdüyünü və necə istəyirsə, o cür də davranılacağını qeyd edir.

Məktubunmu, yoxsa Həsən Basrininmi şairi razı salması bir az mübahisəli olsa da, Mehmet Akif şeiri yazmağa başlayır. Hətta bəzi qaynaqlarda deyilir ki, Mehmet Akif məktubdan da, Həsən Basridən də qabaq şeiri yazmağa başlamışdır. Bu təklifdən sonra isə o Tacəddin Dərgahına qapanıb “İstiqalal” marşını yazır. Deyilənlərə görə, hissə o qədər qapılır ki, bir gecə yadına düşən “ben əzəldən bəridir hür yaşadım, hür yaşarım” misrasını kağız tapa bilmədiyi üçün divara yazır.

Şair şeiri bitirən kimi, yəni 1921-ci il 7 fevral tarixində “Qəhraman ordumuza ithaf” adı ilə imzasız şəkildə Maarif Vəkilliyinə göndərir. “İstiqlal” marşı ilk dəfə 17 fevralda Hakimiyyəti milliyə” qəzetində yayımlanır.

Beləcə, yarışmaya göndərilən 725-ci şeir Türkiyə Böyük Millət Məclisində böyük alqışlarla qəbul edilir. Subhi bəyin ürək yanğısı ilə şeiri Böyük Millət Məclisində səsləndirdiyi zaman şair zaldan sakitcə çıxmışdır.

Şair ona verilən 500 lirəni isə müsəlman qadın və uşaqlara yardım məqsədilə fəaliyyət göstərən Darülmesai dərnəyinə bağışlayır. Halbuki həmin dövrlə o, çox böyük ehtiyac içərisində yaşayırdı.

Deyilənlərə görə, Ankaraya getdiyində paltosu belə yox imiş. Soyuq günlərdə məclisə qatılmaq üçün tez-tez paltosunu geyindiyi yaxın dostu Neyzen Tevfikin qardaşı Baytar Şefik bəy bir gün, – “Akif bəy, bu mükafatı rədd etməyib, bir palto alsaydınız, yaxşı olmazdımı?” – demişdi. Əşrəf Edipin dediyinə görə, o anda Şairin hansı vəziyyətə düşdüyünü təsəvvür etmək çox çətindir. O, məhz bu sözə görə düz iki ay Şefiq bəylə danışmamışdı.

Məhemet Akif bir dəfə jurnalistlərlə söhbətində demişdir ki, “İstiqlal” marşı bir daha yazıla bilməz, kimsə bir daha “İstiqlal” marşı yaza bilməz, mən də yaza bilmərəm!” Bu sözləri nə qədər əsəbi şəkildə demişdisə, bir o qədər də sakit və hüznlə, – “Allah bu millətə bir daha “İstiqlal” marşı yazdırmasın”, – deyə əlavə etmiş və susmuşdu.

Bəli, ümid edirik ki, Türkiyə ustad sənətkarın dediyi kimi, bir daha marş yazılacaq duruma düşməyəcək. Marşların nə məqsədlə və hansı şəraitdə yazıldığı hamımıza bəllidir. Amma bu misranın tərsinə, mən arzu edirəm ki, Tanrı bizə, Azərbaycan türklərinə bir dəfə də marş yazmağı nəsib etsin.

Mehmet Akif bəyin “Allah bu millətə bir daha “İstiqlal” marşı yazdırmasın” fikrinin səsləndiyi anı mən çox yaxşı təsəvvür edə bilirəm. Bir xalq dünya qarşısında dimdik durub, öz müqəddəratını həl etmişdir. Türkiyə Cümhuriyyətinin qurulması üçün xalqın birlik olub, mübarizə aparmasını bütün dünya görmüş və buna qibtə etmişdir. Məhz “İstiqlal” marşının yazılmasını şərtləndirən həmin zaman, həmin şərait idi. Mücadilə və mübarizə yoxdursa, marşlara da heç bir ehtiyac qalmır.  Marşların yerini serenadalar, balladalar tutur. Ustad sənətkar məhz xaqlının ağır vəziyyətini göz önünə gətirərək o məşhur kəlməni ifadə etmişdir. Hətta “Kimsə bir daha “İstiqlal” marşı yaza bilməz, mən də yaza bilmərəm!” deməsi belə içdən gələn bir inancın ifadəsi idi. Çünki Çanaqqala kimi savaşı dünya tarixi nə görüb, nə də ki görəcəkdir. Çanaqqala mücadiləsini gözləri ilə görməyən şair “İstiqlal” marşı kimi bir marş yaza bilməz.

 Bu məqamdan çıxış edərək Azərbaycanımızın himni haqqında demək olar: Allah Azərbaycan xalqına bir daha himn yazdırmasın! Amma bir az ciddi düşünəndə, adamın ağlından keçir ki, Bütöv Azərbaycanın yeni himnə ehtiyacı olacaqmı? Yəqin ki, bəli! Ya iki himnimiz olacaq, ya da o birliyi görəndə böyük bir şairi Tanrı bu himni yazmağa məsul edəcək!

Bu gün müəllifinin tam dəqiq olmaması haqqında gedən polemikalar, sətirlərində döyüşə, müharibəyə səslənişin olmasını tənqid edib, himninin dəyişməsini ifadə edən fikirlərin mahiyyətində zərrə qədər də olsa, həqiqətin olması belə bu cür yanaşmaların səsləndirilməsinə haqq qazandırmır. Müəllifin kim olmasından asılı olmayaraq, himnimiz gözəldir, döyüşkəndir, əzmkardır, mübarizə ruhunu ifadə edir. Çünki bunu çar Rusiyasının 100 illik buxovundan canını qurtaran bir millətin qeyrətli oğlu yazmışdır. O zaman da müəllifin ruh halı Mehmet Akifin marş yazdığı zaman yaşadığı ruh halı ilə eyni idi, məncə. Digər bir tərəfdən isə himnimizin humanistləşdirilməsini istəyən “yemlənmişlər” Azərbaycanı Fransa ilə, İsveçlə müqayisə etməmişdən əvvəl ölkənin vəziyyətini gözləri önünə gətirsinlər. “Marselyoza”nın redaktə olunduğunu nümunə gətirərək, bizim də bu addımı atmağımızı istəyənlər də həmçinin… Etiraf edək ki, bugünün Avropası öz insanı üçün çox iş görüb, bəlkə də görməyə bir iş qalmadığı üçün himnin dəyişməsinə əl atır.

 Amma biz hələ bəzi məqamlarda çox geridəyik. O qədər geridəyik ki, öz halal torpağımızın kiçik bir təpəsini alarkən sevinc göz yaşlarımızıda boğuluruq. Yəni biz hələ bir kiçik təpənin alınmasına sevinəcək durumdaykən, qisas hissinin yaşamalı olduğu vəziyyətdəykən mübarizə ruhlu himnimizi humansitləşdirməyə heç bir ethiyac yoxdur.

Bu gün ehtiyacımız olan tək şey marşların yazılmasıdır. Həm də hər misrasında Bozkırdakı atın ayaqlarının səsini, hər kəlməsində Tanrı dağının əriyərək şırıldayan saf suyunun qoxusunu duymalıyıq!         Aprelin 2-5-də üç günlük müharibə şəraiti bizə göstərdi ki, hələ də qələbə marşına ehtiyacımız var. O marşa ki, əsgərimizi oddan, alovdan, qardan, borandan anaların laylası, uluların duası, Tanrının sədası kimi qorusun. Qəlbədən qəlbəyə səsləsin.

Birinci Qarabağ Müharibəsi illərində yaranmış marşların təzələnməsinə, yenidən aranjımanına ehtiyac var.  Bu marşlar o vaxta qədər yazılmalıdır ki, Təbrizdə “Marş irəli!” dedikdə Borçalıda atlar şahə qalxsın…

Babalardan aldıq öyüd,

Hər birimiz qorxmaz igid,

Vətən bizə bəslər ümid,

Bizik ölməz, canlı ordu,

Arş irəli, şanlı ordu!

Azərbaycan, Azərbaycan!

Ucaldacaq səsin hər an,

Bayrağını zaman-zaman,

Ay ulduz nişanlı ordu.

Arş irəli, Şanlı ordu!

P.S. Üç günlük (2-5 aprel 2016) Qarabağ müharibəsində şəhid olan qardaşlarımızın ruhu qarşısında baş əyir, sayğl ilə anırıq!

Mənbə: Ustad jurnalının 3-cü sayı.

KÖŞƏ YAZARLARI
TOP 10