9 noyabr Bayraq Günü

19 Baxış

bayraq

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.  

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

 

Bölmə : Redaktorun seçimi