“999-cu gecə” tamaşası – Musiqili Teatrda

8 Baxış

Azərbaycan Dövlət Musiqili Teatrında ötən mövsümün uğurlu tamaşalarından biri olan “999-cu gecə” iki hissəli musiqili tamaşası nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Senet.az saytına bildirib ki, səhnə əsərinin növbəti nümayişi həftəsonu – 25 sentyabr tarixində saat 19.00-da baş tutacaq.

Azərbaycanın dünya şöhrətli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqiləri, ölməz mahnıları və  “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” böyüklər üçün nağıl-tamaşadır.

Tamaşanın süjet xəttinin əsasını çəkməçi Maruf la ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Bu nağıl  “Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb. Gözlənilməz situasiyalarla zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Belə ki, dekorasiya 2 mərtəbəlidir və hər bir mərtəbə də simvolik mənaya malikdir. Süjet xəttinin əsasını xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizə təşkil edir.

Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlər, konsertmestri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Rolları Məhərrəm Qurbanov, Nicat Əli, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

Qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

 

 

 

 

Bölmə : Teatr