A.P.Çexovun hekayələrindəki “biz” – Pərvanə Bayramqızı

10 Baxış

 

Yazıçı Anton Çexov

Senet.az oxucularına “Ustad” jurnalının 28-ci sayından Pərvanə Bayramqızının “A.P.Çexovun hekayələrindəki “biz”” yazısını təqdim edir.

Biz hər yerdə varıq – Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev və başqalarının yazdıqlarında nə qədər istəsək, azərbaycanlı tipi mövcuddur. Deyəsən, az oldu, elə isə birini də əlavə edim.

Anton Pavloviç Çexovun neçə illər bundan əvvəl yazdığı hekayələrində azərbaycanlı tipi olduğuna diqqət yetirmisinizmi? Bəlkə də bilirsiniz, mən yazmağa gecikmişəm. Elədirsə də, eybi yox, mövzunu başlamışam, gərək sona yetirim. Onun “Yaylaqçılar” hekayəsini oxuyanda ürəyinizdən nə keçib?

“Təzəcə evlənmiş ər-arvad” – güman edirəm ki, elə bu cümlədən bizdə yenicə evlənənlərin yaşamağa başladığı günlərin necə ağır olduğunu yadınıza salmısınız. Başqalarının müdaxiləsi, öyüd-nəsihətləri və digər sıxıntılarla başlayan evliliyin ilk günlərini ürəkağrısı ilə xatırlamağınızdan da əminəm. Bizlərdə yenicə evlənənlərə sərbəstlik verilmədiyini, hər kəsin onlardan özünə xoş gələ biləcək rəftar gözlədiyini hamınız bilirsiniz. Bilirsiniz ki, qayınatanın tələbləri, qayınananın “əmrləri” gəncləri məngənə kimi sıxır. Ən gülüncü də gəlinin qayınataya, qayınanaya necə müraciət edəcəyini gözləməkdir. Əgər bu mərhələdə gəlin “büdrəsə”, bu, ömrü boyu üzünə vurulacaq. Yeni evdə gəlini övlad kimi qəbul etməyənlər özlərinin valideyn hesab edilməsini tələb edirlər. Bir yandan da baldızla qayın öz növbəsində qardaşın “ağzının kəsərini” yoxlamaq məqsədilə müşahidələr aparırlar. Bizdə yenicə ailə qurmuşların ilk günləri bu cür başlayır. Çexovun hekayəsindəki gənc ər-arvad bu cür mərhələdən keçmir, amma bir gün eynən bizdəki kimi, “başlarının üstünü qara buludlar alır”. Onlar evlərində olan azuqələrini iştahla, sevinə-sevinə bölüşdükləri bir vaxtda dayısıgil onlara qonaq gəlirlər. Qatarın qabağına çıxıb onları qarşılayan ər-arvadın ovqatı təlx olur. Bu məqam hekayədə bu cür təsvir olunub: “Saşa təsəvvürünə gətirdi ki, budu, ər-arvad üç otaqlarını, balışlarını, ədyallarını qonaqlara verirlər, balıq, sardina və ovduq bir andaca yeyilib qurtarır, dayı uşaqları gül-çiçəyi qırırlar, mürəkkəbi dağıdırlar, çığır-bağır salırlar, xala bütün xəstəliyindən və əslən baronessa fon Fintix nəslindən olmasından danışır”. Bu vəziyyət bizdə xüsusilə, orta və yaşlı nəslin nümayəndələrinə tanışdır. Onlar belə günlərdən çox əziyyət çəkiblər. Sovet dönəmində birinin şəhərdə qohumu yaşayanda bütün rayondakı qohum-əqrəbası onun evinə axışardı. Təhsil almağa, işləməyə, kənd məhsullarını satmağa gələnlərin əlindən ailə rahatlığın nə olduğunu bilməzdi. Biri yenicə evlənib şəhərə köçürdüsə, nəsil də onlarla bərabər gəlirdi. Dəhşətlisi də bu idi ki, gələn qonaqlar neçə illər yaşayıb ailənin gününü qara etməklərinə baxmayaraq, üstəlik, narazı gedirdilər. Elələri də olurdu ki, sonra özünə güzəran qurduqdan sonra əziyyət verdiyi ailəni heç yadına da salmırdı. Eyni hal şəhərdəkilərin kəndə istirahətə gəldiyi vaxtlarda da baş verirdi. Şəhərdən gələnlər evində qalıb əziyyət verdiyi ailəyə çox vaxt “kəndli” olduğu üçün yuxarıdan aşağı baxır, hər şeyinə ağız büzürdü. Amma xaricə istirahətə getməyə maddi imkanı olmadığından o kəndliyə möhtac olduğunu etiraf etmək istəmirdi. Qəribə bir hal da mövcuddur (hər dövrdə), birinin evinə qonaq gedən uşaqlar evlərində sındırmağa icazə verilməyən bütün əşyaları gedənəcən sındırıb qurtarmağa çalışırlar. Bundan da qəribə olan bunun üçün ananın övladına təpinməməsidir. Üstəlik, ev sahibi etiraz edəndə də, inciyib küsür. Düşünür ki, o qonaqdısa, hər şey edə bilər və ev sahibi buna susmalıdır. Qonaqlarda bu, bir ənənədir. Ermənilərə də Vətənimizdə bir az torpaq ayırdıq ki, yazıqdırlar, yerləşsinlər, sonra gəlib yurd-yuvamıza sahib çıxmağa çalışdılar. Qonaqları özümüz pis öyrədirik. Ev tikəndə birinci qonaq otağını hazırlayır, ən yaxşı əşyaları oraya yerləşdiririk. Qonaq da axırda belə edir. Qayıdaq əsas məsələyə. Beləliklə, gənc ailənin sakit günləri yoxa çıxdı. Elə bizimkilər də yenicə evlənənlərin bal ayına həmişə zəhər qatırlar.

“Məmurun ölümü” və “Qlaflı adam”ın da bizdə yaxşı yeri var. Birinci hekayədəki məmur kimi də yüzlərlə məmurumuz var. İkinci hekayədəki “Etiraf edirəm ki, Belikov kimi adamları dəfn etmək böyük həzz verir. Qəbiristanlıqdan qayıdanda bizim sakit və təvazökar görkəmimiz vardı, heç kəs bu həzzi aşkara çıxarmaq istəmirdi – bu həzz çox əvvəllər, hələ uşaq çağlarımızda hiss etdiyimiz həzzi andırırdı, ailənin yaşlı adamları evdən çıxıb gedirdi və biz bir-iki saat tam azadlıqdan zövq alaraq, bağda o yana, bu yana qaçışır, azad nəfəs alırdıq, ah azadlıq, azadlıq! Hətta azadlığa dair kiçik bir işarə, zəif bir ümid adama qol-qanad verir, elə deyilmi?” cümlələri də mənə nəvələrini ölən günəcən sınmasın deyə, televizoru işlətməyə qoymayan bir babanı xatırlatdı. (Hələ bundan betərləri də var.) Adamların ölümünə sevinməyim anlamına gəlməsin, yazıçı haqlıdır. Ölümlə razılaşa bilməməyimə baxmayaraq, bu cür yorucu insanların uzağa getməyini arzuladığı üçün ədiblə həmfikirəm. (Əminəm ki, siz də bu cür düşünürsünüz. Çexovdan da ağıllı deyilik ki!) Belələrinin uzağa getməsi heç də pis olmaz.

İndisə Çexovun ən çox sevdiyim hekayəsindən söhbət açmaq vaxtı yetişdi: “6 nömrəli palata”. Bu hekayə öz gerçəkləri ilə adamı valeh edir, düşündürür. “Ən çox sevdiyin əsər hansıdır?” – deyə soruşan olanda, sevə-sevə C.Londonun “Martin İden”, “Həyat eşqi”, “İnsan öldürmək” və Çexovun adıçəkilən hekayəsini söyləyirəm.

“6 nömrəli palata” hekayə yox, sanki yaşadığımız tanış mühitdir. İnsan nə vaxt ruhi sarsıntı keçirir? Təbii ki, ətrafında heç nə yolunda getməyəndə, onun gördüklərini heç kəs görməyəndə. Adamı elə adamlar dəli edir. Onlar, hətta namuslu olduğu üçün adamı təəssüflənməyə də məcbur edirlər.

“Andrey Yefimıç ağıl və namusu son dərəcə sevirdi, lakin öz ətrafında ağıllı və namuslu bir həyat qurmağa kirdarı yox idi və öz hüququna inanmırdı. Əmr, qadağan və israr etməyi qətiyyən bacarmırdı.” Bu cümlələri oxuyanda – “Aman Allah! Bu ki mənəm!” – deyə, az qala, fəryad qopardım. Bilirəm, siz də belə dediniz. Üzüyumşaqlıq ucbatından, hegemonluq eşqinin olmamasından əziyyətə qatlaşan insanlar çoxdur. Onlar qürurunu qoruduğundan bu gen dünyanın bir küncünə sığınıb yaşayırlar. Bəzən “zamanın nəbzini tuta bilmədikləri üçün” özlərini danlayırlar. Amiranə səslə tələbkarlıq etmədiklərindən onları arxa plana atırlar. Axırda da yazıqlar “Axı bunlara nə lazımdır?” deyə təəccübdən dəli olurlar.

“Andrey Yefimıç aldatdıqda, ya ona yaltaqlıq etdikdə, yaxud da açıq-aşkar saxta bir pul sənədini ona imzalatmağa verdikdə, pul kimi qızarır, özünü təqsirli bir adam kimi hiss edirdi, amma bununla belə, yenə də sənədi imzalayırdı…” Bu faciədir! Cəmiyyətin faciəsi! Oğurluğa nifrət edirsən, amma səni oğurlamağa məcbur edirlər. Acizsən, çarəsizsən, çünki təksən. Bilirsən ki, onsuz da sonda sən yox, məcbur edənlər haqlı çıxacaqlar. Oğurlasan da, oğurlamasan da günahkar olacaqsan. Odur ki, boyun əyirsən. Dəli olmaq üçün bundan böyük hansı səbəbin ola bilər? Vicdansız olsaydın, bunlar vecinə olmazdı. Amma o, səni rahat buraxmır. Özünə nifrət edirsən. Qana-qana yaşamaq çətindir, hansı dövr olur-olsun. Qanmazlığı xoşbəxtlik saymağa başladığın zaman artıq hiss edirsən ki, daha özündən xəbərsiz yaşayırsan. Bundan sonra nə etsən onu danışacaq, nə desən ona güləcəklər.

“Hə, mən xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib-dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayırd edə bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzindən günahkar kimi burada qalmalıyıq? Nə üçün siz feldşer, nəzarətçi və sizin kimi bütün xəstəxana rəzilləri əxlaqca bizdən qat-qat aşağı olduğunuz halda, özünüz burada yatmayıb bizi yatırdırsınız?” Bu sözləri də hekayədə başqa bir obraz – İvan Dimitriç deyir. Haqsız deyil. Biz də bu fikirdəyik. Belə bir cəmiyyətdə dəli olmamaqdan başqa nə edək? Nə təklif etsək də, qəbul edilməyəcək. Axı onlar – dəli edənlər daha çoxdur. Öz ölkəsində çox-çox illər bundan qabaq bu hekayəni yazan Çexov nə biləydi ki, hekayədəki hər bir fikir neçə illər sonra Azərbaycanda hələ də aktual olacaq. O, öz millətini düşünüb yazmışdı. Bizi də düşünənlərimiz, ələk-fələk edənlərimiz çox olub. Onlar da gördükləri nöqsanlardan yazıblar. Yazıblar ki, fayda versin. İndi “O dövrdən xeyli vaxt keçib, heç nə dəyişməyib” desək mübahisə doğuracaq fikirlər səsləndirən olacaq. Belə məqamlarda sürətlə inkişaf edən texnologiyanı təsəlli yerimiz kimi göstəririk. Bu həqiqətin bir gözü, “Poçt qutusu”nun Novruzəlisinin dəyişməməsi də o biri gözüdür. Bu günün də elektron poçtu var və onun varlığından xəbərsiz halda nə qədər adam yaşayır. Deməli, klassiklərlə işimiz olmamalıdır, nə yazıblarsa, düz yazıblar.

Palatada təkcə Moyseyko adlı yəhudiyə xəstəxana həyətindən küçəyə çıxmağa icazə verilməsi də maraqlı epizoddur. Yəhudinin dəlisinin də vəziyyəti yaxşı olur.

Yazını bu cür pessimist düşüncələrlə bitirmək istəmirəm. İnanmaq istəyirəm ki, gələcəkdə elə bir cəmiyyət qurulacaq ki, orda satirik, tənqidi əsərlərə çevriləcək heç bir hadisə baş verməyəcək. O zaman klassiklərin də ruhu şad olacaq. Ədalətli cəmiyyətin qurulmasını bütün ölkələrin klassikləri arzulayıb. A.P.Çexov da bu istəyini Andrey Yefimıçın dili ilə söyləyir: “… səbr eləyin, bir vaxt gələcək ki, həbsxana və dəlixanalar olmayacaq, o zaman nə pəncərələrdə barmaqlıq olacaq, nə də dəlilərə geyindirilən xalatlar. Əlbəttə, belə bir zaman gec-tez gəlib çatacaq”.

Mən də qəhrəmanın bu arzusuna qoşuluram.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10