A.Surun Təşəkkürü və… – Alxan Bayramoğlu

29 Baxış

03

Senet.az oxucularına “Ustad” jurnalının 15-ci sayından Alxan Bayramoğlunun “A.Surun təşəkkürü və…” yazısını təqdim edir.

Elmi mənbələr, daha dəqiq desək, professor C.Qasımov (Abdulla Surun həyatı və yaradıcılığı. Bakı,. Təhsil nəşriyyatı, 2004,s .19) və ona istinadən biz (A.Bayramoğlu. Abdulla Tofiq Surun həyatı və bədii yaradıcılığı Nizamişünaslıq. AMEA-nın Gəncə bölməsinin Elmi Əsərləri. Gəncə, 2015,N.5 (s.20-36)s:20) Abdulla Tofiq Surun İstanbulda təhsil xərclərini Hacı Məhəmmədhəsən həzrətlərinin öz öhdəsinə götürdüyünü bildirir. Ancaq yeni üzə çıxardığımız material bu xeyirxah işdə başqalarının da iştirakını göstərir. Belə ki, “İrşad” qəzetinin 1 mart 1906-cı il tarixli 57-ci nömrəsində A.Surun “Təşəkkür” başlıqlı məqaləsində bu haqda oxuyuruq:

“Mühərrir həzrətləri!

Mənim bu məktubuma ruznamənizdə yer vermənizi rica edirəm:

Gəncənin mötəbər və hörmətli tacirlərindən Hacı Məhəmmədhəsən Rəfiyev Həzrətləri bana ayda on beş manat məişət xərci verərək bəni ikmali təhsil üçün İstanbula göndəriyor. Yol məsarifim də bu cənabın öhdəsinədir. Bundan başqa, ildə yüz manat da andlı dava vəkili Əliəsgər bəy Xasməhəmmədov cənabları vəd etdi. Təhsil müddətində olası məxaricimin kəsrini də cavan tanış və yoldaşlarım üzərlərinə götürürlər. Bunlar bir vəqt məyinəyə qədər olacaq. Rəfiyev həzrətləri ilə Xasməhəmmədov cənablarınınkı isə müddət-təhsilim qədər davam edəcəkdir.

İndi bunların cümləsinə qarşı ən səmimülqəlb təşəkkürlər ediyorum… Sağ olsunlar böylə ehsan sahibləri!.. Yaşasın böylə müsəlmanlar.

Abdulla Məhəmmədzadə Gəncəli”.

Beləliklə, kiçik bir məsələni də olsa tamamlayıb dəqiqləşdirən bu “Təşəkkür” məqaləsi A.Surun qədirşünaslığını göstərməklə yanaşı, həm onun İstanbulda təhsilini davam etdirməsində əməyi olan digərlərinin də dava vəkili Əliəsgər bəy Xasməhəmmədovun və adları çəkilməyən digər cavanların haqqını özlərinə qaytarmış olur, həm onların bu xeyirxah işdə iştiraklarının konkret miqyasını göstərir, həm də o dövrdə quberniya mərkəzlərindən biri olan Gəncədə sağlam milli mədəni təəssüb hissinə malik işgüzar əməli ictimai mühitin varlığından xəbər verir. Həmin mühitin təmsilçilərinin yekdilliyili, əlbirliyi, sözübütövlüyü, verdikləri vədin arxasında durmaq dəyanəti Abdulla Tofiq Surun İstanbulda öz təhsilini artırmaq arzusunu reallaşdırmışdır…

Gəncəli maarifpərvərlərin gənc istedadlara bu cür himayədarlıqları o zaman ictimaiyyətdə müsbət əks-səda doğurmuşdur: Görkəmli yazıçı və maarif, mədəniyyət   xadimi Sultan Məcid Qənizadə “İrşad” qəzetinin 9 mart1906-cı iltarixli nömrəsində dərc etdirdiyi “İstifadə” adlı məqalədə gəncəlilərin həmin təşəbbüsünü təqdir etmişdir. (Bax: Günel Məmmədova. Pedaqoji irsimizdən: Sultan Məcid Qənizadə. Bakı, Elm və Təhsil, 2015, səh. 176.)

Qeyd edək ki, Abdulla Sur Gəncənin maarifpərvər, imkanlı şəxslərinin və bəzi gənc dostlarının ona göstərdikləri maddi köməyə arxayın olub qalmamışdır. Bildiyimiz kimi, o, “İrşad” qəzetinin fəal əməkdaşlarından idi. İstanbula getməsiylə həmin qəzetlə yaradıcılıq əməkdaşlığını kəsməyən A.Sur həm səfər zamanı yolboyu qarşılaşdığı maraqlı əhvalat və hadisələr, həm də səfər təəssüratları ilə bağlı bir-birindən maraqlı qənaətlərini qələmə alıb qəzetə göndərir, “İrşad”da onları elə isti-isti dərc edib oxuculara çatdırırdı. Bundan başqa, A.Sur İstanbulda oxuduğu müddətdə şəhərdə və ölkədə (Osmanlı Türkiyəsində) baş verən mədəni-maarif işlərinə dair münasibətlərini, həmçinin, şahidi olduğu bəzi mühüm xəbərləri də “İrşad”da çap etdirmişdir. “Yol məktubları” və həmin silsilədən olan ”Bakıda dörd gün”, “Vladiqafqazda beş saat” və sairlə yanaşı “İkincilərə aid”, “Məktəbi-Sultaniyyə”, “Şayan təəssüf bir hal”, “Çin müsəlmanları”, “Əski İstanbul xanımları”, “Türkiyədə məktəb nizamnaməsi”, “İmla məsələsi” və digər məqalələr, habelə xəbərlər A.Surun həyat və fəaliyyətinin İstanbul dövrünün məhsullarıdır. Həmin dövrdə “İrşad”da “İstanbul müxbirimizdən” rubrikası ilə xəbərlərin yer alması Abdulla Məhəmmədzadənin qəzetin İstanbul (Türkiyə) müxbirliyi funksiyasını daşıması ehtimalına da əsas verir. Beləliklə, Abdulla Tofiq Sur İstanbulda oxuyarkən ancaq Gəncənin imkanlı və ziyalı vətənpərvər xeyriyyəçilərinin ona göndərdikləri pula ümidlənməyib, yazdığı məqalə və xəbərlər müqabilində «İrşad» redaksiyasından aldığı zəhmət haqqı – qonararla özünün məişət və təhsil şəraitini daha da təminatlı, komfortlu etmiş, İstanbulda mövcud ictimai-ədəbi və mədəni mühitin fəal və sayılıb seçilən nümayəndələrindən birinə çevrilmişdir. Onun İstanbula müalicəyə və oxumağa gələn H.Cavidi dərs almaq üçün Rza Tofiq bəyə təqdim etməsi, o zaman İstanbuldan rus alimi akademik Qordlevski ilə yaxın dostluq və yaradıcılıq əlaqələri saxlaması və s. bu barədə çox şey deyir.

Müşahidələr göstərir ki, A.Sur “İrşad”da çap etdirdiyi məqalə və xəbərləri sadəcə olaraq özünün maddi təminatını nizamlamaq xatirinə qələmə almamışdır; onun adı çəkilən və qeyd olunmayan məqalə və xəbərlərinin hər birində dövrün irili-xırdalı aktual mədəni və mənəvi-əxlaqi məsələləri işıqlandırılmışdır.

Məsələn, “İrşad”ın 12 may 1906-cı il tarixli 109-cu nömrəsində (səh.2) oxuyuruq:

“Türkiyə. İstanbul müxbirimiz yazıyor:

İkmali-təhsil məqsədilə İstanbula naxçıvanlı bir şəxs (yəqin ki, Hüseyn Cavid – A.B.) gəlmiş”.

A.Surun qəzetdə çap etdirdiyi “Türkiyədə məktəb nizamnaməsi”, “Məktəbi-Sultaniyyə” məqalələrində həmin ölkədə məktəb və maarif məsələlərinin mövcud durumu, aparılan islahatların uğurlu və kəsir cəhətləri nəzərə çatdırılırsa, “Çin müsəlmanları”nda Çində İslam dininin yayılma tarixi, mərhələləri, bu işdə rolu və xidmətləri olan ayrı-ayrı şəxsiyyətlərin əməyindən, çinli müsəlmanların məişət və ailə həyatı, ölkədəki sosial-mədəni və ictimai-siyasi mövqeləri və s. barədə söhbət açılırsa, “Əski İstanbul xanımları”nda əvvəlki dövrlərdə istanbullu xanımların mədəni və mənəvi intellektual səviyyələrinin aşağılığı ucbatından öz ərləri ilə dil tapıb onları özlərinə, evə və ailəyə cəlb edə, bağlaya bilmədiklərindən, bütün bunlarla yanaşı, onların iqtisadi və təsərrüfat vərdişlərinin, habelə, övladlarını vətənpərvərlik ruhunda böyütmək borclarını yüksək səviyyədə yerinə yetirməkdə əvəzsiz olduqları nəzərə çatdırılır. (ətraflı bax: Alxan Bayramoğlu. Abdulla Surun publisistikasında tanıtma. «Jurnalistika». Elmi nəzəri məqalələr toplusu. Bakı, 2015 N.3, s.33-39).

“Türkiyə xanımlarının tərəqqiyatı” (“İrşad” qəzeti, 23, 24 və 26 aprel 1906) məqaləsində isə Türkiyədə (Osmanlıda) yazıb-yaradan və həm ölkə, həm də dünya miqyasında kifayət qədər tanınan alim, ədib və yazıçı xanımlar haqqında ətraflı məlumat verilir. Göstərilir ki, Peyğəmbər Zişanımızın bizə ən önəmli tövsiyələrindən birinin “Elmi anadan olandan qəbr evinə qədər, yəni ölənədək axtarınız” olduğu hər kəsə məlumdur. Bəşər övladının tərəqqi və səadətinin elm ilə başa gəldiyi də inkaredilməz bir həqiqətdir. Müəllifin haqlı qənaətinə görə, “Təhsili-elm əhli ən ibtidai analar ağuşudur. Ən birinci müəllim və mürəbbiyəmiz analardır. Bu cəhətdir ki, analıq ən mühüm, ən güc (çətin) bir vəzifeye-müqəddəsədir”. Yaxşı mürəbbiyə və müəllim olmağın əsas şərtlərindən biri isə savadlı və məlumatlı olmaqdır. Savadlı və məlumatlı olmaq isə elm sayəsində mümkündür. Yəni hər hansı vəzifəni gözəl icra etmək həmin sənətin elminə mükəmməl şəkildə yiyələnməklə mümkündür. “Elm” isə oxumaq ilə olur”, deyən A.Sur sözünə belə davam edir: “Mürəbbiəlik, “müəllimlik” də birər sənətdilər, həm də sənətlərin ən şərəflisi, ən müqəddəsidirlər”. Peyğəmbərimiz çox gözəl bilirdi ki, uşağın özbaşına, yəni özü-özünə tərbiyə və elm, təhsil alması mümkün deyil. Belə bir taleyüklü işin icrası üçün hökmən bilikli, elmli və geniş dünyagörüşə malik ağıllı mürəbbiələr lazımdır. Validələrin özləri ən gözəl mürəbbiə, əvəzedilməz tərbiyəedici funksiyasına malikdirlər. Ancaq əgər onlar savadlı, əxlaqlı və bəşəri yüksək duyğulara malik olmalıdırlar ki, öhdələrinə düşən validəlik (Analıq) və mürəbbiəlik vəzifəsini milli və ümumbəşəri tələblərə uyğun yerinə yetirə bilsinlər. Ona görə o, qadınların, gələcək ana olacaq qızların həm ruhən, həm də fikrən azad olmalarını vacib bilirdi. Əgər belə olmasaydı, Peyğəmbər Rəsulumuz validələr üçün belə bir “…əmr buyurmazdı”.

A.Sur Peyğəmbərimizin qızlar, validələr haqqında buyurduğu bu əmri-mühimmün son vaxtlara qədər nəticəsiz qaldığını, müsəlman – türk validələrin övladlarımızın elmdən, təlim və tərbiyədən uzaq düşdüklərini diqqətə çatdırırdı. Bildirirdi ki, ona görə “…validələrin özləri də mütləqa məarifli, məlumatlı, tərbiyəli olmalıdır. Yoxsa əfəndimizin öylə mühüm tənbiyei-cəlili nəticəsiz qalar, qalmasa da, hüsn nəticə verməz” – qənaəti ilə Abdulla Tofiq sözünə belə davam edirdi:

“Atanın cocuğa təsiri olduğu məlum bir şey! Validə mütaliə maraqlısı olar isə cocuq da oxumağa həvəs edər. Validə tərbiyəli olar isə cocuq da tərbiyəli olar. Cocuq daima validəni təqlid edər”. O, fikirlərinə əsas olaraq məşhur türk şairlərindən olan Nigar xanım Rəncuru misal gətirərək bildirirdi ki: “Bu gün avropalılara, amerikalılara belə məlum olan məşhur türk ədibəsi Nigar xanımın anası ədəbiyyat və şeir maraqlısı imiş. Nigar xanım da anasını təqlidə başlamış, bu da şeir və ədəbiyyat ilə ta cocuqluqda ikən istiğalə başlamış. Bu gün də cümlə türk qövmünün məhl – məfxərəti (iftixarı – A.B.) olmuş, millətinə, ədəbiyyatına da çox xidmətlərdə bulunmuş və indi də bulunmaqdadır”.

A.Sur buna uyğun şahidi olduğu bir mənzərəni də misal gətirərək bildirir ki, Bakıda atası qəzetnəvis, anası da “ruznamə maraqlısı” olan dörd yaşında bir qız uşağı var. Həmin qız uşağı valideynlərinə təqlidlə “əlinə bir ruzamə götürərək “kişilər dava ediyorlar”, “kişilər də Tiflisdədirlər” kibi sözlər söyləyib ruznamə sütunlarında gözlərini gəzdirərək bəndəni əyləndiriyordu”. Abdulla Tofiq onu da bildirirdi ki, bu dörtyaşlı qız oxumaq bilmir. O, hətta jurnalı da tərsinə tutmuşdu. Ancaq “Validə nə isə, cocuq da odur”.

Müəllif fransız müəllimələrindən madam Qampanın (1753-1822) imperator Napalyon ilə müsahibəsində Napalyonun “Fransada mətlub dərəcədə mükəmməl dərəcədə qadınlar yetişdirmək nə ilə olur?” – sualına verdiyi “validələr yetişdirməklə olur” cavabını və “türk ədiblərindən birisi”nin “Bir millətdə qadınlar nə qədər fəzilətli və məlumatlı olurlar isə, o millət əfradı o qədər məsudanə və o mərtəbə alicənabanə bir halda yaşarlar… Bir qövmün tərəqqisi nisvanının[1] haliye elm və ürfanilə təzyinzat və sifat eyləməsi ilə qaimdir[2]” demiş.

Madam ki, müsəlmanız, Peyğəmbər zişanımızın əmri-cəlilimi layiqincə ifa etmək borcumuzdur. Madam ki, milləti-nəsibəmizin şərəfi-istiqbalını arzu ediriz yenə o “İslamiyyət” və “Şərəfi-istiqbal” naminə qızlarımızı, həmşirlərimizi oxutmalıyız. Anaların mükəmməl və məlumatlı birər validə olmaları üçün kəsbi-məarif və tərbiyə etmələrinə səy və qeyrət etməliyiz”.

Göründüyü kimi, həm söhbətin türk-islam xalqlarının qadın təhsili və azadlığından, ümumən islam xalqlarının tərəqqi, təkamül və xoşbəxt, firavan həyata qovuşması məsələsindən getdiyini, həm də dövrün düşüncə tərzini, inam və əxlaq dəyərlərini nəzərə alaraq, Abdulla Sur irəli sürdüyü fikir və mülahizələrini əsaslandırmaq, onların təsir gücünü artırmaq, məqsədə müəyyən qədər də olsa çatmaq üçün “Quran”a, Məhəmməd peyğəmbərin tövsiyə və tapşırıqlarına, islam əxlaqı və cəmiyyət normalarına dair istinad edir, onun vətəndaş-ziyalı mövqeyini həmin dəyərlərə dayanırdı. Söhbətin dini tərəqqi və milli istiqlaldan, şərəf və ləyaqətdən getdiyini əsas tutan müəllif dindaş və soydaşlarının dini və milli borclarını xatırladaraq öhdələrinə düşən vəzifələri yerinə yetirməyə borclu olduqlarını onlardan belə tələb edirdi. “Dinin rəvacını arzu edən hər bir himmətli müsəlman və millətinin şərəfi istiqbalını təni edən hər bir qeyrətli türkün də borcudur ki, bu uğurda sərfi-məsayi etsin”. Həm də ona görə ki, “Hər bir qız xanım “validə-ana” olacaqdır. Bunun üçün də hər bir qız xanıma “validəlik”, “mürəbbiəlik” və “müəlliməlik” sənətlərini öyrənmək, bilmək fərzdir, əhəmdir[3]. Zira, birinci vəzifəsi ən mühüm, ən müqəddəs vəzifəsi budur”.

Müəllifin haqlı qənaətinə görə, uşağın anadan əxz etdiklərini heç bir başqa mürəbbiyə, müəllim öhd edə bilməz. Ona görə sözünə belə davam edirdi:

“Bunu hər kəs kəndi (öz) xanəsində xüsusi müəllimdən və mürəbbiyədən örənmiyəcəyi, iqtidarı maliyyəsi müsaidə etmiyəcəyi məlum. Bu müşkülatın önünü də “məktəblər” alıyor. Bunun üçün məktəblər təsis etməli, məktəblərdə davam etməlidir.

Ardı “Ustad” jurnalının 15-ci sayında.

İştə millətin tərəqqi yollarından birisi də bu!”

[1] Qızının, qadınının – A.B.

[2] Möhkəmdir, bağlıdır – A.B

[3]Əhəmiyyətlidir – A.B.