Abdulla Şaiq – “Ah, gənclik”

92 Baxış

abdullasSenet.az “XAN” Xatirə Ədəbiyyatı silsiləsindən Abdulla Şaiqin “Xatirələrim” kitabından bir hissəni təqdim edir:

Qış idi. Bakıya bir arşından artıq qar yağmışdı. Səhər yatağımdan qalxdım. Quşbaşı qar yağmaqda davam edirdi. Anam dərsə getmək üçün hazırlaşdığımı görüb ciddi bir tövrlə dedi:

– Yox oğlum, bu gün səni evdən çıxmağa qoymayacağam. Mən uşaqlıqdan qarı və qarlı havada gəzməyi sevirdim. Yalvar-yaxar anamı razı saldım. Gənclik həvəsi və vəzifə məni məktəbə tərəf çəkirdi. Qarı yara-yara yola düşdüm. Faytonlar, konkalar hərəkətdən qalmışdı. Dəmiryolu stansiyasına qədər ayaqla getdim. Qatarlar da işləmirdi. Yollar təmizləndikdən sonra birinci qatarla Sabunçuya hərəkət etdim. Sabunçu stansiyasında vaqondan endim, üzümə küləkli qar vura-vura məktəbə getdim. Məktəbin qapısına böyük bir qıfıl vurulmuşdu. Müdirimiz və müəllimlərdən biri məktəbə yaxın bir binada yaşayırdı. Adını və familini indi unutmuş olduğum həmin müəllimlə dost idim. Ona görə də onun yanına getməyə qərar verdim.

Dostum məni görüncə heyrətlə:

– Şəhərdənmi gəlirsən? Dərsəmi gəlmisən? – deyə soruşdu.

– Bəli, şəhərdən gəlirəm, – dedim.

O, sürəkli qəhqəhələrdən sonra iri yumruğunu divara vuraraq:

– Sergey Mixayloviç, Sergey Mixayloviç! – deyə qonşu otaqda yaşayan müdiri səslədi və mənim şəhərdən gəldiyimi xəbər verdi. Müdir bu hadisədən maraqlanaraq yanımıza gəldi. İçəri girincə müəllim məni göstərib gülə-gülə:

– Talıbzadə vəzifəsini ifa etməyə gəlmişdir, – dedi.

Müdir heyrətli nəzərlərlə mənə baxaraq:

– Necə gəldiniz? – deyə soruşdu.

Əhvalatı təfsilatı ilə danışdım. O, qoca başını tərpədərək:

“Ah, gənclik, gənclik!” – deyə inlədi.

Bakıda dərs dediyim progimnaziyada (bu məktəb sonralar 3-cü gimnaziyaya çevrilmişdi) 15 nəfərə yaxın azərbaycanlı tələbə var idi. Mən məktəbdə belə az azərbaycanlı olduğunu ancaq buraya müəllim təyin edildikdən sonra öyrəndim və müdirin 15 tələbəyə ayrıca müəllim çağırmasına heyrət etdim. Çünki hər sinifə iki-üç azərbaycanlı tələbə düşürdü. Hətta ikinci ehtiyat sinfində yalnız bir tələbəm var idi. Siniflər kifayət etmədiyindən həmin tələbə ilə müəllimlər otağında dərs keçməyə məcbur olurdum. Bir gün dərs keçərkən müdir içəri girdi. Bizi görüncə gülə-gülə:

– Bir müəllim, bir tələbə! – dedi.

Sonra vəziyyətini pozmayaraq əlavə etdi:

–Student olduğum zaman bir fəndən böyük auditoriyada professorumun leksiyalarını mən də tək dinləmişəm.

Yenə bir dəfə müəllim otağında heç kəs olmayanda mənə

yanaşıb dedi:

– Talıbzadə, Bakı sizin vətəninizdir, nə üçün tatar uşaqları (o zaman azərbaycanlılara “tatar” deyirdilər) məktəbdən qaçırlar. Onlar bütün məktəblərdə əksəriyyət təşkil etməlidirlər. Sən çalış, mümkün qədər çox tatar tələbələri gətir, mən onları qəbul etdirərəm.

Müdirin azərbaycanlı tələbələrlə və mənimlə olan xoş rəftarından, bizə göstərdiyi qayğıkeşlikdən onun democrat ruhlu bir müəllim və gözəl bir insan olduğunu anlamışdım. O çox zaman mənim dərslərimə gəlir, oturub dinləyir, ana dilinə xüsusi əhəmiyyət verirdi. Yeni tədris ili başlananda progimnaziyada azərbaycanlı tələbələrin sayı otuz beş nəfərə çatdı.

Zaqafqaziya məktəblərinin baş müfəttiş popeçitel Rudolf Tiflisdən Bakıya gəlmişdi. Hər məktəbdə olduğu kimi, müəllimlik etdiyim üçün gimnaziyada da bütün müəllimlər böyük həyəcan içində onu gözləyirdi. O, bütün Bakı məktəblərini təftiş etdikdən sonra bizim gimnaziyaya gəldi. Böyük tənəffüsdə müəllimlər, müəllimlər otağında olduqları zaman müdirimiz Nikolay Stepanoviç Sazanov ilə Rudolf içəri girdilər. Müəllimlər ayağa qalxıb salam verdilər və görüşmək üçün müfəttişə yaxınlaşdılar. Rudolf heç kəsə əl verməyib salama cavab olaraq ancaq başını tərpətdi və keçib baş tərəfdə oturdu. Onun məğrur və müstəbid hərəkətindən hamı susmuş, gözlərini yerə dikib durmuşdular. Beş-on dəqiqə keçdi. Rudolf ağzını açıb bir kəlmə də danışmadı. Onun bu hərəkəti məni son dərəcə əsəbiləşdirdi, azadlıq aşiqi olan qəlbim sıxıldı. Masa üzərindəki qrafindən stəkana su töküb içdim. Rudolf bunu görüncə acıqlı-acıqlı mənə baxıb barmağı ilə işarə edərək: “Bura gəl!” – dedi. Ayağa qalxıb yanına getdim, sağ əlimi masanın qırağına dayayıb, cavanlara məxsus bir qürur ilə durdum. O, amiranə bir səslə: “Əllərini yanına sal”, – dedi. Müəllimlərin yanında verilən bu haqsız əmr mənə çox ağır təsir etdi. Çünki o, mənim şəxsiyyətimlə yanaşı, ana dili müəllimi olduğum xalqımı da təhqir edirdi. Mən özümü saxlaya bilməyib ciddi və kəskin bir səslə:

– Popeçitel həzrətləri, mən Qafqaz tatarlarının ana dili müəllimiyəm, – dedim.

O, mənə əyri-əyri baxaraq istehza ilə:

– Pah, nə böyük adamsanmış! Yaxşı, get otur! – dedi.

abdullaZəng vurulduqdan sonra hamımız siniflərə getdik. O, bizdən sonra gimnaziyanı tərk etmişdi. Daxilimdəki həyəcan qəlbimi çox rahatsız edirdi. Mən dərslərimi qurtarandan sonra müdirimiz Sazanovun kabinetinə gedib dərdimi azaltmaq üçün ona şikayət etdim. Dinlədikdən sonra adəti üzrə gülə-gülə:

– Onun mənə bərk acığı tutmuşdu. Bakıya gələndə məndən başqa bütün müdirlər onu Bakı vağzalında qarşılamışdı, mən isə bunu lazım bilmədim. Yəqin mənim bu hərəkətim Rudolf həzrətlərinin xoşuna gəlməyib. Görmədin, bizim gimnaziyaya bütün məktəblərdən sonra gəldi. Sən müəllimlərimizin içində hamıdan cavan olduğuna görə dilinin zəhərini sənə tökdü.

Mən oradan birbaş rus dilində nəşr olunan “Kaspi” qəzeti idarəsinə getdim, həmin əhvalatı məsul müdir Əlimərdan bəy Topçubaşova söyləyib qəzetdə yazmağını xahiş etdim.

O, üz-gözünü turşudub dedi: “Yox, belə şeyləri qəzetdə yazmaq olmaz!” Mən əsəbiləşərək: “Belə qorxaqlığın, yazmamağın nəticəsidir ki, xalqımız ən adi hüquqlardan məhrum edilmişdir”, – dedim və dərhal otaqdan çıxdım. Popeçitelin məni təhqir etməsini uzun müddət unuda bilmədim. Ertəsi gün dərsə getmişdim. Müəllimlər otağında müəllimlərdən Fyodor İvanoviç ilə görüşdüm. Bu arıq bir kişi idi. Uzun, qara saqqalı var idi. Müdirimizdən xoşu gəlmədiyindən arabir müəllimlər içində onun dalınca danışırdı.

Fyodor İvanoviç mənə yuxarıdan aşağı əyri-əyri baxaraq:

– Sizin dünənki hərəkətiniz mənim heç xoşuma gəlmədi, – dedi.

Mən acı-acı gülümsədim:

– Qaba hərəkətə qaba da cavab verərlər…

O, acıqlı-acıqlı:

– Rudolf həzrətləri görün nə qədər alicənab insandır ki, sizi məktəbdən çıxartmadı. Müdir mən olsaydım, sizi bir saat da bu məktəbdə qoymazdım, – dedi.

– Siz də elə cənab Rudolfun tayı olardınız, – deyə mən ona çox sərt cavab verdim. O, heç bir söz demədən üzünü məndən çevirib getdi.

Rudolf hadisəsindən sonra Nikolay Stepanoviçə olan hörmətim məhəbbətə çevrildi.

Mən bayramlarda arabir təbrik üçün Nikolay Stepanoviçin evinə gedərdim. Arvadı da özü kimi demokrat görüşlü, açıq fikirli bir qadın idi. Əri kimi mənə hörmət edər, dərslərimlə maraqlanar, bəzən Rudolf hadisəsini xatırladıb istehza ilə gülərdi.

Lakin çox təəssüf ki, mənə çox yaxşı təsir bağışlayan Nikolay Stepanoviçlə dostluğumuzu uzun zaman davam etdirə bilmədim. Rudolf ona bəslədiyi kini unutmamışdı. Həmin il öz vəzifəsini böyük həvəslə ifa edən Nikolay Stepanoviçi gimnaziyadan çıxarıb Kars şəhərində realnı məktəbinə müdir müavini təyin etdi.

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10