Abdulla Şaiqi yatağa salan qətl hadisəsi

95 Baxış

abdullashaiq

Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:

Layihənin ilk 11 yazısı:

Layihənin 12-ci yazısı:

Layihənin 13-cü yazısı:

Layihənin 14-cü yazısı:

 

1909-cu ilin yayında Nəcəf bəy Vəzirovun təklifi ilə Abdulla Şaiq də öz ailəsi ilə Dağıstanın Daşlaqar yaylağına gedir. Bir gün Nəcəf bəy Daş­laqarın mənzərəli bir guşəsində qonaqlıq verir. Dağıstanın göz işlədikcə uzanan yaşıl bağları, qalın və sıx meşələri, uca və qarlı dağları görünən mənzərədən vəcdə gəlir, üzünü A. Şaiqə tutaraq deyir:

− Bala şair, birinci söz sənə verilir, məclisin də bilirəm etirazı olmaz. Bu mənzərəyə yaxşı bax, elə bir şeir de ki, Daşlaqardan bizə bir yadigar qalsın.

Nüfuzedici tərzdə söylənən sözlərdən və ətraf gözəlliklərindən ilhama gələn A. Şaiq əlində qədəh ayağa qalxır, azca düşündükdən sonra bədahətdən deyir:

Aşiqəm Daşlaqarın dağlığına,

Meşə, ormanlığına, bağlığına,

Baxınız bir plovun ağlığına,

İçəyin Nəcəf bəyin sağlığına.

 

***

 

Bir gün Abdulla Şaiqin gənc dostlarından biri ondan soruşur:

−Şaiq müəllim, həyatınızda sizə ən çox təsir edən hadisə nə olmuşdur?

Şaiq gülümsəyərək cavab verir:

− Əlbəttə, mütəəssiredici hadisələri çox gör­müşəm. Lakin uşaq vaxtı Xorasanda gördü­yüm dəhşətli bir hadisə indi də yadıma düşəndə ətim ürpəşir. Xorasanda Payin Xiyaban deyilən yer var. Orada canilərin başını kəsirdilər. Bir dəfə gün­ortaüstü məktəbdən çıxıb, uşaqlarla Payin Xi­yabana getdik. Çayın o tərəf, bu tərəfi adamla do­lu idi. Biz də maraqlanıb adamların yanına yü­yür­dük. Çayın sol tərəfində bir kişinin qollarını üç haçalı qalın bir kötüyə bağlamışdılar. O, başını orta­dakı haçaya dayayıb iztirab, qorxu ilə dolu gözlərini gah açır, gah da yumurdu. Onun başı üstə qırmızı geyimli, belinə iri bir behbud keçir­miş mirqəzəb durmuşdu. Mirqəzəb camaatdan pul yığandan sonra, belindəki behbudu qınından çıxardı. Birdən iki barmağını kişinin burun de­şik­lərinə soxub, başını özünə tərəf qanırdı, dərhal beh­budu onun boğazına çəkdi. Bir anda qan fış­qır­dı… Mən bu dəhşətli mənzərəni görcək göz­lə­rimi yumub qaçdım. O gecəni səhərə qədər qor­xu­dan gözümü yuma bilmədim. Xəstələndim, üç gün yorğan-döşəkdə yatdım. Müəllimim Mirzə Yusif ora getməyimi bilincə, mənə acıqlandı.

− Bir də elə yerlərə getsən, ayaqlarını falaqqaya salacağam, – söylədi. Qorxudan bir də o tərəflərə üz çevirmədim.

− Doğrudan da dəhşətlidir, – deyə gənc dostu Şaiqi təsdiq edir.

 

***

A. Şaiqi gəncliyində, 1902-ci ildə ilk dəfə bir müəllim kimi sinifə gətirib təqdim edən Ə. Haqverdiyev olmuşdur. O, Haqverdiyevlə uzun müddət bir yerdə çalışmışdır. Çoxlu lətifə bilən Haq­verdiyev ara-sıra onlardan danışar və müəl­lim dostlarını güldürərmiş. A. Şaiq deyərdi ki, Haq­verdiyevin lətifələri bəzən məni çətinlikdən qur­tarardı. O söyləyir:

− Məsələn, mənim “Ana” pyesimdə istifadə etdiyim aşağıdakı lətifəni ilk dəfə Haqverdiyevdən eşitmişdim: Bir kəndlinin iki arvadı varmış, birinin adı Şövkət, o birininki Şəhrubanu imiş. Kişi birini Şap, o birini Şup çağırarmış. Günülər bir yerdə yola getmədiklərindən, kişi arvadlarının birini kəndin ortasından axan çayın o tayında, birini isə bu tayında saxlayırmış. Bir gecə o, Şupun evindən çıxıb Şapın evinə getmək istərkən, ensiz körpüdən ayağı sürüşür, kişi çaya düşür. Nə qədər çalışır, çaydan çıxa bilmir. Coşqun çay az qalır ki, onu aparsın. Kişi özünü zornan saxlayır, çaydan çıxmaq üçün əlqol ataraq deyir:

 

Şup elə bilir ki, şapdayam,

Şap elə bilir ki, Şupdayam.

Nə Şapdayam, nə Şupdayam,

Burda şarap-şurupdayam.

***

Abdulla Şaiqin sevimli şagirdlərindən biri də Cəfər Cabbarlı olmuşdur. Bir dəfə sinifdən çı-xıb, müəllimlər otağına gedən Şaiqin qarşısına ba-laca Cəfər çıxır. Üzü Şaiqə tərəf, danışa-danışa, dalı-dalı yeriməyə başlayır. Uşağın bu hərəkəti müəllimə qəribə görünür. Heç gözlənilmədən de-yir:

− Cəfər, sən ya çox böyük adam olacaqsan, ya heç bir şey. Ancaq birincidən olmağa çalış.

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10