Abdulla Şaiqin Hüseyn Cavidlə bağlı xatirələri

83 Baxış

abdullashaiqSenet.az “XAN” Xatirə Ədəbiyyatı seriyasından işıq üzü görmüş Abdulla Şaiqin “Xatirələrim” kitabından bir hissəni təqdim edir:

HÜSEYN CAVİD

Orta və ali məktəb dərsliklərinə daxil etmək üçün Hüseyn Cavidin geniş tərcümeyi-halını öyrənmək istəyirdim. Odur ki, bir gün bizə gəlməsindən istifadə edib məsələni onaaçdım. Cavid gülə-gülə dedi:

– Yaz ki, “dimdiyinin sarısı getməmiş sərçə balasıdır”, – dedi.

Onda mən ciddi şəkildə:

– Elə isə, bu sözünü dərsliklərə yazacağam, – dedim.

O:

– Yaxşı, dur qələm, kağız gətir, mən deyim, sən yaz, –deyə razılaşdı.

Qələm, kağız gətirib oturdum. O, tərümeyi-halını söyləməyə başladı. Onun dediklərini qeydə götürdüm. Rasizadə Hüseyn Cavid 1882-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdi. İlk təhsilini ibtidai şəhər məktəbində almışdır. Çox gənc ikən şeirə həvəs göstərmiş, “Gülçin” təxəllüsü ilə Şərq şairlərinə təqlidən bir çox qəzəl yazmışdır. Cavidin atası Molla Abdulla Qafqazda gözəl səsi olan mərsiyəxanlardan sayılırdı. Muğamatı o qədər gözəl bilirmiş ki, məscidlərdə, təkyələrdə mərsiyə oxuduğu zaman xanəndələr muğamatı ondan öyrənməyə gələrmiş. İkinci arvadından olan Hüseynin yaxşı səsi olduğundan Molla Abdulla onu da özü ilə bərabər götürüb şəhər-şəhər dolaşır, cavan Hüseynə öz sənətini öyrətməyə çalışırdı. Hüseyn iki il sevmədiyi bu sənətlə məşğul olduqdan sonra ondan əl çəkmiş və buna görə də ata-anasının gözündən düşmüşdü. Onlar: “Bundan bir şey çıxmaz”, – demişdilər. Mərsiyəxanlıqdan yaxasını qurtardıqdan sonra böyük qardaşının yanına Təbrizə getmiş, orada farsca, ərəbcə oxumağa başlamışdı. Bu arada şiddətli göz ağrısına tutulduğundan təhsildən əl çəkərək xalça, palaz ticarətinə başlamışdı. Təbrizdən qayıtdıqdan sonra bir müddət ticarətlə məşğul olmuş, sonra bundan əl çəkib Gürcüstanda, Kaxetiya tərəflərdə şose yolu çəkən idarədə podratçılıq etmişdi. Bundan sonra atasının yaxın dostlarından ticarət şirkəti sahibi olan bir tacirin xahişi ilə ona şərik olur. Hüseyn həm şirkətin mühasibat işlərini aparmalı, həm də əlində olan sərmayəsi 700 manatı şirkətə verməli idi. Şirkətin Batumda, Təbrizdə və İstanbulda şöbələri var idi. 1905-ci ildə Hüseyn İstanbul şöbəsinə göndərilir. Bundan istifadə edərək o, İstanbulda gözlərini müalicə elətdirir. Çox çəkmir ki, şirkətin Təbriz və Tiflis şöbələri iflas edir. Bunu eşidən Hüseyn sərmayəsi olan 700 manatı geri alıb ticarətdən əl çəkir. Təxminən bu zamanlarda Gəncəli Abdulla Tofiq İstanbuldadarülfünün ədəbiyyat və psixoloji şöbəsinə rəsmən daxil olub oxuyurdu. Hüseyn İstanbulda onunla görüşdü. Bu görüş cavan Hüseyndə təhsilini artırmaq fikrini doğurur. O, məşhur türk filosof və şairi Rza Tofiqdən xüsusi olaraq ədəbiyyat və fəlsəfə dərsləri alır. Elani-hürriyyətdən sonra iki ilə qədər də darülfünunun ədəbiyyat şöbəsinin bütün dərslərinə davam edir. Hüseyn Cavid İstanbulda təhsilini artırmaqla məşğul olduğu zaman qərb müstəmləkəçilərinin yürütdüyü siyasət nəticəsində Türkiyənin ictimai və iqtisadi vəziyyəti gündəngünə zəifləməyə başlamışdı. Türkiyə cəmiyyəti özünü qərb istismarçılarının əzici pəncəsindən qurtarmaq üçün çalışır, çırpınır və bu vəziyyətdən çıxmaq üçün tədbirlər düşünürdülər. O zamankı ictimai və iqtisadi həyat islamlaşmaq, milliləşmək və müasirləşmək kimi yeni fikirlər ortaya atdı. Ədəbiyya tda bu üç cərəyanı təbliğ etməyə başladı. İslamlaşmaq cərəyanının başında “Siratilmüstəqim” məcmuəsinin naşiri Məhəmməd Akif, milliləşmək cərəyanının başında Məmməd Əmin, müasirləşmək cərəyanının başında “Sərvəti-Fünun” məcmuəsinin naşiri Tofiq Fikrət dururdu. Vaxtilə ədəbiyyatda hakim olan hissiyyun (sentimentalizm) ədəbi məsləkini indi romantizm və realizm məsləki əvəz edirdi. Romantizm ədəbi məsləkini davam etdirən, bir çox mənzum tarixi faciələri ilə şöhrət qazanmış Əbdülhəq Hamid idi. Gənc Hüseyn ən çox Əbdülhəq Hamidi bəyənmiş olduğundan onun əsərlərini daha çox oxuyurdu. Elə bu vaxt “Cavid” təxəllüsü ilə yeni tərzdə bir neçə şeir yazmışdı. Abdulla Tofiq təhsilini bitirdikdən sonra Gəncəyə qayıtmış, Azərbaycan dilində ruhani məktəbi açmağa müvəffəq olmuşdu. Bakı qəzet və məcmuələrində “Abdulla Sur” imzası ilə tənqidi məqalələr nəşr etdirmişdi. Abdulla Tofiq Azərbaycan ədəbiyyatında tənqidçiliklə məşğul olan ilk alim-münəqqidlərdəndir.

Hüseyn Cavid İstanbuldan Naxçıvana qayıtdıqdan sonra Abdulla Tofiq ilə məktublaşıb Gəncəyə getmiş və Abdulla Tofiqin təşəbbüsü ilə açılmış ruhani məktəbində bir müddət müəllim olmuşdur. Abdulla Tofiq yazıçılar ilə əlaqə saxlayaraq əsərlərində olan nöqsanları göstərirdi. Mənə yazdığı məktublardan birində “Qardaşım, Məhəmməd Hadi bizim ədəbi dilimizi hara aparır?” – deyə şikayət edirdi. Hamid və Fikrət dilinin ən böyük düşməni idi. Mənə göndərdiyi son məktubunda yazırdı:

“Qardaşım, xəstəyəm. Həkimlərin göstərişinə görə Tiflisə gedib əməliyyati-cərrahiyyə yapdırmalıyam. Bıçaq altından salamat qurtarsam yaxşıdır.” Əfsus ki, bu gənc istedadlı alim-münəqqidimizi ölüm əlimizdən aldı, əməliyyati cərrahiyyədən salamat qurtarmadı.

Abdulla Tofiq Cavidin də inkişafına müsbət təsir etmişdi. Hüseyn Cavid Gəncədən Bakıya gələndən sonra müəllimliklə yanaşı bədii yaradıcılıqla da məşğul olurdu. Cavid təbiətcə laqeyd, laübali, həyatını şən keçirməyi sevən bir şair idi. Onunla keçirdiyim maraqlı bir günü “Dəyərli bir xatirə” adlı hekayəmdə təsvir etmişəm. İsti bir yaz axşamı idi. Şəhər bağçasında yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Hər ikimiz gənc, hər ikimiz subay idik. Dostum bu aralıq qarşımızdan keçən şıq geyimli, üz-gözü boyalı gənc bir qadına işarə edərək: “Mənə bax, nə haldayam, yara bax nə sallanır!” mahnısını kəsik səslə oxudu. Qadın kəklik kimi səkərək önümüzdən sürətlə keçmişdi. İndi hər ikimiz onu arxadan seyr edərək vücudundakı tənasübü təyin etməyə çalışırdıq. Yoldaşım başı ilə onun yapon şəmsiyyələrini təqlid edən iri, olduqca iri şlyapasını göstərərək istehzanı andırır bir qəhqəhə qoparandan sonra:

– İnsanların get-gedə zövqü pozulmağamı başlayır, nədir?

Bu iri qazan incə başlara yaraşırmı?

– Nə etsin, zavallı moda əsiri, sıradan qalmaq olmaz, – dedi.

Bu qadın söhbətimizin uzanmasına gözəl bir mövzu oldu. Söz sözü çəkərək bir çox şeydən, hətta həyatın ən mühüm məsələlərindən olan təəhhüldən bəhs etdik. Nəhayət, modasız, boyasız, riyasız, təbii, saf və sadə gözəlliklərin insanda buraxdığı təsirin bambaşqa olduğundan belə bir həyat yoldaşı tapmağa qərar verdik.

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10