Abituriyentlərin imtahana psixoloji hazırlığı

35 Baxış

1-2 iyul 2016-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasının binasında “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirildi.

Layihədə məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etmək olmuşdur.

Tədbiri giriş sözü ilə açan “Hədəf Karyera Mərkəzi”nin rəhbəri t.ü.f.d. Elvin Əliyev layihə haqqında qısa məlumat vermişdir. Natiqin sözlərinə görə artiq 3-cü ildir ki, təşkil olunan layihədə bu il xüsusi yenilik olmuşdur. Belə ki,   seminar müddətində  abituriyentlərlə yanaşı gənc müəllimlər üçün “Orta məktəb psixologiyası” adlı xüsusi Ustad dərsləri keçiriləcəkdir. Seminarların  paralel olaraq 2 salonda davam edəcəyini bildirmişdir.

Rəsmi açılış və salamlama zamanı AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova,       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, “Hədəf Kursları” MMC-nin Baş Direktoru Şəmil Sadiqov layihə  iştirakçılarını salamlamış, seminarın işinə uğurlar diləmişdir.

Layihənin təşkilatçılarından olan “Fransa-Azərbaycan Universiteti” layihəsinin koordinatoru Şarlot Payen (Charlotte Payen) yeni yaradılan ali təhsil ocağı haqqında abituriyentlərə ətraflı məlumat vermişdir.

Treninqlər zamanı abituriyentlərdə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında tanınmış psixoloqlar tərəfindən  seminarlar keçirilmişdir.

Layihə müddətində Ağababa İbrahimov, Elşən Qafarov, Şəmil Sadiq, Elnur Rüstəmov,  Vəfa Əkbər, Orxan Oruclu,  Emilya İgidova,  Cəmalə Cəfərova,  Famil İsayev  və digər təlimçi və psixoloqlar həm abituriyentlər, həm də gənc müəllimlər üçün seminar-treninqlər aparmışlar.

Xatirladaq ki,AMEA Mərkəzi Elmi Kitabxanası, AR Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Fransa-Azərbaycan Universiteti, Qərb Universiteti və  Hədəf Kurslarının təşkilatçılığı ilə baş tutacaq layihənin əsas təşkilatçısı “Hədəf Karyera Mərkəzi” olmuşdur.

ASAN Könüllüləri, Psixologiya, Konsultasiya Mərkəzi, Global Career İnstitutu, Eros Psixologiya Mərkəzi, İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi, “Gənc Psixoloqlar” İB, kitabevim.az mağazalar şəbəkəsi “Abituriyentlərin imtahana psixoloji hazırlığı” layihəsinin tərəfdaş qurumları qismində iştirak edirlər.