Açar – Tamerlan İsmayılzadə

91 Baxış

22730061_740476732813625_786969945063896493_n

Senet.az oxucularına gənc yazar Tamerlan İsmayılzadənin “Açar” hekayəsini təqdim edir.

Bəzən elə bir an olur ki, içində olduğunuz zamanı unudub, 

keçimişdə yaşayarsınız.

Atamın günlük xərcləmək üçün verdiyi pul ilə yupi almışdım. O zamanlar uşaqların olmazsa olmaz dediyi içkilərdən birisi idi. Əlimdə plastik butulkaya tökdüyüm yupinin su ilə qarışıb verdiyi rəngə baxaraq, çalxalaya – çalxalaya evin içində o tərəf – bu tərəfə gedib gəlirdim. Doxsanlarda uşaq olanlar onu çox yaxşı bilər. Bəzəndə məhəllədə uşaqlarnan birgə bu içkidən alıb, bulaq suyundan doldurduğumuz şüşələrdə hazırlayıb, böyük ləzzətlə içirdik… Amma indi sizə danışacağım şeyin yupi ilə yaxından – uzaqdan əlaqəsi yoxdur…

Qapı döyüldü. Yenə də hamıdan gizli qapı zəngi səsinin müsiqisin dəyişdirmişdim və bu səs yüksək səslə, xeyli davam edirdi. Ətrafa yayılan qapı zənginin sədaları altında anam deyinə – deyinə qapını açmağa getdi. Gələn atam idi amma tək gəlməmişdi. Yanında başqa iki nəfər də vardı. Atamnan sonra içəri İlham dayı daxil oldu. Onu tanıyırdım. Atamla bərabər zavodda işləyirdi. Digərini isə heç vaxt görməmişdim. İçəri girməyə utanırdı bir az. İlham dayı “Murad içəri gəl” dedikdən sonra yavaş addımlarla qapıdan içəri daxil oldu. Ancaq içəri keçdikdən sonra üzünü görə bilmişdim. Saçı – saqqalı toz içində idi. Əynində köhnə cırıq – sökük zabit mundiri. Şalvarı cırıq-sökük. Ayağında da altı artıq sökülmək üzrə olan ayaqqabı. Uzaqdan adamı dəhşətli iy vururdu. İy mənə zibil atmağa gedərkən gələn o üfunət dərəcəsindəki qoxunu xatırlatdı. Murad içəri keçdi. Əlində bərk-bərk tutduğu göy rəngdə torba vardı. Onu dəhlizdə ayaqqabıların yanına ehmalca qoydu. Bir başa atam və İlham dayı onu hamama apardı. Anam Muradın bəyaq qapının ağzına qoyduğu tobanı atamın istəyi ilə oradan götürdü. Mətbəxə keçəndə anamın ağlayan gözlərini gördüm. “Ana, nə olub?” dedim.
Əli ilə Muradın bəyaq gətirdiyi göy torbanı göstərdi. İçində quru tikə çörəklər vardı. Bəzilərini isə kif basmışdı. Anamın ürəyi ağrımışdı ona. Elə onun üçündə kövrəlmişdi.

Evə gələn qonaqlara çayları hazırlandı. Mən də anamın yanında çayları apararkən ona yoldaşlıq edirdim. Süfrədə Atam və İlham dayıdan başqa bir adam da vardı. Əynində atamın şalvarı və köynəyi. Dediyim başqa adam bəyaq gələn Murad imiş. Boynunda asılan açar diqqətimi çəkdi. Heçnə soruşmadım. İnanılmaz dərəcədə dəyişilmişdi. İndi açıq aydın sifəti görsənir və olduqca yaraşıqlı orta yaşlı biri idi. Hardasa otuz-otuz beş yaş vermək olardı. Bəyaqkı halından artıq əsər – əlamət qalmamışdı. Hündür boy, yaşıla çalan gözləri onu olduqca yaraşıqlı edirdi. Amma gəldiyi zaman olduğu o, halı isə çox acınacaqlı idi.

Nəhayət Muradın bizə gəlmə səbəbini öyrəndim. Kənddə babamgilin olduqca çox qoyun – quzusu olduğundan heyvanlara baxmaq üçün bir çoban axtarırlarmış. Atamda Muradı hər gün zavodlarının yaxınlığındakı zibil qutusundan çörək yığarkən görüb, halına acıyıb və ona bu işi təklif edib. Nə də olsa zibil qabı eşələməkdən daha yaxşı işdir deyilmi? Əslən Türkmənistanlı idi. Orada ailəsi var ya yoxdu bu haqda heçkimə heçnə deməmişdi. Bakıya gəlmə səbəbinidə heç kim bilmirdi.

Bundan sonra hər yay tətilində kəndə getdikdə Muradıda görürdüm. Heç düşünmədiyimiz kimi o, artıq ailədən biri olmuşdu. Evdəkilər ilə bir – birlərinə tez isinişmişdilər. Qalması üçün ayrıca bir otaq vermişdi babam Murada. Hamı ilə birlikdə səhər yeməyinə durur, hamı ilə birgə axşam yeməyini yeyirdi. Hər ay sonunda babam Murada maaşda verirdi çəkdiyi zəhmət müqabilində. Bir sözlə babam onu oğullarından seçmirdi nə də ki, ətrafda olanlar. Ona heç kim çoban gözü ilə baxmırdı. Hər xeyirə-şərə gedir, toylarda kənd camahatı ilə birgə rəqs edib, yeyib içirdi. Axşamlarda bəzən kürün qırağına domino oynamağa gedərdi qonşuluqdakı kişilərnən.

Artıq on il olmuşdu ki, Murad bizimlə bərabər idi. Əsgərliyə getmə vaxtıma çox az zaman qalmışdı. Getməmişdən öncə kəndə gedib, bir az qohum – əqraba ilə zaman keçirtdikdən sonra şəhərə qayıdıb, əsgərliyə gedəcəkdim. Muradın istirahət günlərinin birində balıq ovuna getdik. Bir xeyli balıq tutmuşduq. Yol boyu cavanlığından danışıb durdu. Sonra ona “Türkmənistanda heç kimin yoxdu?” sualını verdim. Cavab vermədi. Susdu. Məndə çox üstünə düşmədim.

Nənəm tutduğumuz balıqlar təmizləyib una batıraraq qızartdı bir gözəl. Yeməyimizi süfrəyə qoyduqdan sonra qonşuya gedəcəyini söylədi. Oturduq süfrəyə. Bu əsnada əmim oğlu Fərid əlində kaset ilə içəri girdi. “Təzə kino gətirmişəm oturaq baxaq” dedi. Təzə dediyi şey, 1983 çəkimi olan “Tançor Disko”adlı hind filmi idi. Murad kinonun adını eşidən kimi gözləri parıldadı. Mənim “əşşi hind filminin vaxtıdır Fərid?” sözümə məhəl qoymayıb, ona filmə baxmağımızı şiddətlə israr elədi. Filmin sound trakində artıq Muradın gözü yaşarmışdı. Murad soyuducuda olan arağı gətirib süfrəyə qoydu. Görünürdü ki, film ona çox təsir etmişdi. Film başladı. Murad bir rumka arağı başına çəkdi, sonra bir dəfə də və bir dəfə daha. Olduqca çox sürətli içirdi. Yemək yaddan çıxmışdı sanki. Sonra Murad ağlamsınlı bir danışıqla sözə başladı: “Yolda sual vermişdin ki, Türkmənistanda kimsən yoxdurmu deyə. Var əslində.”

Həyəcanla onu dinlədim. Çünki bu haqda neçə illərdi ki, heçkimə heçnə danışmamışdı. Bizə gəldiyi günü xatırlamağa çalışdım. Orta yaşlı biri idi onu ilk gördüyümdə. İndi isə keçən illər onu bir az yaşlandırmışdı. Bu arada Fərid ortalıqda görsənmirdi. Deyəsən çölə çıxmışdı.

Murad söhbətinə davam edir: “Yoldaşımla tanışlığım bu “Tançor Disko” filmində olmuşdu. “Cimi” (filmdə baş rolda oynayan obrazın adı) kimi yaraşıqlı idim.” – gülür acı-acı. Sonra elə oldu ki, evləndik. Bir dənə də qızımız oldu. Çox xoşbəxt idik. Bir gün mübahisə elədim yoldaşımla, ilk dəfə idi ki, vurdum ona. Çox əsəbi idim.” – sağ əlini göstərir. Düşünürəmki o əli ilə vurmuşdu yoldaşına. “Əsəbləşib onları evdə qoydum səhər işə gedəndə. Qapıları bağladım ki, çölə çıxmasınlar. Evdə nə açar var idisə özümlə götürdüm. İş vaxtının sonunda zəng gəldi iş yerimizə, məni telefona çağırırdılar. Qonşumuz idi. Tez gəlməyimi dedi. Eviniz yanır dedi. Tez gəl dedi həyəcanla, tez gəl. Dəli olmuşdum. Ayaqlarım həyacandan yer tutmurdu. Evə qədər özümdən aslı olmayaraq qaça – qaça getmişdim. Yanğın söndürənlər evi yenicə söndürmüşdü. ”Evin üstündən tüstülər hələ də yüksəlirdi. Evə girmək istədim, içəri qoymadılar. Sonra arvad uşağımı soruşdum hardadılar deyə. Susdular. Heçnə demədilər mənə. Özümdən getmişdim. Yoldaşımla qızımı evin giriş qapısının ağzında tapıb yanğın söndürənlər.
Qapını açıb içəri girərkən artıq çox gec olub. Qızım anasının qucağında yanıb külə dönmüşdü. Açarları olmadığına görə çıxa bilməyiblər çölə.” – ağlayır. Nə deyəcəyimi bilmirəm. Yanaqlarından yaş süzülə – süzülə növbəti rumkanı başına çəkir. Bir az səssizlik olur aramızda. Saçının ortasını ayırır iki əli ilə. Başındakı tişiki göstərir. Boynunda asdığı açarı çıxarır qoyur stolun üstünə. “Bax görürsən? Bu açarla deşdim başımı vura-vura. Bu açarla bağlayıb çıxmışdım qapını. Əlim qırılaydı kaş bağlamazdım” – deyir. Söhbətinə davam edir. Bu arada bir rumka daha içir. Artıq araq şüşəsi boşalıb.

“Sonra başım xarab oldu, evsiz eşiksiz qaldım. Atamın evinə getdim. Ordada bir az qaldıqdan sonra evdəkilər ilə dalaşdım. Dediyim kimi başım xarab olmuşdu. Kimə gəldi qışqırırdım. Hərdən dəli gözü ilə baxırdılar mənə. Yığdım veş-vüşümü Azərbaycanda olan əsgər yoldaşımın yanına gəldim. Bir dəfəsində gəl bura iş quraq demişdi. Dedim bəlkə iş qurarıq. Yeni həyata başlayaram. O ölkədən uzaqlaşmaq istəyirdim. Gəldim bura ki, bəlkə hərşeyi unudaram. Burda da məni həriflədilər. Başıma min oyun açdılar. Bura gələndə orada olan maşınımı satdım. Bir az da pul yığmışdım. Onları özümlə gətirdim. Əsgər yoldaşım hamsını aldadaraq əlimdən aldı. Başımın ətin yedi gedək qumar oynayaq, çox qazanaq deyə. Uydum şeytana. Əsgər yoldaşım digərləri ilə əlbir olub hərşeyimi əlimdən aldılar. Qaldım küçələrdə. Pul yox, ev yox, iş yox. İşin ən pis tərəfi bütün sənədlərimi də əlimdən almışdılar. Düşdüm küçələrə. Kimə ağız açdım söydü, qovdu.Heçkim kömək etmədi. Gecələri parkda yatdım. Zibil eşdim. Quru çörəyə möhtac qaldım. Gerisini bilirsən artıq. Buradayam.” – gözləri uzun uzadı süfrəyə çökmüş halda susdu. Sonra birdən ağlayaraq davam elədi: “Ən piş şey bilirsən nədi? Hər şey cəhənnəm olsun, rədd olsun hər şey. Qızımın da yoldaşımında məndə bir şəkli yoxdur. Artıq üzlərini unuduram yavaş-yavaş, səslərini isə çoxdan unutdum. Bu necə bərbad birşeydir başa düşürsən? Çox bərbad birşeydir. Hərşey, bütün xatirələr hamsı evdə yanaraq yox oldular. Sən soruşdun ki, Türkmənistanda kimsən yoxdurmu? – deyə. Var iki məzar var soyuq torpağın altında yatan” – deyib hönkür-hönkür ağlamağa başladı. Sualı verdiyimə görə peşman olmuşdum. Nə qələtdir elədim deyib özümə hirslənirdim, bir tərəfdən də mənə bu olanları anlatdığı üçün çox sağ ol deyirdim ona içimdə. Əlimi çiyninə qoymuşdum. O ağladıqca çox pis olurdum. Ürəyim dözmürdü. Yaşadıqları həqiqətən dəhşət idi.

Artıq getmək zamanı çatmışdı. Əsgərliyə gedirdim. Hərkəslə görüşüb sağollaşdıqdan sonra evdən ayrıldım. Əsgərlikdə olduğum zamanlarda da evdəkilər ilə hal – əhval tutanda Muradı mütləq soruşurdum. Onun mənə anlatdıqlarını heçkimə demədim. Sirdaş olmuşduq onunla, mənə sirrini açmışdı. Onu bilən yeganə insan idim. Əsgərliyi bitirib evə qayıtdım. Söhbət zamanı atamdan Muradı soruşdum. “Murad öldü dedi”-dedi. Qulağıma inanmadım. “Necə? nə zaman? niyə xəbərim yoxdur axı? ”- dedim. Atamda hadisə yeni olduğunu söylədi. Daha ətraflı anlatmasını istəmədim. Kəndə gedəcəkdim. Olanları babamdan eşitsəydim daha yaxşı olacaqdı.

Kəndə çatdıqdan sonra babamdan olub bitəni soruşdum. Həyətdə qoyunun yunun qırxırdı. Oturub daşın üstündə ona baxırdım. Bir tərəfdən də nə danışacaq onu dinləmək istəyirdim. Küskün, bir az əsəbi, bir azda heyfslənərək sözə başladı:

“Səhər ayıldıq Murad yox idi yerində. Hər şeyi yığıb çıxıb getmişdi.” – “necə yəni hər şeyi?” – dedim. Düşündüm oğurluq edib. Yox etməzdi axı bu onu. “Əşi zadı daa şələ-şüləsin. Çıxıb gedib qonşu kəndə.Cəhənnəm getmisən getmisən, adama bir xəbər edərlər da əvvəldən. Neçə ildir evimizdəsən, bizlə yeyib, bizlə durursan. Bizlə yatıb – bizlə qalxırsan. Bu qədər də nankorluq etmək olmaz axı…”

“Hara getmişdi ki?” – deyirəm.

“Başını aldadıblar kı, gəl sənə arvad alacağıq kəndimizdən, evləndirəcəyik, iş tapacağıq daha yaxşı. Bu da sərəy qoşulub onlara çıxıb gedib. Mənə dedi ki, evlənmək istəyirəm? Cəhənnəm o heç day keçib arvad istəyirəm!? Mən ona dedim yox?

“Sonra nə oldu bəs” – deyirəm yavaçcadan.

“Heç zad, axşam oturmuşduq. Bir də gördük darvaza açıldı. Fətalının nəvəsi qaça-qaça gəldiki bəs baba sizi axtarırlar. Çölə çıxdım Muradın meydini gətirmişdi polislər. İki gün əvvəl kürün sahilindən tapıblar cəsədin. Axtarıb ediblər, Körpükəndçidir deyib gətiriblər bizə. Bir balamı itirmiş kimi oldum. Bilirsən onu atandan ayırmadım heç. Çox kömək oldu mənə. Verdiyim maaşı yığırdı ki, bəs Türkmənistana qayıdacam haçansa. Bunuda domino zad oynuyanda ağzından buraxıb, başını bişirib aparıblar beləcə. Əlindən alıb pulunu öldürüb atıblar kürə”.

“Öldürənlər tapılmadı bəs” – deyirəm.

“Tapıldı, ikisidə indi türmədədi”.

Muradın qəbri hardadı onu soruşuram. Bizim ailəvi məzarlığda basdırıb babam onu. Baş daşınada bizim nəslin soyadı yazdırıb. Onu gördükdən sonra anladım babamın Muradı necə çox istədiyini. Elə ondandır ki, əsəbləşməkdə, küsməkdə haqqı var az da olsa. Babam muradın otağında olan açarı gətirib mənə verdi. “Boynunda da bu vardı” – dedi. Açarın hekayəsin mən bilirdim təkcə. Əvvəl açarı boynumdan asmaq, ondan xatirə saxlamaq istədim. Sonra açarı götürüb qaçdım qəbirstanlığa. Qəbrin qazdım – açarla. Basdıracağım dərinlikdə olduqdan sonra açarı basdırdım ora. Oda ailəsinin yanında idi artıq. Murad, qızı, yoldaşı və hərşeyə səbəb olan açarı…

KÖŞƏ YAZARLARI
TOP 10