“Açıq kitabxana” layihəsi bölgələrdə fəaliyyətə başlayıb

25 Baxış

Bakıda fəaliyyət göstərən “Açıq kitabxana” layihəsi bölgələrimizdə də maraqla qarşılanıb. Bu barədə Senet.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Göyçay, Göygöl, Qax, Tərtər, Xaçmaz, Şirvan və Ağstafada təşkil olunan layihədə haqqında oxucuların təəssüratları yüksək olub.

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə keçirilən “Açıq kitabxana” layihəsinə qoşulub.

Oxucular “Açıq kitabxana”da nümayiş olunan nəşrlərlə tanış olublar. 20-yə yaxın kitabsevər kitabxanaya üzv yazılıb.

Həmçinin Göygöl şəhərində də Mərkəzi kitabxananın Uşaq şöbəsi azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə “Açıq kitabxana günü” təşkil edib.

Kitabxananın qarşısında “Ən çox oxunan ədəbiyyat”, “Yeni kitablar” və “Hər kitab yeni bir dünyadır” başlığı altında kitablar sərgilənib. Balaca oxucular daha çox illüstrativ materiallarla zəngin olan yeni nəşrlərə üstünlük veriblər.

Qax rayonu C.Cabbarlı adına Mərkəzi kitabxanada “Yay məktəbi” layihəsi çərçivəsində bilik yarışması keçirilib. Yarışmaya şəhər kitabxanalarının 11-15 yaş qrupuna daxil olan oxucuları cəlb olunub.

Tərtər rayon MKS-nin Mərkəzi kitabxanası və Uşaq şöbəsində “Nağıllar aləminə səyahət”, “Yerli yazarlar”, “Yeni kitablar”, “Danışan kitablar” başlıqlı kitab sərgiləri təşkil olunub.

Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Nabran istirahət zonasındakı turizm mərkəzlərində “Açıq kitabxana” layihəsi çərçivəsində səyyar kitabxana xidməti təşkil edilib.

Şirvan şəhər Mərkəzi kitabxananın qarşısındakı parkda kiçikyaşlı uşaqların istirahətini təmin etmək üçün ”Nağıl dünyamız” adlı sərgi və “Sevdiyim nağıl qəhrəmanları” rəsm müsabiqəsi təşkil edilib. Tədbirdə Uşaq kitabxanasına daxil olan 100-dək yeni kitab, “Göy qurşağı”, “Sehrli dünya” jurnalları nümayiş etdirilib.

Ağstafa rayon MKS-yə daxil olan kitabxanalarda “Yay məktəbi” layihəsi çərçivəsində “Uşaqların nağıl dünyası” və “Gəlin, kitab oxuyaq” adlı tədbirlər təşkil edilib.

Bölmə : Manşet, OxucuKlubu