Aclar – Tağı Şahbazi Simurğ

11 Baxış

21

Alçaq və pəncərəsiz bir odada qapının sağ tərəfində yatmış olan bir çocuğun başı üstündə anası əyləşib, gözlərini bir nöqtəyə dikərək, dərin fikirlərə qərq olmuşdu. Hava soyuq olduğundan odanın yeganə qapısı örtülmüşdü. Oda qaranlıq idi. Ancaq qapının taxtaları arasından gələn işıq odanın bir qismini, bacadan düşən işıq isə ikinci qismini işıqlandırmaqda idi.

Odada çocuğun uzanmış olduğu yatacaqdan və yerə döşənmiş cırıq-cırtıq parça palazlardan başqa artıq bir şey gözə çarpmırdı: oda tamam boş idi.

Nəhayət, uyuyan uşaq tərpənib gözlərini açdı. Üzü saralmış, gözlərinin altı göyərmiş, dodaqlarının rəngi qaçmış olan çocuq diri bir ölü kimi görünürdü. Çocuq oyanan kimi anasının üzünə baxdı. Ayağa durmaq deyil, əllərini belə qaldırmağa taqəti qalmamışdı. Sevimli övladının ayılmasını görüncə:

– Cəlil, oyandınmı? – deyə anası sordu.

– Ana… ana…

Uşaq taqətsiz olduğundan sözünü deyə bilmədi. Lakin onun sönük gözlərinin solğun baxışı nə demək istədiyini andırırdı. Anası anladı ki, acdır. Cəlil yemək istəyirdi.

– Heç bir şeyimiz qalmamışdır, oğlum; axırıncı parça çörəyi dünən səhər yedin. Bu saat bacın Züleyxa gələr, onu çörək axtarmağa göndərmişəm… Bir az səbir elə, oğlum.

Bu söhbət əsnasında Züleyxa gəldi.

Züleyxanın əliboş olduğunu görcək anası anladı ki, qonşularda da yeməli bir şey tapılmamışdır.

Züleyxa anasına:

– Ana…

Lakin anası qızının səsini kəsərək:

– Qızım, gəl Cəlilin yanında qal, mən gedim görüm sizə nə taparam, – dedi.

Bu möhnətli ana Cəlilin üzündən öpüb getdi.

Züleyxa və Cəlil yenicə atasız qalmışlardı. Ataları kəndləri talan olan zaman öldürülmüşdü. Bunların yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. Var-yoxları qarət ediləndən sonra tamam kənd əhli kimi, bunlar da azuqəsiz, ac və yalavac qalmışlardı. Yəqin ki, belə gedəcək olursa, tamam kənd əhli tələf olacaqdı. Başqa bir çarə bulmayan köylülər: “Allah kərimdir”, – deyə kömək gözləyirlərdi.

Nə edəcəklərdi? Amansız müharibə heç bir kəsin torpaq və yurdunda gözü olmayan bu zavallı köylülərin yaşayışını pozmuş, yurdlarını dağıtmış, özlərini də dilənçi halına salmışdı. Onlar yalnız ümid ilə yaşayırlardı. Ümid olunurdu ki, bədbəxt insanların halına yanan tapılacaqdır.

Ana gedəndən sonra balaca Züleyxa o zərif qolları ilə qardaşını qucaqlayıb, sakit etmək və təsəlli vermək məqsədiylə:

– Cəlil, əzizim, bu saat ana gələr və bizə yemək gətirər, – deyirdi.

Əvvəlcə anasının, indi də bacısının təsəllisini sakit dinləməkdə olan Cəlil bacısına baxır, heç bir söz deməyirdi. Soyuq olmasın deyə, Züleyxa qardaşının üstünə parça palazı da əlavə saldı.

Anaları evdən çıxdıqdan sonra bir az dayandı, fikrə daldı: “Əcəba, haraya getsin?

…Sahibi xanımın həyətə çıxdığını görən it onun o yan-bu yanına dolanıb yalvarıcı bir nəzər ilə mərhəmət dilər kimi, baxmağa başladı. Xanım bunu hiss elədi və itin halına acıyaraq:

– Yazıq it, sən də acımısan? Lakin sənə verməli bir şeyim yox, – deyə iti əli ilə tumarladı.

İt anlayır kimi, gözlərini aşağı dikdi.

Arvad bir az durduqdan sonra yenə sabiqdə arpa və buğda saxladıqları dama girib, birər-birər arpa və buğda yığmağa başladı.

Züleyxa qardaşını sakit etməkdə ikən, birdən qapı döyüldü.

– Kimdir?

– Bacı, aç, sizə un gətirdim.

Haman saat Züleyxa qapını açdı. İki cavan oğlan un kisəsini verərək:

– Bacı, bu unu sizə gətirdik. Alın, – dedilər.

Sonra cavanlardan biri əlindəki kitabın bir vərəqəsinə bir-iki söz yazaraq:

– Neçə nəfərsiniz? – deyə sordu.

Gözlərini bu gələnlərdən çəkməyən Züleyxa:

– Üç nəfər qaldıq… Atamı öldürdülər, anam çörək axtarmağa getdi. Bu da Cəlil – yatır, – dedi.

– Çox gözəl, bu vərəqəni al, hər həftə anan məscid yanına gəlib, bu vərəqə ilə un payınızı ala bilər.

– Sağ ol!

– Bu un sizə yardım cəmiyyəti tərəfindən göndərilmişdir.

Cavanlar getdi. Qız anasını harada axtaracağını bilməyərək, səbirsiz gözləməyə başladı. Unu var gücü ilə içəri çəkdi.

– Cəlil, gördünmü, bizimçün un gətirdilər? İndi ana gələr, bizə yemək hazırlar… – Bir az düşünəndən sonra: – Bax, Allah bizə kömək oldu, gəl Allaha dua edək, – bu sözləri əlavə edərək, qız üzünü qibləyə tərəf tutub, zərif qollarını qaldırdı və: Ya Allah, ya Allah, şükür sənə, ya Allah, – deyə böyüklər kimi dua edə bildiyini zənn edir və bundan çox razı qalır kimi, duasına davam ilə gah qapıya, gah da Cəlilə baxırdı.

Balaca Cəlil bacısının duasını təkrar etmək istəyərək, zəif və eşidilməz bir səslə ancaq bunu deyə bildi:

– Al…al…şü…kür…

Anası daxil olcaq qız duasını kəsərək, sevincli bir surətdə:

– Ana, bizə un gətirdilər, – deyə bayaq verilən kağızı anasına göstərdi: – Deyirlər sən bu kağızla hər həftə bizim un payımızı məscid həyətindən ala bilərsən. Bax, bu kağızda yazdı. Sordu neçə adamsınız, bax, adını da yazdı. Bu sözlərlə qız guya kağızın yazılarını oxuyur kimi, barmağı ilə kağızın qaralarını anasına nişan verdi.

– Bilirsən, qızım, bunu bizim qardaşlarımız bizə göndərmişlərdir, – dedi.

Haman saat ana övladları üçün yemək tədarük etməyə başladı. Bir azdan sonra Züleyxa və Cəlil anasının bişirmiş olduğu yayma çörəyini yeyirdilər.

Sonra anası uşaqlarına insanların mərhəmətindən danışıb deyirdi ki:

– Baxın, qardaşlarımız uzaqdan bizim halımıza yanıb, bizim üçün un göndərirlər ki, acından həlak olmayaq…

Züleyxa onun sözünü kəsərək:

– Ana, bəs insanlar bizim kəndi niyə dağıtdılar? Niyə atamı öldürdülər? Bəs niyə mərhəmət göstərmədilər?

Anası qızın sözünə cavab tapmayaraq:

– Qızım, o, müharibədir, elə olar, – dedi və bir az fikirdən sonra əlavə etdi: – Balalarım, yediniz ki Allaha şükür edin!

O gecəni sabaha kimi ana əllərini səmayə qaldırıb razi-niyaz edirdi. Çocuqlar uyuyurdular.

Qızı Züleyxa birdən oyanaraq, anasını dua edən görüncə:

– Ana, ana… atama da dua elə!.. – dedi.

1916

KÖŞƏ YAZARLARI
TOP 10