Ad günü hədiyyəsi

26 Baxış

Xanım ƏliyevaƏliyeva Xanım

Bu gün onun ad günüdür. On səkkiz yaşı tamam olur. Artıq gənc qızdır. Böyük həyata ilk addımlarını atmağa başlayır. Nə qədər gözəlliklər, çətinliklər, keçməkeşli yollar gözləyir onu. Gözləyir, əgər o yaşamağa davam etsə. Ayan artıq uzun müddət idi ki, intihar haqqında düşünürdü. Emosiyalar yoluxdurucudur, fikirlər də. Son zamanlar ard-arda baş vermiş intiharlar insan psixikasına təsir göstərir və az da olsa intihara meyli olan insanları asanlıqla intihara sürükləyə bilir. Amma Ayan ağrılı ölümdən qorxurdu. O ağrı verməyəcək, ancaq, qısa zamanda öldürəcək üsul axtarırdı. Vaxta az qalıb. Bu gün sevdiklərinə və sevmədiklərinə o öz ölümünü hədiyyə edəcək. İntihara cəhd edənlər və intihar edən insanlar çox vaxt ümüd edirlər ki, onları intihardan kimsə xilas edəcək. Bu normal haldır. Çünki insan nə qədər həyatına son qoymaq istəsə də, daxilindəki həyat eşqi onu xilas olunacağı ümidinə bağlayır. Ayanın yaşamağa ümidi də qalmayıb. Onun fikrincə onun üçün hər şey bitib. Günlər bir birinə bənzəyir. Heç bir şey onu sevindirmir. Uzun müddətdir ki, o depressiyadadır. Pessimist fikirlər başından çıxmır. Ətrafındakı insanlar da ona dəstək olmur. Uzun müddət stress yaşamış və depressiyada olan insanlara mütləq dəstək olmaq lazımdır. Pozitiv sözlərlə onu olduğu vəziyyətdən çıxartmaq və əyləndirmək lazımdır. Hər şeyin yaxşı olması və həyatın qabaqda olduğunu təkrarlamaq, şən musiqi dinləmək, komedik və sonu xoşbəxtliklə bitən filmlərə baxmaq, maraqlı və həyat eşqi oyadacaq əsərlər oxumaq mütləqdir. Lakin insan bu vəziyyətdən həmişə tək çıxa bilmir. Bəzən buna sadəcə insanın mənəvi gücü çatmır. Dalbadal endirilmiş zərbələr altında əzilib məhv olmaq və simurq quşu kimi yenidənküldən “yaranmaq” o qədər çətin və çox vaxt da mümkünsüzdür. Mütləq bizi sevən birinin əlimizdən tutmağı və küldən “yenidən” yaranmağa kömək etməsi o qədər əhəmiyyətlidir ki, az qala bu aldığımız nəfəs qədər bizdə ehtiyac yaradır. İnsanların bizə münasibəti, ünsiyyət və həyatda rastlaşdığımız problemlər üzümüzdə və ürəyimizdə silinməz izlər qoyur.  Belə izləri insanlar və həyat Ayanın da ürəyində və üzündə qoymuşdu. Anası Ayanı dünyaya gətirərkən özü ağır doğumdan sonra dünyasını dəyişmişdi. Atası evlənməmişdi, çünki anasını həddindən çox sevirdi, lakin tez-tez qızını qoyub, ezamiyyətə getməli olurdu. Ayanı isə qohum-qonşunun ümüdünə buraxmışdı. Məktəbdə öz sinif yoldaşlarının tənələrinə məruz qalır, yetimçə deyilərək çağrılırdı. Ayanı çirkin ördək balası da adlandırmaq olardı. Uşaq ikən qətiyyən yaraşıqlı deyildi. Tarıma çəkilmiş boyu, arıq ayaqları, sısqa bədəni, meyid kimi bəyaz üzü, qırmızıtəhər  rəngdə saçları, yaşıl gözləri vardı. Heç də cəlbedici deyildi. Ancaq doqquzuncu sinifi bitirdikdən sonra gözəlləşmişdi. Onu illər boyu tanıyan insanlar Ayanda olan belə dəyişikliyə heyran qalmışdılar. Çirkin ördək balası gözəl qu quşuna çevrilmişdi. Amma bu gözəllik onun başına bəla oldu. Oğlanlar ondan əl çəkmək bilmirdilər.  Hər gün qapısının ağzını kəsdirir, ona eşq etirafları edirdilər. Ayan yalnız bir şəxsi sevirdi. Bu şəxs onun məktəb yoldaşı Samir idi. Samir heç də yaraşıqlı oğlan deyildi. Lakin onun dünyaya ağıllı baxışı, tərbiyəsi, insanlara münasibəti Ayanda ona qarşı əvvəlcə simpatiya, sonra isə sevgi oyatmışdı. Bu iki gənc bir birindən xəbərsiz bir birini sevirdi. Samir utancaq oğlan olduğundan uzun müddət Ayana etiraf edə bilmirdi. Məktəbi bitirmək münasibəti ilə bütün məktəb buraxılış gecəsi keçirirdi. Məktəb uşaqları restoranın kiçik zalında yığışıb, stol başında əyləşdilər. Yığıncağın sonunda Ayan stolunun üstündə “Ayan, mən səni sevirəm” yazılmış salfet tapdı. Ətrafına boylansa da salfeti kimin qoyduğunu aydınlaşdıra bilmədi. Yığıncaq bitdikdən sonra hər kəs dağılışmağa başladı. Samir Ayanın arxasınca onların mənzillərinə qədər getdi. Qapının arxasında bir müddət durduqdan sonra o, başa düşdü ki, qapını döyüb Ayana həmin salfetdəki yazını özünün yazdığını deyə bilməyəcək. Kor-peşman evə qayıdan Samir evdə anasından onun əsgərliyə hərbi kommisarlıqdan çağırış vərəqinin gəldiyini öyrəndi. İki həftədən sonra o yola düşdü. Bir dəfə Ayan rəfiqəsigilə qonaq getmişdi. Rəfiqəsi çay gətirərkən Ayan stolun üstündə siniyə yer ayırmaq istəyərkən stolun üstündəki dəftəri yerə saldı. Dəftəri götürmək istəyəndə gözləri dəftərdəki yazıya sataşdı. Xətt ona tanış gəldi. O, rəfiqəsinin xəttini tanıyırdı, ancaq bu xətt rəfiqəsinin xətti deyildi. Bu dəftətin kimə məxsus olduğunu soruşanda rəfiqəsi ona bu dəftərin Samirin olduğunu dedi. Samir Ayanın rəfiqəsinin sinif yoldaşı idi. Rəfiqəsi bilirdi ki, Ayan Samiri sevir. Hətta rəfiqəsi Ayana dəftəri özü üçün götürməyi təklif  etdi. Çünki dəftər Samirin yadından çıxmışdı və onlar artıq məktəbi bitirmişdilər. Samir isə artıq əsgərlikdə idi. Ayan Samirin ona salfetdə yazdığı eşq etirafı haqqında rəfiqəsinə heç nə demədi. Ona görə yox ki, o rəfiqəsinə inanmırdı, sadəcə Samirin həqiqətən də onu sevib-sevməməyini dəqiq bilmirdi. Boş yerə ümüdlənmək istəmirdi, çünki boş xəyallar və ümidlərin sonu özləri kimi boş olur. Zaman sürətlə insanların daxillərindən axaraq keçir, saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlərsə ayları əvəz etdi. Samirdən heç bir səs-soraq yox idi. Ayan artıq Samirin onu sevdiyinə də inanmırdı. O, elə bilirdi ki, Samir onu bu yolla ələ salmaq istəyib. Əslində heç də belə deyildi. Samirin əsgərlikdə günləri illərə bərabər idi. Ayana eşq etirafını edərək adını gizlin saxlamasına peşman idi. Ən azındanadını desəydi Ayanın onu sevib-sevməməsini bilərdi və rahatlıq tapardı. Bu səbəbdən də Samir Ayana məktub yazmaq qərarına gəldi. Nə yazacaqdı? Salam mən sənə eşq etirafı etmiş oğlanam və sən də məni sevirsən? Samirə bütün bunlar gülünc gəldi. Onun üçün artıq gec idi. Adını deməməklə o, fürsəti əldən vermişdi. Bəlkədə Ayan artıq nişanlanıb, bəlkə də artıq ailə qurub. Məktubu ilə onun rahatlığını pozmaq, şəxsi həyatında problemlər yaratmağın nə mənası var idi? Ayanın yerinə Samir Ayanın rəfiqəsi Nailəyə məktub yazdı. Nailə Samirin valideynlərindən əsgərlikdə olan ünvanını öyrənmişdi. Bayram vaxtları ona sovqat göndərirdi. Samir məktubda ordan-burdan yazaraq Ayan haqqında da soruşmaq qərarına gəldi. Məktuba yazılan cavabdan aydın oldu ki, Ayan nə nişanlanıb, nə də ki ailə qurub. Bu Samirdə cəsarət oyatdı. Ayana məktub yazmaq qərarına gəldi. Ancaq fikrindən daşınaraq Nailə yazdığı məktubun bir səhifəsində Ayana ünvanlanmış cümlələr yazdı: “Ayan, sevdiyim insan, sənə salfetdə eşq etirafı yazan şəxs mən idim. Bilmirəm mənə cavabın nə olacaq. Ancaq, mən mütləq cavabını bilməliyəm ki, rahatlıq tapım. Yoxsa belə davam etsə, tezliklə ağlımı itirəcəyəm”. Nailədənsə məktubun bu vərəqini qısa zamanda Ayana çatdırmasını xahiş eləməsini yazdı. Bu arada Ayanın həyatı daha da çətinləşmişdi. Səbəb atasının ağır xəstəlikdən dünyasını dəyişməsi idi. Atasının xəstəliyi zamanı Ayan atasının başından ayrılmır, ona hər cür qulluq edirdi. Ağır xəstəyə qulluq etmək cəhənnəm əzabına bərabərdir. Gecə vaxtları tutan ağrılar, qışqırıqlar, səksəkəli yuxular qulluq edən insanı o qədər yorur ki…Amma bütün bu əzablar günlərin birində bitdi. Ayanın atası dünyasını dəyişdi. Dəfn mərasimində yalnız üç-beş yaxın insan var idi. Həqiqətən də həyat belədir. O bir göz qırpımında keçir və ölərkən kino lenti kimi göz önündən ötür. Bütün xoş və xoş olmayan xatirələr ağıldan bir neçə saniyə içində elə sürətlə keçir ki, elə bil bu xatirələr sənin deyilmiş, elə bil bu həyatı heç sən yaşamamısan. Səni dəfn edirlər, sən artıq bu dünyadan xəbərsizsən, sadəcə ardınca səni sevənləri və sevməyənləri buraxıb gedirsən. Sevdiklərimiz bizi bu dünyada tək qoyub gedirlər və biz bu ağrını ömrümüz boyu qəlblərimizdə daşıyırıq. Bu dünyada Ayanı sevən insanın biri də azaldı. Ayan əfsuslar ki, ali məktəbə qəbul ola bilməmişdi. Bir müddət dayısının himayəsi altında qalmalı oldu. Çünki hələ on səkkiz yaşı tamam olmamışdı. Ayan bilirdi ki, dayısıgildə uzun müddət qala bilməyəcək. Dayısı onu nə qədər sevsə belə, hər şeyin bir sonu var və gec-tez onun da səbri tükənəcək. Bacı qızı nə qədər sevilən və şirindirsə, öz övladları ondan da şirindir. Bütün bunları Ayan bilirdi. Günü-gündən o daha çox ümüdsizliyə qapılır, depressiya dolu günlər keçirirdi. Məktub axır ki gəlib çıxdı. Sadəcə Ayan dayısıgilə köçdüyündən rəfiqəsi Nailə dayısıgilin evini tapmaqda çətinlik çəkmişdi. Ancaq tapıb qonaq gəldi və məktubun o vərəqini Ayana verdi. Ayan gözlərinə inana bilmirdi. Sevgisi qarşılıqlı idi və bu məktub onu xoşbəxtliyə gedən yola yolçu edəcəkdi. Tez bir zamanda qələm tapıb kağıza Samirə ünvanlanacaq məktub yazmağa başladı. Məktubda Samiri çoxdan sevdiyini, bu eşq etirafi ilə onu necə xoşbəxt etməsi, onun yolunu gözləyəcəyini və onu çox sevdiyini yazdı. Nailə məktubu götürüb, rəfiqəsi ilə sağollaşaraq oranı tərk etdi. İlk növbədə poçta yollanaraq, məktubu Samirə göndərdi.  Samir məktubu oxuyan zaman sevgisinin qarşılıqlı olmasını öyrənincə sevincindən yerə-göyə sığışmırdı. Yəni, doğrudanda həyat onun üzünə gülmüşdü?! Yəni bütün bunlar yuxu yox, real idi?! Bundan sonra Samirlə Ayan Nailənin köməkliyi ilə məktublaşmağa başladılar. Ayan son zamanlar başına gələn hadisələrdən danışdı. Bir-birinin məktublarını səbrsizliklə gözləyirdilər. Hər gələn məktub onları vüsallarına bir azda yaxın edirdi. Samir Nailədən Ayanın doğum gününün nə vaxt olacağını öyrəndi. Məzuniyyət götürüb ad günündə gəlişini Ayana hədiyyə etmək istəyirdi. Bütün bunları sirr olaraq saxladı ki, Ayan üçün sürpriz olsun. Hər şeyi cəbhədə baş verən hadisələr dəyişdi. Cəbhə xəttindən gələn son xəbərlərə görə Samir adlı oğlanın düşmən tərəfindən açılmış atəş nəticəsində şəhid olduğu bildirilirdi. Nailənin belə bir xəbəri Ayana deməyə gücü çatmadı, çünki Ayanın ad gününə cəmi üç gün qalmışdı. Həm ad günü əhval-ruhiyyəsin pozmaq, həm də ümidlərini puç etmək istəmirdi. Ancaq axşam xəbərlərdə bu barədə məlumat verildi. Əsgər Samir Mikayılzadə düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdu. Bu Ayan üçün elə ağır zərbə oldu ki o, susaraq donmuş şəkildə ekrana baxa-baxa qalmışdı. Dayısı qızı onu səsləyəndə onun artıq gözlərindən yaş gəlirdi. Dayısı qızı təccübləndi və nə baş verdiyini soruşanda Ayan qəflətən yerindən sıçrayaraq öz otağına qaçdı. Dayısı qızı heçnə anlamadı, Ayanın yanına getmək istəsədə o qapını bağlamışdı. Qapını döysə də Ayan qapını açmadı, lakin qapı arxasından Ayanın hıcqıraraq ağladığı eşidilirdi.  Sabahı gün Ayan doğum gününü qeyd etməyəcəyini bildirdi. Dayısı qızı nə baş verdiyini soruşsada o heçnə cavab vermədi. Dayısı da təəccüblənmişdi. Səbəbin öyrənmək istəsə də bir şey alınmadı. Dayısı elə düşündü ki, Ayan onları xərcə salmamaq üçün ad gününü qeyd etmək istəmir. Buna görə də darısı ona ad günü etmək qərarına gəldi. Ayan yatana qədər intihar barəsində düşündü və hansı yolla ağrısız şəkildə intihar edəcəyini fikirləşdi. Lakin bu barədə Naliləyə bir kəlmə də demədi. Ağlından çox yollar keçsə də sonda özünü pəncərədən ataraq intihar etmək qərarına gəldi. Eşitdiyi qədəri ilə hündür yerdən özünü atsaydı dərhal öləcəkdi və heç bir ağrı hiss etməyəcəkdi. Dayısıgil hündür mərtəbəli binada yaşamadıqlarından o, öz evlərinə gedərək öz köhnə otağından özünü atmaq qərarına gəldi. Dayısıgilə sadəcə gəzişməyə çıxmaq istədiyini bildirdi. Dayısı qızı onunla gəlmək istəsə də o, razı olmadı. Öz köhnə binaları dayısıgilin binalarının yaxınlığında idi. Ağır addımlarla yuxarı qalxaraq, mənzillərinə daxil oldu. Burda heç nə dəyişilməmişdi. Atasının sağlığındakı kimi hər şey öz yerində idi. Otaqları bir bir gəzişərək, xatirələri qoynuna aldı. Nə qədər xoşbəxt günləri keçmişdi burda. Atasının xəstəliyi ilə bu xoşbəxt günlərə son qoyulmuşdu. Bircə ümidü Samir idi, o isə artıq həyatda yox idi. Hər şey bitmişdi. Daha yaşamağın bir mənası qalmamışdı. İçində elə boşluq var idi ki, özü istəsə belə o boşluğu doldura bilməzdi. Köhnə yatağında biraz oturduqdan sonra, uzanaraq azca yuxuya getmişdi. Yuxuda atasını gördü. Atası onun saçlarını oxşayır, hər şeyin yaxşı olacağını deyirdi. Onu qəflətən çaxan ildırım ayıltdı. Pəncərənin arxasında elə yağış yağmağa başladı ki, az qala tutub ucundan göyə qalxmaq olardı. Belə hava fəslinə uyğun idi. Payızın tam ortalarında belə şıdırğı yağışın yağması normal hal idi. Ayan düşündü ki, ildırımın çaxması ona intihar etməyin tam vaxtı olduğuna işarədir. Yerindən qalxaraq pəncərəyə yaxınlaşdı. Pəncərəni tam açaraq sərin havanı içinə çəkdi. Pəncərə altının üzərinə qalxaraq aşağı boylandı. Başı gicəlləndi, çünki çox hündür idi. Dərindən nəfəs alaraq sonuncu dəfə özündə cəsarət tapıb əlləri ilə pəncərənin yanlarından özünü aşağıya doğru itələdi. Lakin bir anlıq onu arxadan kimsə qucaqlayaraq döşəməyə atdı. Nə baş verdiyini anlamadı. Ona elə gəldiki o, artıq pəncərədən yıxılaraq, ölüb. Gözlərini açar-açmaz qabağında Samiri gördü. Ona elə gəldi ki o dünyada artıq Samirlə qovuşub. Samirsə üzündə qorxu, dodaqlarında təbəssümlə ona baxaraq: “Canım, axı sən nə etmək istəyirdin, axı niyə?” deyərək, onu qucaqladı. Ayan anladı ki, bu nə yuxu, nə də ölümdür. Hər şey realdır və o, sağdır. Təkcə o, deyil, Samir də sağdır. Heç nə anlamadan ətrafına baxmağa başladı və gözləri Nailəyə sataşdı. Nailə başını yelləyərək onlara tərəf gəlib, onların yanında döşəməyə əyləşdi. Biraz keçdikdən sonra Samir  Nailə ilə Ayan üçün dayısıgilə gəldiyini, onlar da tapmadığından ağıllarına Ayanı köhnə evlərində tapacaqlarını anladıqlarından bura gəlmişdilər. Samir öz gəlişini Ayanın ad gününə hədiyyə etdiyini və rəhmətə gedən şəhidin həmin hərbi hissəyə yaxın və adaş olduğunu dedi. Artıq bütün qorxular geridə qalmışdı. Artıq bütün əzabların sonu idi. Sevgi, ümid, inam, xeyirxahlıq, mehribanlıq, sədaqət qalib gəlmişdi…