“Adam nədən bilsin ki, onda istedad var, ya yox?”

148 Baxış

elizeynalov

“XAN” nəşriyyatında “Xatirə ədəbiyyatı” seriyasından tanınmış aktyor Əli Zeynalovun “İki ömrüm olsaydı…” kitabı çapa hazırlanır. 

Qeyd edək ki, Əli Yusif oğlu Zeynalov 1913-cü il, aprelin 4-ü Salyanda anadan olub. Atası Yusif Zeynalov ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı “Şeyda” tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib. İrəvan Tearında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda “səhnə danışığı” fənnindan dərs deyib.

Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib.

Senet.az “İki ömrüm olsaydı…” kitabından seçməni sizə təqdim edir:

 

Bakıda tələbə dostlarımdan Səttarla görüşdüm.O, texnikumu məndən iki il qabaq bitirib Moskvaya oxumağa getmişdi. Lakin təhsilini davam etdirə bilməyib qayıtmışdı. İndi o da işləməyə yer axtarırdı. Xeyli fikirləşəndən sonra qərara  gəldik ki, Kirovabad (Gəncə) teatrına gedək. Belə də etdik.

Kirovabadda bizi mehribanlıqla qarşıladılar. Aktyorlar evində ikimizə kiçik bir otaq da verdilər. Gecəni öz mənzilimizdə rahat yatdıq. Səhər qapıdan çıxanda gördüm ki, ucaboy adam əlində zənbil pillələri qalxıb bizim otaqla üzbəüz olan qapıya yaxınlaşdı. Məni görüncə gülümsəyib irəli gəldi və mehribanlıqla salam verdi:

– Xoş gəlmisiniz.

Mən həyəcanla əlimi qabağa uzatdım, “Sağ olun” demək istədim. Sözlər boğazımda düyünləndi. O, sakitcə  qapıdan içəri keçdi. Mən hələ də öz yerimdə donub qalmışdım. Gözlərimə inanmırdım. Bu, mənə yuxu kimi görünürdü: “Vaxtilə salonda oturub hər çıxışını səbirsizliklə gözləyirdim, Kazım Ziya, doğrudanmı, indicə mənə əl verdi? Doğrudanmı mən onun əlini sıxdım”.

Mən bu aktyorun məlahətli səsinə, nuranı simasına vurğun  idim.

Sevinə-sevinə otağıma girdim. Deyəsən, mənim gəlişim Səttarı yuxudan oyatdı.

– Nə olub?

– Bilirsən, indi Kazım Ziya mənimlə görüşdü.

– Burada təəccüblü nə var ki?

O, yerində gərnəşdi, sonra rus dilində kiçik bir monoloq söyləyə-söyləyə qalxıb geyindi .

–  Yaxşı, biz səhər yeməyini harda yeyəcəyik, sinyor?

– Harda əmr etsəniz, mənim ağam, – deyə ona səhnə  dili ilə cavab  verdim.

Biz kiçik bir çayxanada səhər yeməyi yedikdən sonra yamyaşıl küçələrdən keçərək teatrın binasına yaxınlaşdıq.

Bina hələ tikilib qurtarmamışdı. İnşaat işlərinin ən qızğın vaxtı  idi .

Aktyorlar yavaş-yavaş yığışırdı. Onların arasında tanışlar az deyildi. Hətta zavodda mənimlə birlikdə fəhləlik edən dostum Salam da burada işləyirdi. Dostların, tanışların çox olması məni  sevindirirdi.

Mövsümün açılışı təxirə salınmışdı. Buna görə də müdiriyyət belə bir qərar vermişdi: Paralel olaraq iki tamaşa hazırlansın. Bundan əlavə gənclərdən ibarət konsert briqadası təşkil olunsun.

Sabahdan yay teatrının binasında konsert proqramının məşqlərinə başlamalı idik.

Proqrama pyeslərdən parçalar, monoloqlar və mahnılar daxil edildi. Mən də bir monoloq hazırladım. İki gündən sonra hazırladığımız proqrama baxış keçirildi. Sonra gedəcəyimiz marşrut müəyyənləşdirildi.

İlk çıxışımız “Qarayeri” sovxozunda olmalı idi. Briqada on altı nəfərdən ibarət idi. Üç nəfər də musiqiçi götürmüşdük.

Oraya çatanda gün xeyli qalxmışdı. Konsertə nahar  fasiləsində başlamalı idik. Sovxozun briqadiri bizə məsləhət gördü ki, o vaxtacan şərab zavodunun işi ilə tanış olaq. Əlbəttə,bu təklifi hamımız bəyəndik. Qızlar isə istirahət etməyi, sovxozdakı mağazalara getməyi üstün tutdular.

Biz zavodun ümumi sahəsini gəzməyə başladıq. Briqadir böyük həvəslə izahat verirdi. Pillələrlə aşağı düşdük. Bura şərab saxlanan zirzəmi idi. İçəridə xoş bir sərinlik vardı. Saysız-hesabsız çəlləklər bir-birinin yanında sıra ilə düzülmüşdü. Bəzilərindən rezin borular sallanırdı. Briqadir ayaq saxladı:

–Bu gördükləriniz bizim zavodun qızıl fondudur. Bir dadına baxın. Amma ehtiyatlı olun. Çünki, bu şərablar  uzun illərdən bəri saxlanılır, həm də xüsusi şirədən çəkilmişdir.

Briqadir vəcdlə öz söhbətini davam etdirirdi, lakin bizim bəzi yoldaşlarımız artıq öz aləmində idi.

Açığını deyim ki, o zamanlar içkiyə o qədər də səriştəm yox idi. Amma yoldaşlarımın uzatdığı borudan bir-iki qurtum almaq istədim. Mən heç vaxt belə bir şərab görməmişdim. Sonra o biri borudan içməyə başladım. Briqadirin səsi getdikcə eşidilməz olurdu.

…Elə bil məni silkələdilər. Gözlərimi açanda başımın  üstündə parıldaşan ulduzları gördüm. Dikəlmək istədim. Sanki başımda ağır bir yük var idi.

– Hə, deyəsən, ayıldın?

Heç bir şey anlaya bilmirdim. Fikrimi toplayıb diqqətlə ətrafa baxdım. Maşındakıların demək olar ki, hamısı yatmışdı. Nə qədər çalışırdımsa da hara getdiyimizi  fikrimə belə gətirə  bilmirdim.

Məsələ belə olubmuş: Konsertin vaxtı yaxınlaşır, fəhlələr yığışır, aktrisalarımız səhnə arxasına keçib hazırlaşmağa başlayırlar. Sovxozun direktoru da gəlir. Başlayırlar  bizi axtarmağa. Kimsə deyir ki, bəlkə bizi şərab saxlanan zirzəmiyə aparıblar. Axtaranda görüblər ki, hamımız çəlləklərin yanında uzanıb yatmışıq. Bizi birtəhər məktəbə  gətirirlər. Gözləyirlər ki, bəlkə ayılaq. Axşama qədər özümüzə gəlmirik. Axırı bu qərara gəlirlər ki, bizi maşına  qoyub  geri göndərsinlər.

Bu qəribə əhvalat uzun zaman bir lətifə kimi ağızdan-ağıza  gəzdi.

 

***

 

Hər gün ya səhər, ya da axşamüstü dəhlizdəki şüşəbəndin qabağında Kazım Ziya ilə görüşürdük. O, elə bil məni gözləyirdi. Yaxınlaşıb salam verir, kefini soruşurdum. O, mehriban təbəssümlə məni yanına çağırırdı. Onun şirin söhbətlərini böyük maraqla dinləyirdim. Bir dəfə gözləmədiyim halda soruşdu.

–Nə əcəb kart oynamağa getmirsən?

Bu sual mənə təəccüblü gəldi. Kazım Ziyanın sifətində əsəbi, gərgin bir ifadə vardı. Özü də acıqlı görünürdü.

–Deməli sənin xəbərin yoxdur. Yəqin səni öz sıralarına layiq bilmirlər. Axı, sənin dostun da onların arasındadır.

Mən yenə də bir şey başa düşmədim. O, elə bil öz-özü ilə danışırdı.

– Bəzi gənclərimiz günlərini kart oynamaqla keçirir. Əlbəttə, bunun əsas günahkarı bizim yaşlı aktyorlarımızdır. Qumar, çox pis xəstəlikdir. O, xəstəliyə tutuldun…

O, dərin xəyala daldı. Mən onun düşüncələrinə mane  olmaq istəmirdim. Yenidən özü dilləndi.

–Cabbarlı ürək-ağrısı ilə deyir ki, bizim sənətkarlara xalqımız lazımi hörmət göstərmir, başqa millətlərdə olduğu kimi başlarına gülçiçək səpmirlər. Bunu hansı qəhrəman  deyir?

– Oqtay Eloğlu!

O, başı ilə təsdiq etdi .

–Sənə baxan kimi hiss olunur ki, ziyalı ailəsindənsən. Atan nəçidir?

–Müəllim.

– Teatr texnikumundan  əvvəl  haranı qurtarmısan?

– Pedaqoji texnikumu.

– Əhsən! Deməli həm də müəllimsən?

O, birdən əlinin kəskin hərəkəti ilə dəhlizin qurtaracağındakı qapısı bağlı otağı göstərdi:

– Bütün gecəni səhərə qədər kart oynayır, səhər də başı dumanlı halda teatra gəlib yaradıcılıq işləri aparırlar. Əksəriyyəti də gənclərdir. Bax bunlar adamın ürəyini ağrıdır.

O, qayğı və mehribanlıqla mənə baxdı.

–  Hələ sənə rol verməyiblər?

–Veriblər, “Hind qızı”nda üçüncü hindlinin rolunu.

Bir qədər fikrə  getdi.

–Yəqin sizə texnikumda öyrədiblər ki, rolun böyüyü, kiçiyi yoxdur, aktyorun böyüyü, kiçiyi var, eləmi?

–Bəli.

– Yəqin sizə məşhur aktyorların yaradıcılığından misal da çəkiblər. Məsələn, Moskvin filan kiçik rolu böyük müvəffəqiyyətlə yaradıb.

–Bəli, elədir.

O gülümsədi, sonra xəfif bir ah çəkdi.

–Axı, Moskvin məşhur sənətkar olandan sonra oynadığı  kiçib bir rolun şöhrəti dillərə düşüb.

O, maraqla mənə baxırdı. Deyəsən, onun sözlərinin əsl mənasını başa düşməmişdim.

– Nə isə… Sən çalış pis əyləncələrə alışma. Çalış kart  oynanan məclislərə getmə. – Onun səsi kövrəldi. – Mənim deməyimin o qədər də əhəmiyyəti yoxdur, gərək adamın öz canında olsun .

Söhbətimizi onun həyat yoldaşı kəsdi. O, məni də şam yeməyinə dəvət etdi, lakin mən üzr  istəyib ayrıldım.

Burada həyatım oqədər də maraqlı keçmirdi. Yoldaşlarım onlara verilən orta dərəcəli rollardan çox razı  idilər. Amma məni bu iş qane etmirdi. Ona görə də aramızda böyük mübahisələr olurdu.

– Yox, Əlinin istədiyi odur ki, elə bu saat Seyran rolunu ona tapşırsınlar.

Salam da o biri yoldaşlarımın dediyini təkrar  edirdi.

– Bura bizim üçün texnikum deyil, istədiyimiz rolu  müəllimlərdən xahiş edib alaq. Bura dövlət teatrıdır. Hələ  bizim qabağımızda böyük sənətkarlar var.

Bu məni lap hövsələdən  çıxarırdı.

– Deməli gözləməlisən ki, səndən əvvəl növbədə duran aktyorlar keçsin baş rollara, sən də beş-on il qapıçı rolunda  çıxış edib təcrübə qazanasan?

Başqa bir dostumda söhbətə qarışdı.

– Bəs necə?

– Belə çıxır ki, biz qırx yaşımız olanda Seyran rolunu oynamalıyıq?

–Mən onsuz da nə indi, nə də sonra Seyran kimi rollar oynamayacağam. O, mənim ampulam deyil.

– Hər şeydən əvvəl sizə səhnə təcrübəsi lazımdır .

–Düzdür, amma epizodik rollarda çıxış etmək heç də təcrübə deyil. Biz elə o vaxt texnikumda oxuyanda da, epizodik rollarda oynayırdıq.

Bu gün tamaşada dostlarımdan biri çıxış  edirdi. Biz  zalda oturub ona baxırdıq. Onun əynində hind kəndlisinə  məxsus paltar var idi. Səhnədəki duruşundan, hərəkətlərindən həyəcanlı olduğu aydınca hiss edilirdi. Onu birinci dəfə idi ki, səhnədə görürdüm. Birdən duruxdu. Danışmağa başlayanda səsi titrədi, cümlənin ortasında isə öskürməyə başladı. Mən gözucu Salama baxdım, deyəsən Salam da onun bu vəziyyətə düşməsinə acıyırdı.

– İndi deyəcəklər ki, kiçik bir rolu da oynaya bilmədi; gördün, o çaşanda yanındakı aktyor necə gülürdü?

– Kimdir müqəssir? Əlbəttə özü, lazımi qədər məşq  tələb  etməli idi .

– Kim ona məşq verəcəkdi? Çoxdan oynanan əsərdir.

–Hazırlıqsız da çıxanda belə olur.

–Deməli, oynanılmış əsərdə çıxış etmək düz deyil. Əvvəlcə özünü təzə bir rolda göstər, sonra başqasının rolunu oyna, istər lap epizodik olsun.

– Orası elədir, amma ilk təəssüratı pozmaq çətin məsələdir.

Gecə yarıya qədər mübahisə elədik. Dostumuzu  inandıra bilmirdik ki, bu müvəffəqiyyətsizliyin əsas səbəbkarı onun özüdür. O, isə öz dediyindən dönmək istəmirdi.

– Bu rol mənim ampluam deyil:

– Axı, de görək sənin ampluan hansıdır? – deyə az  qala qışqıra-qışqıra ondan soruşdum.

O diqqətlə mənim üzümə baxdı və qapını çırparaq  otaqdan çıxdı.

Üçdörd gün bizimlə danışmadı.

Bir gün səhər dəhlizə çıxanda gördüm ki, dostum  Kazım Ziya ilə aynabəndin qabağında söhbət eləyir. Mən ayaq saxladım. Kazım Ziya deyirdi:

– Sən ampluadan danışırsan, amma sənin yaşında, təcrübəndə olan aktyor üçün amplua seçmək düz deyil. Onu da bilmək lazımdır ki, sənətkar olmaq üçün yalnız  həvəs kifayət deyil. Mən  elə aktyorlar tanıyıram ki, onlar  səhnəni, teatrı öz həyatlarından artıq sevirlər, amma …istedad fitri olmalıdır. Bir çox gənclər bu sənətin sehirli toruna düşür, axırda da kölgə kimi əriyib yox olurlar. Yenə deyirəm yalnız həvəs bu sənət üçün azdır.

– Bəs adam nədən bilsin ki, onda istedad var, ya yox?

Kazım Ziya birdən elə bir qəhqəhə çəkdi ki, mən də özümü gülməkdən zorla saxladım.

– Sən mənə çox mürəkkəb bir sual verdin. Bu sualın cavabını gərək özün fikirləşib tapasan. Tapsan, onda qoçaq adamsan.

Bu hadisədən iki gün sonra dostum çamadanını götürüb mənimlə mehribancasına vidalaşdı və Bakıya qayıtdı.

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10