Adını qoymağı unutduğum yazı – Çingiz Əlioğlu

16 Baxış

photo_1998

Düz dörd yüz on il öncə

öldürdülər Cordano Brunonu.

Romada, Güllər meydanında

yandırdılar onu.

Alimi dirəyə yaş kəndir ilə

sarımışdılar.

Xirtdəyindən keçirdi

kəndirin bir ucu.

Tonqal alovlandıqca

örkən quruyurdu.

Bəziləri deyirdi ki,

ölənin əzablarını

artırmaq üçündür bu.

Bir çoxlarısa bunun

Kopernikin, Nikola Kuzanskinin

sarsılmaz davamçısının

əzablarını azaltmaq üçün

edildiyini düşünürdü.

Axı məlum işdi ki,

cəza verənlər cəzanı çox vaxt

hiddətlərindən, qəzəbdən deyil,

korporatik həmrəylikdən verirlər.

İş onda deyildi ki,

Cordanonun özünə verdiyi suallar

müqəddəs atalarçın yaddı

və yaxud onlar

cavabını bilmirdi o sualların.

Bəziləri, həqiqətən, dayaz olsalar da,

bir çoxu özlüyündə

bu qəliz suallara cavab axtarır,

hətta azdan-çoxdan baş da çıxarırdı.

Di gəl, dini ehkamlar

insanlarda hər cür tərəddüdlərin cavabını

gözlərini ulu göylərə dikib

“Bu sirri-xudadır”, ya da

 “Allah bilən məsləhətdir”

                        deməkdə görürdü.

Get sakit hücrə toranlığında

nə istəyirsən düşün özünçün…

Yoxsa ki, Bruno…

Gəl indi bunun günahından keç!

Dəlibaş üləma inanırdı ki,

əsl cavabı tapıb.

Qızıldan qiymətli bu bilgiləri

Bəşərdən gizlətmək olardımı heç?!

Sussunmu, yumsunmu birdəfəlik ağzını?

Hər yoldan ötən özünün

                        (və həm də Kopernikin!)

düzlüyünə inandırmasın?

Bunun qorxunc nəticələri üşəndirmirdi onu.

“Kilsə” korporasiyasının maraqları

düşündürmürdü onu.

Kilsəninsə… Bronu kəşflərindən

dayaqları laxlayır, başı-gö… bağışlayın.

ayağı demək istəyirik düz gəlmir,

bankrot olurdu indiki sözlə.

Düz yeddi il çəkdi Cordano Brunonun işi.

Heç də hamısı qanmaz, dayaz olmayan

inkvizitorlar əqidəsindən

                        döndərməkçün onu

dilə tuturdu Brunonu.

Alimin günahkar etirafı

sərf edirdi kilsəyə.

Hətta onlardan ən ağıllıları

Brunodan da da uzağı görür,

onunla bəhs edir,

            ağıl qoymaq istəyirdi başına.

Yəni, ay qoca,

oslun ki, bəzi şeylərdə

sən lap doğrusan, amma

milyonların inancını qırmağa nə hacət?!

Onların ümidlərini, təsəllisini

əldən almaqla nə qazanırsan?!

Vaz keçmək olarmı, söylə görüm heç

bəşərin ruhuna hökmranlıqdan?!

Kimə təhvil verək bunu, a nadan,

de niyə, nə üçün, nəyin xətrinə?!

Niyə üz döndərsin bizdən yaradan…

Cordano Bruno heç yola gəlmir,

baş qoşmurdu, amma,

işin tərsliyindən o hərtərəfli

yaxşı hazırlıqlı olsa da, ancaq

deyildi dövründə

ən dərin bilikli alim-üləma.

Sonralar, Hegelin “Sonsuzluq divanəsi”

ad verdiyi binəva cadu-pitiylə,

mistikayla maraqlanırdı.

Ən çox təhlükəlisi isə onun elə

kainatın hüdudsuzluğu ilə

bağlı görüşlərinin məhdudluğuydu… -

belə bir qəribə dialektika mövcuddu.

Fanatiklərləsə dil tapmaq

tarixin bütün dövrlərində

çox müşkül məsələ olub…

…Nə elə təhlükəli

bir şey bilirdi Bruno? -

Əlbəttə, Kopernikin

Yerin kainatın mərkəzi olmaması fikrini

dəstəkləmək, özlüyündə

                        artıq böyük günahdı.

Ancaq Bruno daha da uzağa gedirdi, -

yaranışı dərkin cəlbedici,

                        dibsiz dərinliyinə,

intuitiv və hətta poetik dərkə…

Olsun ki, bu türkülü bir gecədə,

bəlkə lə, sazaqlı bir danüzü baş verdi -

qəfil ona sanki vəh gəldi! – o,

kainatın sonsuzluğunu apaydın gördü!

Bu elə sadə, elə asan, elə gözəldiki…

Öz mükəmməlliyi ilə gözəl dünyalar, -

əzablarda doğulub, mütiliklə sönənlər

heç harda başlamır,

                        heç yanda tükənmirdilər.

Vaxt isə… Aldadıcı zamansa!..

Deyirlər vaxt bitib!

            Yox əşşi! Zaman tükənib.

Vaxt gələr… Zamanı yetər…

                        Hamısı boş şeydir!

Doğuluruq, ölürük…

                        vaxt isə heç yana getmir.

Bizə nə var e! Qum dənəsi kimi bir şeyik!

Bütün o saysız-hesabsız

planetlər, günəşlər də elə!

Vaxt isə həmişə olub, həmişə də olacaq.

Bizə qədər də, bizdən sonra da

olub olacaq, olub-olacaq…

- Heç belə də şey olar?

- Bunu Brunodan

mizə dirsəklənib

üzünü ovuclarına dirəmiş

qonşu qadın soruşurdu. – Axı

materiya dediyin, bu vaxt dediyin

həmişə olubsa… onda…

Yox, dinsizlikdir bu!

Axı hər şeyi bir O yaradıb!

Sən onun varlığını inkar edirsən?!

- Əstəğfürullah! – gülürdü Bruno, -

Sadəcə, Yaradan

sən təsəvvür etdiyindən

fərqlidir bir az.

Nə ağsaqqal qocadır,

nə də daşyonan, nə xarrat, nə dülgər,

nə də genetik…

Heç nanotexnoloq da deyil.

Əlbəttə, O var. Onsuz materiya

ölü olardı. Vaxt da olmazdı.

- Beləsinə dəli dediyin azdır!

Heç görün sözdü sən Allah?

Yəni ki, nə dünən,

nə də ki, sabah olmazdı?

- Bunu mən özüm də

təsəvvür edə  bilmirəm.

Sadəcə, Kainatı

Hüdüdsuz təsəvvür etsək,

vaxtısa əbədi qəbul eləsək,

onda Allahı da görmək mümkündür.

O… əsas təkanverici,

buraxılış mexanizmitək

bir şeydir yəni…

- Mexanizm???

- Sən də hər sözə ilişmə görək…

                        əbədi starter.

Özü də bunnan yanaşı,

- necə deyim e sənə?.. heç zaman

işə salmayıb, xoddamayıb bəşəri.

O, sadəcə, hər zaman olub.

Var və zaman da

dünya mövcudluğunun

başlıca şərti olaraq qalacaq.

- Mən girən kol deyil, hər nə isə bu. -

Mənciyəz, Cordano, Müqəddəs Məryəm

olan dünyanı sevirəm. İsa Məsihə

inanc gətirən dünya qəbulumdur.

Bu, isti,

çox işıq, ulu dünyadır…

Sən isə…

Sən imanı batil, günahkarsan!

Bruno:

- Kimsə də dinsə də,

barı bir sən sus! – bağırdı.

Donunu geyinə-geyinə donna:

- Düzdü, mən də

müqəddəs deyiləm – dedi.

- Ancaq ki, mənim

heç olmasa bir tövbəm,

bağışlanan yerim var, – dedi. – Sənin

nəyin var, a yazıq?!

Maşın starterinə bənzər Allahın

sənə nə verəcək, desənə bilək?!

- Heç nə anlamadın, a canım-gözüm.

Mən dinsiz deyiləm, bax, başın haqqı.

Ancaq mən alim ola-ola, de görüm,

suyun şəraba dönməyinə necə inanım?!

Axı, Hermes, nədi o Tristmeqist

Əsas maddələr haqda

dəyərli bilgilər qoyub -

torpaq, od, hava, su…

- …bir də məhəbbət!

- Sən deyən kinodur.

Ancaq beşinci var -

Mən bilirəm, – efirdi bu!

O Hermes dediyim

bir tərkibin başqasına

çevrilmə yolunu deyib,

ancaq bu bilim, elm yoludu,

möcüzə deyil…

İsa Məsihsə ağıllı adamdı,

Sehrkar, möcüzəbaz.

- Bəri bax ey, yavaşıt görək!

- Ancaq, o kəs ki, mənimtək,

yaranışın həqiqi sirrin anlayıb,

o şərabdı, çörəkdi, nə bilim, nədi…

nağıllarına inanan deyil.

Xalq üçün tiryək-fason

bir şeydi bunlar…

Sözünü yarımçıq kəsərək qadın,

- Bilmirəm, – qayıtdı, – sənin o

Tristmeqistin nə edib,

amma ki, Məsih

hamının yerinə çarxa çəkilib.

Sən indi bir tikə zəhrimar yeyib

özünü məktəbə təpəcəksən,

o tupoy tələbə başdanxarablar

ikicə kəlmə də anlamayacaq

sənin o sarsaq fikirlərindən…

Rahib, kirimiş, -

Nahaq düşünürsən öz inancımdan

mən belə asanca

dönə bilərəm! – dedi.

Bax, belə Cordanodan

qorxurdu arvad -

Gözləri iki yanar od!

- Hər kəsin ön inancı var, yəni, ey qadın.

Allah sizin o büt kimi tapındığınız

Məsihdən dəfələrlə uca və pakdır, bilin.

Sizin o yazıq binəva

çarmıxda son anına kimi

Atadan onu xilas edəcəyini umurdu.

- İnsan, hətta öz zəifliyi ilə də

Sənin o hüdudsuzluğundan ucadır!

Bruno, barış tonuyla,

- Mən bir söz demirəm, – dedi.

Həyat özü ən yaxşı hakimdir,

nolar, həyat göstərər.

- Eh, görüm həyatın

başına dəysin elə hakimliyi də…

…Bəlkə də, o yazıq qoca rahibin,

Brunonun heç elə bir

Qonşusu da olmayıb, kim bilir.

Alimin barəsində,

xüsusən ömrünün qürub çağından

sən deyən, elə bir

məlumat yoxdur,

olanı da lap çox mifləşdiriblər…

…Bu gün üz-gözümüz

İncilin, Əhdi-cədidin

elmlə çox rahat yollaşmağına

öyrəşib artıq.

Daha heç kim demir

o İsa Məsih,

bəs, suyu şəraba necə çöndərib.

Demir ki, gəl bunun

kimyəvi düsturunu yaz.

Elə bu metaforanın özünün

(Müqəddəs Məryəmin ilahi ruhdan

boylu qalmasıyla birgə)

ali ümumiləşdirici rolu var.

Bəlkə də, bu dahi öncəgörmədir.

Ana hüceyrələr,

nanatexnologiya,

nə bilim, cürbəcür mayalanmalar…

Bəs onda o Güllər meydançasında

qoyulmuş o heykəl kimindir elə?

Yenilməz, öz əqidəsindən

heç zaman dönməyən

cəsur alimə,

həm də ki,

bu əlahəzrət Həyatın

sonradan göstərdiyi tək

öz həyatını

mənəvi biliklə

            elmi biliyin

barışı uğrunda

            qurban eləmiş

böyük şəhidə,

yoxsa

tənha hücrə qaranlığında

bəsirət gözü

kor olmuş qoca zahidə?!.

Fevral, 2010