Ağ tük (hekayə) – Ülviyyə Kərəmqızı

81 Baxış

IMG_7138

Boz havanın nəmişliyi qara palçıq evlərin qənimi kimi idi. Onsuz da sıx ağacların arasında gün görməyən kədərli havası insanı işdən, gəzib görmək həvəsindən soyudurdu. Şərait yaxşılaşmışdı, daha yaxşı vəziyyətdə evlər tikilmişdi. Özündə keçmişi çəkib saxlayan balaca daxmalar ağıl kimi istifadə edilir, ya da tərk edilmişliyindən qapısına ot əlindən girmək olmurdu. Necə deyərlər, həqiqətən də, kimsəsizlikdən “qapılarında ot bitmişdi”.

Əmim əlinə keçən ilk fürsətdə lazımsız otların hamısını danışa-danışa təmizləyirdi. Buradakı həyata bağlanmağın, yaşadığın şəraiti sevməyin əsas nişanələridən biri də bu idi. Səhər oyananda ilk iş, məşğuliyyət bu olmalıydı. Atasından ona qalan tənbehlərdən biri qapıdakı lazımsız alaqların bir gün belə axsadılmadan təmizlənməsi idi və babadan qalan bu ənənə ayin kimi yerinə yetirilirdi.

Mən kənddə böyüməmişdim. Amma bu yurdda yaxşı, ərköyün xatirələrim olduqca çoxdur. Əlimdə, qolumda, dizimdə olan çapıqların bir çoxunun xatirəsi bu “yaxşı ” günlərimlə bağlıdı. Onların mənə sonradan bu qədər əvəzolunmaz, fərqli hiss bəxş edəcəyini bilsəydim, daha çox ərköyünlük edərdim. Etiraf edirəm ki, danlanardım, döyülərdim, amma yenə də edərdim. Bir dəfə balaca ağaclardan samovar üçün xırda odunlar kəsəndə barmağımı da balta ilə kötüyün arasında qoydum. Sallanan barmağımdan axan qan qapıdan dayanmadan axan suya qarışdı. Əvvəl istədim ki, yaramı gizlədim. Nə qədər sıxdımsa daha da qanı artdı, ağrısı çoxaldı. Çevrildim, özümü zorla sıxıb gülümsəyərək sallanan barmağımı anama göstərdim. Sonrasını xatırlamıram, özümdən getmişəm. Kənddə həkim olmadığına görə məni çiyinlərində iki kənd uzağa aparıb gətirirdilər. Həkim yarama bal qarışıq dərman qoyub sarıyırdı. Üzü təxmini yadımdadır və hər dəfə xatırladıqca qəribə hiss etdirən bu adamın əlinin istiliyini, ehtiyat dolu davranışlarını hələ də unuda bilmədiyimi anlayıram. Ağlamırdım, əksinə, evə qayıdan kimi sarğını açıb yaraya vurulan balı yeyər, yenidən sarıyar, hər dəfə də ağ saçlı, beli əyilmiş həkim tərəfindən bir xeyli danlanırdım. Bəlkə də, həyatımda yediyim ən dadlı bal idi. Uşaqlığımdan indiyə qədər də bir daha bal yediyimi xatırlamıram. O çapıq hələ də əlimdədir. Yaxşı ki, izi sağalmadı.

Gecə düşəndə…

Gecə ilə axşamın fərqini düşünmüsüz? Mən o günə qədər niyə hər iki sözün dilimizdə olduğunu fikirləşməmişdim. Axşam düşəndə ulduz kimi boy-boya kənd evlərinin işıqları yanmalı idi. Hansı evin işığı yanmırdısa, tərk edilmişdi. Ya böyük şəhərlərdə idilər, ya da kəndin ən uca yerində salınan “Kalveyi İman” qəbiristanlığında..

Mənim uşaqlığımda bu evlərdən bir-ikisinin işığı yanmırdı, amma indi bir neçəsinin işığı sezilirdi.

Kalveyi İman bu yurda məskən salan ilk ailə-yurd ağsaqqalı idi. Hələ keçən əsrin əvvəllərində atın, qatırın, ulağın zamanında Kərbəlanı görən ilk adam olduğuna görə bu ləqəbi vermişdilər. Dildən-dilə “Kalveyi” halına düşmüşdü. Kəndin yerləşdiyi yurd həmin İmanın “çökək”liyi idi. Etiraf edirəm ki, hər dəfə bu torpağa ayaq basanda ürpənirdim. Evin həyətindən baxanda gün batımı “Kalveyi İman”dakı qəbirləri vahiməli əks etdirirdi. Üç qəbir digərlərindən daha öndə və fərqli başdaşı formasında olduğuna görə seçilirdi. İnsana uzaqdan baxanda elə gəlirdi ki, qəbiristanlıqda olan üç yanaşı qəbir başdaşı deyil, üç adamın “ot süfrəsi”ndəki söhbətinin mənzərəsidir. Uşaqlar otun üstünə uzanıb, əlləri boyunlarında buludları müxtəlif insanlara, canlılara bənzədəndə mən bu üç qəbri düşünürdüm, beynimdə nə etdiklərini canlandırırdım. Gün batımına qədər də tamaşa edirdim.

Evin arxasında ağzı qıfıldan əskik olmayan balaca bir otaq vardı. İlk dəfə ailənin yaşayış yeri bura olmuşdu. Nə vaxt dəcəllik etsək, qorxub-çəkinmək yerimiz ora salınıb havasızlıqdan öləcəyimizi gözləmək xəbərdarlığı idi. Böyüyüb ordan qorxmadığımın fərqinə varanda ilk işim o otağın içinə girmək oldu. Küncdə taxt sandıqdan başqa, köhnə, lazımsız əşyalar yığılmışdı. Sandığın içini açanda tamamilə fərqli hiss etdirən ətir rütubətdən nəfəs alınması çətin olan otağa yayıldı. Uzun müddət ağzı açılmayan sandığın içinə yəhər qoyulmuşdu. Əmin idim ki, qapıda at olmağına baxmayaraq, bu yəhərin istifadə edilməməsinin və illər boyu bu otaqda çürüməsinə rəğmən bağlı saxlanmasının bir səbəbi var. Əmimdən onu çölə çıxarmağını istəyəndə hiss etdim ki, tərəddüd edir. Amma sözümü yerə salmadı. Gün işığına düşən yəhərin gözəlliyi insanı heyrətə gətirirdi. Tamamilə əl işi olan, əllə rənglənən saplardan və saçdan hazırlanmışdı. Müxtəlif, nizamsız olsa da müəyyən zövqlə bəzənmiş yəhərin bir tərəfi qurumuş qan ləkəsi idi. Bu belə, onun gözəlliyinə, dəyərinə xələl gətirmirdi. Əmim yəhərin üstündəki qanın, bir neçə yerdən sökülən sapların səliqəsi, yuyulması, yenilənməsi üçün heç nə etməmişdi. Cansız əşyaya baxışları illər sonra doğmasına baxan iki kədərli gözləri xatırladırdı. Mən soruşmadan öz-özü ilə danışırmış kimi mənə illər boyu üst-üstə yığılmış əsrlik əhvalatı danışdı, sual verməyimə şərait belə yaratmadan məni yəhərlə evin həyətində tək qoyub, meşəyə çəkildi.

***

Qanlı yəhər Kalveyi İmanın oğlu Əhmədin idi. Yəhərin naxışları zövcəsi Kərbəlayi Fatmanın öz əlləri ilə rənglədiyi saplardan toxunmuşdu. Sapların arasında qat-qat bəndlənən Kərbəlayi Fatmanın hörüklərindən kəsdiyi saçlar o qədər gözəldi ki! Ən qəribəsi də on beş yaşında toxunan tüklərin yarısından çoxu ağarmışdı. Təəccübümü görən əmim başını yuxarı “Kalveyi İman” qəbiristanlığına qaldırıb üç qəbrə diqqətlə baxıb, oturdu.

Üç qəbirdən biri Fatma xanımın əri Əhmədin, digər ikisi oğlanları Talıb və Niftalının qəbirləri idi. Fatma xanımın qəbrinin izi itmişdi. Əhməd müharibəyə gedəndə öz əlləri ilə Göy atın üstünə qara saçları ilə yəhər toxumuşdu. Kənd əhli inanırdı ki, Əhmədin atını da, özünü də ürəkli, qorxusuz edən bu yəhərdi. Müharibədə zədə alan Əhməd geri qayıdanda Göy atı əlindən alıb, müharibəyə göndərmişdilər. Deyilənə görə, at Gürcüstan sərhəddindən əldən çıxdığı ilə geriyə – Əhmədin qapısına qayıtmışdı. Yarası səbəbi ilə ölən Göy atdan geriyə qalan yəhəri Əhməd kişi yanından ayırmırdı. Yəhər kədərli tarixin yadigarı idi. Kərbəlayi Fatma iyirmi altı yaşını görmədən həkimsizlikdən, səhlənkarlıqdan – sətəlcəmdən ölmüşdü. Əhməd kişi qadınına olan hörmətindən nə ailə qurmuş, nə də oğlanlarını kiməsə möhtac etmişdi. Kənd camaatı ona olan hörmətindən oğlanların geyimlərinə, yeməyinə kömək edir, onları öz balalarından ayırmırdı. Hamı bilirdi ki, Talıb, Niftalı, Novruz və yəhər Əhməd kişinin Fatmadan qalan yadigarlarıdı.

Evin balacası Talıb cavan yaşında ürək çatışmazlığından ölən gün ailənin başının üstünü qara bulud alır. Ana əskikliyi qardaşları bir-birinə o qədər doğmalaşdırır ki, Talıbın ölüm xəbərini eşidən Niftalı bu dərdə dözə bilmir, xəbəri eşidən kimi yerindəcə keçinir. Nə qədər çalışsalar da ona kömək edə bilmirlər. Son sözü “Talıb” olan Niftalının ölümü hamının ürəyinə ikiqat dağ çəkir. Qapıda olanlardan xəbərsiz iş görən atanın evinə iki meyit gətirirlər. Deyilənə görə, kişi dillənmir, ilk dəfə qapısına gələnlərə “xoş gəldiniz” demədən əl ağacını götürüb Qanlı meşəyə doğru gedir. Səssiz-səmirsiz… Nə kimsə mane olur, nə də o, arxasındakı nalə səslərinə reaksiya verir…

Kənd camaatı iki qardaşın cənazəsini yanaşı dəfn edir. Həmin o “Kalveyi İman” qəbiristanlığında. O gündən yurdun iki tərəfini əhatə edən Qanlı meşənin içindən gələn ata fəryadı kəndin üstünə ah-nalə kimi çökür. Əhməd kişi evə qayıtmadığı kimi bir dəfə belə oğlanlarının torpağına yaxın getmir. İki oğlunu itirən atanın iniltisi yerdən göyə qırx gündə çatır. Heç kimi özünə yaxın qoymur, heç kim də bu qədər böyük dərdə şərik olmağa cəsarət edə bilmir. Çəkdiyi ağrıdan “Ay Allah, balalarımın torpağının qurumağını mənə göstərmə” – deyə gözlərini əlləri ilə çıxardır. Anladım ki, yəhərin üstündə quruyan qan ləkəsi onun gözlərinin qanıdır. Yaşı yox, qanı.. İki oğulun qırxıncı günü atanın ilk günü ilə üst-üstə düşür. Allah son arzusunu eşidir. Oğlanlarının torpağı qurumamış Əhməd kişiyə də qəbir qazılır. Belə ki, axşamüstü yəhər bağrında Qanlı meşədə ölmüş halda tapılır.

Kalveyi İman yurdunun camaatı nə Əhməd kişinin qan içində olan üzünü, nə də yəhəri o gündən sonra unuda bilmir…

Eşitdiyim hekayədən dizimin taqətdən düşdüyünü hiss etdim. Yəhərin yanına çöküb, başımı “Kalveyi İman”a çevirdim.

Axşam düşürdü. Uşaqlığımda təsəvvür etdiyimin gerçək olduğuna indi o qədər əmin idim ki. Gözümdən axan yaş yəhərin köhnəlmiş saplarına süzülürdü. Gün batırdı və yenə həmin yüksəklikdə üç adam söhbət edirdi. Qeyri-ixtiyari qucaqladığım yəhər mənə elə doğma gəlirdi ki! Axşamüstü yəhərdə qara saçların arasından ağaran tüklər gecəyə doğru yavaş-yavaş gözdən itirdi, elə danışan üç adam da…