“Ağ və Qara” daha bir beynəlxalq festivalda

5 Baxış

ağ və qara85 yaşını qeyd edən uşaqların sevimli məkanı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir beynəlxalq festivala dəvət alıb. Belə ki, teatr 15-19 aprel tarixlərində Rusiya Federasiyasının İvanov şəhərində baş tutacaq XI Beynəlxalq “Muraveynik”  kukla teatrları festivalında çıxış edəcək.

15-dən artıq kukla teatrının iştirak etdiyi festivalın proqramı zəngindir. Belə ki, teatr bayramında ölkəmizlə yanaşı ev sahibi Rusiyanın bir neçə məşhur kukla teatrı, həmçinin Türkmənistan, Qazaxıstan, Dağıstan və digər ölkələrin də kuklaçıları öz tamaşaları ilə çıxış edəcəklər.

Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak edəcək kollektiv tamaşaçılar qarşısında teatrın uğurlu səhnə işlərindən olan “Ağ və Qara” tamaşasını göstərəcək. Nazirlikdən verilən məlumata görə, Kamran Şahmərdanın quruluş verdiyi tamaşada əsas rolları Rəhim Rəhimov, İqbal Əiliyev, Cavid İbrahimov və Lina Məmmədova ifa edirlər.

Xatırladaq ki, artıq iki beynəlxalq festivalda uğurla təmsil olunan tamaşa Kamran Şahmərdanın eyniadlı pyesi əsasında böyük tamaşaçılar üçün nəzərdə tutulub. Səhnə əsərində kor uşağın taleyi, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qövvələrlə rastlaşması və onlarla mübarizəsi öz əksini tapıb.