Ağ zanbaqlar ölkəsi

51 Baxış

ag zambawyu

 

“XAN” nəşriyyatında Qriqoriy Petrovun “Ağ zanbaqlar ölkəsi” kitabı işıq üzü görüb. Kitabda Finlandiya haqqında, bu ölkənin çətin təbii şərait və vəziyyətdə necə böyük uğurlar qazandığından bəhs edir. Kitabı oxuduqca insan iradəsinin və mənəvi gücünün necə böyük qələbələr qazana bildiyinə sadəcə heyrət edəcəksiniz.

 

Hələ İsveç hakimiyyəti dövründə finlərin öz konstitusiyası var idi. Həmin konstitusiyada qeyd olunan qanunlar çərçivəsində onların “seym” adlandırılan parlamentləri də mövcud idi. Özlərinə məxsus poçt qəbzləri və pul vahidləri var idi. Az sayda orduya da sahib idilər.

Finlər Rusiya hakimiyyəti altına keçəndən sonra bu idarəçilik üsulları və hüquqlarını qoruyub saxladılar. Ancaq isveçlərin hakimiyyəti dövründə dövlət qurumlarında idarəçilik isveç məmurlarının əlində idi. Finlər İsveç mədəniyyətinin inkişafı üçün canlı vasitələr sayılırdılar.

Suomi adlandırılan Finlandiya Rusiya hakimiyyəti altına keçdikdən sonra finlər bütün dövlət qurumlarında idarəçiliyi ələ keçirmək və ölkənin həqiqi sahibləri ola bilmək üçün mübarizəyə başladılar. Çalışmalara isə kiçik işlərdən başladılar. Mərhələli olaraq ilk, orta və ali təhsil müəssisələrində İsveç müəllimlərinin yerinə fin müəllimləri təyin edildi. Beləliklə, finlərdən yavaş-yavaş hakim, həkim və məmurlar yetişdirildi.

Kiçik fin ordusu da milliləşməyə başladı. İsveç zamanında əsgərlərin hamısı finlərdən ibarət olurdu. Ancaq baş komandanlıq, baş qərargah və ümumilikdə orduda idarəçi-lik isveçlərin əlində idi. Rütbə sahiblərinin əsgərlərə qarşı rəftarı da isveç ordusunda olduğu kimi idi.

İsveçlər qəhrəman millətdir. İslahatlar zamanı Qustav Adolf və Böyük Pyotrun dövründə XII Karl İsveç ordusunun şöhrətini bütün Avropaya yaymışdı. Ancaq o zaman isveçlərin hərbi qüvvələri aristokratların əlində idi. Ölkədə hərbçi ailələr arasında xüsusi imtiyazlı bir sinif meydana gəlmişdi. Bu sinfə daxil olanlar məmurlara, tacirlərə, ziyalılara və bütün xalqa yuxarıdan aşağı baxırdılar. Xalqın övladı olan əsgərlərə qarşı isə çətin, dözülməz, sərt bir intizam sistemi tətbiq edilirdi.

Komandirlər təhsil, rəsmi tədbirlər və hərbi hissədəki həyatlarından başqa heç bir şeylə maraqlanmırdılar. İşdən sonrakı boş vaxtlarında içki içir, qumar oynayır və ya əyləncə məclislərində vaxt keçirirdilər. Əksəriyyətinin təhsili natamam idi. Məktəbdən sonra oxumağa, araşdırmalara, düşünməyə maraq göstərmirdilər. Heç bir ictimai və milli ideyaları yox idi. Yalnız qılınclarını məğrurluqla oynatmağı bacarırdılar. Şux formalar geyinən bu insanlar pul xərcləməkdən başqa heç nə bilmirdilər. Əyləncə məclislərində rəqsləri ilə hər kəsi üstələyirdilər. Çoxunun içki və qumardan başı açılmırdı. Əsgərlərə qarşı daim sərt və kobud davranırdılar. Öz dilləri ilə desək “hərbi öküzlər”ə yuxarıdan aşağı alçaldıcı baxışlarla baxırdılar.

Snellmanın rəhbərliyi ilə maarifləndirmə işlərini həyata keçirən gənc fin  ziyalıları orduya da lazımi dəstək verdilər. Xüsusilə də əsgərlərin təlim və təhsili ilə maraqlanmağa başladılar. Bunun nəticəsində bilik və bacarıqları ilə fərqlənən şagirdlər, hətta universitet tələbələri belə təhsillərini başa vurduqdan sonra hərbi məktəblərə daxil olmağa, ordu sıralarına qoşulmağa başladılar. Beş-altı il, hətta on il davam edən hərbi xidmətləri ilə birlikdə öz elmi araşdırmalarını da davam etdirdilər.

Snellman həm də bu gənclərin problemlərini və sıxıntılarını bilən ən yaxşı müəllim olmuşdu. Onların hər cür problemlərini həll etməyə çalışırdı. Konfranslarda da, yazılarında da davamlı olaraq bu düşüncələri paylaşırdı: “Ordu xalqın ən vacib, ən məsuliyyətli və ən nüfuzlu məktəbi ola bilər. Bir daha düşünün! Ölkənin hər tərəfindən, xüsusilə də ucqar bölgələrindən ən sağlam və inkişafa meyilli minlərlə insanı toplayırlar. Onları ailələrindən və işlərindən ayırırlar. Minlərlə insanı hərbi məntəqələrə toplayıb geyindirir, yedirir və içirirlər. Bütün ehtiyaclarını təmin edirlər. Lakin əsgərlər hərbi xidmətlərini başa vurub yaşadıqları yerlərə geri qayıtdıqdan və öz əvvəlki işlərini davam etdirməyə başladıqdan sonra əsgərlikdə keçirdikləri zamanın bir faydasını görməyəcəklərsə bütün bu nemətlərin və çəkilən zəhmətin də bir xeyri olmayacaqdır”.

Snellman daha sonra sözlərinə belə davam edir: “İlk baxışdan çox mədəni görünən millətlər belə hələ də sülh şəraitində dinc şəkildə yaşamaq üçün yüksək mədəni səviyyəyə gəlib çatmayıblar. İnsan yaranandan mövcud olan kin, intiqam və vəhşi davranışlar başqalarının haqlarına müdaxilə şəklində hələ də davam edir. İnsanlardan canlı qalalar yaradırmış kimi ordularını gücləndirənlər özlərini müdafiə etməyə çalışarkən dünya qalmaqallar, qanlı hadisələr səhnəsinə çevrilir. Şübhəsiz ki, əsgərlərini vətənin müdafiəsində sipər edən ordu dəyərlidir”.

Sərhədləri qoruyan ordunun arxasında isə millətin əmin-amanlığı, xoşbəxtliyi və müstəqilliyi dayanır. Snellman ordu haqqında bu fikirləri söyləyirdi: “Ordu fədakar dini təriqət kimidir. Əsgər olmayan bizim kimi insanlar vətənin müdafiəsi üçün yaradılan bu canlı qala divarlarının əhəmiyyətini lazımi şəkildə təqdir edə bilmirlər. Bu divarların inşasında istifadə edilən hər kərpic, sərf edilən ən xırda xərc belə canlı insanlardır. Bu zərrələrdən hər biri bizi və əmin-amanlığımızı qorumaq üçün lazım olarsa ölməyə belə hazırdır. Yolda, hər hansı bir mağazada və ya parkda əsgərlərə rast gələndə hörmətlə salam verib, onlara, – “Əziz qardaşlarım, siz bizim əmin-amanlığımız üçün ağır vəzifə icra edirsiniz. Allah köməyiniz olsun”, – demək istəyirəm. Xahiş edirəm, düşünün! Hərbi məntəqələrdə hər bir əsgər sanki canlı almazlardır. Hər il minlərlə belə dəyərli varlıq bir yerə toplanır. Uzun müddət sonra yorulur, tükənir və çox şeyləri qurban verir. Müəyyən zaman istifadə edilən əsgərləri gəldikləri yerlərə küskün və üzəri cızılmış yararsız almazlar kimi göndərmək düzgün deyil!”

Bu sözlərdən sonra Snellmanın mənəvi tələbələri olan gənc fin zabitləri cavab olaraq bunları söylədilər: “Bizim yeni ordumuz ruhən diri, vərdişləri və hərbi xidmətləri baxımından isə yeni olmalıdır. Ordumuz yeni ruha və ideyaya sahibdir. Əsgər xüsusi məntəqələrdə bəslənən inək deyil. Mənim kiçik və daha az təhsilli qardaşımdır. Ana vətən öz övladını təlim və tərbiyə üçün hərbi xidmətə göndərərək bizə əmanət edib. Əsgərlər tərxis olunduqdan sonra təbii ki, Vətən zabitlərdən, generallardan soruşacaq: “Baxaq görək, övladımı necə yetişdirdiniz? Sizə təhvil verdiyimiz yüz minlərlə cavanlara nə öyrətdiniz, hansı təhsili verdiniz?”

Zabit əsgərin yalnız qardaşı deyil, ağası deyil, eyni zamanda da müəllimidir. Onun təhsil almasında məsuliyyət daşıyan şəxsdir. Zabit əsgərlərinə görə çox məsələlərdə məsuliyyət daşıyır. Əsgərin canı zabitə əmanətdir. Zabit onun sağlamlığına görə də öhdəliyə sahibdir. Əsgərin beyni də zabitin ixtiyarına verilir. Zabit bu zehinlərin və fikirlərin də formalaşmasına görə məsuliyyət daşıyır. Əsgərin qəlbi də zabitin ixtiyarındadır. O, əsgərləri güclü şəxsiyyət kimi formalaşdıracaq, onlara vicdanı təmiz olmağı, ədəb qaydalarını, insanlarla sağlam münasibətlər qurmağı öyrədəcək.

Yeni vəzifələr isə bu günədək daha ağır və çətin öhdəlikləri yerinə yetirən gənc fin zabitlərini qorxutmurdu: “Hər zaman yalnız sülh şəraitində deyil, müharibə vaxtı da vətənimiz üçün faydalı olacağıq! Biz hərbi xidmətdə olarkən də vətənimizə yararlı ola bilərik. Əsgərlərin təhsil alması və onlarla əlaqədar gördüyümüz digər işlərin ölkəmiz üçün faydası mütləqdir”.

Bu günə qədər Finlandiya xalqı hərbi xidmətdən nifrətlə danışırdı. Əvvəllər kobudluq, tərbiyəsizlik, dava-dalaş və qarışıqlıq olan yerlərdə hər kəs: “Cənablar, bura hərbi məntəqədir?”, “Sanki hərbi hissənin havası gəlir!” “Onun əxlaqını hərbi xidmət pozub!” – deyirdilər.

Gənc fin zabitləri artıq bu sözlərdən inciyir və eşitmək istəmirdilər. Onlar artıq, – “Yeni dövrün hərbi xidməti başqa bir hərbi xidmət olacaq!” – deyə and içmişdilər: “Biz hərbi xidməti bir xalq məktəbinə, hətta universitet formasına çevirəcəyik. Qoy hər bir əsgər hərbdə keçirdiyi günləri həyatı boyu sevgi ilə xatırlasın və hər zaman tərifləsin; hərbi xidmətdə öyrəndiklərini həyatında müvəffəqiyyətlə tətbiq etməkdən qürur duysun. Hərbi xidməti elə bir məqama yüksəltməliyik ki, artıq xalqımız alçaldıcı ifadələr əvəzinə, – “Xeyirli olsun, onu hərbi xidmət islah edib”, “O təhsilini hərbi xidmətdə alıb”, “Əsgərlik vaxtı dürüst, çevik, çalışqan və kübar olmağı öyrəndi”, – desin və bu sözlərin hər biri atalar sözlərinə çevrilsin”.

Hərbidə nizam-intizam qaydaları və hərbi xidmətin məqsədləri belə aydın şəkildə ortaya qoyulduqdan sonra gənc fin zabitləri bu məqsədə çatmaq üçün təcili yollar axtarmağa, ən yaxşı üsulları tətbiq etməyə başladılar. Bundan sonra zabitlər əsgərlərə qarşı münasibətlərini, onlarla rəftar tərzini diqqətlə nəzərdən keçirdilər və əvvəlki davranış qaydalarını dəyişdirdilər.

İsveç əsarəti altında olarkən hərbi hissələrdə vəziyyət çox acınacaqlı idi, orada yaşamaq mümkün deyildi. Çirkabdan havası daim ağır olurdu. Əsgərlərin hərbi geyimləri köhnəlmişdi. Köhnə və iylənmiş yeməklərdən zəhərlənir,  yeməyənlər isə ac qalırdılar. Rütbə sıralaması ilə kiçik çavuşlar, çavuşlar, leytenantlar digər əsgərlərin yeməklərinin və soyuqdan qorunmaq üçün verilən vəsaitlərin (adyal, əsgər paltosu və s.) bir hissəsini mənimsəyirdilər. Əsgərlərə dəyər verilmir, onlara yuxarıdan aşağı baxılırdı. Hərbi hissələrdə ən ağır ifadələrin işlədilməsi belə gündəlik danışıq tərzinə çevrilmişdi.

Amma artıq hər şey kökündən dəyişdi. Hərbi məntəqələr təmizləndi, divarlar boyandı, bağçalara güllər əkildi,  pəncərələrə və divarlara dibçəklər qoyuldu, pəncərələrdən pərdələr asıldı, giriş hissələrə ayaqaltılar sərildi. Əsgərlər də hər səhər yuyunaraq günə başladılar.

Ətraf ərazinin gigiyenik təmizliyi ilə yanaşı mənəvi təmizliyə, əxlaqi təmizliyə də xüsusi diqqət yetirildi.

İsveç hakimiyyəti dövründə xalq arasında istifadə edi-lən ifadələr əsgərlərin necə təhqir olunduğunun ən bariz göstəricisi idi:  “İsveçli kimi özünü itirmiş sərxoş!”, “İsveç əsgəri kimi söyüş söyür!”

Əvvəllər əsgərlər daim sərxoş olur, ağıza alınmayacaq söyüşlər söyürdülər. Əsgərlər, zabitlər, hətta generallar belə bir-birilərinə söyüşlə müraciət edirdilər. Qarşılarındakını sevərkən də, məzəmmət edərkən də söyüşdən istifadə etmək normaya çevrilmişdi. İşlədilən bütün ifadələrin hamısı iyrənc olurdu. Heç çəkinmədən ata-anaya, dinə-imana, günəşə-aya, göy üzünə və təbiətə ağıllarına gələn hər şeyə nalayiq ifadələr yağdırırdılar.

Gənc fin zabitləri hərbi hissələrə təmizlik vasitələri gətirdilər, əsgərlər yeməkdən əvvəl və sonra sabundan istifadə etməyə başladılar. Əsgərlərin hər birinə təmiz məhrəbalar, diş fırçası və pastası paylayaraq şəxsi gigiyenaya diqqət etməyi öyrətdilər.