Ağababa müəllim, həmişə toylarda!

161 Baxış

Fəlsəfə doktoru Yusif Ali Afşaryusif

Gülnavad xanım oğlunun toyundan 40 gün qabaq işdə qapı-qapı düşüb, hər kəslə 10-15 dəqiqə söhbət edib, məsləhət alırdı. Axı 3 ay sonra oğlu Ələmdara toy edəcəkdi. Xeyir iş münasibətilə çoxbilmiş arvadlardan məsləhət alır, həm də hamını toya çığıracağı ilə bağlı məlumatlandırırdı. Həm də toya çağırmanın yeni metodologiyasının əsasını işləyib hazırlayırdı…

Beləliklə…

Toydan 3 ay öncə…

Həmin binada Ağababa müəllim adlı abırlı, üzü urfalı bir kişi də işləyirdi. Gülnavad xanım Ağababa müəllimin də otağına dönüb onu da toya dəvət etmək üçün onunla söhbətə başlayır:

- Ağababa müəllim, oğluma 3 ay sonra toy edirəm. Sizi də dəvət etmək istəyirəm. Sizin kimi savadlı, intellektli bir insanın toymuzda iştirak etməsindən xoş olardıq.

- Allah xoşbəxt etsin, təki salamatçılıq olsun. Toya 15 gün qalmış zəng edilir:

- Ağababa müəllim, 2-3 ay qabaq dediyim kimi, sizi oğlumun toyuna dəvət etmək istəyirəm. Həyat yoldaşınızla birgə dəvət etsəm gələrsiz?

- Ayıb da olmasın, bizim uşaqların anası toya çıxmayıb indiyədək.

- Boyy, Ağababa müəllim, yazıq deyilmi onu da çıxardın toylara. Dəvətnaməyə “xanımınızla” yazacağam. Yazıqdır vallah. – Yox, özü də istəmir.

Toya 7 gün qalmış, toy sahibi kolxozun həyətində Ağababa müəllimi axtarıb dəvətnaməni verir.

-Ağababa müəllim, toya mütləq gələcəksiz yəqin ki? Yoldaşınızı da gətirin!

- Xəstələnib eləməsəm, yəqin ki gələrəm.

- Allah eləməsin, Ağababa müəllim. Nə xəstələnmək? İnşallah gəlin ailəlikcə sizinlə tanış olaq. Ailəlikcə rəqs edək. Həyat yoldaşınızı tanıyaq…

- Sağlıq olsun! Toya 3 gün qalmış telefona zəng gəlir:

- Salam, Ağababa müəllim, yəqin ki unutmamısız, ayın 13-də “Kələkbaz” restoranında oğlum Ələmdarın toyuna gəlməyi. Mütləq gəlin! Artıq yerinizi sifariş vermişik.

- Yox, unutmamışam! Gələcəyəm.

- Yoldaşınızı da götürün gəlin, haaa.

- Baxarıq! Söz vermirəm. Toya 1 gün qalmış, səhər saat 09:00:

- Ağababa müəllim, salam. Dedim əhvalınızı soruşum bir. Yəqin ki, sabah da toya gələcəksiz.

- Hə, gələcəm.

- Yoldaşınız da gələcək, yəqin ki?

- Yox, o gəlməyəcək. Bir az naxoşlayıb. Toy günü, saat 12:00:

- Ağababa müəllim, salam. Yoldaşınız sağaldımı? İnşallah bu gün saat 6-da gələcəksiz yəqin. İki yer saxlamışıq, sizə… Gəlin haaa!!! – Gələcəm. Axı dedim ki, tək gələcəm. Ayıb da olmasın, uşaqların anası xəstədir…

- Eybi yox, onda daha rahat oturarsız, iki yerdə…

Toy günü toya gedən Ağababa müəllim üçün görəcəklər qabaqda idi, hələ.

Ofisiantın yazıq-yazıq üzünə baxmasına dözə bilməyən Ağababa müəllim əlini cibinə aparıb iki dənə əzik manatlıq çıxarıb bu “fağır adam”a verdi.

Bir az keçmiş əlində içi üzərriklə dolu, yanıb tüstüləyən qabı adamların başı üzərinə dolayan başqa bir ofisiant nəhayət Ağababa müəllimə də yaxınlaşdı. “Müəllimə göz dəyməsin, müəllimə göz dəyməsin” deyərək adam boğan tüstülü qabı Ağababa müəllimin başı üzərində fırlayaraq, Ağababa müəllimin əlinə baxırdı.

Utandığından əlini cibinə salan Ağababa müəllim cibində əzilib bükülərək dibə sıxılmış köhnə 1 manatı çıxarıb, səliqəyə salıb bu “xeyir-dua diləyən” oğlana verdi…

Çox dözə bilməyən Ağababa müəllim, “nəmər qutusu”na yaxınlaşıb “sarı əlliliyi” ağ paketə salıb, üzərinə də “Bəybalayev Ağababa” yazıb “Kələkbaz”ın pul qutusuna atdı. Ağababa müəllim qolunu qaldırıb “Pobeda” saatına baxdı…

Axı o, bu gün eyni çağırış formalı başqa bir toya da dəvət edilmişdir. İndi də ora gedəcək… Getməlidir də… Axı, üz-üzdən utanar.

Nə olsun ki, bu toya çağıranlar 3-4 il öncə Ağababa müəllimin bircəcik oğulu Haqverdinin toyuna gəlməyiblər…

Əsas odur ki, onlar Ağababa müəllim kimi utancaq, üzü urfalı deyillər…

Kolxozdur ki, kolxoz…

Həmişə toylarda, Ağababa müəllim!!!

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10