Ağac ömrü-müəllim ömrü

54 Baxış

ülviyyə əliyevaÜLVİYYƏ ƏVƏZ ƏLİYEVA

AĞAC ÖMRÜ- MÜƏLLİM ÖMRÜ

Yarpaq düşdü. Ondan bir yarpaq daha düşdü. Ağac tək qalırdı. Bu təkliyi durdura bilmirdi. Axı təbiətə qarşı necə çıxsın? Təbiət öz işindəydi. Öz işində. Belə məsləhət bilirdi. Ağac tənha, yalnız qalmalıydı. Onu isidən, ona həmdəm olan yarpaqlarını soyunmağa məhkum idi. Bu onun qədəri idi, taleyi idi. Barışmalı idi. Yarpağın ömrünü uzatmağa çalışdı. Amma əbəs. O gedəcəkdi. Barışa bilməsən də, gedəcəkdi, ağac qardaş, gedəcəkdi. Sənə yalnız boşluq qalacaqdı və küləyin səsi. Külək yarpaqlarını oxşayanda duyduğun səsi musiqi bilirdin. Elə musiqi ki, sənə zövq verirdi, qulaqlarını oxşayırdı. İndi isə gurultu biləcəksən. Elə gurultu ki, qulaqlarını dələcək, sənə əsəb gətirəcək.
Yarpaq düşdü. Ağac düşündü. Düşündü ki, tapmaq niyə itirməklə nəhayətlənir? Doğmalaşmağın sevinci uzaq düşməyin dəhşəti ilə ödənilirsə, niyə doğmalaşırıq? Axı çəkdiyimız acı sevincdən daha böyük olur. Yaşadığımız həsrət, vüsalın verdiyi həzdən daha çəkili olur, ağır olur. O qədər ağır ki, yarpaqlı günlərin hamısı bir anlığa ödənir. Yerdə qalan yarpaqsız günlərin məşəqqəti yadigar qalır, əyilməz ağacı içindən çürüdür, yeyib-bitirir.
Yarpaq düşdü. Ağac düşündü. Gorəsən, yarpaqlar mənim düşüncələrimdən, həsrətimdən xəbərdarlarmı? Görəsən, onlar mənsiz necədirlər? Xəzələ tezmi dönüşdülər? Ya, ya, ya?
Bu “ya”ları düşünə -düşünə yenə yaz gəldi. Təzə yarpaqlar qonaq gəldi. Sakin yox ha, qonaq gəldi. Yarpaqsız günlərinin iztirabını, həsrətini unutdura biləcək yeniləri gəldi.
Ağacsa yoxluğa güclə alışmışdı. Öz-özlüyü ilə güclə barışmışdı. Zira yenə yarpaqları seçdi. Həsrəti gözə ala-ala. Yaşını içinə axıda-axıda. Axı onun həyatı, sənəti bu! Bir əllə vida edib bir əllə salamlamaq! Vida etdikləri təkrar salama gəlsə də, gəlməsə də. Ağacın xisləti BU!