Ağlasığmaz arxeoloji tapıntılar – “Tarixin ağ ləkələri”

7 Baxış

rt35393029.jpg

Senet.az Parafraz saytına istinadən gənc şair-tərcüməçi Səbuhi Şahmursoyun “Tarixin ağ ləkələri” adlı araşdırma və tərcümə rubrikasında növbəti yazını təqdim edir:

Şaxtaçılar, geoloqlar, arxeoloqlar, tikinti işçiləri və “yeri qazan” başqa insanlar elə yerlərdən predmetlər tapırlar ki, bunun mümkünlüyü sadəcə ağıla batmır. Ya da həmin predmetlər elə materiallardan hazırlanmış olur ki, həmin materialların qəbul olunan kəşfindən min illər qabağa təsadüf edir.

İncəsənət hadisəsi hesab olunan bu qəribə geoloji tapıntılar alimləri çox vaxt dalana gətirir. Və bu tapmacaların əksəriyyəti hələ də açılmamış qalır.

Qrabovo qılıncı 

Elm dünyasında sensassiya yaradan bu tapıntının birinə keçən əsrin 80-ci illərində Polşanın Kelçe şəhəri yaxınlığında – Qrabovo adlanan yerdə rast gəlindi.

Əhəngdaşı çıxarılan karyerdə işçilər qəribə metal predmetə rast gəldilər. Onu ehtiyatla toz-torpaqdan təmizlədikdən sonra məlum oldu ki, o, yaxşı qorunmuş dəmir qılıncdır.

Tapıntını arxeoloji instituta təhvil verdilər. Alimlər araşdırıb qərara gəldilər ki, bu silah təxminən eramızdan 400 il əvvəl hazırlanıb.

Bu qılıncı düzəldən dəmirçinin ustalığı heyranlıq doğururdu. Amma arxeoloqların diqqətini ən çox tutacaqdakı naməlum ornament çəkdi.

Qəribə qıynaqlar, xətlər, dairələr, ovallar. Çox qeyri-adi üzlük. Spektroqrafik analiz isə tamamilə inanılmaz nəticələr verdi: 10% mis, 5% maqnezium, 85% allüminium. Məgər bu, mümkündür? Axı, təmiz allüminiumun ilk dəfə danimarkalı alim Hans Ersted tərəfindən tapıldığı hesab olunur.

Əgər qılıncın tarixi düzgün qoyulubsa, onda istər-istəməz belə sual meydana çıxır: qədim dəmirçi allüminiumu hardan əldə etmişdi? Yəni, iki min il qabaq yaşamış insanlar bu metalın varlığından xəbər tutub, hətta bilmədiyimiz üsulla ondan istifadə də edə bilirmişlər? Əgər həqiqətən belədirsə, onda bu texnologiya niyə növbəti nəsillərdə tətbiq olunmayıb?

Belə versiya mövcuddur ki, allüminium kosmosdan Yerə meteroidlə düşə bilərdi. Amma indiyə kimi müşahidə olunmuş heç bir “səmavi daş”da allüminiumun izi-tozuna da rast gəlinməyib. Başqa fərziyyəyə görəsə, allüminiumu Yerə başqa planetli varlıqlar gətirə bilər.

Eyni zamanda, bizim sivilizasiyanın Yerdə birinci (və yəqin ki, sonuncu) olmadığı versiyasını da nəzərdən qaçırmaq olmaz. Ola bilsin, əvvəlki sivilizasiyalar nəinki indiki inkişafımıza çatmış, hələ bunu üstələmişdilər də.

Sözügedən qılınc dünya alimlərinin nəzərini neçə illərdir üzərində saxlayır, amma get-gedə cavabsız suallar da artır.

Yeraltı dünyanın digər sürprizləri

Qrabovo qılıncı dağıdılmayan geoloji qatlardan tapılmış artefaktlar – incəsənət hadisəsi sayılan predmetlər siyahısında elə də heyrətlisi deyil, çünki o, torpağın dayaz yerindən tapılıb. Xeyli qəribə əşyalara torpağın daha dərin qatlarında rast gəlinir.

Məsələn, XVI əsrdə İspaniya kralının vəziri Peru Fransisko de Toledo öz otağında dağ mədəninin 20 metrliyindən tapılmış, qaya parçası üzərində dik duran 18 santimetr uzunluğunda polad mismar saxlayırdı.

1844-cü ildə Şimali Britaniyadan daşlaşmış qum parçasında 12 künclü, 30 sm uzunluğu olan, titan materiallı tökmə mismar tapılmışdı. Ekspertlər bu artefaktın yaşını 360—408 milyon il kimi müəyyənləşdirmişdilər.

1851-ci ildə nevadalı qızılaxtaran Hayrem Uitt evə kişi yumruğu ölçüsündə qızıl tərkibli kvars gətirir. Daşı dostlarına göstərən Uitt onu təsadüfən əlindən yerə salır. Daş çilik-çilik olanda içində vint olduğu aşkara çıxır. Bu qəribə əşya ən azı neçə milyon illik yaşı olan nümunənin içinə necə düşmüşdü?

1880-ci ildə koloradolu fermer sobada yandırmağa kömür almaq üçün kömür mədəninə baş çəkir. Orada 90 metr dərinlikdən çıxarılmış böyük ölçülü kömür topası olur. Evə qayıdan fermer sobaya yerləşsin deyə kömürləri xırdalamağa başlayır. Böyük parçaların birindən tarixə “Həvvanın üzüyü” adıyla düşən metal üzük çıxır. Sonradan aparılan laboratoriya hesablamalarına görə, bu üzüyün 60 milyon il yaşı var!


İzah cəhdləri və qeydlər 

11 iyul 1891-ci ildə “Morrisonvill tayms” qəzeti belə bir qeyd dərc etdi:

“Çərşənbə axşamı gününün səhəri missis Kapp tamamilə inanılmaz tapıntını ictimaiyyətə təqdim edib. O, yandırmaq üçün kömür parçasını qıranda içindən qədim və möcüzəvi əl işi olan xırda, 25 sm-lik uzunluğunda qızıldan boyunbağı tapır.

Kömür parçası, demək olar, tam yarıdan bölünüb və bir hissəsindəki dairədə yerləşən boyunbağının iki ucu digər tərəfdə qalıb. Boyunbağı 8 karatlıq qızıldan hazırlanıb, çəkisi 192,3 qramdır”. 

Bir qeyri-adi predmet isə 1894-cü ilin iyununda Amerikanın Dorçester şəhərciyi yaxınlığından tapılır. “Sayentifik Ameriken” dərgisi bu tapıntını belə təsvir edirdi:

“Bir neçə gün qabaq güclü partlayış qayanı dağıtdı. Partlayış ətrafa bir neçə tonluq parçalardan tutmuş müxtəlif xırda qəlpələr də yayır. Onlar arasında yarıya bölünmüş iki metal predmet də tapılır. Bunları birləşdirəndə 11,4 sm hündürlüyündə, 16,5 sm enində boşqab alınır. Yuxarı tərəf səthinə gümüş və bismut qarışığıyla üzlənmiş dərin oymalarda yunla yabanı güllərin şəkli, qabın aşağı tərəfinə isə həmin qarışıqdan ecazkar relyef çələnginin rəsmi işlənib”.

1899-cu ildə İllinoys ştatı, Paun-Ric quyusunda yumru qəpiyi xatırladan predmet tapılır. Radiokarbon analizi göstərdi ki, artefaktın təxminən 400 yaşı var. Qəpiyin üzərində hansısa məxluqun şəkli vardı, məlum olmayan dildəsə nəsə yazılmışdı.

1903-cü ildə Nampedə (Meksika) qum və bazalt çöküntüləri qatı altında aparılan quyu qazıntıları zamanı 91 metr dərinlikdən istisnasız dəqiqliklə qızıldan işlənilmiş ikidüymlük qadın fiquru tapılır. Artefaktın ayaq tərəfindəki yazını alimlər hələ də deşifrə edə bilməyiblər.

Onda bu faktları necə başa düşək?

Tapılan bütün bu predmetlər planetimizdə qəbul olunmuş bəşər tarixinə qədər yaşayanlarınmı qalıqlarıdır?

Elm bu artefaktların varlığını inkar etməyə çalışır. Ən tanınmış izah da tamamilə saxtakarlıqdan ibarətdir.

Onlara görə, yuxarıda bəhs edilən mismarlar və ya müxtəlif metal tapıntılar sadəcə təbii mineral ərintilərdir; metal qalıqları mineral qatlarına düşərək, bitki köklərinin yerdəyişməsi nəticəsində müxtəlif formalara düşürlər. Onlar bəzən bizə tanış predmetlərdəki cizgiləri xatırladırlar.

Növbəti izahsa yeraltı yataqların yerdəyişməsidir. Yerin altındakı artefaktlar gilin özü kimi daim yerdəyişməyə məruz qalırlar. Gah qrunt sularıyla yuyulur, gah da çatlaqlardan keçməli olurlar. Bəzi yerlərdə predmetlər çox dərinə “gedə” bilər. Arxeoloqlar bu mövzuda hətta eksprement də keçiriblər: saxsı qab sınığını qrunt sularının axını istiqamətinə yerləşdirmiş, bir müddət sonra obyektin yerinin xeyli dəyişdiyini müşahidə ediblər.

Antarktidanın qızıl saçları

Onda bəs Antarktidadan tapılmış sirli artefaktlar haradan “gəlib”?

1997-ci ilin yayında Arktika və Antarktika üzrə Nİİ ekspedisiyası Sank-Peterburqda qayıdır. O, yaşı 20 min ildən çox hesab olunan buzlaq qatlarından tapılmış nümunələr gətirir. Bunlar arasında alimləri ən çox təəccübləndirən lifli çıxıntıları görünən predmet olur. Buz əriyəndə mikroskopun diqqət mərkəzinə insan tükü qalınlığında, iki sm uzunluğunda liflər çıxır. Yüz dəfə kiçildərkən də onlar qızılı rəngli metal parçaları kimi qətiyyən elastiklik göstərmirlər. Yeddi il sonra “Ameriken Sayentist” dərgisində amerikalı tədqiqatçıların Antarktika buzundan bir qom bu cür qızıl saçlar tapdıqlarından bəhs edən material dərc olunur.

İlk qalvanik batareyalar

İraq ərazisindəki antik şəhər Selevkiyada qazıntılar nəticəsində çıxarılmış tapıntılarsa heç bir nəzəriyyə ilə uyğun gəlmir. Ümimilikdə gildən düzəldilən, yaxşı qorunmuş bu qabların hər birinə özəyində dəmirdən çəyirdək olan mis silindr quraşdırılıb. Bitişdirmə əməliyyatları lehimli qurğuşun və qalayla həyata keçirilib, qarışığın nisbəti də müasir elektrotexnikada qəbul olunan dərəcədədir. Bu vəziyyətdəki modelləri hazırlamaq və ora mis sulfatı doldurmaqçün davamlı şəkildə altı volt cərəyan vermək lazım gəlir.

Bəzi alimlər bu fikirdədirlər ki, qədim şumerlər elektriki elektrolitik vasitəylə əldə edə bilərdilər. İndi qarşımızda qədim qalvanik batareya var. Bəlkə, elə bunun istifadəsi üçün bəlli qurğular da varmış?

Bu və ya onlarla digər artefakt onu göstərir ki, əvvəlki sivilizasiyaların elmi və texniki nailiyyətlərindən, onların Yerə aid olmayan şüurlarla əlaqəsindən çox az şey bilirik.

Mixail YURİYEV
Tərcümə: Səbuhi ŞAHMURSOY

KÖŞƏ YAZARLARI
TOP 10